Qazax ədəbiyyatının tarixi kökləri

 

Qazax ədəbiyyatının tarixi kökləri qədimdir. Onun ən başlıca xüsusiyyəti şifahi xalq yaradıcılığı ənənələrinə bağlı olmasındadır. Bu ədəbiyyatın təşəkkül və inkişafında mühüm rolu xalq nəğməkarları — akınlar, jirşı və jıraular oynayırdılar. Qazaxların şifahi yaradıcılığında xalqın ürək çırpıntıları, milli müstəqillik uğrunda mübarizə, adət-ənənələri, düşüncə tərzi, nəğmələri, rəvayətləri, əfsanələri, nağılları, qəhrəmanlıq və epik poemaları, atalar sözü, zərbi məsəlləri əksini tapıb. Qazax folklorunda sözün həqiqi mənasında nəsildən-nəslə ötürülən incilər var. Qazax xalqının mənəvi zənginliyi içində «Alpamış», «Qoblandi-batır», «Yer-Turqın», «Qəmbər» və s. kimi yadellələri lənətləyən epik poemalar, sevgi, dostluq, sadiqlik və s. kimi keyfiyyətləri aşılayan liro-epik «Kozı-Korpeş» və «Bayan-Slu», «Qız-Jibek», «Ayman-Şolpan» və başqa poemalar, «Beket haqqında dastan», «İsatay və Məhəmbət», «Utegen» və s. kimi tarixi poemalar var.

Tükənməz bulaq olan qazax folkloru yüzillər ərzində xalqın mənəvi ehtiyaclarını ödəməkdə davam edib. Onun zəngin növ və janrlarında xalq həyatının müxtəlif tərəfləri əks olunurdu.

Dövrümüzə qazaxların əcdadları tərəfindən yaradılmış çoxsaylı atalar sözü, zərbi məsəlləri, ibarəli deyim və duyumları gəlib çatıb. Qazax folklorunda atalar sözü və zərbi məsəllər xalq hikmətinin ən mühüm janrlarından biri kimi möhkəmlənib. Qazax folklorunda, onun mərasim-məişət poeziyasında, nəğmələrində və deyimlərində, nağıllarında, tapmacalarında və s. növ və janrlarında qədim dövrün izləri qalıb. Şifahi poetik ənənələr qədim dövrün tanınmış nəğməkarlarının adını tarixə həkk edib. Məsələn, bütün türk xalqlarının möhtəşəm yaradıcılığı olan «Kitabi-Dədə Qorqud» eposunda Qorqud nəğməkar və musiqiçi, ilk əfsunçu melodiya və nəğmələrin yaradıcısı kimi təqdim olunur. Başqa sözlə desək, qazax torpaqlarının coğrafi hədlərində yaranmış Qorqud nəğmələri Azərbaycan torpağında «Kitabi-Dədə Qorqud»un formalaşması ilə başa çatır. Şifahi poetik yaradıcılıq yaddaşında bir sıra nəğməkarların Atalıq, Sıpar-jırau, noğay filosofu Həsən-Qayğı və b. adını saxlayıb.

Sonrakı əsrlərdə, xüsusən XVI, XVII, XVIII əsrlərdə qazax xalq yaradıcılığında patriarxal ənənələrin gücü olduqca böyükdür. Folklor gündəlik məişət və mərasimin daimi iştirakçısıydı. Onun müxtəlif janrları ailə və ictimai həyatın bütün sahələrinə nüfuz edirdi. Məişət folklorsuz, poetik ənənələrsiz dərk edilmirdi. Kütləvi folklor, onun gündəlik vəziyyəti gerçəkliklə əlaqədə idi: hamı poeziyaya rəğbətlə yanaşır, bəzən nəğmə qoşur, bəzən atalar sözü, aforizmlər işlədirdi. İmprovizasiyalı mətn və improvizatorların sayı bilinmirdi. XVII-XVIII əsrlər improvizatorları sırasında qazax səhrasında xüsusən akın və jıraular seçilirdi. Onlar özlərini geniş repertuarlı improvizator-nəğməkarlar kimi təsdiqləyirdilər. Dövrün akınları folklorla yaxından tanış olmaqla yanaşı, həm də nəslin, şəcərənin bilicisi sayılırdılar. XVIII əsrdə qazax səhrasında qazaxların mənşəyi ilə bağlı çoxsaylı rəvayət və əfsanələr populyar idi. XIX əsr, XX əsrin əvvəlləri qazax şifahi poeziyasında yeni dövr başlamışdı. Şifahi poeziya ictimai həyat və məişətdə gedən yeni hadisələrin şahidinə çevrilirdi. Qazaxıstan Rusiya imperiyası tərəfindən istismar olunduqdan sonra (XIX əsrin 60-cı illəri) folklorun məzmunu, janrların tərkibi, onlar arasında mövcud olan münasibət və formalar da dəyişikliyə məruz qaldı. Odur ki, XIX əsrin ortaları qazax ədəbiyyatında həm də yeni bir inkişaf dövrünün başlanğıcı kimi nəzərdən keçirilməlidir.

