Türk atçılığı

 

Kaspiana (Nisey) və ona yaxın olan Midiyada çox qədim bir at populyasiyası olub ki, sonralar (e.ə. I minilliyin ikinci yarısında) bu populyasiyaya Şərqi Türküstan (Altay və Altayətrafı) ərazilərindən iki yolla (Xəzər dənizinin şimal və cənub tərəfindən) gəlmiş iki türk at «cinsi» təsir edib və nəticədə Albaniyada (Kaspianada) qazax, monqol at tipinə yaxın bir cins, Midiyada (Nisey düzü) isə sak (iskit) at tipinə yaxın başqa bir cins formalaşıb. Miladi tarixinin başlanğıcında Kür-Araz ovalığında məskunlaşan birinci cins tədricən cənub atlarının təsirinə məruz qalaraq assimilyasiya edib. Ancaq sonralar yenidən monqolların intervensiyaları zamanı bu ərazilərdə qazax, monqol tipli atlar formalaşıb ki, bu gün bu atları Şirvan atlarının və müasir ippologiyada Xəzər ponisi (poni-alçaqboylu at cinsi) adlandırılan atların simasında görmək olar.

İkinci at cinsi isə daha zərif və minik tipli olduğuna görə geniş yayılmış və Albaniya (Arran), Atropatena-Nisey at populyasiyasını yaradıb ki, bu gün Qarabağ və axaltəkə atlarının simasında bunu görmək olur. Niseyə və Zaqafqaziyaya Şərqi Türküstandan gələn iki at populyasiyasını tarixçilər belə təsvir edir:

1. Sakların (iskit) atları. Bunlar çox qədim atlardır ki, Orta Asiyanın qərb və Altayların şərq hissəsindən başlayaraq tədricən yeni keyfiyyətlər qazana-qazana bu yana gəliblər. Bu at populyasiyasına Baktriyana ərazilərində yayılmış bir cins də təsir edib. Bir sıra tarixçilər bildirirlər ki, bu atlar nazik, quru və hündür ayaqlı, enli sağrılı, dırnaqları möhkəm olub. İbrahim Kafesoğlu yazır: «Türk atları əsasən kiçik bədənli, uzun və nazik ayaqlı, balaca və məğrur başlı, möhkəm dırnaqlıdır».

L.N.Qumilyov yazdığı «Qədim Türklər» kitabında Türk tarixini tarixin dərinliklərinə varmadan araşdırsa da, bizim eranın I minilliyində Şərqi Türküstanda yaşamış türk tayfaları (o, bunları «türkyut» adlandırırdı — R.N.) və onların məşğuliyyətləri mövzusunda apardığı araşdırmalar maraq doğurur. Qumilyovun bildirdiyinə görə, Ermitaj muzeyində türkyut (tukyu) qvardiyaçılarını təsvir edən gil heykəlciklər saxlanmaqdadır. O bildirir ki, bu təsvirlərdən görünür, türkyutların atları boyca hündür, ayaqları nazik, irisağrılı olmaqla boyunları qısa, başları iridir. Qırxılmış və daranmış yalları bu atlara çox yaxşı qulluq edildiyini (atçılıq mədəniyyətinin inkişaf etməsi) göstərir. Onlarla monqol atları arasında heç bir yaxınlıq yoxdur. Onlar daha çox Samanilər epoxasının, xüsusən də Xenan heykəlciyindəki atlara çox bənzəyirlər.

2. Qıpçaqların, peçeneqlərin, qazaxların, sarmatların, monqolların atları. Bu atlar əsasən bozqır çöl atları olub. Bu at populyasiyası Monqolustanın və Altay dağlarının şərq ətəklərindən başlayaraq və Orta Asiyadan şimalda yerləşən torpaqlardan keçərək qıpçaq çöllərinə (Dəşti-Qıpçaq) qədər gəlmiş köçəri türk atlarıdır. Bu at populyasiyasının izlərinə keçib gəldiyi torpaqlarda (Baykalətrafı, Buryat, Qazaxıstan, Başqırdıstan, Kalmık, Don vadisi və s.) rast gəlmək olar. Bu ərazilərdə indi də eyni tipli at cinsləri yetişdirilir. Bu atlar kobud quruluşlu, kiçik və ya orta boylu, möhkəm bədənli, möhkəm dırnaqlı, qalındərili, sıx və uzun tüklü atlardır. Bu atlarda kökəlmə və piy toplama qabiliyyəti yüksək idi. Çünki uzaq köçlərdə bu piy sərt iqlimdə yem qıtlığı yarandıqda enerji mənbəyi rolunu oynayırdı. Hazırda da monqol, qazax, başqırd, kalmık atları ətlik istiqamətində istifadə olunur.

Pazırık kurqanlarından tapılmış tapıntılar qədim türk atının xarici görünüşü barədə məlumat verir. «Tapıntılara görə Türk atının boyu 150 sm-dir. Baş böyük və burun qoçvaridir. Boyun uzun, bel qısa, dırnaq möhkəmdir» (R.Ş.Akün, 1956).

