Şərqdə ilk demokratik-hüquqi dövlət
Azərbaycan Xalq
Cümhuriyyətinin de-fakto tanınmasından 93 il ötür
1920-ci il yanvarın 11-də
müstəqilliyi tanınan Azərbaycanın rəsmi
nümayəndələri yanvarın 19-da Paris sülh
konfransı Ali Şurasının iclasına dəvət
ediliblər
Şərqdə
ilk demokratik-hüquqi dövlət olan Azərbaycan Xalq
Cümhuriyyəti — dövlətçilik tariximizin ləyaqət
səhifələrindən biridir. Yanvarın 11-də Azərbaycan
Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə
tanınmasından 93 il ötür. Bu tarixdən sonra Azərbaycanın
müstəqil bir dövlət olaraq dünya miqyasında bərabərhüquqlu
yaşaması üçün geniş imkanlar yarandı.
Ancaq bir neçə ay sonra ölkəmiz Rusiya
imperiyasının təməli üzərində qurulmuş
bolşevik Rusiyası tərəfindən amansızcasına
işğal olundu. 1920-ci il yanvarın 11-də Parisdə
Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın
istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə
qərar qəbul etdi. Yanvarın 14-də Azərbaycanda bu hadisə
parlamentdə qeyd edildi. Yanvarın 19-da Azərbaycan və
Gürcüstanın rəsmi nümayəndələri Paris
sülh konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini
tanımaqla onları xarici təcavüzdən qorumaq
üçün öz üzərinə öhdəliklər
götürdü.
I
Dünya Müharibəsinin sonuna yaxın Avropada, habelə
dünyanın başqa bölgələrində, eləcə
də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb
dünyası bir tərəfdən Qafqazda Azərbaycan,
Gürcüstan və Ermənistan kimi dövlətlərin
yaranmasını alqışlayır, digər tərəfdən
də Rusiya imperiyasının caynağından qurtulmuş
dövlətlərin müstəqilliyini tərəddüdlə
qarşılayırdı. Çünki ortada Rusiyanın
imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan
bolşevik Rusiyası var idi. Birinci Dünya Müharibəsindən
məğlubiyyətlə çıxan, ötən
yüzilin əvvəllərindən bəri dəfələrlə
inqilab edərək əldən düşən, daxilində vətəndaş
müharibəsinin birtəhər səngiməyə
başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə,
Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə
yiyələnməyin gərəkliyini gözəl başa
düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda
ötən illər ərzində tərəfdarlarını
yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab
havasının təsiri ilə fanatlıq dərəcəsinə
gəlmişdilər. Professor Qüdrət Əbdülsəlimzadə
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
tarixindəki rolu ilə bağlı bunları bildirir: «Sivil
dövlətçilik prinsiplərinə və atributlarına
— çoxpartiyalı parlamentə, peşəkar siyasətçi
və peşəkarlardan ibarət hökumətə, orduya,
milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə
malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim
Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı
yolların, sərt dönüşlərin, ziddiyyətli,
ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf
prosesinin şərəfli yekunu oldu. Millətlərin
özünüdərk və oyanışı prosesi əvvəlki
nəsillərin maarifçilik ideyaları, yeniləşmək
arzuları, mübarizlik çağırışları,
insan hüquqlarına, onun ləyaqətinə hörmət
göstərilməsi təməlində formalaşır». Q.Əbdülsəlimzadə
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əməllərinin
ürəklərdə daha dərindən kök salması
üçün millli yaddaş tərbiyəsinin, ənənəsinin
gücləndirilməsini arzulayır: «Bir anlıq o mürəkkəb,
ziddiyyətli günlərə qayıdaraq siyasətin
imkanı gerçəkliyə çevirmək
bacarığı — sənəti olduğunu, habelə hökmən
müəyyən güzəştlər müstəvisində
reallaşması zəruriliyini nəzərə alaq».