XIX əsrin ikinci yarısına qədər qazaxların yazılı ədəbiyyatı mövcud deyildi. Bu dövrə qədər onların poetik sənəti yalnız şifahi şəkildə inkişaf etmişdi. Savadsızlığın tam hakim olduğu bir şəraitdə qazaxların şifahi yaradıcılığı xüsusi əhəmiyyətə malik olmaqla xalq üçün bədii ədəbiyyatı əvəz edirdi.

Qazax folkloru öz yaranış və təşəkkülündə şifahi-poetik yaradıcılıq və türk yazılı abidələrinin ənənələrinə söykənib. Belə möhtəşəm abidə Mahmud Kaşğarinin üç cildlik «Divani-luğat-it türk» əsəridir. Bu lüğətdə Kaşğar türk-uyğurların mükəmməl qrammatikası əksini tapır. Bundan başqa qədim türk qəbilələrinin, qazaxların sələflərinin folklor nümunələri həm də qıpçaq (kuman) abidəsi olan «Kodeks Kumanikus» da yaşamaqdadır. Bütün bunlarla yanaşı qazax ədəbiyyatı tarixinin ən möhtəşəm dövrü XIX əsr hesab olunur. Məhz bu dövrdə qazax folkloru ən mükəmməl səviyyəsinə gəlib çatır. Bu dövrdə formalaşan yazılı ədəbiyyat həm də akın poeziyasının inkişafına güclü təkan verdi. Qazax xalqının mənəvi həyatında akınlar mühüm rol oynayırdılar. Virtuoz sənətkarlıq, hazırcavablıq, bilik və bacarıq nümayiş etdirməklə, ifa etdikləri nəğmə-aytıslarla yüksək nümunəli musiqi əsərləri yaradırdılar. XIX əsrdə Dövlət Babatayev (1802-1872), Şortanbay Kanayev (1818-1881), Birjan-sala (1834-1897), Axan-Cere (1843-1906) və bu kimi tanınmış akınlar yazıb-yaradıblar. Onların ifa etdikləri əsərlərdə qazax cəmiyyətində gedən proseslər əks olunur, daha qlobal problemlərin kökünə nəzər salınır, əksər hallarda keçmiş tərənnüm olunur, yaşadıqları çağa birmənalı münasibət ifadə olunmurdu.

