Məhv edilmiş zeytunçuluq yenidən dirçəldilir

 

 Mərkəzi yaranacaq Mrkəzi Aran rayonlarından tutmuş Masallıya, Xaçmazadək zeytun meşəlikləri salınacaq

 

Vahid Məhərrəmov: «Yaxın dövlətlərə həm zeytun yağı, həm də onun duzlanmış formasını ixrac edə bilərik»

 

Zeytun Abşeronun nadir bitkilərindəndir. Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Zeytun uzunömürlü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından seçilir.

Bu meyvənin quru lətinin 50-75 faizi yağdır. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir (onun 1000 qramında 930 kalori, kərə və əridilmiş yağda isə 750-780 kalori vardır). Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir. Bu xüsusiyyətinə görə zeytun yağından təbabətdə də geniş istifadə olunur. Zeytun əvəzolunmaz qida və müalicəvi bitki kimi minillər boyu insanların diqqətini özünə çəkib. Yunanların hələ miladdan öncə zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçməsi və həyat simvolu adlandırması da təsadüfi deyil. Qədim zamanlardan dünyanın subtropik ölkələrində becərilən zeytun əsasən Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın mülayim istitropik zonalarında, Aralıq dənizi hövzəsində, sonralar Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılmışdır. Bu gün İtaliyada 2, İspaniyada 1,5, Yunanıstan və Türkiyədə isə 1 milyon hektardan da artıq ərazidə zeytun bağları salınıb. Meqaiqtisadiyyatın aqrar sektorunda zeytun plantasiyalarının artırılmasının yeni üsullarını axtarırlar. Subtropik qurşaqda yerləşən dövlətlərin əksəriyyətində zeytunçuluq kənd təsərrüfatının ixtisaslaşmış sahələrindən biri kimi təsdiq olunmuş və dövlət büdcəsinin formalaşmasında əsas rol oynayır. Dünyada bu nadir bitkidən alınan məhsulun illik istehsalı son illərdə 20 milyon tondan artıqdır. İtaliya, İspaniya və Yunanıstan yüksək satış göstəricilərinə görə fərqlənir.

Zeytun meyvəsinin tərkibindəki meneral duzlar onun əhəmiyyətini daha da artırır. Zeytun meyvələri göy haldatam bioloji yetişmə dövründə yığılır. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə daha yüksəkdir, onların tərkibində yağın miqdarı quru lət çəkisinə nisbətən 65-75 faizə çatır.

Yüksək keyfiyyətli göy zeytun məhsulu emal etmək üçün meyvələr tünd yaşıl rəngdən açıq-yaşıl, samanı rəngə keçdiyi dövrdə yığılmalıdır ki, bu da sortlardaniqlim şəraitindən asılı olaraq təxminən sentyabrın axırı, oktyabr və noyabrın əvvəllərinə təsadüf edir.

Zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanski adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli şorabalar hazırlanırdı.

Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə genişləndirilmiş, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılmış, həmçinin rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. Abşeronda mövcud olan digər zeytun bağlarının taleyi də acınacaqlıdır. Belə ki, Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılmışdı ki, bu bağların da 1000 hektardan çoxu məhsul verirdi. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb. SSRİ dönəmində Azərbaycan zeytun istehsal edən əsas respublika sayılırdı. O vaxtlar Azərbaycanda istehsal edilən zeytun meyvəsi və ondan hazırlanan məhsullar yüksək qiymətləndirilirdi. Ötən əsrin 90-cı illərindən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşdü. Hazırda 1525 hektar zeytun bağları sahəsinin 30 faizi baxımsızlıq ucbatından acınacaqlı vəziyyətdədir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır. Azərbaycanda təkcə Abşeronda yox, digər bölgələrdə — Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni salınan zeytun bağları genişləndirilir. Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınmış və Türkiyədən tinglər gətirilmişdir. Lakin etiraf etmək lazımdır ki, zeytun bağlarının məhsuldarlığı aşağıdır. Qabaqcıl ölkələrdə bir hektar zeytun bağında əkilən 300-350 ağacın hər birindən 15-25 kiloqram bar götürməklə hektarın məhsuldarlığı 4,5-7 ton təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin aparıcı mütəxəssisi Rizvan Mustafayev Azərbaycanda zeytun bağlarının məhsuldarlığının inkişaf etmiş ölkələrdən xeyli geridə qaldığını bildirir. Abşeron yarımadasında zeytun bağları genişlənsə də, hektarın məhsuldarlığı hələ ki, 4-5 sentner ətrafındadır. Respublikada məhsuldarlığın orta göstəricisi isə 9 sentnerdir. Bu rəqəm Bakı üzrə 23, Beyləqanda isə 26,7 sentnerdir.

Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Qeyd edək ki, zeytun ağacını becərməyə və qayğısına qalmağa ehtiyac yoxdur. Baxmayaraq ki, o ən bahalı bitkilərdən biri hesab edilir. Yerli sakinlər gözəl bilirlər ki, artıq bar verən zeytun bağları əsrlər boyu yaşayır. Zeytun çox məhsuldardır və ona çəkilən zəhmət hədər getmir.

