Xalq Cümhuriyyəti — şərəfli tariximiz

 

28 May Azərbaycanın milli günü və şərəfli dünənidir. Hə xoş ki, bu tarixi bizlərə yaşadan kişilər oldu. Və onlar «öncə Vətən deyib» hər çətinliklərə sinə gələrək adarını tarixə əbədi yazdılar.

Xalq Cümhuriyyəti necə yarandı? Adı ona qədər dünya ictimaiyyətinə bəlli olmayan Azərbaycan xalqının öncül, yüksək amallı oğulları bir yerə yığışıb bir-birinə dayaq olaraq, heç bir şəxsi mənafe güdməyərək çoxdan bəri gerçəkləşdirmək istədikləri bir niyyəti-Azərbaycan dövlətini yaratmaq amallarını həyata keçirdilər. Əbəs yerə deməyiblər ki, böyük işləri böyük insanlar yaradarlar. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsib bəy Ağayevs. kimi vətənpərvər ziyalıların hər birisi sözün əsil mənasında böyük insanlar olublar. Sözsüz ki, Cümhuriyyət tarixini yaradanlara qədər və onlardan sonra da çox uca insanlarımız həyata gəlib və bundan belə də gələcəklər.

Bu gün Məhəmməd Əmin Rəsulzadə haqqında deyilənlər və bu işıqlı şəxsiyyətin gördüyü işlər, onun hər hansı situasiyadan ustalıqla çıxması cilid-cilid kitablara sığmaz. Onlardan bir neçəsinə diqqət yetirək: «Məhəmməd Əmin Rəsulzadə böyük və örnək insan idi». «Məhəmməd Əmin son nəfəsinədək «istiqlal, istiqlal» dedi». «Məhəmməd Əmin Rəsulzadə Hitlerin hərbi kömək çağırışına cavab olaraq «Biz başqa xalqlara qarşı vuruşmayacağıq» cavabını verdikdən sonra Almaniyanı tərk etmək tələbiylə üz-üzə qaldı». «Atatürk kimi StalinHitler də Məhəmməd Əmin Rəsulzadəyə hörmətlə yanaşırdılar».

 

xxx

 

1917-ci il inqilabına qədər Azərbaycanın quberniyalara bölündüyübir məmləkət olaraq Azərbaycan adının heç bir dəftər-kitabda çəkilmədiyi məlumdur. Məhz bu inqilabdan sonra Bakı Sovetionun icraiyyə orqanı olan Bakı Xalq Komissarları Soveti yaradıldı. Diqqət yetirdinizsə, bu adların heç birində Azərbaycan sözü yoxdur. Arxiv materiallarının tədqiqindən anlaşılır ki, sovet hökuməti əhalisinin bir qismi erməni olan, özləri üçün strateji əhəmiyyətli Bakını paytaxt seçməklə, Azərbaycanı müstəmləkəyə çevirməklə yanaşı, eyni zamanda bu adın yeni tarixə düşməməsinə nail olmaq istəyiblər.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsib bəy Ağayev və adlarını çəkmədiyimiz bir çox vətənpərvər ziyalılar buna imkan verməmək üçün Azərbaycan Demokratik Respublikasını yaratdıqlarını bəyan etdilər. Onlar bunu dünyaya bəyan etməklə, həm də sovet Rusiyasını fakt qarşısında qoydular.

Əvvəlcə Tiflisdə, sonra isə Gəncədə fəaliyyət göstərən Azərbaycan Cümhuriyyətinin ilk dönəmlərdə heç bir hərbi və maddi bazası olmadığını əsas gətirənlər Milli Şura üzvlərinin uzaqgörən siyasətinin üzərinə kölgə salmağa çalışırlar. Bildirirlər ki, Milli Şura gərək rus ordusunun qarşısında dayanmağın mümkünsüzlüyünü dərk edəydi. Təbii, əgər milli istiqlalçıların siyasəti yaxın gələcəyə hesablansaydı, onlar gərək reallıqla barışaydılar. Amma bunu deyənlər unudurlar ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra belə, ruslar Azərbaycanla əvvəlki qaydada rəftar edə bilmədilər. Artıq dünyanın əksər ölkəsinin rəsmən tanıdığı Azərbaycan Demokratik Respublikasını xəritədən silmək, onu ermənilərə peşkeş etmək və onunla sözün əsil mənasında müstəmləkə kimi davranmaq sadəcə olaraq mümkün deyildi. Azərbaycan dövləti ifadəsi diplomatik gündəmdə səslənmişdi. Elə Məhəmməd Əmin Rəsulzadənin «bir kərə yüksələn bayraq bir daha enməz» ifadəsi də bu mənada öz təsdiqini tapmışdı.

 

xxx

 

Yuxarıda qeyd etdiyimiz kimi Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları əvvəlcə Tiflisdə, sonra Gəncədə çox çətin şəraitdə və ağır şərtlər daxilində Azərbaycan dövlətini qurdular və yaşatdılar. Cümhuriyyəti quranlar Avropanın müxtəlif dövlətlərinə gedir, Azərbaycanı tanıtmaq üçün danışıqlar aparır, Türkiyədən kömək istəyir, qlobal siyasətdən doğan çarpışmaların düz mərkəzində özlərinin dövlətini ayağa qaldırmaq, qorumaqyaşatmaq istəyirdilər. Məhəmməd Əmin Rəsulzadə 1918-ci il avqustun 6-da Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: «Mən bir daha Tələt Paşa və Ənvər Paşayla görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfoimia ilə də görüşdüm». Başqa bir məktubda Rəsulzadə «siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edir. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir» yazır. Göründüyü kimi, məktubların hər ikisində həyəcan təbili çalınır. Dünya siyasi düzəninin dəyişməkdə olduğu bir dönəmdə, İngiltərə, Almaniya, Rusiya kimi böyük dövlətlərin maraqlarının çarpışdığı bir vaxtda bu insanlarsız Azərbaycanın taleyinin necə ola biləcəyini təsəvvür edirsinizmi?