Makedoniyalı İskəndəri müşayiət edən müəllif Aminta Kaspi torpaqlarında çoxlu öküz sürüləri, at ilxıları olmasını qələmə alıb. Mən bu fikirləri bildirməklə prof. İ.Kaluginin ümumilikdə Azərbaycan atları barəsində dediklərini təsdiq etmək istəmirəm. Belə ki, prof. (1930) bildirirdi ki, tarix hazırkı Azərbaycan ərazisini yalnız bizim eranın I əsrindən aydınlaşdırmağa başlayıb. O zaman burada monqol tayfasına məxsus udin qəbiləsi yaşayırdı. Ona görə də güman etmək olar ki, bu xalqın atları da monqol atı tipində olub.

Yuxarıda göstərdiyim kimi, monqol atlarının təsiri mümkün bir variantdır. Lakin, bu, o demək deyil ki, bütün Azərbaycan atçılığının genefondunu birbaşa monqol kökü ilə bağlamaq düzgündür. Udinlər isə Qafqaz dillərində danışıb və çox ehtimal ki, etnik Qafqazlıdırlar. Aydındır ki, dünyanın demək olar, bu gün qəbul olunan bütün at cinsləri hər hansı cinsin digər cinsə təsiri, qarışması nəticəsində meydana gəlib. Lakin yenə də vurğulayıram, bu, cinsin mənşəyinə birbaşa işarə edə bilməz. Yuxarıdakı misallardan bu qənaətə gəlmək olar ki, «monqol atının törəmələri» anlamının iki dövrə aid edilməsi məntiqi olaraq düzgün nəticə verə bilər. Belə ki, birinci dövrdə, yəni eramızdan əvvəl Altay və monqol kökənli atların, daha sonra isə orta əsrlərdə monqol yürüşləri zamanı yenə «monqolqanlı» atların təsiri olub. Məhz niyə görə «monqol qanlı»? Çünki Monqolustandan Xəzərətrafı torpaqlara səfərə çıxan atlılar öz yolları üstündə türk at cinslərindən mütləq yararlanmalı idilər. Məntiqi olaraq bu real və qaçılmaz görünür. Bu səfərin özü də uzun zaman çəkirdi. Bu müddətdə yerli türk atları ilə monqol atlarının mələzləri meydana gəlirdi. Bundan əlavə monqollar özləri ilə Orta Asiya türk atlarını da gətirirdilər. Çünki bu atlar əla minik və döyüş atları idilər. Professor İ.Kalugin bir sıra məqamlarda özü də bu fikrə yaxınlaşır. O, Azərbaycanın sonrakı dövrlərdə İran (III əsr), ərəb (VII əsrin ortaları), monqol (XIII əsrin əvvəlləri), nəhayət, yenə də İran (XVI əsr) tərəfindən işğal edilməsini nəzərə alaraq bildirir ki, Azərbaycan atları XIX əsrdə gəlmə xalqların təsiri altına düşərək əsasən iki tip: Yaxın Şərq və monqol atları qanının qarışması nəticəsində əmələ gəliblər.

Əslində sovetlər dönəmində elmdə də türkçülük prinsiplərinin təqibi hiss olunurdu. Lakin bu, o demək deyil ki, bütün elmi iddialar dəyərsiz və səhv idi. Kaluginin fikirlərini müasir Azərbaycan tədqiqatçıları da sərt surətdə təkzib edir. Prof. X.Səttarzadə yazdığı «Qarabağ atı» (1975) kitabında Kaluginin fikrinin səhv olduğuna işarə edir. Lakin Kaluginin fikirlərində həqiqət də var. Çünki öncə bildirdiyim kimi Xəzəryanı at populyasiyası monqol atlarının (bu, ümumiləşdirilmiş fikirdir və buraya Altay və s. at populyasiyaları da daxil ola bilər) təsirini «görüb» (orta əsrlərdə) və bu gün də onun əlamətlərini daşıyır. Sadəcə, Kalugin bir məqamı nəzərdən qaçırıb ki, hətta kiçik bir ərazidə müxtəlif maneə törədən amillərin təsirindən orada mövcud olan bir neçə cins bir-birinə elə də böyük təsir etməyə bilər. Odur ki, bu kiçik ərazidə tamamilə fərqli quruluşa və genetik fərqli mənzərəyə malik cinslərə rast gəlmək olar. Götürək Türkmənistanda yetişdirilən iki at cinsini. Bunlardan biri dünyaca məşhur axaltəkə atları, digəri isə yomud atlarıdır. Bu cinslərə nəzər saldıqda onların fərqli eksteryerə malik olduğunun şahidi oluruq. Görürsünüzmü, burada səhra və yarımsəhra, dağ çölləri şəraitində iki fərqli cins yaranıb. Bunlardan biri (axaltəkə) təmizqanlı cins hesab edilir, yomudlar isə genetik baxımdan daha «qarışıqdır». Bəs necə olub ki, bir ərazidə yetişən bu atların fərqləri daha çoxdur, nəinki «sərt» (konkret) oxşarlıqları. Elə sadəcə axaltəkə atının ciddi və pozulmaz kanonlar sayəsində xüsusi «mühitdə» yetişdirilməsi bir dəlil ola bilər. Yaxşı, bəs Azərbaycanda dağlıqda yetişən Qarabağ atları ilə Xəzəryanı bölgələrinin atları arasındakı o genetik, fiziki, coğrafi sərhəddi (xüsusilə kəskin sərhədd olmasa da; bu, mümkün də deyil) nə qoruyub? Əvvəla, artıq məlumdur ki, eramızdan əvvəl min illərlə zaman kəsiyinə malik intervalda Azərbaycan ərazilərində yerli türk mənşəli at populyasiyasının mövcud olduğu qazıntılar halında tapılmış nümunələrdən də görünür. Sonralar isə bu populyasiyanın əsasında müxtəlif Azərbaycan cinsləri başlanğıc götürüb. Bu, formalaşmaqda olan cinslər yayıldıqları təbii ərazinin xüsusiyyətinə və onu yetişdirən tayfaların sahibi olduğu müxtəlif yönümlü kanonlarına uyğun olaraq dəyişib.

