Bakıda Beynəlxalq Kitab
Sərgi-Yarmarkası
Dünən Azərbaycan Milli Kitabxanasında 23-25 sentyabr
tarixlərində keçiriləcək
III Bakı Beynəlxalq
Sərgi-Yarmarkasına həsr
olunan mətbuat konfransı keçirilib.
APA-nın məlumatına
görə, mətbuat
konfransında çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin
əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki,
son illərdə kitab
sərgilərinin keçirilməsi
ənənə halını
alıb: «Biz uzun fasilədən sonra nəhayət 2009-cu ildə
sərgi-yarmarkanın keçirilməyinə
nail olduq. Bu, nəşriyyatların
geniş və səmərəli fəaliyyət
göstərməyinə şərait
yaratmaqla bərabər,
oxucu auditoriyasının
genişlənməyinə də səbəb olacaq. Builki sərgi-yarmarka açıq
havada keçiriləcək
və stendlər bütün nəşriyyatlara
təmənnasız veriləcək».
Əbülfəs Qarayevin sözlərinə
görə, III Bakı
Beynəlxalq Sərgi-Yarmarkasında
25 ölkədən 40 təşkilat
iştirak edəcək. Üç gün
ərzində nəşriyyatlar
öz çap məhsullarını təqdim
etmək imkanı qazanacaqlar. Nazir əlavə edib ki, Azərbaycan Milli Kitabxanasının 90
illik yubileyi münasibəti ilə bağlı tədbirlərin,
eləcə də Avropa Milli Kitabxanaları
Konfransının XXVII illik
iclasının və
Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq
Təşkilatının XV iclası da sərgi-yarmarkanın keçirildiyi
günlərə təsadüf
edir: «Biz qonaqlara yüksək səviyyədə
poliqrafiya işləri
təqdim etməliyik.
65 ölkənin kitabxana rəhbərləri
ölkəmizə gələcək.
Bu o deməkdir ki, Azərbaycan hökuməti həyata keçirdiyi mədəniyyətlərarası
dialoq siyasətinin tələblərinə tam cavab
verir».
Mətbuat konfransında kitab sərgi-yarmarkasının fəaliyyətini işıqlandıran www.bakubookfair.com domenli rəsmi veb səhifəsinin təqdimat mərasimi keçirilib. Sayt Azərbaycanın kitab sənəti sahəsində seçilən, ixtisaslaşan, sırf kitablarla, nəşr sənəti ilə bağlıdır. Sayt üç dildə fəaliyyət göstərəcək.
Xalq Cəbhəsi.- 2013.- 24 sentyabr.- S.16.