Çağdaş Güney Azərbaycan mətbuatı
XV yazı
(əvvəli ötən saylarımızda)
26 fevral 2012-ci ildə
Güney Azərbaycanda
xalqın milli haqq və hüquqları
uğrunda ardıcıl
mübarizə aparan milli hərəkat fəalları «SUSMA» adlı
dərginin birinci sayını nəşr ediblər. Dərginin ilk sayı Xocalı
soyqırımına həsr
olunub və bununla da milli
hərəkat fəalları
dərginin səhifələrində
o tayla-bu tayı, Güneylə Quzeyi birləşdirərək öz
fəaliyyətlərinə başlayıblar. Yaradıcı
heyətin bildirdiyinə
görə, İran rejimi maneçilik törətməsə, hər
ay nəşr olunacaq dərgidə əsasən
Güney Azərbaycan ədəbiyyatı, tarixi
və mədəniyyəti
ilə bağlı mövzular üstünlük
təşkil edəcək,
bu ana mövzulara
həsr olunmuş yazılara, tədqiqat işlərinə, publisistik
məqalələrə geniş
yer veriləcək… Sayğıdəyər şairimiz Səid
Muğanlının da
yaxından iştirakı
ilə «Yaşmaq» dərgisinin, eyni zamanda Güneydə çağdaş mətbuat
tarixində ən uzunömürlü nəşr
nümunəsi olan «Varlıq» dərgisinin yayımı da öz axarı ilə davam edir.
2013-cü
ildə isə bu sıraya yeni bir ədəbiyyat
tribunası — «Ban» dərgisi
də qoşuldu. «Ban»
adlı dərginin
(112 s. üç aylıq)
məqalə, öykü
və şeirlərdən
ibarət ilk sayının
İstanbul şəhərində
yayımlanması ilin
ən mühüm ədəbi və mətbu hadisələrindən
biridir… «Ban»ın amacı Çağdaş
Güney Azərbaycan ədəbiyyatı haqqında
yazılar dərc etmək, Güney Azərbaycanda yazıb-yaradan
sənətkarların ədəbi
yaradıcılığını tanıtmaq, həmçinin
burada artan, sürətlə inkişaf
edən ədəbi prosesi ardıcıl şəkildə izləməkdir.
«Ban» dərgisinin yayımı yığcam
bir kollektivin — redaksiya heyətinin fədakar əməyi sayəsində gerçəkləşməkdədir.
Belə ki, Türkan Urmulu-Yazı işləri müdiri, dərginin redaktoru olan türkoloq və ədəbiyyatşünas
Toğrul Atabay həm də öykü-nəsr, Hadi Qaraçay-poeziya, Ramin Cabbarlı publisistika bölümləri üzrə,
dizaynerlər Atabay Tikantəpəli-üz qabığının,
Tural Sirdaş isə iç səhifələrinin tərtibatından
sorumludurlar. «Ban» dərgisinin
ilk sayında Hümmət
Şahbazi, Ülkər
Ucqar, Yrd.Doç.Dr.Gülara
Yenisey və Ərsan Ərelin məqalələri, Rasim Qaraca ilə müsahibə, Rüqəyyə
Kəbiri və Kiyan Xiyavın öyküləri, Andre Breton, Pol
Eluar, Lui Araqon, Heydər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin Cabbarlı,
Türkan Urmulu, İsmayıl Mədədi,
Fətullah Zövqi, Aydın Araz, Leyla Rəhimi, Fəriba Həyati, Elyad Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə şeirləri çap olunub. Ruqiyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyati və dərginin yazı işləri müdiri Türkan Urmulunun məqalə və şeirlərinin də yer aldığı
bu sayda yaradıcı qadınların
əsərləri nisbətən
üstünlük təşkil
edir. Yazar və tərcüməçi
Ülkər Ucqarın
«Ağ alma» və ədəbiyyat: Dilin erkək zatı» adlı məqaləsində
bir sıra dillərdə kişilərin
dominantlığı məsələsinə
tənqidi nəzər
salınıb.
Cəfakeş naşirlər dərgini mövcud duruma görə yalnız Güney Azərbaycanda pulsuz olaraq yayır,
digər ölkələrdə
isə açıq satışa çıxarırlar. Əsasən
Çağdaş Güney
Azərbaycan ədəbiyyatına
həsr ediləcək
dərginin redaksiya heyətinin üzvü, hazırda Norveçdə
mühacirətdə yaşayan
istedadlı şair və araşdırıcı
Hadi Qaraçay «Amerikanın səsi»nə
müsahibəsində qeyd
edir ki, «Ban» dərgisi Güney Azərbaycanda mövcud olan dirəniş ədəbiyyatının nəzəri
təməllərini tanıtmaq
və onun əməli nümunələrini
ortaya qoymaq məqsədilə yaradılıb.
Lakin redaksiya heyəti üzvlərinin çoxunun
Türkiyədə yaşaması,
habelə bu ölkənin Türk dünyasının ədəbiyyat
mərkəzinə çevrilməsi
və bütün Türk xalqlarının burada təmsil olunması səbəbindən
dərginin İstanbul
şəhərində nəşr
olunması zərurətini
doğurub: «Hədəfimiz
istiqamətində dərgidə
başqa Türk xalqları, habelə Türkiyə türkcəsində
yaradılan əsərlərə
də yer veriləcək» deyən Hadi bəy ümumiyyətlə,
qadın ədəbiyyatçıların
əsərlərinə xüsusi
önəm verdiyini «İran Azərbaycanında
türk dilində yazan qadınların əsərlərinin keyfiyyət
və kəmiyyət baxımından çox yüksək səviyyəyə
çatması ilə»
əlaqələndirir.
