Rəngkar Zakir Hüseynovun portret cizgiləri
Öncə deyək ki, yaradıcı şəxsiyyətlər iç dünyasında başqalarına görünə bilməyən çeşidli insani keyfiyyətlərini istəməsələr belə yaratdıqlarında dolayısı ifadə edirlər. Bunu çox vaxt özləri heç görmürlər də. Yalnız arif adamlar bu məhrəmanə «işarə və əlamətləri» duya, görə və dəyərləndirə bilirlər. Yəqin ki, böyük Səttar Bəhlulzadənin tabloları başqalarına ancaq nikbin ovqat bəxş edən «sevinc ensiklopediyası» idi desək, yanılmarıq. Bunu söyləməyə ən azı əsərlərinin işıqlı və duyğulandırıcı rəng çalarları məcbur edir. Amma hələ sovet dönəmində, Səttar Bəhlulzadənin vəfatından sonra Moskvada onun bəzi əsərlərini ilk dəfə görən bir xarici mütəxəssis rəssamın yaradıcılığını küll halında görmək üçün Bakıya gəlir və R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində onun ecazkar tabloları ilə tanış olur və onlardan çox fərqli bir nəticə çıxarır. Azərbaycanlı rəssamın böyük sənət dünyasını özü üçün yenicə kəşf edən və Səttarın ömür yolundan, həyat tərzindən xəbərsiz olan həmin xarici qonaq baş tutan bu qısa tanışlıqdan sonra rəssama yönəli «Bu adam necə də yalqız olub!» sözlərini dilə gətirir. Bu əlbəttə ki, dahi fırça ustasının yüksək sənətkarlıqla kompozisiyalarına və onu gerçəkləşdirən rənglərə hopdurduğu insan sirrinə arifanə baxışın nəticəsiydi. Görməyi bacarsaq, çoxsaylı sirrə bələnmiş bədii-estetik və insani məziyyətləri başqa rəssamların əsərlərində də görə və aşkarlaya bilərik. Bu mənada Səttarın həmkəndlisi, istedadlı rəngkar Zakir Hüseynovun (1961-2010) yaradıcılığı da istisna deyil. Dediklərimizi onun qəfil bitmiş acılı-şirinli ömür yoluna yönəltsək, onda insan xarakterinin, daha dəqiq desək, yaradıcının daha neçə-neçə fərqli yaşantılara bələndiyinə də şahidlik edə bilərik…
Taleyinə yazılmış 49 illik ömür payında evlənməyə imkan tapmayan Zakir Hüseynovun əqidə dostları ilə, 77 yaşlı anası, bacısı Təranə və qardaşı Tahirlə söhbətlərimizdən bu qənaətə gəldik ki, o, bütün ömrü boyu zahirən sakit və təmkinli görünsə də bütünlükdə qeyri-adi dərəcədə prinsipial imiş. Bəzən o, barışmazlığını təkcə sənətdə yox, sosial və məişət məsələlərində də göstərirdi. Çox yaxın dostu olan Soltan ( o, da ötən ilin sonlarında vəfat edib) bizimlə söhbətində xatırlayırdı ki, Bakıda fövqəladə vəziyyət şəraiti hökm sürəndə Zakir özünün metronun girişində yoxlanılmasına etiraz əlaməti olaraq ondan sonra da bu yeraltı nəqliyyata minməkdən ümumiyyətlə, imtina etmişdi, çoxdan fövqəladə vəziyyət ləğv olunsa da…
Eşidəndə ki, yaxınlarından biri ya xəstədir, ya da nəyəsə ehtiyacı var, günün hansı vaxtı olmasına baxmayaraq o adama dəyər, onu razı salar və yalnız bundan sonra evə qayıdardı. Nəyəsə ehtiyacı olana nə ilisə kömək edəndə özünə rahatlıq tapardı. Bu adam elə bil ki, özünün yox, başqalarının dərdinə-sərinə yanmaq üçün dünyaya gəlmişdi. «Məndən ötdü, qardaşıma dəydi» deyimi onun üçün yad, qəbuledilməz idi. Çox vaxt tanımadığı adamlara belə elə münasibət göstərirdi ki, təəccüblənməyə bilmirdin. Anası Zəhra xala danışır ki, bir dəfə o, əsərləri alınandan sonra axşamüstü yaxşı bazarlıq eləyib evə dönmüşdü. Gətirdiklərini boşaldanda meyvə-tərəvəzin arasından bir neçə dəstə soluxmuş göyərti çıxdı. Onun bazardan hər şeyin yaxşısını aldığına bələd olduğumuzdan bu cür soluxmuş göyərtiləri niyə aldığını ondan soruşdum. Zakirin cavabı şəxsən mənim üçün çox gözlənilməz oldu: «Ay mə (o, anasına bu cür müraciət edərmiş), bunları bazarda bir qoca arvad satırdı. Özü duymasa da, axşam tərəfinə qədər yeyiləsi halı qalmayam o göyərtilərin alınacağına heç bir ümid yeri yox idi. Onları aldım ki, qoy sevinsin, rahat evinə getsin. Atarsan toyuq-cücənin qabağına…»
Zəhra ana Zakirin atası ölüm yatağında olarkən çox narahat hisslər keçirdiyindən də danışdı. Bu məqamda Zakiri həyəcanlandıran atasının ağır vəziyyəti ilə yanaşı, həm də yası «nə ilə» yola vermək idi. Çünki evdə bu qaçılmaz mərasim üçün lazımı qədər vəsait yox idi. Belə dəqiqələrdə tələsik şəhərə yola düşən Zakir axşama yaxın evə zəng edib bir-neçə iri həcmli əsərini çarəsizlikdən cəmisi min manata satdığını söyləmiş, özünü də, elə evdəkiləri də bir qədər rahat etmişdi…
Bu gün iyirmi illik yaradıcılığını iqtisadi baxımdan təhlil etməli olsaq, onda deməliyik ki, onun yaratdıqlarının bəhrəsini daha çox ömrünün son beş-altı ilində gördü. Bir vaxtlar Zakirin «Zaporejets» maşını almasını indi hamı şirin xatirə kimi yada salır, çoxları isə bunu heç xatirinə belə gətirə bilmir. Sonralar daha bahalı avtomobil almağa imkanı olsa da, nədənsə bunu etmədi. Bəlkə də onun avtomobil alması Zakirin bəzi hallarda kimlərəsə öz peşə seçimində yanılmadığını, rəssamlığın yalnız əzab-əziyyət məkanı olmadığına inandırmaq istəyinin göstəricisi idi…
Tanınmış fırça ustası Kamal Əhmədin qəfil vəfatından sonra isə qismətinə onun emalatxanasında çalışmaq düşdü. Əgər o bu «qismətin» içində Kamal kimi ömrünün yarımçıq qırılacağı olduğunu bilsəydi, bəlkə də özgə qoltuğuna sığınmağa, elə kirayəşin qalmağa üstünlük verərdi. Taleyin işini, həlledici hökmün nə vaxt veriləcəyini heç kəs bilmir, təbii ki, yaradandan savayı… Odur ki, biz Zakirin taleyinə yazılmış 49 illik ömür payını «yarımçıq ömür» hesab etməkdə bəlkə də bir qədər haqsızıq. Bizcə, Zakir Hüseynov kimlərəsə qısa görünəcək bu ömür kəsiyində sənətdə öz sözünü deyə bilmişdi və çox rahatlıqla gedə bilərdi. Çünki, özünə inanan bir rəssam kimi o, yaratdıqlarından, sənətdə qoyub getdiyi «bədii iz»dən nigaran deyildi…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 11 yanvar.-
S.14.