Borçalı — qədim türk yurdu
Gürcüstanın
Borçalı (Marneuli), Bolulus (Bolnisi), Başkeçid
(Dmanisi), Qarayazı (Qardabani), Laqodexi, Saqareco, Telavi, Ağbulaq
(Tetri-Sxaro), Barmaksız (Zalqa), Kaspi, Kareli və digər
rayonlarında indi də Azərbaycan Türkləri
yaşayır və yaratmış olduğu və Dədə-Qorqud
dünyası ilə bağlı yüzlərlə makro və
mikro toponimlər xalqımızın və dilimizin qədim
tarixini özündə qoruyub saxlayır, gələcək nəslə
təqdim edir.
Bu və ya digər toponimin yaranmasında və tarixən
yaşamasında, ilk növbədə həmin regionda
yaşayan qəbilə, tayfa və xalqın
varlığı, habelə həmin yerin təbii
görünüşü və relyefi özünü əks
etdirir. «Borçalı» toponiminin yaranmasında da bu
xüsusiyyət öz əksini müəyyən dərəcədə
tapıb. «Borçalı» toponimi necə
yaranıb? Bu sualın cavabını, əlbəttə,
sözün özündə, ifadə etdiyi mənada axtarmaq gərəkdir.
Bəri başdan onu da qeyd edək ki, hələ
qədim zamanlardan Borçalıda türkdilli tayfaların
yaşaması haqqında istənilən qədər tarixi
faktlar var və «Borçalı» toponiminin türk mənşəli
olması şübhəsizdir. Toponimik ədəbiyyatda
ya bilavasitə, ya da ötəri şəkildə
«Borçalı» sözünün etimologiyası ilə
bağlı bir-birinə zidd bir neçə fikir mövcuddur.
Bəzi müəlliflər Borçalı toponimini
«Boşçala» («boş çala», «çökəklik»), «Borçalı»
(«borcalan və yaxud borcverən Alı»), «Boşqalı»
(«boş, kimsəsiz, sahibsiz qalmış çöl», «yer»),
«Borçalı» («cavan üzüm çalası», «şərab
çalası»), «Bozçala» («boz yer») və s. kimi şərh
ediblər.
O cümlədən
A.Bakıxanov «Gülüstani-İrəm» əsərində
«Borçalı» toponimini «Boz çala», M.Kaşğarlı
isə «Bor çala» kimi açıqlayıb. Bizcə,
bu şərhlərlə razılaşa bilmərik.
F.Kırzıoğlu
«Dədə Qorqud oğuznamələri» adlı əsərində
isə A.Zəki, B.Toqan və başqalarının istinad
etdiyi mənbələrə əsaslanaraq,
borçalıları Sabirlər tayfasına qonşu olan
«boruskların» — bulqarların digər bir qolu olan
Boroç-Boroçoğlu tayfası ilə əlaqədar
olduğunu və onların Kür çayının orta
axarının sağ sahilində əski Qoqaren ölkəsinin
doğu (şərq) hissəsində «boroçalılar»
adı ilə yaşadıqlarını qeyd edir. Bu mülahizə də inandırıcı
görünmür. Çünki dil səviyyəsi
baxımından «Boroçoğlu» və «Borçalı»
sözləri arasında tam yaxınlıq yoxdur. Doğrudur, həmin sözlərin ilk üç səsi
(b, o, r) eynidir. Ancaq həmin səslərin
eyniliyi «Borçalı» toponiminin «Boroçoğlu» etnonimindən
(və ya sözündən) törəməsini söyləməyə
əsas vermir. Ona görə ki, Azərbaycan dilinin fonetik
qanun və ya hadisələri arasında «o» və «ç», «a»
və «ç» səslərinin yerdəyişməsi, habelə
«oğlu» sözündəki ilk «oğ»
ünsürünün düşməsi hadisəsi yoxdur. Deməli, «Borçalı» toponiminin
«Boroçoğlu» etnonimi əsasında düzəlməsi
haqqında olan mülahizəni də dil faktları təsdiq
etmir.
Ümumiyyətlə, yüzlərlə, minlərlə
türk mənşəli toponimlərdə olduğu kimi,
Borçalı toponiminin etimologiyası da qədim türkdilli
tayfanın adı və yerin relyefi ilə bağlıdır. Borçalı
toponimi «bor» (bori) və «çalı» (çal, çöl)
sözlərinin birləşməsindən əmələ gəlməsi
fikrini söyləyənlər də var. Bu fikir də tamamilə
ağlabatan deyil. Çünki bu toponimin
birinci komponenti qədim türk dillərində «qurd» mənasında
işlənən «bori» tayfasının adından
götürülüb. Bu da təsadüfi
deyil. Birincisi, qurd qədim zamanlarda
türkdilli xalqların totemi olub. İkincisi,
qədim türklər hələ köçəri həyat
keçirdiyi zaman çox döyüşkən və cəsur
tayfalar olublar (bu, onların adlarında da əks olunub). Təsadüfi deyil ki, hələ «Kitabi-Dədə
Qorqud» dastanında «Qurd üzü mübarəkdir» kimi ifadələr
öz əksini tapıb. İndi də xalqımız
arasında «Qurd oğlu qurd olar», «Qurddan olan kəsəyən
olar» kimi yığcam və dərin məzmunlu atalar sözləri
də var. Güman ki, elə həmin atalar sözləri də
öz başlanğıcını və
özülünü qurdlar tayfasının adından
alıb. Beləliklə, aydın olur ki,
«Borçalı» toponiminin birinci komponenti «bori» (qurd)
sözü əsasında formalaşıb.