Dərginin şeir bölümünə
rəhbərlik edən
H.Qaraçay (Qeyd edək ki, şairin
«Beçələr banlayanda»
və «Badamlıqlar» adlı şeir kitabları böyük oxucu rəğbəti qazanıb) dərc edilən əsərlərdə
işlədilən türkcənin
həm Türkiyədə,
həm də Azərbaycan Respublikasında
başa düşüləcək
üslub və səviyyədə olmasına
da diqqət çəkir və bunu təsadüfi hesab etmir. Çünki İran Azərbaycanında
yazılan türkcə
də bu xüsusiyyətə malik olduğundan dərgi əməkdaşları belə
bir dil üslubuna
əsaslanmağı gərəkli
saymışlar. Elinin,
yurdunun və doğma Türkcənin böyük təəssübkeş
mövqeyi bütün
yaradıcılığında yansıyan Hadi Qaraçayın fikrincə,
yeniliklər yaratmaq və yeni sözlər
işlətmək dilə
zərbə vurmur, əksinə, onun daha da inkişaf
edərək gəlişməsinə
yol açır: «Bizim dövlətimiz olmadığı üçün
Türkiyədəki Türk
Dil Qurumu kimi bir imkan
əldə etmək şansımız yoxdur. Buna görə də
bu vəzifə dərgilərin üzərinə
düşür». O, Türk
Dil Qurumunun yaradıcılıq təcrübələrindən
və təklif etdiyi sözlərdən yararlanmağın gərəkliliyinə
inandığını söyləyir.
Deməli, Güney Azərbaycanda ədəbi
proses durmadan inkişaf edir… Yenə də təkcə qəbir daşlarını daima üstümüzə kölgə
saldığına görə
önəmsəyən Ramin
Cahangirzadənin «Daş
yağışını» xatırladım…
Daş üstündə əyləşən
qoca
Çəliyini göyə tutub
Tanrıdan yağmur istəyir.
Buludları hardasa gizlətmişdi tanrı.
Axı bir zamanlar
Daşlarla tanrının arasında
Böyük bir müharibə gedirdi.
Min illər daşlar
Tanrıya qalib gəlmişdi.
Tanrı
daşların acığına
Yağdırmadı buludlarını
Görəsən daşlar
Yenə ayağa qalxacaqlarmı?!
Doğrudan da insanın içindən istər-istəməz
belə bir sual keçir və cavabını almaq istəyirsən: Görəsən, daşlar
yenə ayağa qalxacaqlarmı? Və daşların qalibiyyəti
bağrı çatlamış
torpaqlara məlhəm
yağışı yağdıracaqmı?
Xalq azadlıq nəğməsini bir daha oxuya biləcəkmi
Göründüyü kimi, ədəbiyyatın ictimai mahiyyətini anlayan insanlar həmişə çalışıblar ki, sənətkarlar cəmiyyətin arzu və istəklərinə ehtiram göstərsinlər və bu istəklərin gerçəkləşməsində bilavasitə iştirak etsinlər.
Ədəbiyyat nəzəriyyəçisi Jan Pol Sartr bu tendensiyanı belə dəyərləndirir: «Gün gələcək ki, qələm susmaq məcburiyyətində qalacaq və o zaman yazıçı silah götürməlidir… Yazmaq bir növ azadlıq istəyidir. Bu işə girişmisinizsə, istər-istəməz başlanacaq və onunla məşğul olacaqsınız»- deyirdi. Deməli, yazıçı, yaxud şair əsərinin dəyərini onun əbədiyaşarlılığının, uzun ömürlü olmasının sirrini cəmiyyətə hörmət etməkdə, ictimai məsələləri bəyan etməkdə və sonucunu gözləməkdə görür, hətta lazım gəldiyindən də artıq dərəcədə bu məsələlərlə uğraşır. Son nəticədə cəmiyyət ona dəyər verir və bəzi hallarda hətta öz sənətkarını inadla müdafiəyə də qalxır. Odur ki, Güney Azərbaycanın yazarları böyük Vətənin Cənub parçasında xalqın milli haqq və hüquqları, milli kimlik, dövlətçilik uğrunda mücadiləsi və bu mücadilənin ədəbi-bədii müstəvidə əks etdirilməsi prosesi bu gün də davam etməkdədir.
Son olaraq qeyd edim ki, bu çalışmam hələ bitməyib, sadəcə, əlimə gəlib çatan, internet səhifələrində izləyə bildiyim materiallar əsasında imkanım daxilində təhlil apardım… Ancaq tədqiqatımı davam etdirməm üçün yardım göstərmənizi, ədəbi-bədii kitabları, araşdırma yazıları
esmirafuad@mail.ru e-mail ünvanıma göndərmənizi rica edirəm, sevgili ədəbiyyatsevərlər… Güneyli bacı və qardaşlarım…
Esmira Fuad
Xalq Cəbhəsi.- 2013.- 19 sentyabr.- S.14.