Kvadrata sığan sıfır
Rəssam Kazimir
Maleviçin düşündüyü məbəd həqiqət
işığının kor edilməsi üçün əsl
rəssam emalatxanası idi
Deyirlər
ki, «incəsənət yalnız o zaman dəyərlidir ki, o
bizimlə danışır». Hansı dildə
danışırsa danışsın, ancaq məramı
xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə
gələn sənət əsərləri öz
dövrünün tələblərinə uyğun
yaranmışdır. XX əsrdə də dadaizm, modernizm,
ekspressionizm, abstraksionizm, fovizm, kubizm, sürrealizm, futurizm və
suprematizm kimi yeni janrlar incəsənətə özünəməxsus
ab-havanı gətirə bildi. Yum fəlsəfəsinə
görə, proses o vaxt tarixə çevrilir ki, o öz
qanunlarını yarada bilsin. Və əlbəttə, bu qanun bəşəriyyətin
gələcək rifahı naminə həyata keçsin.
Rəssamlıqda
«novatorluq» göstərən Kazimir Maleviç XX əsrin əvvəllərində
müxtəlif rəngli kvadrat şəkilləri vasitəsilə
tamaşaçısına nə demək istəyib? O, «Qara
kvadrat» şəklinin mövzusunu sakrallaşdıraraq onu
kosmik şüurun təsiri altında
yarandığını iddia etmişdir. O, əslində qəlbinin,
düşüncələrinin qaranlıq tərəfini incəsənət
vasitəsi ilə reallaşdırmışdı. Deyilənə
görə, qaralamasını bitirdikdən sonra rəssam bir həftə
nə yeyib, nə də içib və incəsənətdə
«suprematizm» cərəyanının əsasını qoyub. Bu əsəri
«zamanın ikonası» adlandıranlar da az deyil. Görkəmli
filosof M.Baxtin gözəl deyib: «Janrlarla
düşünürük». Hər kəs özünəməxsus
istedadını təsdiq edən janra uyğun əsərlər
yaradır, bununla da öz tamaşaçısını, dinləyicisini,
oxucusunu qazanır. Əslində Maleviçin
yaradıcılığında binar müxalifət nəzərə
çarpmır. Çünki hər hansı bir əsərdə
binar müxalifət mövcud ola bilər. Andrey Yaxnin «Antiincəsənət»
məqaləsində qeyd edir ki, Mefistofelə xas olan
bütün cəhətləri Maleviçdə tapmaq olar. Rəssamın
1910-cu ildə çəkdiyi avtoportret isə buna əyani
sübutdur. O, ikonoqrafiyanı yaxşı bilirdi. Rəssamın
suprematizm janrında bu müqəddəs mövzunu
qırmızı, ağ kvadratlarının rəngləri
vasitəsi ilə əks etdirməsinə apofatik yolla bəraət
qazandıran da tapıla bilər. Georgi Pobedonosets ikonasında
onun atının sinəsinin ağ rəngi ağ kvadratda, al
qırmızı rəngli geyimi isə qırmızı
kvadratda guya öz əksini tapmışdı. Buna bənzər
suprematik eksperimentlərlə rəssam maniakal nifrətlə
işığın antropomorf prinsiplərini məhv etməyə
çalışmışdı. K.Maleviç öz radikal
çıxışlarında qeyd edirdi: «Məbəd
pedaqogika üçün deyil, yeni ideyalar
üçündür. İsa və Məhəmməd
pedaqoqdur. Məbəd həyat üçün vacib olan
işarələrin yeridir. Məbədə öyrətməyə
deyil, yaratmağa gedirəm.» Onun düşündüyü məbəd
həqiqət işığının kor edilməsi
üçün əsl rəssam emalatxanası idi. Onun
yaradıcılığı da kamproçikosların fəaliyyətindən
geri qalmırdı. Kamproçikoslar canlı gözəl
varlığın eybəcər hala salınmasının
texnologiyalarını bilirdi. Maleviç də
Mefistofelsayağı riyakarlıq edir, qaranlıq fikirlərinin
nifrətini qara kvadrata çevirirdi. Maraqlıdır ki, «Mefistofel»
sözü yunanca «işığı sevməyən» deməkdir.
Bu iki qəhrəman arasında nə qədər mənəvi
yaxınlıq, qohum fikirlər var.
Rəssama
siyasi sifarişlər bolşeviklər tərəfindən
verilirdi. Hakimiyyəti ələ keçirmək planlarında
Maleviçin «sehrli» rəssam fırçası fəallaşmışdı.
Bolşeviklər onun əsərlərinin sarsıdıcı,
dağıdıcı ezetorik enerjisindən ustalıqla istifadə
edirdilər. N.Berdyayevin fikrincə: «Hər bir yaradıcı
akt universal kosmik məna daşıyır.» Kazimir Maleviç
Oktyabr inqilabından sonra «incəsənət xadimi» kimi yeni təkliflər
irəli sürürdü: «Bütün xristian məbədləri
kommunist adlarını daşımalıdır.» Təsadüfi
deyil ki, Leninin mavzoleyi ateistlərin məbədinə
çevrilmişdi.