Məhəmməd
Əmin Rəsulzadə yazırdı: «Zaman ağır, gedəcəyimiz
yol çox tikanlı və əngəllidir. İrəlidə
bir çox müşkülat və maneələri dəxi nəzərə
almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə
çatmaq üçün bir çox fədakarlıq etməli,
səbat göstərilməlidir». Azərbaycan Xalq Cümhuriyyəti
olduqca çətin bir şəraitdə qurulmuşdu.
Gerçək mənada Cümhuriyyətin qurulması,
yaşaması üçün heç bir imkan yox idi.
Cümhuriyyət qurucuları sözün əsil mənasında
hünər göstərdilər. Professor Qüdrət Əbdülsəlimzadə
qeyd edir ki, belə bir çətin şəraitdə Azərbaycan
Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cari və
perspektiv konturları, onun lideri Məhəmməd Əmin Rəsulzadənin
«Fikri, milli və siyasi istiqlalın kökü —
İstiqlaldır» ideyası əsasında
formalaşmışdı. Bu mənada Azərbaycan Xalq
Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını
təşkil edən mülkiyyət-əmlak münasibətlərinin
dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi,
aqrar-torpaq islahatlarına dair müxtəlif variantların
hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye
sahələrinin inkişafına dair xətti, maliyyə-pul-alyuta
siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri,
ölkənin xarici iqtisadi-ticarət əlaqələrini
genişləndirməsi səyləri, iqisadiyyatın dövlət
tənzimlənməsi istiqamətindəki addımları, əhalinn
güzəranını yaxşılaşdırmaq, təhsil,
səhiyyə, habelə digər sahələrdəki fədakar
və düşünülmüş fəaliyyəti əsil
Milli Hökumət qayğılarının danılmaz ifadəsi
idi.
Milli
Hökumətin dünya təsərrüfat həyatının
acılı-şirinli təcrübəsinə əsaslanaraq
konkret Azərbaycan reallıqlarını, eyni zamanda
daxili-xarici təsir qüvvələrini nəzərə
almağa çalışan iqtisadi tədbirlərinin həyata
keçirilməsi gedişində təkamül yolunun
seçilməsi, şübhəsiz, uzaqgörənlik və
müdriklik kimi qiymətləndirilməlidir. Məhəmməd
Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində
hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət
daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə
dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər
yolu ilə irəliləmək siyasətini
aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd
cəmiyyətin bütün vətəndaşlarının bərabər
yaşamaq hüququ əsasında qurulması idi: «Burada bir
sinif digər sinfə hakim deyildi. İnsan nə varına
görə varlı, nə də yoxsulluğuna görə
haqsız sayılırdı… Azərbaycan zehniyyətincə,
dünyanın əvvəlindən bəri insanların
yaşayış və iqtisadiyyatında
qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə
mülkiyyəti və bununla bağlı insanlar arasında
ortaya çıxan səfaləti aradan götürmək
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət
çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi. Torpaq və
ondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə
bu qənaətdə idi ki, hər bir əkinçi
özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə
yanaşı «Azərbaycan islahatları geniş torpaqları
«ölü halında» (istifadəsiz) saxlayan torpaq sahiblərinin
mülkiyyət hüququnu rədd edirdi». Belə bir yol, konkret
reallıqları nəzərə alan uzaqgörən iqtisadi
siyasətin nəticəsi idi».
