26 Bakı Komissarınin kimliyi tarixin aydınlığında

 

Əzizağa Ələkbərov: «1918-ci ilin dəhşətli mart qırğınları komissarların birbaşa əməlinin nəticəsi idi»

Əlrəhman Əhmədov deyir: «Onlar sovet ideologiyasına xidmət edən adamlar idilər»

26 Bakı Komissarı haqqında sovet dövründə çox danışılırdı. Bu gün sosializmlə — SSRİ-çiliklə bağlı az-çox cəhdlərin baş qaldırdığı bir dönəmdə bu tipli hadisələrin antiulus, anti Azərbaycan mahiyyəti hər bir kəs tərəfindən düzgün anlaşılmalıdır. Ona görə ki, zamanında güclü təbliğat nəticəsində bu cür hadisələr yaddaşlarda o dərəcədə kök salmışdı ki, indi bəzilərində nostalji doğurur. Ancaq bilmək gərəkdir ki, kommunizmulus (xalq) tanımır, ümumiçiik tanıyır. Kollektivçiliyin, antiulusçuluğun ümumiçiliyin ən yaxşı nümunəsi isə 70 illik SSRİ dönəmi oldu.

1918-ci il sentyabrın 20-də Ağcaqum çölündə «26-lar» kimi adı sovet dövründə əbədiləşdirilən 26 Bakı Komissarı güllələndi. Hər ilin bu günü orta məktəblərdə «26-lar»a az qala yas tutulurdu. Müəllimlər gənc nəslə sosializm əleyhinə fəaliyyət göstərən o dövrün bütün qüvvələrinə nifrət hissi aşılayırdılar. Tarixçi-alim Əzizağa Ələkbərov bildirir ki, 26 Bakı Komissarı xalqımızın milli mənafeyinin ziddinə hərəkət etmiş qüvvə olublar. Komissarlar haqqında tam təəssürat mərhum akademik Ziya Bünyadovun «Elm» qəzetində məqaləsi çıxandan sonra aydınlaşdı. Uzun illər ərzində biz bu şəxsləri xalq qəhrəmanları kimi bütləşdirmişdik, heykəlləşdirmişdik. Hətta millətimizin gəncləri ailə qurarkən gedib onların məzarı başında and içirdilər. Dəhşətli o idi ki, belə bir antimilli hadisədə hamılıqla yanılmışdıq. Təbii ki, yanılmağımız dövrün ideoloji basqılarından irəli gəlirdi: «Azərbaycana gələn bütün qonaqlarımıza 26 Bakı Komissarının xatirəsini necə əziz tutmağımızı nümunə olaraq göstərirdik. Ancaq SSRİ çökərkən bizim bütün təsəvvürlərimiz dağıldı. Məlum oldu ki, bunlar kim imiş. Sən demə, bunlar başdan-ayağa bolşevik, erməni daşnaklarının tör-töküntüləri idi Azərbaycana, onun Milli hökumətinə qarşı mübarizə aparırdılar».

1918-ci ilin dəhşətli mart qırğınları elə bu komissarların birbaşa əməlinin nəticəsi idi: «Zaman-zaman biz bu dəhşətli ağrıları yaşamağa, dadmağa məcburuq. Bunların əməlləri xalqın yaddaşında yaxşı nəticələr, xatirələr yaratmayıb.

26 Bakı Komissarının fəaliyyəti Azərbaycanda bolşevizmin işğalçılıq siyasətinin istiqamətlərindən biri olub: 26 Bakı Komissarı bolşevizmin Azərbaycana gətirilməsinin, eyni zamanda erməni daşnaklarının işğalçılıq siyasətinin bariz təzahürlərindən biri idi».

Şaumyanın əslində Ağcaqum çölündə öldürülmədiyini, Hindistana qaçmasının tarixi dəlillərlə sübut olunduğuna diqqəti çəkən tarixçi deyir: «Sonradan Ziya Bünyadovun araşdırmalarından məlum oldu ki, Şaumyan öldürülməyib, Hindistana qaçaraq orada yaşadığı məlum olub. Əzizbəyov bolşevizm siyasətinin daşıyıcılarından qurbanlarından biri olub. Əzizbəyov içərisində olduğu bolşevizmin mahiyyətini dəyişdirmək qüdrətində deyildi. Sadəcə, Əzizbəyovu komissarların içərisinə milli tərkibdən olan bir nümayəndə kimi qatmışdılar ki, gözdən pərdə assınlar. Təbii ki, siyasət yerli kütlələrə təsir məsələsində bu amildən məharətlə istifadə edirdi. Bu tipli adamlar vaxtilə Rusiyaya təhsil dalınca gedənlərdir. Qayıtdıqdan sonra onlar təbii şəkildə rus ideologiyasının təsiri altına düşmüşdülər. Əzizbəyovların Şaumyanların təsiri altına düşməsi təzadlı, faciəli hadisə idi. Azərbaycanda bir vaxtlar sovet dövrünə xidmət edən saysız-hesabsız heykəllər vardı».