Fars (onu da deyim ki, bir sıra alimlər nəzərdən qaçırmışlar ki, «fars at cinsi» dedikləri qrup çox qədim zamanlardan burada mövcud olmuş türk əsilli Mada (Maday, Midiya) at populyasiyasının törəmələridir), ərəb, monqol atlarının Azərbaycan atlarına təsiri isə yerli populyasiyanın formalaşmasından yüz illərlə sonralar həyata keçib.

Ümumiyyətlə, prof. Kalugin bir çox digər tədqiqatçılar kimi Qarabağ atının ilk başlanğıcını, mənşəyini ərəb kökü ilə daha çox bağlayır. Tanınmış mütəxəssislər və tədqiqatçılar D.Dubenski, Rudanoski, S.Cəfərov və s. Qarabağ atının əmələ gəlməsini əsasən ərəb atları ilə bağlayırlar. Qarabağ atının ərəb atından əmələ gəlməsini ehtimal edən tədqiqatçılar Kalugin və Diterixs Pənah xanın Nadir şahın yanından Qarabağa qaçması tarixçəsi ilə bağlayırlar. Onlar bildirirlər ki, guya Pənah xan 1747-ci ildə İrandan Qarabağa qaçarkən Nadir şahın ərəb atlarını qabağına qataraq Qarabağa gətirib. Başqa bir faktla əsaslandırırlar ki, guya Pənah xanın oğlu İbrahim xan İranın Azərbaycandakı valisi Abbas Mirzədən ərəb atları hədiyyə alıb və onlardan Qarabağ atlarının yaradılmasında istifadə edib.

Bu informasiyalarda səhv məqamlar da var. Belə ki, Pənah xan (1747-1763-cü illərdə xanlıq edib) Qarabağa qaçarkən (1738-ci ildə) hələ Nadir şah sağ idi. Bəzi mənbələrdə Pənah Əli xanın (o zaman bəy idi) 200-ə qədər süvari ilə Qarabağa gələrək özünü xan elan etməsi göstərilir. Bir tərəfdən də Nadir şah Əfşarın əsli vaxtilə Amudərya hövzəsindən gəlmiş Əfşar (Avşar, Ovşar boyu Oğuz türklərinə aiddir) boyundan idi. Nadir şahın Şərqi İranı zəbt etməsi qonşu dövlətlərlə də hərtərəfli əlaqələrin yaranmasını təmin edirdi. İranın Türkmənistanla sərhəd olduğunu da nəzərə alsaq və o zaman yaradılan «Təkə-Ceyran» («Əlyetməz») tipini də ortaya qoysaq məntiqi surətdə belə fikir söyləmək olar ki, Nadir şahın tövləsində Azərbaycan, İran, ərəb atları ilə yanaşı axaltəkələr də (hətta arqamak adı altında tanınan Orta Asiya cinsləri) olub. Heç də axaltəkələrin sayı az olmayıb. Düzdür, bu dövrdə Qarabağ cinsinə ərəb atının təsiri olub. Belə ki, hər zaman məşhur və qiymətdə olan ərəb atlarından Pənah xanın imtina etdiyini qəbul etmək ağıllı fikir sayıla bilməz. Qarabağda ərəb atları (müxtəlif keyfiyyətli) Pənah xana kimi də olub. Lakin Nadir şahın axaltəkələri və ərəbləri əla olduğundan Pənah xan onların bir neçəsini Qarabağa gətirib.

 

Ramal Hadir

Xalq Cəbhəsi.- 2013.- 15 oktyabr.- S.14.