Mürəkkəb
daxili və ziddiyyətli xarici vəziyyət şəraitində
fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti
ölkənin təsərrüfat həyatının müxtəlif
sahələrinin bərpa olunub canlanması, habelə bu təməldə
əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına, onun sosial
qayğılarının həlinə
çalışmışdı. Bütün çətinliklərə
baxmayaraq ilk növbədə milli iqtisadiyyatın
aparıcı sahəsi sayılan neft sənayesi böhran vəziyyətindən
çıxarılaraq onun məhsullarının qonşu
ölkələrə və dünya bazarına ixacına nail
olunmuşdu. Azərbaycan parlamentində neft istehsalı,
satışı, onun üzərində nəzarətlə
bağlı dəfələrlə hökumətin məlumatları
dinlənilmiş, bu sahənin işinin
yaxşılaşdırımasına dair bir sıra qanunverici
sənədlər qəbul edilmişdi. 1918-ci ilin sonlarında
Bakı-Batum neft kəmərinin bərpa olunub işə
salınması Milli Hökumətin daxili vəziyyətinin
sabitləşməsi və beynəlxalq aləmdə
nüfuzunun möhkəmlənməsində böyük rol
oynamışdı. Təşkil olunub fəaliyyət göstərdiyi
23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil
dövlətin atributlarından sayılan milli pul vahidini tədavülə
buraxmış, Azərbaycan Dövlət Bankı
yaradılmış, maliyyə-kredit və vergi-gömrük
sistemi formalaşdırılmış, Xəzər gəmiçiliyinin
inkişafına ciddi qayğı göstərilmiş,
Bakı-Culfa dəmir yolu xəttinin inşası başa
çatdırılmış, Kür çayı üzərindən
yeni körpü salınmış, ölkə ərazisində
nəqliyyat rabitə, poçt-teleqraf, telefon əlaqələri
nizama salınmış, xarici dövlətlərdə
yüksək ixtisaslı milli kadrların hazırlanması
işlərinə başlanmış, yeni məktəblər
açılmış, yaşlı əhalinin
savadsızlığını aradan qaldırmaq
üçün xüsusi gecə kursları təşkil
olunmuş, ilk ali təhsil ocağı sayılan Bakı
Dövlət Universiteti fəaliyyətə
başlamışdı».
Məhəmməd
Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində
hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət
daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə
dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər
yolu ilə irəliləmək siyasətini
aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd
cəmiyyətin bütün vətəndaşlarının bərabər
yaşamaq hüququ əsasında qurulması idi: «Burada bir
sinif digər sinfə hakim deyildi. İnsan nə varına
görə varlı, nə də yoxsulluğuna görə
haqsız sayılırdı… Azərbaycan zehniyyətincə,
dünyanın əvvəlindən bəri insanların
yaşayış və iqtisadiyyatında
qarşılaşdıqları ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə
mülkiyyəti və bununla bağlı insanlar arasında
ortaya çıxan səfaləti aradan götürmək
mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət
çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi».
Q.Əbdülsəlimzadə
daha sonra deyir: «Şərqin astanasında müstəqillik,
demokratik dəyişikliklər, Azərbaycançılıq,
müasirləşmə ideyalarının carçısı
və onun əməli nümunəsi kimi yaradılmış
Azərbaycan Xalq Cümhuriyyəti öz gərgin, səmərəli
fəaliyyəti ilə əsil Milli Hökumət olduğunu
sübut etdi. İllər keçəcək, qərinələr
dolanacaq, yüzillər ötəcək, o unudulmaz günlərin,
onun iştirakçılarının liderlərinin parlaq
şöhrəti solmayacaq. Tarixi hadisələrin və siyasi
xadimlərin, habelə əsil şəxsiyyətlərin dəyəri,
onların ümumiyyətlə, nə etdikləri ilə deyil,
ilk növbədə əvvəlki nəsillərə, öz
sələflərinə nisbətən yeni nələr etdikləri,
qurduqları, yaratdıqları ilə müqayisədə
ölçülüb qiymətləndirilir. Bu mənada Azərbaycan
cəmiyyətinin milli-azadlıq hərəkatını
canlandıran, proseslərə yeni nəfəs gətirən,
onun önündə gedən, idarə edən, millətinin
istiqlalı yolunda çalışan, «İstiqlal Bəyannaməsi»ni
elan edən, Hökumət quran, parlament yaradan, müstəqilliyini
beynəlxalq aləmdə tanıdan Vətən
övladlarının adları, xidmətləri
unudulmazdır».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 11 yanvar.-
S.11.