Maleviç
mədəniyyət sahəsində çalışan
insanları öz ideyalarının ardınca
çağırır, onlara guya yalnız özünün
tanıdığı yeni torpaq, səma vəd edirdi:
«Yaşasın sosial yolların yeni simmetriyası!
Yaşasın incəsənətdə yeni simmetriya!
Yaşasın yeni həyat sistemi!» Bolşeviklər müəyyən
zamana qədər rəssamın xidmətindən istifadə
edir, dövlətlə məxfi surətdə əlbir işinə
görə ona yüksək vəzifələr verilirdi…
Tarixə
müraciət etsək, Fransada futurizm cərəyanının
banisi «Qırmızı qənd» poemasının müəllifi
Filippo Marinetti olmuşdur. Futuristlərin manifestində deyilir:
«Bu günə qədər ədəbiyyat fəaliyyətsizlik
göstərərək, xəyalpərvərliyə
üstünlük verirdi. Biz isə aqressiv hərəkatı
dəstəkləyir, dünyanı təmizləmək
xüsusiyyətinə malik olan müharibəni tərənnüm
edirik. Biz muzeyləri, kitabxanaları dağıtmaq istəyirik.
Bizim ürəyimiz heç bir yorğunluq bilmir,
çünki alovla, nifrətlə qidalanmışdır.»
1912-ci ildə futurist rəssamların ilk sərgisi təşkil
edilir. Onlar öz gələcək fəaliyyətində
«ayın işığını da öldürməyə»
hazır olduqlarını bəyan edirlər. Bu radikal
çağırışların əks-sədası Parisdə,
Rusiyada keçirilən tədbirlərdə özünü
göstərirdi…İndi isə inqilabdan əvvəlki Rusiyaya
qayıdaq. 1912-ci ildə Kazimir Maleviç Moskvada futuristlərin
«Uzunqulağın quyruğu» rəsm sərgisində 20 əsəri
ilə iştirak edir, bəstəkar Matyuşinlə orda
tanış olur.
Rusiyada
Brinci Dünya müharibəsi ərəfəsində
1913-cü ildə Maleviç futurist dostları ilə «Günəş
üzərində qələbə» operasını
hazırlayırlar. O, səhnədə dekorasiyaların, həmçinin
kostyumların eskizini ağ və qara rənglərdə verir.
Tamaşanın musiqisi M.Matyuşinin, mətn A.Kruçenninin,
proloq isə V.Xlebnikovundur. Həmin ildə Moskvanın
«Veçerniye novosti» qəzetində «Futuristlər kütləni
necə aldadır?» adlı məqalə çap olunur.
Maraqlıdır
ki, keçmiş bədii dəyərlərdən imtina edənlər,
azad incəsənəti təbliğ edənlər arasında
V.Mayakovski də vardı. O, kubofuturistlərdən ibarət qrup
yaradaraq, «Cəmiyyətin zövqünə sillə» adlı
Manifestə imza qoyub. 1915-ci ildə «Sakvarlı bulud»
poemasında yazır: «Bütün yaradılanların üzərinə
«nihil» (möhrü) vururam. Manifestə görə Tolstoy,
Dostoyevski və Puşkinin əsərləri zamanın arxivinə
verilməliydi (elə bizim cəmiyyətdə də buna bənzər
manifest tərəfdarlarına az rast gəlinmir).
1914-cü
ildən futuristlərə cəmiyyətdə tutduğu
mövqeyə görə «volterçi», «nihilist», «farmazon»
deyilirdi. Məsələn, Maleviç pencəyinin petləsində
taxta qaşıq gəzdirirdi. Əgər rəssam
Böyük Piter Breygelin «Kənd toyu» rəsmi
yadınızdadırsa, şənlikdə yemək
daşıyan cavanların papağında taxta qaşıq
var. Bu, onların çox kasıb olduğuna dəlalət
edir. Belə adamların nə evi, nə də ailəsi olur.
Maleviçin isə şəxsi işləri heç də
pis getmirdi. Taxta qaşıq onun farmazonluğunu nəzərə
çatdırmaq üçün bir vasitə idi.
Ümumiyyətlə,
keçən əsrin əvvəllərində teatr səhnəsində
oynanılan əsərlərin mövzuları ikrahedici idi, əsəbləri
zəif, daha doğrusu, adi tamaşaçılar futuristlərin
insanlığa qarşı yönələn
tamaşalarına baxa bilməzdilər. «İntiqam vaxtı»,
«Qəbir daşında», «Qucaqda ölüm», «Sonuncu haray» və
s. teatr tamaşalarının ayrıca öz həvəskarları
vardı. O dövrdə hətta «Özünə qəsd edənlər
liqası», kimi klublar da yaradılmışdı. İspan
kinorejissoru sürrealist Luis Bunyuel yadıma düşdü.
