200 il əvvəl Bütöv Azərbaycan
iki yerə parçalandı
Farslarla ruslar torpaqlarımızı
öz aralarında böldülər…
Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını
ikiyə bölən «Gülüstan» müqaviləsinin
200-cü ildönümüdür. Ötən müddətdə
Azərbaycan tarixi ərazilərinin böyük bir hissəsini
itirib. Tarix tarixdir. Vaxtilə
baş verənlərə millətimiz nə qədər təəssüflənsə
də, sonradan səhvləri düzəltmək çox
çətin olur. Millətimizin aqibətində
bir olmaq, bütövləşmək imkanı həmişə
olub, ancaq bu imkanımıza hələ ki, yetməmişik.
Tarix boyunca başımıza gələn
çoxsaylı faciələrin içərisində 200 illik
müddətdə Azərbaycan-Türk xalqını iki yerə
ayıran «Gülüstan» dəhşətli hadisəyə
şahidlik edib.
«Gülüstan»
müqaviləsi ilə fars və rus
hegemonluğuna, işğalçılığına
qarşı dura bilməyən doğma ulusumuzun aqibətinə
hələ də davam edən əbədi ayrılıq,
parçalanma yazıldı. Farslarla ruslar
torpaqlarımızı aralarında dədə malı
kimi böldülər. 410 min kvadrat kilometrlik ərazisi
olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz
əlimizdən çıxdı. «Gülüstan»
müqaviləsindən sonra ardıcıl olaraq Azərbaycan
böyük faciələrə tuş gəlməkdədir.
Müqavilədə bircə dəfə də olsun, «Azərbaycan»
adına rast gəlinmir. Rusiya
və İran yurdumuza sahiblənmək üçün
bir-birini didsələr də, sonda törətdikləri cinayəti
gizlətmək üçün Azərbaycanın
adını bilərəkdən müqaviləyə
salmayıblar. Sanki
bölüşdürdükləri Azərbaycan torpaqları
deyilmiş. 11 maddədən ibarət
müqavilə ilə bölüşdürülən,
parçalanan yurdumuzda — öz aralarında düşmənçiliyə
son qoymaq üçün iki istilaçı ölkə bundan
sonra əbədi dostluq şəraitində
yaşayacaqlarına söz verdilər.
«Gülüstan» sülhünün şərtlərinə
görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə,
Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə
qatıldı.
Beləliklə, Bütöv Azərbaycan iki yerə
parçalandı. Azərbaycandan, yəni
məğlub xalqdan heç kəs orada iştirak etmədi.
Abbasqulu Bakıxanov isə həmin müqavilə
imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin
tərkibində sadəcə, tərcüməçi vəzifəsini
yerinə yetirirdi. Olduqca fəlakətli,
utancgətirən məqamdır.
Hər bir Azərbaycan vətəndaşı yurdumuzun
necə tikə-parça olduğunu bilməlidir. «Gülüstan»
faciəsini yaradan səbəblər nə idi? Şah İsmayıl Xətayinin ölümündən
sonra onun qurduğu dövlət tədricən
farslaşmağa üz qoydu, Şah Abbasın zamanında
farsçılar istəklərinə çatdılar. Azərbaycanı bu faciəyə gətirib
çıxaran ən başlıca səbəblərdən
biri o dövrdə vahid dövlət əvəzinə
xanlıqlar şəklində mövcudluğumuz idi. Azərbaycanı bir əldə birləşdirən
güc olmadı, təəssüf ki, meydana
çıxmadı. Üstəlik də
xanlıqların balaca maraqları (tayfaçılıq,
bölgəçilik, hakimiyyətçilik) ucbatından
birlik alınmadı. «Gülüstan»ın
yaranmasının ən başlıca səbəbi isə
Türk xalqlarını siyasi, iqtisadi, mənəvi sarıdan
birləşdirəcək inamın —
dünyabaxışın olmaması idi. Hətta
Azərbaycan xanları Gəncə xanı Cavad xanın
başına gələn faciədən sonra da
ayılmadılar. Təəssüf ki,
tarixin çox dönəmlərində türklər
arasında birlik olmayıb. Babək
dövründə, eləcə də sonrakı əsrlərdə,
xüsusən Səfəvilər dövründə türklərin
biri-birinə yadlığının acı nəticələrini
görmək mümkündür.
Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi
ki, imperiya kimi qurulmuşdu, əməlli-başlı möhkəmlənmişdi. Anlayırdı
ki, uzun müddət ayaqda qalması üçün ona
yeni-yeni torpaqların işğalı gərəkdir. İmperiyaçılıq fürsətcillikdir, qətiyyən
insaniliyə, vicdana, mərhəmətə əsaslanmır.
Yurdumuzda, bölgədə erməni məsələsinin
tüğyanı «Gülüstan» faciəsi ilə
başlandı. Erməni məkri rus
imperializminin işinə gözəl yaradı. Bu dönəmdə İran da güclənirdi.
Azərbaycan «Gülüstan» adlı xarabazar
andlaşmaya birdən-birə gəlib çıxmadı.
Heç bir faciə birdən-birə
yaranmır. Yüzillərlə
babalarımızın buraxdığı səhvlər bir yerə
yığışdı və «Gülüstan» faciəsi
yarandı. «Gülüstan» Türkmənçayın
faciəvi başlanğıcı oldu. İllərdir Azərbaycan
ictimai mühitini müşahidə edirəm: demək olar,
aydınlarımız «Gülüstan» və «Türkmənçay»
faciələri mövzusunda danışmır, yazmırlar.
Azərbaycanın tarixi torpaqlarının işğal
olunaraq Rusiya və İran arasında
bölüşdürülməsinə hələ də Azərbaycan
mətbuatında, ümumiyyətlə, KİV-lərdə əsasən
soyuq və laqeyd münasibət davam etməkdədir. Əgər
millət öz tarixi keçmişinə sayğı və
qayğı ilə yanaşmırsa, buraxdığı səhvlərdən
dərs almırsa, deməli, bütün hallarda
sabahını tam mənası ilə qura bilməz. Bu gün hər birimiz dünyanın zirək millətlərinin
necə böyük uğurlara çatdıqlarından heyrətlə
danışırıq. Unuduruq ki, onlar
bütün bunlara ardıcıl inadla, çox hallarda
başqalarının tarixi səhvlərindən dərs
almaqla, bəhrələnməklə çatıblar.
Azərbaycanın yurd bölünmüşlüyü fəlakəti
barədə ilk növbədə ziyalılarımız car
çəkməlidirlər. Milli mənafe şəxsi
mənafedən yüksək olmalıdır. Ancaq aydınlarımız təəssüf ki, əksər
hallarda dedikləri kimi yaşaya bilmir, sözlə əməl
vəhdətini bir-birindən ayırırlar. Gurultulu sözlərin arxasındakı xəlqi əməlçilik
görünmür. Dərindən fikirləşməliyik.
Görəsən, Azərbaycanın
«bölünmüş xalq» statusunu dünyaya necə
anlatmalıyıq? Digər tərəfdən
də siyasi dünya Azərbaycanın vəziyyətini, tarixi
keçmişini, harda səhv etdiyini, nələri itirdiyini
çox gözəl bilir. Ümumiyyətlə,
bizi sevməyənlər bizi bizdən də yaxşı
tanıyırlar. Biz isə hələ də
tarixi düşmənlərimizi yaxşı
tanımamışıq.
Bircə faktı diqqətə çatdıraq. 1945-ci ildə
Azərbaycanın Güneyində Pişəvəri Hökuməti
quruldu, ancaq bir ildən sonra bu hökumət
amansızcasına boğuldu, soydaşlarımıza divan
tutuldu. Belə bir zamanda yaradılan BMT
ziqzaqlı məqamları «qanuniləşdirdi». Bir tərəfdən millətlərin hər birinin
öz müqəddəratını təyin etmək
hüququ qorunur, digər tərəfdən hər bir dövlətin
ərazisinin toxunulmazlığı təsbit edilir. Azərbaycanın Quzeyinin SSRİ əsarətində
olduğu bir dövrdə səsimizin çıxması
mümkün deyildi. Ancaq bu gün müstəqilliyimizin
22 yaşının tamamında da sözügedən məsələlərə
çox hallarda susqun münasibət bəsləməyi
üstün tuturuq. Çoxu deyir ki,
Qarabağ dərdimizin olduğu bir zamanda Güney Azərbaycan
dərdindən danışmaq yersizdir. Türk
dünyası Güney dərdimizə bələdlik səviyyəsində
belə hələ yanaşmır. Qardaş
Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa
da, ciddi yanaşma hiss olunmur. Bu tarixi fəlakətin
özümüzə bilgi səviyyəsində belə tam
aydın olmasını da öz əlimizlə əngəlləyirik.