Birmənalı olaraq deyə bilərik ki, bu insanlar olmasaydı Azərbaycan param-parça olacaqdı. Çünki sözügedən dövlətlər Azərbaycan adlı bir dövlətin yaranmaması üçün bütün vasitələrdən istifadə edirdilər.

 

xxx

 

Bu gün Milli hökumətə qarşı yönələn ittihamlardan biri də İrəvanın ermənilərə verilməsidir. Bu ittihamı yox eləmək üçün həmin dövrkü situasiyaya nəzər salmaq lazımdır. Almaniya ilə Rusiya arasında bağlanan sazişə əsasən, Almaniya Bakı neftinin bir hissəsini alır, yerdə qalan bütün neft yataqları Kür çayına qədər Rusiyanın əlinə keçirdi. Bu zaman İstanbulda olan Məhəmməd Əmin Rəsulzadə Almaniyanın səlahiyyətli nümayəndəsi Valdburqa bəyanat təqdim edir. Bəyənatda 1917-ci il inqilabından sonra rus hökuməti tərəfindən «hər millətin öz müqəddaratını özünün təyin etməsi» hüququnu elan etməsi xatırladılır və Azərbaycanın da bu hüquqdan bəhrələnərək öz istiqlalını elan etməsi bildirilirdi. Qeyd olunurdu ki, Almaniya bu müqaviləylə Bakının rus hakimiyyəti altında qalmasına yardım göstərmiş olur». Həhayət, bütün cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt Paşa ilə Almaniya arasında gizli protokol imzalanır. Həmin protokola əsasən Türkiyə qoşunları Azərbaycandan çıxmalı, Almaniya isə Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin etməliydi. Almaniyanın müharibəni uduzması ucbatından bu şərti yerinə yetirə bilməməsi və Bakının ingilislərin nəzarətinə keçməsi vəziyyəti yenidən mürəkkəbləşdirir. Yenidən gərgin danışıqlar, yenidən mübarizə…

 

xxx

 

Azərbaycan Xalq Cümhuriyyəti təkcə bu xalqın milli azadlıq istəyinin real nəticəsi deyildi. Xalq Cümhuriyyəti həm də beynəlxalq aləmdə baş verən poseslərin bir məntiqi nəticəsi idi. Bu məntiqi nəticə xalqın müstəqillik və azadlıq ideyalarının reallaşmasına gətirib çıxardı. Azərbaycan Xalq Cümhuriyyəti bizlərə çox şeyi, həm də liderlərin birgə olmasını öyrətdi. Ona görə də Xalq Cümhuriyyəti bizim üçün şərəfli bir tarixdir. İnsan haqlarının qorunması və milli etnik azlıqlara qarşı dözümlülük siyasəti, Azərbaycanın beynəlxalq aləmdə təqdimatı, milli mədəniyyətin yüksəlişi sahəsində Xalq Cümhuriyyəti tariximizə böyük örnək verib.

Xalq Cümhuriyyəti dövrünü Azərbaycanın tarixində unikal dövr kimi də qiymətləndirmək olar. Çünki o illər Azərbaycan adında müstəqil dövlətin yarandığı bir dövrdü. İkinci bir tərəfdən, milli əsasda dövlətin yarandığı bir dövr kimi də qiymətləndirilməlidir. Bundan əvvəlki dövrlərdə Azərbaycan coğrafiyasında müstəqil dövlətlər olub. Amma nə Azərbaycan adında, nə milli əsasda dövlətlər yaranmayıb. Milli dövlətçiliyin əsasaları həqiqətən də 1918-ci il mayın 28-də qoyuldu. Bu, həm də adi bir dövlət deyildi, eyni zamanda demokratik bir dövlət idi. Azərbaycan Demokratik Respublikası islam aləmində və türk dünyasında bir model dövlət olaraq böyük zəhmətlər bahasına meydana gəlib. Bu modeldemokratik dünyəvi rifah dövləti modelidir ki, bu gün belə sözügedən model islam aləmi üçün çox aktualdır. Təssüflər olsun ki, 1918-ci ildən model quran Azərbaycan bu gün o modeli yarada bilmir. Yəni nümunəvi örnək ola bilmir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması nəinki Azərbaycanın tarixində, həm bütün dünyada cümhuriyyətçilik, respublikaçılıq üsul-idarəsinin bərqərar olmasında gedən mübarizədə əlamətdar bir tarixi hadisəydi. Qədim Roma Yunanıstan tarixində Afina respublikası, Roma respublikası o dövrün sivilizasiyasında hansı mərhələnin başlanğıcı olmuşdusa, sonra burjua inqilabları dövründə Avropada respublika üsul-idarəsinə keçən ölkələr bu hadisələrlə bütün Avropanın tarixində hansı rol oynamışdısa, 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda elan olunması da bütün şərq ölkələrində Asiya qitəsində cümhuriyyətçilik ideyalarının yayılmasında həmin tarixi rolu oynayıb. Bəlkə unutqanlığın nəticəsidir ki, indiyə qədər demokratik respublikanın bütün Şərq aləmində hansı bir prosesi başlatdığı lazımi qədər təhlil olunmayıb. Amma əminliklə deyə bilərik ki, bu, gələcəkdə öz layiqli qiymətini alacaq.

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2013.- 8 yanvar.- S.11.