Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli zirvəsi

 

Jurnalist, publisist, dramaturq, pedaqoq, sənətşünas, ən başlıcası isə bəstəkar, fədakar insan

Sentyabrın 18-i Milli Musiqi günüdür. Bu gün Üzeyir Hacıbəylinin anadan olduğu gündür. Keçən yüzilin başlanğıcında Azərbaycan aydınlarının millətin qayğılarına yönəlik fədakarlıq, özündənkeçmə səviyyəsində çabaları daha da artdı. Bu dönəmdə yaradıcılığa jurnalistika ilə başlayan Üzeyir Hacıbəyli həm peşəkar bəstəkarlıqla da məşğul oldu: 22 yaşında «Leyli Məcnun» kimi operanı ortaya qoydu. Düzdür, bu əsər onun sonrakı əsərləri ilə qarşılaşdırmada möhtəşəm deyil, ancaq bütün hallarda milli operamızın başlanğıcıdır. Üzeyir Hacıbəylinin bütün həyatı faciəviliklərlə doludur. Düşünmək olar ki, sovet imperiyasının qılıncının kəshakəs çağında yaşamaq yaratmaq onun üçün necə dözülməz olub.

XX yüzilin başlanğıcından hərtərəfli gərgin yaradıcılığının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövründə daha da artması, Cümhuriyyət zamanı ictimai-siyasi fəaliyyətin zənginliyi, Azərbaycan Sovet imperiyasına qatılandan sonra ömrünün büsbütün musiqiyə sovet quruluşunun tələbi yönündə ictimai-pedaqoji fəaliyyətə həsr olunması Üzeyir bəyin nələr çəkdiyini aydınca göstərir. Üzeyir bəy 1920-ci ildən sonra siyasi fəaliyyətdən ayrıldı, demək olar, ömrünü büsbütün musiqiyə həsr etdi. O, anlayırdı ki, Azərbaycanda imperiyanın ömrü uzun çəkəcək. Düzdür, onunla birlikdə yeni dönəmə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq ayaq basdılar. Ancaq Sovetlər üçün hətta möhtəşəm milli musiqinin varlığı belə ədəbiyyat qədər təhlükəli deyildi. Bu üzdən 1930-cu illərin repressiyası daha çox ədəbiyyat adamlarını apardı. 1937-ci ilə kimi artıq Üzeyir bəy özünü «Sovet bəstəkarı» kimi təsdiq edə bildi. Bu, onun sağ qalıb professional milli musiqimizin yeni-yeni örnəklərini yaratması üçün çox gərəkli idi. Görünür, quruluş da Üzeyir bəyin sağ qalmasında maraqlı idi: şeirdə Səməd Vurğunu, musiqidə Üzeyir bəyi saxladı, çoxlarını isə yox etdi.

Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin varlığı üçün olduqca gərəkli işlər görməsi ardıcıl millətimiz üçün fədakar yaşamasından soraq verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni möhtəşəmdir: bu gün o, Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması danılmazdır. «Himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır» (Asif Ata). Habelə onun yaradıcılığında «Sənsiz», «Sevgili canan» romansları ayrıca hadisədir, «Koroğlu» operası isə zirvə təşkil edir. «Koroğlu» operasındakı «Üvertüra» mahiyyətcə qədimdən gələn səsdir. Gərək insan xəlqi mahiyyəti görsün ki, möhtəşəm əsər yaratsın.

Jurnalist, publisist, dramaturq, pedaqoq, sənətşünas, ən başlıcası isə bəstəkar, fədakar insanHəyat hadisələrini, insan münasibətlərini dərindən öyrənən, bilən, milli duyğudan bir an da olsun ayrılmayan, neçə-neçə yaradıcı gəncə təsəvvürəgəlməz dərəcədə insani qayğı göstərmək, ömrün bu sayaq qayğılarla dolması Üzeyir bəyin fədakarlığının danılmaz örnəkləridir. O, gerçəkdən fədai idi. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı milli özül güclü oldu. Çünki özü həmin özülə bağlı idi, bir an da ondan ayrılmadı.

Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indi yeni şəxslərin meydana çıxmasına, sənət zirvələrinin yaranmasına böyük gərək duyulur. Acınacaqlı haldır ki, bu gün belə zirvələrin yox, olanların, yaradılanların kor-koruna təkrarçılığının, daha çox isə yamsılandığının şahidi oluruq. Məsələn, məşhur «O olmasın, bu olsun», «Arşın mal alan» kimi əsərlər çağdaşlaşdırılır, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Belə şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Deməli, Üzeyir bəyin özülünü qoyduğu Azərbaycan peşəkar musiqisinin bundan sonra da həmin milli ruh üstə yüksəlişi gərəkdir. Böyük sənətkarlar yenə özünəməxsus şəkildə fərdiliklərini yaratmalı yaddaşlarda dərin iz qoymalıdırlar.

Üzeyir bəyin başlıca böyüklüyü, özəlliyi ondadır ki, onun şəxsiyyəti haqqında hamı uca, ləyaqətli düşüncədədir. Bunu isə o, öz fədakar ömrü ilə yarada bilib. Onun zamandan üstünlüyü bununla bağlıdır. Dahilərin hamısı isə belə olmur

Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış araşdırmaçı, ədəbiyyatşünas Maarif Teymur deyir: «70 illik Sovet imperiyasının ideoloji mübarizəsinin nəticəsində Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri barədə bilgilər almaq yasaq olunmuşdu. Çünki bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar».

1908-ci ildə Bakıda «Leyli və Məcnun» operası səhnələşdirildi. Üzeyir bəy yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət axtarmaq minlərlə buğdanın içində

darını axtarıb tapmaq kimi çətin bir məsələ idi. Məhz xalqı düşdüyü durumdan qurtarmaq üçün fədakar insanlar meydana çıxdı. Məhz bu çabalar Üzeyir bəyin «Leyli və Məcnun» operası ilə müəyyən bir mərhələnin yaranmasına və inkişaf etməsinə səbəb oldu. Hələ XIX yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev «Məcnun Leylinin qəbri üstündə» adlı bir məqamı səhnələşdirib. O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxuyub. Üzeyir bəy bu hadisədən sonra «Leyli və Məcnun» operasını səhnələşdirmək fikrinə düşür.

Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin ölkəmizin tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli, son dərəcə əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişiklər şəraitində dünyaya gəlib və sanki millətinin taleyi onun taleyinə çevrilib: «O zamankı Azərbaycanın ictimai həyatında təzadlar üzərində qurulmuş qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına, islam dininə bağlılığı, digər tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində, Azərbaycanda yeni ictimai münasibətlərin əmələ gəlməsi ilə əlaqədar idi. Xalqımızın yüz il ərzində başına gətirilən fəlakətlər, sovet dövrünün 30-cu illərdə, eləcə də başqa dövrlərdə verdiyi əzablar millətimizin yaddaşına, genlərinə qara səhifələr kimi daxil olub». Gülnaz xanım ardıcıl olaraq fəlakətlər yaşayan xalqın tarixində Üzeyir Hacıbəylinin oynadığı müstəsna roldan danışaraq bildirir ki, o, insanların yüzillər boyu çəkdiyi acınacaqlı həyat və çaşqınlığın yaddaşlardan silinməsinə, soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə və yaşatmağa çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyibunda idi. Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı təməl güclü oldu. Bütün radio-televiziyalarda gecə-gündüz Üzeyir bəyin musiqisi səslənməlidir. Çünki bu musiqi xalqı həmişə saflığa, mətanətə, igidliyə çağırır, onda daxilən döyüşkənlik hissi yaradır».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 18 sentyabr.- S.14.