Çağdaş dünya siyasətində
bölünmüş xalqlara münasibət ikilidir. SSRİ
dağılanda Almaniya birləşdirildi. Görəsən,
bu gün dünyada bölünmüş xalqlar timsalında
Azərbaycan Türkləri sayağı 200 ildir ki,
ayrılıq əzabını dadan bir xalqı varmı?
Dərinə gedəndə Şimali və Cənubi
Koreyanın birləşməməsi bu xalq üçün dəhşətli
fəlakət deyil. Baxmayaraq ki, bu birləşməyə
də əngəl törədilir. Ancaq
Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən
sərf eləmir. Siyasi dünya Azərbaycanın
bütövlüyünü özünün ağalıq
iddialarına qarşı ən böyük əngəl hesab
edir. Azərbaycanın bütövləşmək
istəyi qarşısıalınmaz olduğu dərəcədə
bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin,
ardıcıl axtarışlarla dolu millətsevər (yəni
insansevərlik) həyatı yaşamaq tələb olunur.
Hadisələrin gündən-günə gərginləşdiyi
bir zamanda Bütöv Azərbaycan idealının
ABŞ-İran qovğası selində gerçəkləşəcəyi
təbii olaraq baş vermədi: çünki türkə
qarşı bir-birinə düşmən olanlar da birləşirlər.
Bu gün də elədir.
Azərbaycan dərdimizin həll olunması bir
günün işi deyil. Hər şeydən əvvəl siyasi
gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər
olaraq meydana çıxmağımızı tələb
edir. Hətta istədiyimiz səviyyəli fərdlərin
yetişəcəyi vəziyyətdə belə Azərbaycanın
Birliyi ideyası müəyyən dövrün nəticəsi
kimi gerçəkləşə bilər… Tarix
boyunca Azərbaycanın başına gələn faciələrin
sayını artıq unutmuşuq. Ancaq
sözün əsl mənasında bir millət olaraq
mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman
faciələrimizi dərindən bilməli və dərs
almalıyıq.
Faciəsini unudan millət var olmur. Türklərin
tarix boyunca faciələrlə üz-üzə qalması digər
tərəfdən də zaman-zaman dünyanın türkü
sevməməsilə bağlıdır.
Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. «Gülüstan»ın ardınca gələn «Türkmənçay» müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.
Asif Ata yazır: «Güney Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir. Güney Azərbaycan Quzey Azərbaycanla birləşsə, indiki dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi dünya dahi tanımır — əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır. Vahid Azərbaycan ölkəsi dünyəvi zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi özümlüyünü təsdiq edər: siyasi dünya Nəsimi tanımır, Füzuli tanımır, o, bizi balaca görmək istəyir, balaca saxlamaq istəyir.
Vahid Azərbaycan «balacalığımızı» aradan qaldırar, dünyada yerimizi bilərik, dünya da bizim yerimizi bilər:
Vahid Azərbaycan ölkəmizin Qafqaz vadisində əhəmiyyətini artırar — Quzey Azərbaycanın Güney Azərbaycan kimi arxası var:, bu, böyük Üstünlükdür — hələlik gerçəkləşməyən.
Nəhayət, Vahid Azərbaycan ölkəmizin iki gücünü — ruhanilik və döyüşkənlik ənənələrinin — Nəsimiliyin və Səttarxanlığın birliyi deməkdir. Bu, Sabahın rəhnidir, onu bərpa etmək gərək».
«Türkmənçay» müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüzün, yırtıcılığın davamı idi. Bu müddət ərzində türk xalqlarının başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən «Gülüstan» və «Türkmənçay» fəlakətləri ilə bağlı ətraflı bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin miqyası, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.
«Türkmənçay» müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmaması səbəbindən baş tutdu. Əgər o zaman sözün böyük mənasında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi. Bir millət olaraq dərdlərimiz çoxdur. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz. Dövlətçilik ənənəmizi qiymətləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 12 oktybar.-
S.13.