«Ey ölməz Azərbaycan, həmişəlik
yaşa!»
Şeyx Məhəmməd
Xiyabani publisistik əsərlərində humanizmin,
azadlığın, demokratiyanın böyük müdafiəçisi
kimi çıxış edirdi
II
yazı
Xiyabaninin həyatı onun ictimai fəaliyyəti ilə
daha çox əlaqəlidir. Həmin fəaliyyət
isə Azərbaycan xalqının müstəqillik qazanmaq
uğrunda mübarizə salnaməsi ilə sıx
bağlıdır. Tarix elmləri doktoru
Şövkət Tağıyeva 1956-cı ildə rus dilində
çap olunan «1917-1920-ci illərdə İran Azərbaycanında
milli azadlıq hərəkatı» monoqrafiyasında Güney Azərbaycanında
ingilis imperialistlərinə və İran
irticaçılarına qarşı aparılan mübarizənin
sosial-iqtisadi köklərini araşdırır, milli
azadlıq hərəkatı və onun məğlubiyyətinin
səbəblərini göstərməyə
çalışır. Tədqiqatçı
sovet dövrünün ideoloji çərçivəsindən
çıxa bilməsə də, əsər gərgin
axtarışların bəhrəsidir. İdeoloji
qüsurlarına baxmayaraq Ş.Tağıyeva keçmiş
SSRİ arxivlərindən materiallar toplayaraq bu məxəzlərə
istinadən fundamental bir monoqrafiya ərsəyə gətirib.
Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti
geniş şəkildə əks olunub. Professor
Ş.Tağıyeva 1990-cı ildə «Təbriz üsyanı»
adlı kitab nəşr etdirib. Məlum
olduğu kimi, bu əsərdə də Xiyabaninin inqilabi,
ictimai-siyasi fəaliyyəti işıqlandırılıb.
Fars dilində yazılmış İran tarixçilərinin əsərlərində
1917-1920-ci illər hərəkatı, o cümlədən
Xiyabaninin fəaliyyəti yer tutur, çox az
və qısa məlumat verilir. Məsələn,
Həbibulla Möhtərinin «İranın oyanışı
haqqında» əsərində İran Azərbaycanında
1917-1920-ci illərdə baş verən milli azadlıq hərəkatı
barədə heç bir məlumat verilmir. Ancaq farsdilli ədəbiyyatlarda obyektiv mövqe tutan
müəlliflər də var. Xiyabaninin silahdaşı
olmuş Badamçı «Xiyabaninin həyatı və
yaradıcılığı», Əli Azərin
Ş.M.Xiyabaninin «Təbriz üsyanı» kitablarını
göstərə bilərik. Badamçı
hərəkat zamanı maliyyə işlərinə baxsa da, o,
bu hərəkatın istiqamətini, xarakterini və Xiyabaninin
ictimai fəaliyyətini düzgün qiymətləndirib,
Əli Azəri isə faktların zənginliyini dolğun əks
etdirib. Əli Azəri Xiyabanini bir şəxsiyyət
kimi ideallaşdırır, onun inqilabi, ictimai-siyasi fəaliyyəti
barədə orijinal fikirlər söyləyir.
1998-ci ildə Təbrizdə nəşr olunmuş
«Namavaran Azərbaycan» (Azərbaycanın məşhurları —
V.Ə.) adlı ensiklopedik xarakterli məlumat kitabında
Xiyabaninin bir səhifəlik tərcümeyi-halı verilib. İkincisi isə
Xiyabaninin keçmiş silahdaşı, sonra ona naxələf
çıxmış, əslən azərbaycanlı, ancaq
farslara xidmət etmiş tarixçi Əhməd Kəsrəvinin
«Fiyali Şeyx Məhəmməd Xiyabani» kitabıdır.
Tehran «Nəşri-Mərkəz» nəşriyyatında
1998-ci ildə çap olunan kitabın müqəddiməsi və
naşiri Məhəmmədəli Humayun Katuzyandır.
Xatirələrlə tanış olduqda
görürük ki, Ə.Kəsrəvi Xiyabani haqda, onun dərin
zəkası, böyük nüfuzu, nurlu siması, savadı
barədə ürəkaçan, xoş sözlər də
söyləyir, inqilabi fəaliyyətinə düzgün qiymət
verir. Bəlkə də bu əsərdə
Ə.Kəsrəvi bağışlanmaz günahlarını,
tarixi suçlarını yumaq istəyirmiş. Ə.Kəsrəvi
yazır: «Xiyabaninin iti yaddaşı, bacarığı var
idi. Buna görə də gündən-günə
onun nüfuzu artır və çoxlarını öz təsiri
altına alırdı. Onlar da onu özlərinə
rəhbər seçir və onun sözündən və
göstərişlərindən boyun
qaçırmazdılar». Bu
araşdırmaların əksəriyyəti Ş.M.Xiyabaninin
ictimai-siyasi fəaliyyətinin şərhi və təhlilinə
həsr olunub. Ancaq bu görkəmli tarixi
şəxsiyyətin həyatı, mühiti və
yaradıcılığı bütövlükdə geniş
miqyasda tədqiq olunmayıb. Həmin tədqiqatlarda
Xiyabaninin həyatı və mühitilə bağlı
problemlər sistemli şəkildə qələmə
alınmayıb, yaradıcılığı, xüsusilə,
publisistikası, məqalələri,
çıxışları, dil və üslubu haqqında
elmi-nəzəri fikir söylənilməyib.