Tarixi sənədlər «qurd» sözü əsasında
düzəldilmiş kənd adlarının olduğunu da təsdiq
edir. 1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»
dəftərində Təkəli oymağının Qurdlar kəndinin
adı da qeyd edilib. Həmin kəndin
adı hazırda təhrif olunmuş şəkildə —
Kürdlər kimi işlənilir. Bundan
başqa Bolnisi rayonunda Bolulus — Kəpənəkçi
yaxınlığında Qurdlar, Darvaz kəndinin
yaxınlığında isə Qurdoğlunun qoruğu
adlı böyük oronimlər (toponimlər) indi də var.
«Borçalı»
toponiminin ikinci komponenti isə «çalı» (çal) qədim
türk dilində «təpə» mənasında işlənən
«çal» sözü ilə bağlıdır. İndi də Bolnisi rayonundakı Aşağı
Qoşakilsə kəndi yaxınlığında «Uzun
çal» (uzun təpə), Başkeçid — Dmanisi
rayonundakı Yırğançay kəndi
yaxınlığında «Yumru çal» (yumru təpə)
adlı yerlər də var. Bu isə hər şeydən əvvəl
inanc (dini) panteonumuzda dağa, təpəyə, yüksəkliyə
inamla bağlı olub (Qədimdə qalaların dağ
başında, sıldırımlıqlarda tikilməsi
fikrimizi sübut edir. Dəvəçi
rayonundakı Çıraq-Qalanı, Marneuli rayonundakı
Ağca-qalanı, Bolulus — Bolnisi rayonundakı Qoçulu
qalasını, Koroğlu qalalarını və s.
xatırlayın).
Deməli, «Borçalı» toponiminin ümumi mənası
«borilərin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı
ərazisinin üçdən iki hissəsinin dağlıq
olduğunu nəzərə alsaq, fikrimiz daha aydın təsdiq
olunur. Şair Dünyamalı Kərəm isə
özünün «Qoçulu» (Bakı, 2009) kitabında
yazır: «Antik dövrlərin yazılı məxəzlərindən
aydın olur ki, bizim ulu babalarımızın əcdadları
olan skiflər, saklər, kəmərlər hələ bizim
eradan əvvəl Gürcüstan ərazisində
yaşayıblar. Qədim dünya tarixinin
atası sayılan Herodotun yazdığına görə,
türk tayfalarından olan silahlı bir dəstə Trialeti
aşırımından Gürcüstana keçən Pompey
(Roma imperatoru) ordusunun qarşısını kəsib, ordunu
bir neçə saatlığa dayandırıb.
Azərbaycan Türklərinin Borçalıda və
Gürcüstanın digər bölgələrində məskunlaşmasını
gürcü tarixçiləri təqribən XVI yüzilin
ortalarına aid edirlər. Digər mənbələrdə
isə bu tarix daha qədimdir. Məsələn,
İran mənbələrində qeyd olunur ki, XIII yüzilin əvvəllərində
«Tiflisdə müsəlman qadınlarından başqa heç
kəs yaşmaq tutmurdu». (Gürcüstan
tarixi. «Qanatleba» nəşriyyatı. Tiflis, 1988, səh.73). Mənə
elə gəlir ki, burada göstərilən «müsəlman
qadınları» məhz azərbaycanlı (Azərbaycan-Türk
— red.) qadınları idi.
Tarixi məxəzlərdə göstərilir ki, XVIII
yüzilin sonlarında Tiflisdə Azərbaycan dilində məktəb
açılmışdı. Sonra göstərilir ki, Tiflisdə
açılan məktəblərdə gürcü, erməni,
tatar (azərbaycan) rus və əgər mümkünsə
yunan və latın dilləri öyrənilirdi
(Gürcüstan tarixi, Tiflis, 1980-cı il; 1799-cu ildə Yohan
Georgiyeviç Baqrationi tərəfindən «Kartli-Kaxetiya
çarlığında mədəni-maarif tədbirləri
keçirilməsi haqqında» tərtib edilmiş layihədən).
XIX yüzilin ortalarında Borçalı mahalı qəzaya
çevrildi.
Bu zaman əhalisi Azərbaycan türklərindən ibarət
olan Qarayazı (1947-ci ilədək) — indiki Qardabani və
Qaraçöp (kəndləri Saqareco rayonuna daxil edilib)
rayonlarını Borçalıdan ayırdılar. 1885-ci ildə Borçalı qəzasının əhalisi
89.076 nəfər, 1926-cı ildə 86.537 nəfər (50.979
Azərbaycan türkü, 14.969 erməni, 7646 gürcü) idi.
