Mikayıl Müşfiqin
ölümündən 75 il ötür…
Müşfiqi nəsillərin
çağdaşı edən poeziyasının xalq ruhu ilə
bağlılığıdır
Tanınmış şair Mikayıl Müşfiqin faciəli ölümündən 75 il ötdü. Müşfiq 1908-ci ildə Bakıda müəllim ailəsində anadan olub. Körpəlikdən anasını, 6 yaşında atasını itirən Mikayıl yetimliyini erkən dadıb. İbtidai təhsilini rus-tatar məktəbində alıb. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini bitirib, Bakı məktəblərində müəllimliyə başlayıb, «Azərnəşr»də redaktor və tərcüməçi işləyib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Hazırda bu məktəb indi onun adını daşıyır. İlk şeirlər kitabı «Küləklər» üçüncü kursda oxuyarkən çap edilib. 1937-ci ilə qədər 9 kitabı çap edilib. «Çağlayan» adlı kitabını nəşr etdirmək ona qismət olmayıb. 1938-ci il yanvarın 6-da güllələnib. Mikayıl Müşfiq irsinin araşdırıcısı Gülhüseyn Hüseynoğlunun fikrincə, Müşfiqin irsi həmişə yaşayacaq: «Mikayıl Müşfiq itkisi xalq üçün ağırdan ağırdır, yeganə təsəllimiz şairin qoyub getdiyi və xalqımızın göz bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi olub. Mikayıl Müşfiqi bütün nəsillərin çağdaşı edən, həmişə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır Müşfiq. Axı bu, onun bir şair kimi ən böyük arzusu idi. Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədris olunması qadağan ediləndə, «İnqilab və mədəniyyət» jurnalı özünün 1929-cu il 2-ci nömrəsindəki «Tar konservatoriyadan çıxarıldı» sərlövhəli xəbərində: «Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur» yazanda Müşfiq sinəsini qabağa verdi, məşhur «Tar» şeirini xalqına bəxş elədi, tarın şöhrətini bir az da qaldırdı. «Tar» şeiri vətəndaş şairin uzaqgörənliyini göstərməklə bərabər, həm də sənətkar cəsarətini numayiş etdirən əsərdir.
Axı Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevmiş, klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləmiş, bunların yaxşı ənənələrindən həmişə öyrənməyin, yeni şəraitdə onları davam və inkişaf etdirməyin ən ardıcıl tərəfdarlarından olmuşdu. Müasirini özünü dərk edən, mühitinin hadisələrindən baş çıxaran, «xalqilə titrəyən, xalqilə gülən…» görmək istəyən Müşfiq «Alqış varlığını duyan insana!» misrasını heç də təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın əzəli, əbədi, nəcib sifətlərindən biri əməyə məhəbbətdir. Məhz əməyə bağlılıq insanı torpağı layiqincə dərk etməyə, ona səcdə etməyə gətirib çıxarır.
Şairə görə əmək insana güc verir, insan gücü ilə yaşayışını asanlaşdırır, gözəlləşdirir. «Özündən alışan, özündən yanan, — hər sabah hamıdan erkən oyanan, iş başına qoşan» insanları şair bəxtiyar hesab edir».
Araşdırmaçı daha sonra hesab edir ki, milli musiqi alətlərimizin göz bəbəyi kimi qorunması və əmək mövzuları ilə yanaşı Müşfiq insanın böyüklüyü, maarif, müəllim nüfuzu, səfilsərgərdan həyat keçirən uşaqların himayəyə alınması, məktəblərə cəlb olunması, qayğıkeşlik, qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və onun tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, təmiz, saf məhəbbəti, ülviliyi və s. məsələlər haqqında da yazıb, tutarlı poetik sözünü deyib.