Ədəbiyyatımızda publisistikanın özünəməxsus
salnaməsi var. Publisistika tarixinin araşdırılması
göstərir ki, onun inkişafında tənqidçi,
filosof, tarixçi və ədəbiyyatşünasların
xidmətləri böyük olub. Ədəbiyyatımızda
publisistikanın ilk nümunələrinə hələ
M.F.Axundzadə, H.B.Zərdabi və N.B.Vəzirovda rast gəlirik.
1905-ci il inqilabı dövründə və
sonra C.Məmmədquluzadə, N.Nərimanov, F.B.Köçərli,
Oktyabr çevrilişi ərəfəsində M.S.Ordubadi,
M.S.Pişəvəri, T.Şahbazi və başqaları siyasi
publisistikanın dəyərli nümunələrini
yaratmışdılar. Tarixi təcrübə
göstərir ki, publisistika yazıçıların
yaradıcılığında mübariz ədəbi forma
kimi geniş yer tutub. Publisistikaya vətənpərvərlik,
xalqlar dostluğu, qəhrəmanlıq, sədaqət,
düşmənə qarşı amansız olmaq motivləri həmişə
qüvvətli olub.
Xalqın özünüdərkində, dünya
miqyasında tanınmasında, milli-bəşəri dəyərlərin
sonrakı nəsillərə çatdırılmasında,
xalqın bədii, tarixi dəyərlərə yiyələnməsində
onun ədəbiyyatı, incəsənəti və bunların
təbliğində, təhlil və təqdirində
mühüm rol oynayan mətbuat amili faktor kimi vacib yer tutur.
Sənətkarlarının böyük bir nəsli məhz
buna görə məktəbi, maarif sistemini xalqın ictimai
şüurunun zənginləşməsində başlıca
faktorlardan sayıblar. Bu baxımdan M.F.Axundzadə, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, .S.Axundov, A.Şaiq, Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə, M.S.Pişəvəri, N.Nərimanov
kimi ədib, şair və demokrat-publisistlərin obrazlı-ədəbi
qənaətləri, nəticə və mülahizələri
arasında ideya yaxınlığı və tipoloji nöqtələr
çoxdur. Tarixilik və varislik prinsipindən
yanaşmaya Şeyx Məhəmməd Xiyabaninin
dövrünün ictimai-siyasi hadisələrinin təhlili,
tarixi problemlərə münasibəti ilə yaxından səsləşir,
bir növ onun başqa mühitdə və tarixi-coğrafi məkanda
yenidən ifadəsidir.
Öz odlu qələmi ilə mübariz publisistikanın
gözəl nümunələrini yaratmış Xiyabaninin də
bu sahədəki fəaliyyətinin tədqiqi, şübhəsiz
ki, çox faydalıdır.
Ş.M.Xiyabaninin publisistik yazıları mövzu
genişliyilə, obrazlılığı, çoxmotivliliyi,
zəngin epizodluluğu ilə seçilir. Xiyabaninin
publisistikası Azərbaycan ədəbiyyatının mütərəqqi
ənənələrinin bünövrəsi üzərində
yüksəlirdi. İctimai həyat həqiqətlərini
əks etdirən, çağdaş həyatın tələbləri
səviyyəsində durmaq onun fəaliyyətinin əsasını
təşkil edirdi. Xiyabani publisist əsərlərində
humanizm, azadlığın, demokratiyanın böyük
müdafiəçisi kimi çıxış edirdi. İstedadlı publisist xalq azadlığını,
özü də ictimai-siyasi-mənəvi azadlığı
yüksək qiymətləndirir, zülm və istibdad
altında yaşayan xalqın məşəqqətli həyatını,
onun mənəvi-əxlaqi paklığını, əqidə
saflığını orijinal formalarda ifadə edirdi.
