Dünya epik mədəniyyətinin
«Manas» abidəsi
Moskvada beynəlxalq elmi
konfrans keçirilib
Şair,
araşdırmaçı, fəlsəfə doktoru Adil Cəmil
bu yaxınlarda Moskva şəhərində qırğız
türklərinin möhtəşəm «Manas» eposuna həsr
olunmuş beynəlxalq elmi konfransda iştirak edib. Bu haqda məlumat
verən araşdırmaçı bildirib ki, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin, həmin universitetin
Asiya və Afrika ölkələri İnstitutunun, M.Qorki
adına Dünya Ədəbiyyatı İnstitutunun,
Qırğızıstan Respublikasının Rusiya Federasiyasındakı
səfirliyinin təşəbbüsü və təşkilatçılığı
ilə sözügedən universitetin tarixi binasında düzənlənən
uluslararası tədbirə 60-a yaxın eposşünas alim
qatılıb: «Türkiyə, Qırğızıstan,
Qazaxıstan, Tatarıstan, Monqolustan, Ukrayna, Osetiya və s.
ölkələrdən bu tədbirə dəvət alan alimləri
eyni mövzu birləşdirsə də «Manas»a yanaşmalar
müxtəlif idi. Konfrans MDU-nun Asiya və Afrika ölkələri
İnstitutunun direktoru, professor M.S.Meyerin giriş sözü ilə
öz işinə başladı. Meyer qırğız
türklərinə məxsus «Manas» eposunun ümumbəşəri
dəyərinə, bu dəyəri şərtləndirən
humanizm ideallarına çağdaş prizmadan baxdı,
ömrünün müəyyən hissəsini bu eposun tədqiqinə,
tərcüməsinə və nəşrinə həsr
etmiş akademik V.Radlovun da manasşünaslıqdakı əvəzsiz
xidmətlərini xatırlatdı. O, V.Rodlovun eposu ilk dəfə
yazıya aldığı vaxtdan 150 il ötdüyünü
söyləyərək keçirilən bu konfransın əslində
əsr yarımlıq yazılı bir təmələ
söykəndiyini vurğuladı. Əlavə etdi ki, akademikin
«Şimali türk dillərinin qrammatikası», «Monqolustanda qədim
türk kitabələri», «Türk tayfalarının xalq ədəbiyyatından
nümunələr», «Türk dilinin lüğəti» kimi
monumental əsərləri Türk Dünyasının zəngin
və etibarlı qaynaqlarından birinə çevrilib.
Unutmayaq ki, Orxon-Yenisev abidələrinin də mətnini ilk dəfə
oxuyan Radlov olub. İlk dəfə «Manas» eposunun 3
bölümünü bütövlükdə yazıya
alıb onun elmi şərhini verən də Radlovdur. «Manas»
eposu ilə tanışlığa gəlincə M.S.Meyer 6
yaşında bu dastanı oxuduğunu söylədi və əsərdəki
heyratamiz səhnələrin onun uşaq yaddaşında
buraxdığı izlərdən danışdı».
Qırğızıstanın
təhsil və elm naziri Kanat Sadıkov
iştirakçılara — «Manas» eposu ilə bağlı tədqiqatların
müəlliflərinə, manasşünas alimlərə
öz xalqı və dövləti adından səmimi minnətdarlığını
bildirib: «Nazir qırğız türklərinin tarixi taleyinə
güzgü tutan bu eposu ümumtürk müstəvisində dəyərləndirdi.
O, xüsusi vurğuladı ki, «Manas» eposunda millilikdən bəşəriliyə
yüksələn bir ali dünyaduyumu var, ona görə də
dünyanın bütün xalqları bu əsəri sevə-sevə
oxuyur. Qırğızıstan Milli Universitetinin professoru
Şaylobubu Akmoldoyeva «Manas» eposunun bütün türk kökənli
xalqlar üçün eyni dərəcədə sevimli və
maraqlı olduğunu qeyd etdi. Alim eposda adı keçən
türk tayfa və qəbilələrinə də elmi
münasibətini bildirərək belə qənaətə gəldi
ki, «Manas» türk mədəniyyətinin simvoludur».