Akın yaradıcılığından söhbət düşmüşkən, böyük qazax akını Cambul Cabayevdən (1846-1945) danışmağa ehtiyac var. Cambul Cabayev Abay Kunanbayevin həmyaşıdıdır. Demək olar, düz bir əsr ömür sürüb. Kasıb qazax ailəsində, köç zamanı Cambul dağının ətəklərində dünyaya gəlib. Onun adı da bu dağın şərəfinə belə adlandırılıb. Bu haqda Cambul «Mənim həyatım» poemasında məlumat verir. Erkən yaşlarından şeir qoşmağa başlayıb. Erkən şeirlərində o, geniş sosial ümumiləşdirmələr edə bilməyə müvəffəq olub. Əsərlərində tarixi şəxsiyyətlərin fəaliyyətinə qiymətini pərakəndə xalq realizmi mövqeyindən verməyə çalışıb, xalqı ona zülm edənlərə qarşı mübarizəyə səsləyib. Bununla belə düşünmək olmaz ki, Cambul sosial-fəlsəfi ruhlu şeirlərini lap elə əvvəlcədən yüksək səviyyədə yazıb. Öz dövrünün akınları ilə poetik yarışa girən Cambul rəqibləri kimi tayfa təsəvvürlərindən çıxış edib. Yarışma, deyişmə tipli şeirlərində o, öz tayfasının var-dövlətini və gücünü tərənnüm edir, onun var-dövlətini digər düşmən tayfalardan 1902-ci ildə Dosməhəmbət adlı akın-molla ilə deyişmədə Cambul onun kimilərin istismarçı qüvvələrə xidmət etdiyini qeyd edirbildirir ki, xalq yumruq kimi birləşdikdə Dosməhəmbət kimilərin onu istismar etməsinə son qoyulacaq. O dövrün feodal tayfa başçılarının tərəfdarı olan məşhur Gülməmbətlə deyişməsində də Cambul əsil demokrat kimi mübarizə aparır. Gülməmbətlə aytıslarda böyük akın özünün həqiqətən də xalq nəğməkarı olduğunu bildirir. Cambul bütün yaradıcılığı ilə çarizmə qarşı çıxış edirdi. 1913-cü ildə bütün qəza hakimiyyətlərində Vernı şəhərinə (indiki Alma-Ata) tanınmış akınları Romanovlar ailəsinin 300 illik tarixi şərəfinə nəğmə qoşmağa dəvət edərkən Cambul imtina etmiş, əvəzində 1916-cı ildə qazaxların arxa cəbhədə əzablı işlərə cəlb edilməsi ilə bağlı üsyanda iştirak edərək «Qara fərman» nəğməsini yazmışdı. Bu nəğmədə akın çar fərmanının qəddarlığını, bəylərin fürsətdən istifadə etmə davranışlarını tənqid etmişdi. Göründüyü kimi, Cambul yaradıcılığı xalq həyatı ilə sıx bağlı idi. Xalq onu ürəkdən sevirdi. Cambul yaradıcılığı daim ölkənin ictimai və mənəvi diqqəti mərkəzində dururdu. 1938-ci ildə Cambulun yaradıcı fəaliyyətinin 75-ci ildönümünə dair yubiley şənlikləri keçirildi. Ona dünyanın müxtəlif guşələrindən təbrik teleqramları gəlirdi. Onların sırasında fransız yazıçısı Romen Rollan, belorus yazıçısı Yanka Kupala və başqalarının akın haqqında sözləri daha alovlu idi. XX əsrin 30-40-cı illərində şairin yaradıcılığı daha da inkişaf edir, püxtələşirdi. Bu dövrlərdə qələmə aldığı «Mənim vətənim», «Sevinc nəğməsi», «Ütegen-batır», «Suranşı-batır» və digər əsərləri lirik-epik planda qələmə alınmaqla mifoloji, əfsanəvi və realist planda obrazlı şəkildə təsvirlərə üstünlük verilərək olanlara qarşı qoyur. Cambul yaradıcılığına o dövrün böyük akını Suyum bəyin təsiri böyük olub. Cambul Suyumbəy akının şagirdi olduqdan sonra onun şöhrəti bütün qazax səhralarına yayılır. Tezliklə böyük ad-san sahibi olan Cambul Suyumbəylə görüşürona uğurları haqqında danışır. Suyumbəy isə ona aşağıdakıları bildirir: «Sən digərlərinin melodiyasına uyursan. Bu, pisdir. Böyük akın öz səsinə malik olmalı, yeri öz arşını ilə ölçməlidir. Hər bir sözün xəncər kimi kəsməlidir. Heç vaxt riakarlıq etmə. Sözü suyu kəhrizdən çıxaran kimi öz ürəyindən çıxar». Tədqiqatçıların fikrincə, Cambul müəlliminin dediklərindən lazımi nəticə çıxarmış və onu bu mühüm məsləhətlərinə daim əməl etməyə çalışmışdı. 30 yaşlarına yaxın Cambul öz ideya mövqeyinə malik olmuşdu. Bu dövrdə qələmə aldığı əsərlərində köhnə metodlu müsəlman məktəblərində mövcud təlim sistemini («Şikayət»), kasıblığı («Kasıbın payı»), səhra üsuli-idarəsini («Şaltabəyə», «Mankəyə») tənqid atəşinə tutur. Cambul öz sərt və aydın ictimai mövqeyini böyük satirik qüvvəyə malik olan obrazlarda ifadə etməyə çalışmışdı. XX əsrdə Cambul şair kimi sanki yenidən doğulduo, böyük bədii müvəffəqiyyətlər, həm də xalq məhəbbəti əldə etdi.

 

 

Nizami Tağısoy,

professor

 

Xalq Cəbhəsi.- 2013.- 10 yanvar.- S.14.