«Şəhriyarın türk olması həmişə İran rejimi üçün qorxulu olub»

 

Əkrəm Rəhimli: «Bütün ruhu, qanıyla türk olan tanınmış soydaşlarımızın fars kimi təqdim olunması təzə hadisə deyil»

Azərbaycan-Türk şairi Şəhriyarın ölümündən 25 il ötür. İllər öncə İranın dövlət kanalında nümayiş etdirilən çoxseriyalı filmdə Məhəmmədhüseyn Şəhriyarın «fars şairi» kimi təqdim olunması Güneyli soydaşlarımızı bərk hiddətləndirmişdi. Belə ki, filmdə şairin atasının anası ilə tanışlıq səhnəsində Şəhriyarın atasının fars mənşəli olmasına işarə olunurdu. Bu, Bütöv Azərbaycan həsrətiylə yaşayan, «Heydər babaya salam» kimi möhtəşəm türk ədəbi abidəsi yaradan Şəhriyarı farslaşdırmaq kimi mənasız cəhddən başqa bir şey deyildi. Tanınmış araşdırmaçı Əkrəm Rəhimlinin bununla bağlı qənaətləri maraqlıdır: «Belə bir iddiada bulunmaq o deməkdir, tutalım, biz deyək ki, yox, Hafiz türkdür, fars şairi deyil. Bu, Şəhriyarın ruhuna ən yaxşı halda hörmətsizlikdir. Məndə Şəhriyarla bağlı xeyli kitablar, o cümlədən Şəhriyarın farsca divanı, Şəhriyarın əsərlərindən ibarət kitab, habelə Almaniyada həm almanca, həm əski əlifbada buraxılmış «Şəhriyar» adlı iri həcmli kitab s. var. Sonuncu qeyd olunan kitabda deyilir ki, Şəhriyarın böyük babasının adı Seyid Əli, böyük nənəsinin adı Seyidxanım, atasının adı isə Seyid İsmayıldır. Atasının el içində böyük hörməti olduğuna görə ona «Hacı Mirağa Xoşginabi» deyərmişlər. Şəhriyarın atası peşə etibarilə ədliyyə vəkili olub. Bu şəxs təmiz Azərbaycan türküdür, Xoşginab şəhərində doğulub. Şəhriyar çoxsaylı şeirlərində təmiz türk olduğuna aydınca işarə edir, habelə türk dilinin ən yüksək dil olduğunu bildirir, bu dillə fəxr edir.

Şəhriyarın milliyyətcə türk olması həmişə İran rejimi üçün qorxulu olub. Bu mənada Şəhriyarın atasının türk olmasının şübhə altına alınması, «fars» kökənli deyə təqdim olunması yeni bir uydurmadır, Hizami Gəncəvi başqa böyük şairlərimiz haqqında olan hədyanların davamıdır».

Ə.Rəhimli deyir ki, Şəhriyar haqqında belə uydurmanın yaranmasının bir əsas səbəbi var: «Çünki onun bütün şeirlərində Milli Oyanışa çağırış var. Bu, şah dövründən başlayaraq onun yaradıcılığında möhtəşəmcəsinə ifadəsini tapıb, indi daha böyük təsirini göstərməkdədir.

1958-ci ildə Təbrizdən Miyanaya gedən dəmir yolunun açılışı olur. Açılış törənində Tehrandan gələn Məmmədrza şah da iştirak edir. Təbrizdə böyük bir məclis düzəlir. Şəhriyarın dostu xatirələrində yazır ki, tədbirdə iştirak etmək üçün Şəhriyarın ardınca adam yollayırlar. Ancaq Şəhriyar tədbirə gəlmək istəmədi. Mən ona yanaşdım ki, ustad, bu məclisdə sözünü demək üçün imkan yaranıb. Yazır ki, Şəhriyar gəldi, oturdu, buna da söz verdilər. Şaha deyir, siz bilirsinizmi ki, hansı ölkəyə gəlmisiniz? Bu ölkə Cavanşirlər, Babəklər, Hizamilər, Füzulilər, Xaqanilər, Həsimilər yetirən Azərbaycandır. Azərbaycan vaxtilə Şərq mədəniyyətinin, ticarətinin mərkəzi olub. İran zaman-zaman Azərbaycanın sərvəti ilə dolanıb. Ancaq hazırda Azərbaycan elə bir həddədir ki, o, boşalmaq üzrədir. Bunun ardınca Şəhriyar Təbriz şəhərinin gözəlliklərini vəsf etməyə başlayır. Deyir Qacarların dövründə Təbriz ikinci şəhər idi ki, vəliəhd burada otururdu. Ancaq indi Təbriz viran qalıb, yoxdur.

