«Haqqı verməzlər, haqqı almaq lazımdır»

 

Şeyx Məhəmməd Xiyabaninin ölümündən 93 il ötür

I yazı

Güney Azərbaycanın azadlığı uğrunda imperializmə despotizmə qarşı mübarizədə Xiyabani xalqımızın yetirdiyi böyük şəxsiyyətlərdən biridir. Xiyabani inqilabi fəaliyyətə 1905-1911-ci illər Səttarxan hərəkatı zamanı başlayıb.

Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olub. O, Xamnədə məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedir, bir müddətdən sonra Təbrizə qayıdır, ilahiyyatla məşğul olur, dini elmləri öyrənməyə başlayır. Təbrizin tanınmış islamşünas alimi, ruhani Əngəcinin yanında oxuyur, onun sevimli tələbələrindən olur, müctəhidlik dərəcəsinə yüksəlir, habelə Mirzə Əbdüləlinin yanında astronomiya riyaziyyata dair bilgiləri mənimsəyir. Xiyabani bəlağətli nitqi, natiqlik məharətilə təbrizlilərin hörmət məhəbbətini qazanır, «Xiyaban» məhəlləsində, «Hacı Kərimxan» məscidində axund, imamcümə vaiz olur. O, çıxışlarında insan haqlarından, azadlıqdan söhbət açaraq təbrizliləri məlumatlandırır, milli oyanışa səsləyir, dünyagörüşlərini zənginləşdirirdi. Onun aforizmləşən bir sözü var idi həmişə çıxışlarında deyirmiş: «Haqqı verməzlər, haqqı almaq lazımdır». Xiyabani minbərdən dini moizələrlə bərabər azadlıq demokratiyanı yaymaq üçün bir təbliğat tribunası kimi istifadə edirdi.

1908-1909-cu illər Təbriz üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə silah alır, o biri tərəfdən Azərbaycan Vilayət Əncümənindəki çıxışları ilə fəaliyyət göstərir, çoxsaylı tədbirlərin təşəbbüskarı olur. 1909-1911-ci illərdə fəaliyyət göstərən II İran Məclisinə Azərbaycandan seçilən inqilabçılar ziyalılar arasında yer alır. 1909-cu ildə Tehranda yaradılmış Demokrat Partiyasının üzvü kimi bu partiyanı məclisdə təmsil edirdi. 1911-ci ildə parlament buraxıldıqdan sonra Tehranda keçirilən mitinqdə hökumət əleyhinə çıxış edir.

İran hökumətinin demokratik qüvvələrə qarşı əsaslı tədbirlər görməyə başladığı zaman İranı tərk edir, müəyyən müddət Vladiqafqaz Peterburqda mühacirətdə yaşayır. Rusiyada olarkən, rus siyasi düşüncəsilə tanış olur, Quzey Azərbaycanda məskunlaşan güneylilərin vəziyyətini yaxından öyrənir, Bakıda rus sosial-demokratları ilə əlaqələr yaradır. 1914-cü ildə doğma şəhəri Təbrizə qayıdır. Bu dövrdə Təbriz Səməd xanın əlində idi. Səməd xan Tehranı saya saymayaraq müstəqil bir üsuli-idarə qurmuşdu. Qacar şahlarından fərqli olaraq Əhməd şahın Məşrutəyə münasibəti pis deyildi. Əhməd şah Güneydə seçkilərə zəmin yaratdı. Demokratlarla liberallar arasında rəqabət yarandı. Demokrat partiyasının qələbə qazanacağı labüd olduğu üçün SücaüddövləSəməd xan Güney Azərbaycanda seçkilərin keçirilməsinə razılıq vermədi, rusların ona dəstək olacağına ümid edərək Təbrizdə seçkilərə mane oldu. III çağırış məclisdə Güneyin millət vəkili olmadı.

Xiyabaninin fəaliyyətinin əsas hissəsi 1917-ci ildən başlayır. Rusiyadakı inqilablar Güney Azərbaycanına da sirayət etdi, burada gizli təşkilatların sayı çoxaldı. Xiyabani Demokrat partiyasının Azərbaycan Vilayət Komitəsinə rəhbərlik edərkən İsmayıl Nübari, Məhəmməd Əli Badamçı, İsmayıl Əmirxan, Əli Əskər Sərtibzadə, Əhməd Kəsrəvi başqaları ilə əməkdaşlıq edir. 1917-ci il aprelin 9-da o, sonralar öz siyasi fəaliyyətinin məramnaməsinə çevrilən «Təcəddüd» («Yeniləşmə») qəzeti nəşr etdirir. «Təcəddüd»də o, jurnalist həmkarları, silahdaşları ilə birlikdə xalqda milli şüurun oyanması, maariflənməsi, dirçəlməsinə yönəlmiş, bu ideyalara, məqsədlərə xidmət edən xüsusi dəyərə malik yazılarla yaradıcılıq fəaliyyət dairəsini genişləndirir.