«Təcəddüd»
qəzeti 1917-ci il aprelin 9-da nəşrə
başladı. Tədqiqatçı Q.Məmmədlinin
göstərdiyi kimi, «Onun imtiyaz sahibləri və baş
mühərrirləri ilk zamanlarda dəyişdirilsə də,
siyasi rəhbərliyi əsas etibarilə Xiyabaninin üzərində
qalırdı». Qəzetin 65 nömrəsi,
yəni 137-ci nömrəsindən sonra çıxan 202-ci
nömrəyədək rəsmən Xiyabaninin müdirlik və
baş mühərrirliyi ilə çap olunmuşdu. Məzmun və mündəricəsi ilə İran qəzetlərindən
fərqlənirdi. Xiyabani siyasi mübarizəsinin
məqsəd və amalı haqqında «Təcəddüd»ün
səhifələrində dərin və əhəmiyyətli
məqallər yazırdı. «Azərbaycan» adlı məqalədə
Azərbaycan azadlığının, istiqlaliyyət və
milli varlığı problemini qəlbindən gələn atəşli
sözlərlə ifadə etmişdi: «Azərbaycan bəhanə
axtaran özgələr və kin-küdurətli
özününküləri qarşısında vurdu, vuruldu,
öldürdü, öldürüldü, həyatın
çətinliklər və çək-çevirləri
içərisində inqilab və təkamül yolunu
keçib yaşadı. Ucdantutma
qırğınlar, soyğunlar, zülm və işgəncələr
Azərbaycandakı istiqlaliyyət hərəkatını və
azadlıq tələblərini məhv edə bilməyəcəkdir.
Özgələr və
«özümüzünkülər» ürəklərində
saxladıqları yaramaz fikirlərini həyata keçirmək
məqsədilə bu torpağın yaralı sinəsi üzərində
dar ağacları qurdular. Zülm və
vicdansızlığın qara kölgəsini bu qana
boyanmış torpağın üzərinə saldılar.
Lakin bu ölkənin qeyrətli cavanları, qəhrəman
qocaları başlarını rəşadət səmalarında
uca tutub, zülm və ədalətsizliyin dünyasını
öz ayaqları altında gördülər. Öz gənc həyatını həqiqət və
azadlıq uğrunda fəda edən Azərbaycan
övladları içərisində elə məsum balalara təsadüf
etmək olurdu ki, dar ağacları belə onların zəif
vücudları qarşısında titrəyirdi. Bunların hədəqədən
çıxmış gözləri, göyərmiş
dodaqları və sıxılmış boğazları cəlladları
qorxudur və rənglərini qaçırırdı».
Xiyabani daha sonra yazırdı: «Hələ də azərbaycanlıların qanı axıdılmaqdadır. Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilib. Dodaqlardan eşidilən kəlmələrdə, qələmlərin sözlərə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin ey qeyrətli Azərbaycan, ey vətən məftunlarının istiqamətli övladları, ey təriflərə ehtiyacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır: Ey demokratik Azərbaycan, başını qaldır! Ey əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran səninlə mədəniyyətə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir. Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!».
«Təcəddüd»ün səhifələrində sadalanan bu vətən yanğılı, alovlu sözlər xalqın ürəyindən xəbər verir, yüzilliklər boyu arzu və amal olaraq qalan düşüncələr dilə gəlirdi. Xiyabaninin məqalələri soydaşlarımızı partiya ətrafına, azadlıqsevər qələm adamlarını isə «Təcəddüd»ün səhifələrinə toplayırdı. Xiyabani yaradıcılığında onun ən böyük əsəri «Azərbaycan və Azərbaycanın demokratik qüvvələri»dir. Fars dilində yazılan bu əsər 1961-ci ildə İsmayıl Şəms tərəfindən dilimizə çevrilərək Balaş Azəroğlunun redaktorluğu ilə Bakıda «»Azərbaycan» ruznaməsinin nəşriyyəsi kimi» kitabça şəklində çap olunub. Kitaba Qafar Kəndli geniş «Müqəddimə» yazıb. Naşirlər Xiyabaninin əsərinə öz sözlərini epiqraf seçiblər: «And olsun şərəfimizə, nə qədər ki, biz diriyik, heç bir xəbər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir. Rəhmsizcəsinə oda yandırılıb, nəzəriyyəsindən dönməyən, zəhər bardağını başına çəkərək haqqın isbat edən haqq tərəfdarlarının səbat və mərdliyini biz qarşımızda qoyduğumuz məqsədi icra etməklə başqalarına isbat edəcəyik. Biz bir çox səmimiyyətli, sədaqətli yoldaşlarımızla birlikdə bu cür ölməyə, şəhid olmağa özümüzü hazırlamışıq».
Ədəbiyyatşünas alim Rəhim Əliyevin Xiyabaninin publisistikası haqda fikirlərini onun bütün məqalələri, eləcə də «Azərbaycan və Azərbaycanın demokratik qüvvələri» əsərinə də şamil etmək olar: «Xiyabaninin siyasi publisistikası Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizələri tarixində mühüm yer tutdu. O, vahid İran azadlıq hərəkatının deyil, məhz Azərbaycan istiqlalı hərəkatının böyük hissəsi oldu, özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət kəsb etdi».
Vüqar Əhməd
Xalq Cəbhəsi.-
27 sentyabr.- S.14.