1929-cu ildə qəza ləğv edilib
üç rayona — Borçalı (1950-ci ildə Marneuli),
Lüksemburq (1946-cı Bolnisi), Başkeçid (1947-ci ilədən
Dmanisi) rayonlarına bölündü. Lap
qədimlərdə bu bölgə Çoruk Qəmərli
(xalq isə Çürük Qəmərli deyirdi)
adlanırmış. 1942-ci ilə qədər
indiki Bolnisi şəhərinin yuxarısında
Çürük Qəmərli adında kənd olub.
XIX yüzilin əvvəllərində Gürcüstan Çar Rusiyası tərəfindən tamamilə işğal edildikdən sonra çar hökuməti almanları Şərqi Rusiyadan (Almaniya) Zaqafqaziya dəvət etdi. Almanların bu regiona köçürülməsinin əsas məqsədi kənd təsərrüfatının və maldarlığın qabaqcıl təcrübəsini yaymaq idi. 1818-ci ilin sonlarında Gürcüstanda almanlar yaşayan 4 kolon təşkil olunmuşdu. Belə kolonlardan biri də həmin Çürük Qəmərli kəndinin alt tərəfində məskunlaşdırılmışdı. Bu kolon Yelizavetenfeld adlanırdı. Yerli əhali isə son zamanlaradək yenə də ona «Kolon», «Kolonka» və sadəcə olaraq «nemsə» deyirdi. Gürcüstan Sovetlər tərəfindən işğal edildikdən sonra ona Alman Kommunist Partiyasının liderlərindən biri olan Roza Lüksemburqun adı verilmişdi. Almanların yaxşı qonşuluqları və gözəl xasiyyətləri vardı. Söyüş söyməyin, qarğamağın nə olduğunu bilməzdilər. Ən ağır sözləri: «Ay səni andır qal!» olardı. Ən yüksək dərəcədə doğruluq sevən, yalan danışmağı bacarmayan, təmizliyə riayət edən, zəhmətkeş insanlar idi. Elə ona görə də xalq arasında «nemetskiy şot» (alman hesabı) zərbi-məsələsi yaranmışdı. 15-16 yaşına çatanların hamısı Azərbaycan-Türk dilini bilərdi və bizim xalqa yaxşı münasibət bəsləyərdi. Oğurluq bilməzdilər. Oğruları «qarapişik» (oğurluq sözünün rusca deyilişinin bir qədər təhrif olunmuş formasında) adlandırırdılar. Burada bir misal çəksəm, lap yerinə düşər. Mənim Əhməd dayım (Abdulla oğlu) almanlara dana və çəpiş əti satmaqla məşğul olurdu. Yolda rast gələn hər hansı bir alman açarı etibar edib ona verər və deyərdi: «Axmed, iki kiloqram, yaxud üç kiloqram çək, filan yerə qoy, pul da filan yerdədi». Əhməd dayı da öz növbəsində ona əməl edər, hətta 50-100 qram da artıq qoyardı. Almanlar torla balıq tutmağı sevərdilər. Bazar günləri iki at qoşulmuş qəşəng araba ilə bizim «Cavala» (indi «Maşavera») çayının sahillərində məskən salardılar. Özlərinə lazım olan qədər balıq tutub oradaca bişirib ailəliklə süfrə ətrafında əyləşərdilər. İki stəkandan artıq şərab içməzdilər. Araq və konyakı isə dillərinə vurmazdılar. Mən işimlə əlaqədar olaraq tez-tez rayon mərkəzinə gedirdim. Almanlardan bir nəfərinin belə sərxoş olduğunu görməzdim. 1941-1942-ci illərdə Gürcüstanda yaşayan bütün almanları, o cümlədən də Lüksemburqda yaşayanları Qazaxıstana sürgün etdilər. Beləliklə, onlar işgüzarlığı, düzgünlüyü də özlərilə bərabər apardılar.
1946-cı ildə Lüksemburqa Bolnisi adı verildi. Bura köçürülən və gigiyena və mədəniyyətin nə olduğunu bilməyən köçərilər — pşavlar, svanlar və s. dağ adamları təxminən 40 ildən sonra tamamilə dəyişib mədəniyyətə qovuşdular. İndi onlar yerli əhaliyə — azərbaycanlılara (türklərə-red.) lağ etməyə, bəyənməməyə başladılar. Bu gün Bolnisi respublikada nümunəvi şəhərlərdəndir. Ancaq təəssüf ki, Bolnisi rayonunun mərkəzi, yəni Dünyamalı Kərəmin «Hümunəvi şəhər» adlandırdığı Bolnisi 1989-cu ildən soydaşlarımızın təqib və təzyiqlərindən sonra didərgin düşdüyü şəhər olaraq qalır.
Müşviq Çobanlı
Xalq Cəbhəsi.- 2013.- 24
sentyabr.- S.14.