Demokrat Partiyasının Azərbaycan şurasının 1917-ci ilin avqustundakı iclasında sərbəst fəaliyyət göstərəcək Azərbaycan Demokrat Partiyasının (Firqəsinin) yaradılması onun Mərkəzi Komitəsinin Xiyabaninin başçılığı ilə toplanması qərara alındı. Partiyanın konfransında Mərkəzi Komitəyə, yerli əyalət əncümənlərilə keçiriləcək seçkilərə hazırlaşmaq tapşırıldı. Partiyanın məqsədləri dəqiq müəyyənləşmişdi: «Konstitusiyada müəyyən edilmiş hüquqların azadlıqların həyata keçirilməsi uğrunda mübarizə aparmaq; Vilayət qəza əncümənlərinə keçiriləcək seçkilərdə əhalinin demokratik təbəqələrindən olan nümayəndələrin seçilməsinə çalışmaq; İranın tərkibində Cənubi Azərbaycanın muxtariyyət alması, ölkənin iqtisadi mədəni həyatının demokratik əsasda yenidən qurulması uğrunda mübarizə aparmaq».

Xiyabani rəsmən iqtidarda deyildi, ancaq Azərbaycanda hər şeyi nəzarətində saxlayırdı. Bir ilə yaxın davam edən bu dövr ərzində Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə olunmuşdu. Osmanlı ordusunun gəlişindən sonra vəziyyət dəyişir. Osmanlı ordusu Məcdüssəlmənəni Azərbaycana vali təyin edir. Güney Azərbaycanının Osmanlı ordusu tərəfindən tutulmasına etiraz edən Şeyx Məhəmməd silahdaşları həbs olunurlar. Onlar müəyyən müddət Qarsda saxlanıldıqdan sonra fars əyalətlərindən birinə sürgün edilir Osmanlı ordusu tərəfindən ADP dağıdılır.

1918-ci ildə Osmanlı ordusu Güney Azərbaycanını tərk edir. Xiyabani vətənə dönərək ADR-i və «Təcəddüd» qəzetini bərpa edir. Bu dövrdə ADP-də fikir ayrılığı yaranır. Partiya Xiyabaninin və doktor Zeynalabdin xanın rəhbərlik etdiyi iki bölümə ayrılır. Bu bölümlər «Təcəddüdiyun» və «Tənqidiyun» adlanırdı. Xiyabaninin əleyhdarları onun partiyanı demokratik metodlarla idarə etmədiyini söyləyirdilər. Onlar Mirzə Tağı xan Rəfətin yenidən partiyaya qəbul olunmasına etiraz edirdilər. Mirzə Rəfət Osmanlı ordusu Azərbaycanda olduğu dönəmdə «Azərbaycan» qəzetini çıxarmışdı. «Tənqidçilər» (Tənqidiyun) belə hesab edirdilər ki, o, osmanlılarla əməkdaşlıq etdiyinə görə partiya sıralarında ola bilməz. Xiyabani bu etirazları qəbul etmədi və Mirzə Rəfəti yenidən «Tərəddüd»ün baş redaktoru təyin etdi. Xiyabani əleyhdarları partiyanın yalnız Azərbaycan partiyası olmasına qarşı da çıxırdılar. Əhməd Kəsrəvi də «Tənqidçilər» qrupuna daxil idi.

1919-cu ildə İngiltərə ilə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilə bağlandı. Bəyannamədə deyilirdi: «İran dövlət başçıları məşrutə qanunlarını ləğv etdilər, xalqın tələbatını qəbul etmirlər». Bəyannamədə xəbərdarlıq edilirdi ki, biz qiyam odunu bütün İranda yandıracağıq. ADP daha kəskin mövqe tutaraq Tehran hakimiyyətinə qarşı mübarizəyə başlayır. Tehrandan Təbrizə göndərilmiş Bifinin yoldaşları geri qaytarılır. Təbriz hakiminin müavini Əminilmülk və maliyyə rəisi Tərcümanüldövlə Azərbaycandan gedib, Demokrat Partiyası tərəfindən nümayəndələr təyin edilirlər.