Onu da qeyd edək ki, yeni əkilmiş zeytun ağaclarına ən azı 2-3 il ərzində müntəzəm qulluq edilməlidir. Bundan sonra isə ağaclara ciddi qulluq göstərməyə ehtiyac yoxdur. Çünki zeytun ağacları özünü tutandan sonra, ən sərt şəraitdə belə yaşamağa qadirdir. Bu ağaclar quraqlığa da yaxşı davam gətirir. Ancaq zeytun ağacı gilli torpağı sevmir. Ona görə də, nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün xüsusi yerlər seçilir. Qışda temperatur mənfi 3-4 dərəcədən yuxarı olan ərazilərdə zeytun kolları əkilə bilər. Temperatur göstərilən dərəcədən aşağı düşəndə isə zeytun ağaclarının inkişafı çətin olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18 rayonun ərazisində zeytun kolları əkilməsini nəzərdə tutub. Belə ki, plana əsasən Mərkəzi Aran rayonlarından tutmuş Masallıya qədər, Masallıdan Xaçmazadək zeytun meşəlikləri salınacaq. Nazirlik bununla əlaqədar Bakı və Bakı ətrafındakı zeytunluqların icarədarlarına müraciət edərək ödənişsiz budama aparıb və əvəzində budadığı budaqlar başqa ərazilərdə zeytunluqların salınmasında istifadə edilir. Artıq bir milyondan çox ting vurulub. Təxminən 380 minə qədər ağac kolu kök tutub. Qeyd edək ki, zeytun meşəliklərinin salınması, sadəcə, meyvə əldə etmək üçün deyil, həm də yaşıllıqların artırılması və biomüxtəlifliyin təmin olunması üçün nəzərdə tutulur.

Zeytun Abşeron yarımadasında küləklərin qarşısını almaqda, torpaqları eroziyadan qorumaqda da əvəzsiz rolu var. Onu da qeyd edək ki, zeytunçuluğun inkişafına mane olan digər amillər də var. Məsələn zeytun bağlarını sulamaq üçün su kəmərləri çəkilməlidir. Bu isə xeyli vəsait tələb edir. Düzdür, vaxtilə problemdən çıxış yolu kimi bağların ətrafında quyular qazılıb. Ancaq quyulardan su çıxmayıb. Beləliklə, Azərbaycan zeytunçuluğu inkişaf etdirməkdə maraqlıdırsa, onda su kəmərlərinin də çəkilməsi məsələsini də həll etməlidir.

Zeytun bağlarının sahəsini artırmaq məqsədilə Hövsandakı özəl zeytunçuluq təsərrüfatında xüsusi tingyetişdirmə sahəsində hər il minlərlə ting əkilir. Həmin təsərrüfatın ən müasir texnoloji avadanlıqla təchiz olunmuş zeytun emalı zavodunda yüksək keyfiyyətli zeytun yağı, müxtəlif çeşidli konservlər, şorabalar hazırlanır. Zavodun məhsullarına ölkə daxilində və xarici bazarlarda böyük tələbat var. 10-15 il əvvəl Azərbaycanda zeytuna tələbat aşağı olduğundan zavodun məhsullarının əsas hissəsi xarici bazarlara göndərilirdi.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, ölkədə zeytun istehsalını stimullaşdırmaq üçün xüsusi proqrama ehtiyac var: «Sovet hökuməti dövründən qalma zeytun bağları demək olar ki, tamamilə məhv edilib. Həmin bağlardan təşkil olunmuş qaydada istifadə olunmur. Daxildə satılan zeytun isə başlı-başlı buraxılmış zeytun bağlarından əldə edilən məhsullardan alınan məhsuldur. İtaliya və digər ölkələrdən gətirib zeytun istehsal edəcəklərini qarşıya məqsəd qoymuşdular. Problemin həlli üçün düşünürəm ki, hökumət zeytunçuluğun inkişafı ilə bağlı xüsusi proqram qəbul etməlidir. Coğrafi məkanca bizə oxşar olan ölkələr, Türkiyə, İspaniya, İtaliya zeytun istehsalı üzrə dünyanın ən aparıcı ölkələridir. Azərbaycanın da yerləşdiyi coğrafi məkan imkan verir ki, ölkəmizdə zeytunçuluq inkişaf etdirilsin. Bu sahə üzrə emal müəssisələri də yarada bilərik. Hazırda isə ölkənin zeytun yağına olan tələbatı xarici idxal hesabına ödənilir. Azərbaycan isə daxili imkanları hesabına zeytun istehsalını bərpa edib onu Rusiyabu kimi digər ölkələrə belə ixrac edə bilər. Amma təəssüf ki, indilikdə bu istiqamətdə işlər görülmür. 2011-ci ilə olan məlumata baxanda görürük ki, respublika üzrə 1869 hektar zeytun bağı əkin sahəsi var. Bunun 581 hektarı Bakıda, 1461 hektarı isə Abşeron iqtisadi rayonun düşür. Xaçmazda isə 9 hektar zeytun bağı sahəsi vardır. Ölkədə 2011-ci ilin məlumatına görə 1659 ton zeytun istehsal olunub. Bir məsələ aydındır ki, Abşeron rayonunda iki qəsəbədə zeytun emalı müəssisəsi vardı. Bunlardan biri Maştağa, digərisə Zığ qəsəbəsində olub. Onu da deyim ki, zeytun yetişdirmək üçün ölkədə kifayət qədər boş sahələr var. İstənilən bataqlıq sahəsində, habelə bir çox çirklənmiş torpağı bərpa etməklə də zeytun ağacı əkmək mümkündür. Müqayisə üçün deyim ki, İtaliya və İspaniyanın 2 milyon hektara yaxın zeytun bağları var. Türkiyədə isə zeytun bağının sahəsi 1 milyon hektara qədərdir. Azərbaycan isə zeytun ağacı sahələrini 10 min hektara çatdırmaqla məhsuldarlığı xeyli dərəcədə artıra bilər. Bu istiqamətdə addımlar atılsa yaxın qoşulara həm zeytun yağı, həm də onun duzlanmış formasını ixrac edə bilərik».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 10 yanvar.- S.13.