Dostu sonra yazır ki, biz fikirləşdik, yəqin bu çıxışdan sonra Şəhriyarı tutacaqlar, həbs edəcəklər. Şəhriyarın Güney Azərbaycanda bu dərəcədə hörməti, nüfuzu vardı ki, şahın ona gücü çatmırdı. Bütün ruhu, qanıyla türk olan tanınmış soydaşlarımızın fars kimi təqdim olunması təzə hadisə deyil. Bu, Rza Şahın dövründən başlayıb, indiyə kimi davam edir. Məsələn, İranın keçmiş prezidenti Xatəmi Gəncədə Hizaminin məqbərəsini ziyarət edəndən sonra dedi ki, Hizami farsın böyük şairidir. Halbuki Hizaminin yazdıqları bütün dünyaya bəllidir ki, o, türkdür. O, türk olmasaydı, hər şeydən əvvəl niyə məhz türkülüyü ilə öyünürdü? Onillərdir ki, nəinki tanınmış soydaşlarımızın farslaşdırılması xətti yürüdülür, hətta belə bir cəfəng iddia ortalığa atılır ki, guya Güney Azərbaycan bütünlüklə öz milli kimliyi etibarilə farsdır. Guya bunlar tarixən zor gücünə türkləşdirilmiş farslardır. Bu fikir farsların kitablarından qırmızı xətlə keçir. Guya Güney Azərbaycanda Azərbaycan türkü yoxdur, onlar kökən etibarilə farsdırlar. Burada belə bir sual ortaya çıxır: əgər doğrudan da Çingiz xan, Teymurləng başqaları gəlib buradakıları türkləşdirdilərsə, o zaman necə oldu ki, bəluclar, kürdlər, İrandakı farslar türkləşmədilər? Axı İran vaxtilə bütünlüklə tutulmuşdu? İranda təbliğat gedir ki, ümumiyyətlə, Azərbaycan adlı məmləkət o tərəfdir, Arazın o tayıdır, özü bunlar fars mənşəlidirlər. Son illərdə İranda fars şovinizmi daha da şiddətlənib. Belə bir fikir yaradırlar ki, guya vahid İran milləti var, onun da dili farsdır. Fars şovinizmi vahid irançılığı zor gücünə, beləcə yaratmaq istəyir. Şəhriyarın atasının fars kimi təqdim olunması Şəhriyarın özünün fars olmasına iddia etməkdir. Şəhriyarın atasını tanıyanlar saysız-hesabsızdır, şairlə bağlı çoxlu xatirələr yazılıb. Bütün bunlardan sonra necə mənasız iddia etmək olar ki, onun atası farsdır? Şəhriyar haqqında bu cəfəngiyyatı quraşdıran «Heydər babaya salam»ı diqqətlə oxuyaydı. Məşhur «Azərbaycan» qəzəlində Şəhriyar yazır ki:

«Oğulların İran üçün əsir olmuş,

Əvəzində qan almısan, dərd almısan

Sən İrandan, Azərbaycan!

vaxtacan övladların tərki vətən olacaqdır,

Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan

Şəhriyar təmiz türk olmasaydı, Azərbaycanla bağlı belə inamlı, dərdli yazardımı? Şəhriyar haqqında bu iddiaların heç bir elmi əsası yoxdur. Şöhrəti getdikcə bütün İranın ədəbi mühitini bürüdüyünə görə, farslar onun əcdadının fars olduğuna dair fikir formalaşdırmaq istəyirlər. Sübut etməyə çalışırlar ki, belə bir görkəmli şəxsiyyət yalnız farsdan əmələ gələ bilər. qədər türkün dili yaşayır, qədər Güney Azərbaycanda türkün nəfəsi güclü şəkildə hiss olunur, türk orada milli varlığını göz bəbəyi kimi qoruyacaq».