1920-ci ilin mayında Təbrizdə ADP-nin rəhbərliyi ilə böyük mitinq təşkil edilir. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səslənir. Mitinqin iştirakçıları təklif edirlər: «Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda öncül olub. Bu münasibətə görə də «Azərbaycan» əyaləti yerinə «Azadıstan» adlanması daha düzgündür». Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilir. Mitinqdən sonra qiyamın əks-sədası, istiqlaliyyət dalğası bütün güney şəhərlərinə yayılır, hərəkatın milli coğrafiyası genişlənir: Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbil də azadlığa səs verir.

1920-ci ilin 22 iyununda ADP ümumi səslə Milli hökumətin strukturu haqqında qərar qəbul edir və Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin sədri seçilir. Həmin gün Xiyabani hökumət başçısı kimi Alaqapıya köçür. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. «Azərbaycan» toponimi, sözü bütün lövhələrdə, dövlət sənədlərində «Azadıstan əyaləti» kəlməsi ilə əvəzləndi.

Xiyabani «Alaqapı»da Milli Hökumət başçısı olduğu az müddətdə Təbrizdə bir çox islahatlar aparır. Eləcə də jandarm təşkilatını genişləndirərək öz rəhbərliyi ilə Milli Qvardiya yaradır. Tanınmış maarifpərvər Əbülqasim Fyuzatı maarif müdiri təyin edir. Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş verir. Bakıdan «İddihadiyeyi-İraniyan» məktəbindən müəllimlər dəvət edir. Bütün idarə işləri, sənədləşmələr, mətbu nümunələr, mitinq və çıxışlar doğma dilimizdə aparılır.

Azadıstan dövlətinin ömrü çox uzun sürmədi. Müstəqillik elan ediləndən 6 ay sonra 1920-ci il sentyabrın əvvəllərində təzəliklə vali təyin edilmiş Hidayət Müxbirisəltənə Təbrizə tərəf hərəkət edir. Təbrizə girməzdən əvvəl o, mülkədarları öz tərəfinə çəkir. Hücumdan əvvəl Amerika və İngiltərə konsulluqlarını xəbərdar edir. Sonra müqavimətsiz Təbrizə soxulub kazak dəstələri ilə birləşir. Kazakların bir dəstəsi Xiyabaninin iqamətgahına hücum çəkir. Döyüşlər dörd gün davam edir. Sentyabrın 14-də Xiyabani öldürülür. Ş.M.Xiyabani öz xalqının və Vətəninin vurğunu idi. O, xalqının müstəqil yaşaması, azadlığı uğrunda canını qurban verdi.

Xiyabaninin ictimai-siyasi fəaliyyəti, fəlsəfi görüşləri, publisistikası, ümumiyyətlə, yaradıcılığı layiqincə öyrənilməyib, ətraflı tədqiq və təhlil edilməyib. Doğrudur, onun həyatı, siyasi fəaliyyəti haqqında müəyyən araşdırmalar aparılıb. Bu sahədə ilk əsər Qulam Məmmədlinin 1949-cu ildə çap olunmuş «Xiyabani» kitabıdır. Kitabda 1917-1920-ci illərdə İran Azərbaycanının milli azadlıq hərəkatından geniş söhbət açılır. Tədqiqatçı mövzu ilə bağlı zəngin materiallara istinad edir. Kitab boyu Xiyabani şəxsiyyətinə dərin məhəbbət görürük. Q.Məmmədlidən əvvəl rus sovet mətbuatında Xiyabaninin siyasi fəaliyyətini əks etdirən A.A.Vinoqradovun «Fars Azərbaycanında inqilabi hərəkat», Q.Q.İlyinskinin «Şeyx Məhəmməd Xiyabani» adlı məqalələri mövcuddur. Ancaq ilk dəfə Xiyabaninin keçdiyi mübarizə yolu, siyasi fəaliyyəti, nitqlərini əks etdirən tədqiqat müəllifliyi Q.Məmmədliyə nəsib olub. Bu əsər Xiyabaninin həyatı və şəxsiyyəti, siyasi fəaliyyəti haqqında yazılmış ilk tədqiqat işi kimi dəyərlidir. Xiyabaninin tədqiqatçıları sırasında filologiya elmləri doktoru Qafar Kəndlinin adını çəkməmək günah olar. 1961-ci ildə «Azərbaycan» ruznaməsinin nəşriyyəsi kimi çap olunan Xiyabaninin «Azərbaycan və Azərbaycanın demokratik qüvvələri» adlı kitabına mərhum alim Qafar Kəndli Herisçi Şeyx Məhəmmədin həyatı və ictimai fəaliyyətini əks etdirən «Ön söz» yazıb. Bu yazı Xiyabani haqqında qələmə alınan ən tutarlı, ən səviyyəli, əhatəli məqalələrdən biridir.

(ardı var)

Vüqar Əhməd

Xalq Cəbhəsi.- 2013.- 26 sentyabr.- S.14.