Səma həsrəti

  

Rəssam Arzu Rzayev şimal-qərb bölgələrimizin birində doğulub. O, bölgə insanlarını yaxından tanıdığına görə əsərlərində ilk baxışdan adamı cəlb edən də məhz bu «tanış» insanların obrazlarının dəqiqliyidi. Sərtliyini sal qayalardan götürmüş, möhtəşəm təbiətlə təmasda bərkdən-boşdan çıxıb formalaşan insanların mənliyini yapmış obrazları («Üç nəfər küləkli havada», «Pıçıldaşanlar», «Yeməkxanada pişiyə baxanlar» və s.) göründükləri qədər də birmənalı deyillər. Bu monumental, heykələ bənzəyən adamların daxilində nə isə kövrək, zərif duyğular var. Xüsusilə bu hiss «Üç nəfər küləkli havada» əsərinin sol tərəfdəki gəncin təsvirində özünü büruzə verir. Portret oxşarlığı olmasa da bu obrazda rəssamın avtoportretini görürsənmiş kimi doğmalıq, məhrəmlik duyursan. «Arzulara dalmış» tablosunda da kətan üzərində canlandırılan sanki Arzu Rzayevin özüdür. Halbuki zahiri görüntü tamamilə fərqlidir.

Rəssamın rənglərlə canlandırdığı insanlar tam tənhadılar. Lakin bu tənhalıq onları əzmir, əymir. Əksinə bir atlant qüdrəti, mərdlik, mətanət aşılayır. Rəssamın («Tənha», «Ağlayan kişi», «Yuxuya gedən» əsərləri belə tablo qəhrəmanlarının müdafiəsiz anlarını əks etdirsə də onların mərdliyinə, mətanətinə xələl gətirmir. Həyat bu əsər qəhrəmanlarının üstündən ən çətin anlarında belə traktor kimi keçib gedə bilməz. Ən zəif məqamlarında belə onlar özlərində amansız mühitə, əhatəyə qarşı dura biləcək mənəvi güc tapmağa qadirdilər. Hətta qol-budağı hər tərəfdən kəsilib-doğranmış ağac kötüyü də («Kəsilmiş ağac») daxilində elə bir enerji qoruyur ki, hər an pöhrə verməyə hazırdır.

Rəssamın fırçası kətan səthini lay bucaqlara, iri kompozisiya detallarına parçalamaqla olduqca həcmli formalar yaradır. Sanki tablonu rəngkar fırçası deyil, heykəltəraş tişəsi araya-ərsəyə gətirmişdir. Bunlar bir ağrı, həm də ağırlıqla yuklənib. Tabloların ölçüləri iri olmasa belə kompozisiya yerliyinin lakonik boşluğu, xırda detallardan təcrid olunması monumentallığı artırır. («Parkda oturan qadın», «Kölgəsi ilə gedən adam», «Sükut»). 1992-ci ildə Qarabağ müharibəsində kütləvi şəkildə qətlə yetirilən əsgərlərin xatirəsinə həsr edilmiş «Sükut» əsərində boşluq rekviyem kimi səslənir.

Arzu Rzayevin əsərlərinin obrazları major qammalarla oxunan fon, yerlikdə Yer atmosferinin sıxlığına pərçimlənmiş ayrı aləmin varlıqları kimi baxılır. Tablolardakı gərginlik də sanki bu təzaddan doğulur. Yer planetinin dualist dünyasına ürcah olmuş Arzu Rzayevin obrazları istər insanlar, istərsə də ağaclar inadkarlıqla öz daxili aləmlərini qoruyur. Lakin onlar dünya ilə təmasa da hazırdır. («Tində duranlar», «Yeməkxanada pişiyə baxanlar» və s.).

«Ovçu» əsərində isə tüfəngli adam az qala çölün, meşənin ixtiyar sahibi, ruhudu. Sanki bu obraz mifik bir varlıqdı. Amma üzündəki ifadə, dodağının azacıq qaçması onu sanki bir bilik yiyəsinə, sirr dağarcığına döndərir. Eləcə də «Küləyə qarşı gedən» tablosundakı kişi obrazı. Bir məkandan digər məkana nə isə aparırmış kimi daxilində pərsəngi var. Onun küləyə sinə gərib tab gətirməsinin səbəbi də bəlkə bizə məlum olmayan bu bilik pərsəngidi. Ümumiyyətlə, Arzu Rzayevin kompozisiyalarının psixoloji ovqatı bağlı boğçanı xatırladır. Sanki rəssam hər işinin içərisində bir dünya yaradaraq ağzını bağlayıb gedir. Və bu bağlı dünyadan sezilən sirr, azacıq işarə sənə bəs edir ki, əsərə baxdıqca heyrətlənə, mat qalasan.

Klassiklərin fırçasından çıxmış əsəri xatırladan «Gecə gülən adam» kompozisiyasının rəngləri qızılı parlaqlığı ilə sanballı-sağanaqlı baxılır. Rəssamın «Səma həsrəti» əsəri isə sanki insanın yaxını görməyib istədiyini uzaqda, dolanbac yollarda aza-aza axtardığına çatmaq həvəsini ifadə edir. Obraz həsrətini çəkdiyi işığın, aydınlığın onu büsbütün bürüməsinə baxmayaraq, başını qaldırıb göyə baxmaqla bu ziyanı qəlbinə yığa biləcəyi halda inadla qabağındakı bir parça kağıza, yazıya gözünü dirəyib durur. Nəticədə yetişməmiş kal meyvəni xatırladır.

Arzu Rzayevin əsərlərinin obrazları sanki başqa planetdən gəlmiş insanlardı. Onlar Qafqaz dağlarının sərtliyini, bucaq altında parçalanmış möhtəşəmliyini ifadə edirlərmiş kimi monumentallığa malikdir. Eyni zamanda bir uşaq sadəlövhlüyü, təmizliyi ilə baxanı ram edir. Dağ adamlarının dəyanəti, dönməzliyi ilə adamı riqqətləndirir. Rəssam atalı-analı günlərinin ovuntusunu belə onları təsvir etmədən adi interyerlə verməyi bacarır. «Uşaqlıq xatirələri» tablosunda atanın özünü görməsək də asılqandan asılmış şlyapapaltonun evə düşən kölgəsi bəs eləyir ki, kişi zəhmi, ata hənirini duyaq. «Anam ilə səhər» əsərində isə açıq pəncərədən görünən səmanın sakitliyi, rəvanlığı ana nəvazişinin rayihəsini, bu dünyada ilk evimiz olan ana bətninin rahatlığını, ahəngini, etibarlılığını nəzərə çarpdırır.

Ümumiyyətlə, Arzu Rzayevin əsərlərindən aldığın təəssürat sənə uşaqlıq dünyasını xatırladır. O dünyanı ki, onda ağaclar olduğundan böyük idilər, daxilindəkilər o qədər saf, sonsuz idi ki, yerdəkilər də sənə intəhasız, işıqlı görünürdülər. Rəngkarlığı elektrik işığından qabaqkına və elektrik kəşf olunandan sonrakı dövrə ayırmış olsaq Arzu Rzayevin rəngkarlıq tablolarını heç birinə aid etmək olmaz. Çünki Arzu Rzayevin əsərlərindəki işıq sanki bu planetin işığı deyil. Mütləq mövcudluğun işığıdır ki, «Ağdamda axırıncı səhər», «Bəxtiyara həsr olunur», «Tənha» tablolarında olduğu kimi özündə kölgədən çox sirr gizlədir…

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 11 yanvar.-S.14.