Azərbaycanın bir olmaq, bütövləşmək istəyi bu gün çoxlarına xəyal kimi görünə bilər. Ancaq parçalanmış bir millətin bütöv olmaq imkanları dərində olduğu dərəcədə haqlıdır. Belə bir xəlqi istək həm bəşəridir. Bu mənada zaman-zaman Azərbaycanın ikiyə bölünməsi ilə bağlı ədəbiyyatımızda, incəsənətin müxtəlif sahələrində hətta şikayət, sızıltı dolu motivlər daha çox sezilir; Ayrılıq mövzusu xalqımızın mahnı yaradıcılığında kifayət qədər ifadəsini tapmayıb. İkiyə bölünmüşlüklə bağlı musiqisi Əli Səlimiyə, sözləri Məhəmmədhüseyn Şəhriyara aid olan «Ayrılıq» mahnısı diqqəti daha çox cəlb edir. Deyə bilərlər ki, Vətən, Azərbaycan mözulu müxtəlif mahnılarda sözügedən mövzu baxımından ayrılıq məsələsi bu ya digər dərəcədə var. Ancaq konkret mövzuda yeni-yeni mahnılar yaranmalıdır. Əgər xalq öz duyğusunda, inadında, hiddətində daxilən yetkin olmayacaqsa, onun istəkləri yalnız içində qalacaq, demək olar, yeriməyəcək, gerçəkləşməyəcək.

Tanınmış miniatürçü rəssam, Şəhriyarın «Heydərbabaya salam» poemasına miniatürlər çəkmiş Fəxrədin Əlinin imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Fəxrəddin Əlinin bir rəssam olaraq uğuru miniatür janrında çoxsaylı, özünəməxsus əsərlər yaratmasındadır. Rəssamın Şəhriyarın əsərlərinə, məşhur «Heydər babaya salam» poemasına çəkdiyi çoxsaylı miniatürləri diqqəti xüsusilə cəlb edir. 1979-cu ildə «Yazıçı» nəşriyyatı tərəfindən buraxılmış «Aman, ayrılıq» adlı şeirlər və poemadan ibarət kitab oxucular arasında böyük rəğbət doğurdu. Şəhriyarın nisgilli, milli ruhu ifadə edən əsərləri Fəxrəddin Əlinin gözəl və məzmunlu miniatürlərilə müşayiət olunurdu. Rəssamın yaradıcılığında Güney Azərbaycan mövzusu xüsusi yer tutur: «1979-cu il idi. Əslən Güneydən olan Qulamhüseyn Beqdeli İrana yola düşməmişdən əvvəl təklif irəli sürdü ki, Şəhriyarın «Heydər babaya salam» poemasına miniatürlər çəkim. Həmin miniatürləri çəkdim, 25 miniatürün altından Beqdeli ərəb qrafikası ilə müəyyən parçaları ora yazdı. Biz kitabı əski əlifbada çap etdirməyi qərara almışdıq ki, İrana göndərək, amma kitabı kiril əlifbası ilə buraxdılar. «Aman, ayrılıq» adlı kitab belə yarandı. O dövrdə bu kitabın çıxması camaat arasında çox böyük səs-soraq saldı. Artıq o zaman İranda şah devrilmiş, Xomeyni hakimiyyətə gəlmişdi. Bu zaman İrana getmək üçün məqam yaranmış Qulamhüseyn Beqdeliyə Şəhriyara çatası miniatürlərin surətlərini, eləcə də portreti o tərəfə keçirməkdə mane olmuşdular. Axırda çarəsiz qalan Beqdeli deyib ki, mən birdəfəlik İrana gedirəm, bu, atamın portretidir. Sonralar Təbrizə getdim, hər iki dəfədə soydaşlarımız tərəfindən böyük bir sayğı ilə qarşılanmışam. Güney Azərbaycana olan böyük sevgimdə, həmçinin xüsusilə də Şəhriyarın əsərlərinə çəkdiyim miniatürlərdən orada yaşayan soydaşlarımız məni yaxşı tanıyır və həmişə xatırlayırlar». Şəhriyar yazır:

Heydər baba, göylər bütün dumandır,

Günlərimiz bir-birindən yamandır,

Bir-birizdən ayrılmayın, amandır.

Yaxşılığı əlimizdən aldılar,

Yaxşı bizi yaman günə saldılar…

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 21 sentyabr.- S.15.