Bakı Beynəlxalq
kitab sərgi-yarmarkası
Sentyabrın
23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə
həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası
təşkil olunub. SİA-nın verdiyi xəbərə
görə, tədbirdə Mədəniyyət və Turizm
Naziri Əbülfəs Qarayev, Milli Məclisin vitse-spikeri Bahar
Muradova, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycanın
xalq şairi Zəlimxan Yaqub, 100 yerli, 40 xarici olmaqla,
ümumilikdə 25 ölkəni təmsil edən çap və
poliqrafiya müəssisələrinin, çap işi ilə məşğul
olan qurumların təmsilçiləri media nümayəndələri
və başqaları iştirak ediblər.
Tədbiri
giriş sözləri ilə açan Əbülfəs
Qarayev tədbirin Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinə həsr olunduğunu dilə
gətirib: “Sərginin ilk dəfə açıq səma
altında keçirilməsində məqsəd Bakı sakinləri,
qonaqlar, gənclər üçün rahat və sərbəst
şəkildə kitab almaq imkanı yaratmaqdır. Sərgi
çərçivəsində 100-ə qədər təqdimatın
keçirilməsi nəzərdə tutulur. Sərgidə 25-dən
çox ölkədən 125 nəşriyyat evi öz məhsulunu
təqdim edir. Bu, Azərbaycanda kitab işinə beynəlxalq
marağın nəticəsidir. Belə tədbirlərin
sayının artırılması vacib və önəmli
hadisədir. Sərgi-yarmarkada kitablar nəinki kitab şəklində,
həmçinin elektron formada təqdim edilir. Bu da müasir
dünyanın ayrılmaz hissəsidir. Ümid edirik ki, bu
cür sərgilərin keçirilməsi ilə gənclərin
kitaba marağı daha da artacaq”.
Daha
sonra baş nazirin müavini Elçin Əfəndiyev
kitabın insanın ən böyük kəşfi olduğunu
vurğulayıb: “Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz
ibtidai insanın bizə yadigar qoyduğu kitablardır.
Ümummilli Lider Heydər Əliyev də vaxtı ilə nəşriyyatlar
haqqında fərman imzalayıb. Bununla da bütün nəşriyyatlardan
lisenziyalar götürülüb. Bu da kitaba və xalqa
hörmətin təzahürüdür”.
Sərginin
davam edəcəyi müddətdə paytaxtımızda paralel
olaraq həm Azərbaycan Milli Kitabxanasının 90 illik
yubileyi ilə əlaqədar tədbirlər, həm də 2
böyük nüfuzlu iclas keçiriləcək. Bunlar Avropa
Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası
və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq
Təşkilatının XV ümumi iclasıdır. İclasa
65 ölkədən nümayəndə heyəti, milli kitabxana
rəhbərləri qatılacaqlar.
Qeyd
edək ki, III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası
işini sentyabrın 25-dək davam etdirəcək.
Xalq Cəbhəsi.- 2013.- 21 sentyabr.- S.13.