İngilislər komissarları güllələyərkən artıq türk qoşunları 5 gün idi ki, Bakını tutmuşdular. Bu məqama diqqət çəkən tarixçi-alim deyir: «Komissarlar müxtəlif istiqamətlərə qulluq edirdilər. İngiltərə arxivlərindən gətirilən sənədlərdə maraqlı faktlar var. Orada göstərilir ki, komissarlar ingilislərə yalan satmaqla onlardan bəhrələnmək istəyirdilər. Ancaq ingilislərin buradakı istəklərinin, siyasətlərinin gerçəkləşməsinə komissarlar kömək edə bilmədilər. Kosmissarların üzü açıldı. İngilislər komissarların daha çox ruslara xidmət etdiklərini aydınlaşdırandan sonra onları cəzalandırmaq qərarına gəldilər. Sənədlərdə göstərilir ki, ingilislər Tehranda olarkən komissarlar ora nümayəndələrini göndərərək onlardan

çoxlu maliyyə yardımı alıblar, Azərbaycandan pulların Gəncəyə, Gəncədən Tiflisə, ordan da Erməni Milli Hökumətinə daşınmasında iştirakçı olublar. İngilislər sonradan dərk edəndə ki, komissarların Azərbaycanda milli qırğını törətməkdə məqsədləri, bolşeviklərlə əlaqələrinin mahiyyəti nədən ibarət olub, onlara münasibət dəyişdi. Ancaq o dövrdə Bakını işğalçılardan xilas edən Nuru Paşaya heykəl qoyulmayıb. Gənclərə tarixi həqiqətləri düzgün başa salmalıyıq. Anlatmalıyıq ki, türklər gəlməsəydi, aqibətimiz necə olacaqdı».

Tarixçi-alim Əlrəhman Əhmədov deyir: «Təbii ki, Bakı komissarları Azərbaycanın, türklüyün dərdini düşünmürdülər. Onlar sovet ideologiyasına xidmət edən adamlar idilər. 26 Bakı Komissarını ingilislər güllələdilər. Komisarları ruslar qaçırmaq, ölümün pəncəsindən xilas etmək istəyirdilər, ancaq ingilislər qabağa düşdülər. Yolda ikən Stepan Şaumyanla bir neçə nəfər aradan çıxmışdı. Bütün bunlar tarixi gerçəklərdir. Məlum olur ki, ingilislərin özləri Şaumyanı yolda aradan çıxarmış, qaçmağına imkan yaratmışdılar».

Sovet dövründə 26 Bakı Komissarının ingilislər tərəfindən güllələnməsinin 70 il ərzində düşmən əleyhinə təbliğat vasitəsinə çevrilməsinə gəlincə, Ə.Əhmədov deyir: «Belə bir məsələ vardı. Bu, o dövr idi ki, Nuru paşanın ordusu artıq Bakını tutmuşdu. Türk qoşunları gəlmişdi ki, ingilis qoşunu Bakıdan çıxsın. Türk komandanlığı ilə ingilislər arasında danışıqlar olmuşdu. Sonra da ingilislərin ruslarla danışıqları oldu. Nəticədə Bakıdan ingilis qoşunları çəkildi».

İngilislər Bakı Komissarlarını sovet hökumətinin burada bir qurumu kimi güllələdilər. Ancaq görəsən, Nuru paşaya Azərbaycan Xalq Cümhuriyyəti Bakı Komissarlarını tutsaydı, belə amansız cəzalandırılacaqdımı? Ə.Əhmədov bunu təsəvvürünə gətirmədiyini deyir: «İnanmıram. Nuru paşa məncə, onları həbs edərdi, sonra da danışıqların nəticəsi olaraq geri verə bilərdi. Çünki həmin dövrdə Türkiyənin də vəziyyəti yaxşı deyildi. Osmanlı hökuməti ruslarla münasibətləri yaxşılaşdırmaq üçün bu addımı ata bilərdi. İngilislərin Bakı Komissarlarına qarşı belə amansız münasibəti bəlkə də Azərbaycan Xalq Cümhuriyyəti ilə Rusiyanın arasını vurmaq idi ki, anlaşmaya gələ bilməsinlər. İngilislər hər şeydən əvvəl sovet hökumətini qəbul edə bilmirdilər, bu səbəbdən də onların komissarlara qarşı belə davranmaları təbii idi».

Gerçək budur ki, Ağcaqum çölündə güllələnən 26 Bakı Komissarının içərisində cəmi iki azərbaycanlı vardı. Bunlardan biri Vəzirov, digəri isə Məşədi Əzizbəyov idi. Əzizbəyov torpaq və sənaye komissarı idi. Ermənilər isə o dövrdə faktik hakimiyyətdə idilər. 15 Sentyabrda Bakının qəhrəman Türk ordusu tərəfindən xilası isə Azərbaycanın tarixində bənzərsiz hadisə oldu.

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 21 sentyabr.- S.13.