G.Hüseynoğlunun fikrincə, Müşfiqin duyğuları ürəkdən gəldiyi üçün də təsir edir, birbaşa ürəklərə gedir. Ayrı cür mümkün də deyil. Gözəl təbii mənzərələr, lirik peyzaj yaratmaq ustasıdır Müşfiq. Harahat bir sənətkar olan Müşfiq onu məşğul edən, düşündürən, nifrət və məhəbbətinə, kədər və sevincinə səbəb olan məsələlərin ecazkar ifadəsi üçün həmişə çırpınıb, rəngarəng mövzulu, məzmunlu poeziyasında əlverişli poetik formaların da olmasına çalışıb, bu sahədəki axtarışını heç vaxt dayandırmayıb. Ənənənin rolunu düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şeirinin, istərsə də klassik şerin poetik formalarına həmişə həssaslıqla yanaşıb, bunların çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müsəddəs), yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. poeziyasında işlədib. Şairin Qərb şeirinin poetik forması olan sonetə biganə qalmadığını, sonetlər yazdığını və yeri düşdükcə özünün də yeni poetik formalar yaratdığını qeyd etsəm, müəllifin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyi aydınlaşır».
Ədəbiyyatşünas Gülxani Pənahın fikrincə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında mühüm rolu olan sənətkarımızdır. G.Pənah G.Hüseynoğlunun aqibətcə Müşfiq taleyini yaşadığını bildirir: «Mikayıl Müşfiq yaradıcılığının yenidən nəşrinə gərgin əmək sərf edən qələm sahibi Gülhüseyn Hüseynoğlu Müşfiq taleyinin, Müşfiq dərdlərinin, ağrı-acılarını, həyatının bir sıra məqamlarını yaşamış insandır. O da bir zamanlar stalinizm siyasətinin dəhşətlərini yaşayıb, həbsxanaya atılıb, bəşəri fikirlərlə, amallarla yazıb yaradan Mikayıl Müşfiq kimi ölümə məhkum edilib, ancaq Stalinin «humanizm»i sayəsində SSRİ-də güllələnmə cəzası müvəqqəti ləğv olunduğundan, iyirmi beş illik həbs cəzası almış təsadüfi sağ qalanlardan, «baxtı» gətirənlərdəndir. Müşfiq az yaşadığı ömürdə elə əsərlər yazıb qoyub gedib ki, balaca bir şeiri belə xalqı azadlığa, istiqlaliyyətə çağırışdır, hər biri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir. Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və adların çəkmədiyim neçə-neçə ədib və sənətkarlarımızın çox zəngin yaradıcılığı var. Onlar özlərinin şəxsi həyatlarını unudaraq xalqı düşünənlərdir. Onların öz amalları, öz yolları var. O yol yalanlardan, şöhrətdən uzaq, uca bir yoldur. Onlar öz əsərlərində ancaq millətini düşünənlər, onu sevənlər, onun gələcəyi üçün narahatçılıq keçirənlərdir. G.Hüseynoğlu Azərbaycan ədəbiyyatının inkişafına yorulmadan çalışan, onun xoşbəxt gələcəyi naminə yazıb-yaradan, milli vətənpərvərlik duyğularının, amallarının qurbanı olanların yorulmaz tədqiqatçısı olub, konkret Müşfiqin əsərlərini tərtib edərək nəşr etdirib, «Müşfiq» kimi samballı elmi monoqrafiyasını, » Mikayıl Müşfiqin yaradıcılıq yolu» dissertasiyasını yazıb, onun yaradıcılığından bəhs edən ilk dərs vəsaitinin müəllifi olub, bu günə qədər onun yaradıcılığına, sənətinə pərəstiş edən, onun vurğunu olan müşfiqşünas kimi ədəbiyyat aləmimizdə tanınmaqdadır».
Şair, Azərbaycanın 30-cu illərdə repressiyaya məruz qalmış şəxsiyyətlərinin ömrünü araşdırmış Rəhman Babaxanlının fikrincə, repressiya deyəndə soydaşlarımız o saat 37-ci ili xatırlayırlar: «Ancaq bəşər tarixinin əksər səhifələri mahiyyətcə repressiya ilə doludur. Repressiyanın çeşidləri çoxdur. Bəşər tarixində ən qanlı terror sovet dövründə oldu: yüz minlərlə insanın qətlə yetirilməsi, sürgünlərə göndərilməsi. Əhməd Cavadın, Mikayıl Müşfiqin və başqalarının gələcəyinin əlindən alınması, istedadlarına qəsd də bu qəbildəndir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 9 yanvar.- S.14.