Onun Salvador Dali ilə birlikdə çəkdiyi «Əndəlis
iti» filmi zörakılığa çağırış
idi. Amansızlığı eybəcər şəkildə təbliğ
edən filmə hamilə qadınlar kino zalında baxarkən
uşaqlarını itirmişdilər. Bu film böyük
qalmaqala səbəb olmuşdu. Rejissor mətbuat nümayəndələri
ilə görüşündə bildirmişdi ki, «Əndəlis
iti» filmi insanları cinayətə kütləvi
çağırışdır. Alman
yazıçısı və şairi, esseist Qotfrid Benn də
XX əsrin nihilist ziyalılarından biri idi. O, sübut etməyə
çalışırdı ki, stil həqiqətdən
üstündür, çünki o öz varlığına bəraət
qazandırır. 1912-ci ildə onun «Morq və digər
şeirlər» kitabı nəşr edilir. İnsan
hüquqları, cəmiyyətin və dövlətin
hüquqları yaradıcılıq predmeti kimi öna yad idi.
«Yeni incəsənətin müalicəvi gücü onun
amansızlığındadır». — deyirdi.
K.Maleviç
də öz xarici həmkarlarından geri qalmır, cəmiyyətə
1915-ci ildə ilk nifrət kvadratını təqdim edir.
«Günəş üzərində qələbə»
operasının davamı olan «Qara kvadrat»dan iki il sonra rus
imperiyası qara günlərini yaşayır. İnqilabdan
sonra da çəkdiyi qara kvadratlar ölkədə
repressiyaların qara niyyətinə yol açır.
Qaranlığa can atan «Günəş üzərində qələbə»
ideyası isə günahsız insanların üzərində
qələbə kimi həyata keçir. Deyirəm ki, ağdərili
qaragünlü olmaqdansa, qaradərili ağgünlü olmaq
ondan yaxşıdır.
Maleviçin
yaradıcılığının «şah əsəri» olan
«Qara kvadrat»ı sənət əsəri kimi qəbul etməyənlər
arasında Almaniyanın Rəssamlar İttifaqının
üzvləri Yuri və Yeqor Romanovlar metafiziki məna
daşıyan əsərin uzun illər davam edən qara niyyətli
məqsədini sıfıra endirmək qərarına gələrək,
«Günəş və pikselin qələbəsi»
ideyasını irəli sürürlər. Onlar 22 mart
2003-cü ildə Veymarda, Erfrutda təşkil edilən rəsm
sərgilərində «Günəşin qələbəsi»
adlı bədii layihəni həyata keçirirlər. Sərgidən
bir gün sonra heyrətedici hadisə baş verir, Yaponiya səmasında
günəş optik kvadrat təsəvvürü oyadır.
Bu hadisə dünya mətbuatında geniş
işıqlandırılıb. Allah işığın tərəfdarıdır.
Təsadüfi deyil ki, Quranda «Nur» surəsində deyilir ki,
Allah göylərin və yerin nurudur. Heç bir varlıq,
heç bir qüvvə onu söndürməyə qadir deyil.
Bilmək
istəyirsinizsə, əslində incəsənət tarixində
bu şəklin ekiz böyük qardaşları olub.
Maraqlısı odur ki, onların müəllifləri rəssam
Pol Bilhod və Alfons Alle heç vaxt Maleviç kimi məşhurlaşmayıb.
Çünki bu əsərlər siyasi xarakter
daşımayıb, heç vaxt baha qiymətlərə
satılmayıb. Maleviçin əsərini isə bir
çoxu az qala dəfinə yarpaqları ilə bəzəməyə
hazırdır. Çarlz Koltonun yaradıcı adamlar haqda
yaxşı bir fikri var: «Siz fikri müasirlərinizdən
oğurlasanız plagiatlıqda pislənəcəksiniz, yox, əgər
qədim müəlliflərdən oğurlasanız
erudisiyanıza görə təriflənəcəksiniz».
Maleviçi də plagiat, yaxud erudit hesab etmək mədəniyyətşünasların
işidir. İspan yazıçısı Ramon Qomes de la
Sernanın da maraqlı bir fikri var, mən onu Maleviçin
«Qara kvadrat»ina şamil edərdim: «Əks-səda ilə
mübahisə etmə, onsuz da son söz onundur». O, da incəsənətdə
bu əsərlə son sözünü demişdir. Yeri gəlmişkən
qeyd edək ki, Maleviçdən əvvəl Pol Bilhodun 1882-ci
ildə Parisdə «Zirzəmidə zəncilərin
döyüşü», Alfons Allenin «Gecəyarısı
mağarada zəncilərin döyüşü» əsəri
1893-cü ildə sərgilərdə nümayiş
etdirilmişdi. Qara rəngdən savayı tabloda heç nə
görməsən də heç olmazsa mağaranı təsəvvür
edirsən, zəncilərin məhz gecəyarısı orda nəyə
görə vuruşması haqda düşünürsən,
(aydındır ki, gözəl Yelena üstündə
müharibə getməyib). Əslində Alfons Alle 19-cu əsrin
sonlarında «Formasız incəsənət» qrupunun
yaradıcılarından biri olub. Bəlkə də dünyada
abstrakt janrda şəkil çəkən ilk rəssamdır.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 8 yanvar.- S.15.