Professor Şakir İbrayev (Qazaxıstan), f.e.d. Alla Əliyeva (Moskva), f.d. Adil Cəmil (Azərbaycan), f.d. Fatih İyiyol (Türkiyə) və başqaları məruzələrlə çıxış edərək «Manas» eposuna filoloji, linqvistik, fəlsəfi, tarixi yöndən yanaşmalarını elmi auditoriyanın diqqətinə çatdırıblar: «Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev türk qəhrəmanlıq eposlarına məxsus epizmdən söhbət açdığı halda Tatarıstan EA-nın elmi əməkdaşı İlseyar Zakirova «Manas» eposundakı ailə modelindən danışaraq maraqlı mülahizələri ilə diqqəti cəlb etdi. Ulu manasçılar nəslinin davamçılarından olan Talaantalı Bakçıyev isə «Manas»dan bir parçanı ifa etdi. Eposdakı döyüş, qələbə, məğlubiyyət, zəfər, bir sözlə, dastanın bütün ruhu T.Bakçıyevin səsi, sözü və jestləri ilə dinləyicilərin gözü önündə sərgiləndi. Dünya Ədəbiyyatı İnstitutunun elmi katibi Alla Əliyeva öz məruzəsində «Manas» eposunun tədqiqi və nəşri tarixinə nəzər salmaqla yanaşı dastanla bağlı mətnşünaslıq problemlərinə də aydınlıq gətirdi».
Adil Cəmil türk dastançılıq ənənəsi fonunda «Manas» və «Dədə Qorqud» paralellərini, bu eposlar arasındakı geneoloji və tipoloji doğmalığı konkret misallar əsasında elmi sübut kimi nəzərə çatdırıb. Türkiyə Cümhuriyyətinin Süleyman şah Universitetindən gəlmiş Fatih İyiyol «Manas» eposunun öz ölkəsindəki tədqiqi, nəşri və təbliği problemlərinə toxunub. O, bu eposu ilk dəfə Türkiyə türkcəsinə çevirib yayınlayan Abdulqadir İnandan tutmuş çağdaş manasşünaslara — Əminə Gürsoy, Naciyə Yıldıza kimi hər kəsin bu yöndə əməyini yüksək dəyərləndirib. Dünya Ədəbiyyatı İnstitutunun elmi əməkdaşı Tənzilə Xacıyevanın «Ümumqafqaz «Nartiadası» və «Manas», Qırğızıstan Hüquq Akademiyası fəlsəfə kafedrasının müdiri Savetbek Abdrasulovun «»Manas» eposu və qırğız hüququ» mövzusuda məruzələri də dinlənilib.
MDU-nun rektoru, akademik Viktor Sadovniç dünya xalqlarının epik mədəniyyətindən danışarkən «Manas» eposunun öndə getdiyini vurğulayıb, bütün şifahi örnəklərimizdə xalqın ruhu ilə bərabər onun tarixinin də yaşadığını bildirib. Qeyd edib ki, artıq Rusiya Federasiyasının Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərində bu eposun öyrənilməsinə dair xüsusi qərar qəbul edib. Qırğızıstan Prezidenti A.Atambayev konfrans iştirakçılarını səmimiyyətlə salamlayaraq «Ulu Manasın ölməz ruhu dayağınız olsun» alqışı ilə çıxışına başlayıb, dünya xalqlarının yaratdığı «İlliada», «Mahabharata», «Alpamış», «Dədə Qorqud» kimi epik nümunələrlə «Manas» dastanı arasındakı genetik əlaqələrə bəşəri prizmadan baxıb, bu məqamda «Manas» eposunda türk kökənli xalqların digər xalqlara humanist münasibətini də konkret fakt və arqumentlər vasitəsilə nəzərə çatdırıb, vurğulayıb ki, «Manas» təkcə bir cəngavərlik dastanı deyil, həm də sülh, barış epopeyasıdır. Lakin sülhü, əminamanlığı istəyən məmləkət, yaxud xalq öncə hərbə hazır olmalıdır.
6 yaşlı manasçı
Umot Doolotova «Manas» eposundan böyük bir parçanı ifa edib.
Adil Cəmil daha sonra bildirir ki, dastandan parçanı
şövqlə ifa edən bu uşağın
ekstaz vəziyyətinə
yüksəlməsi salondakıları
heyrətə gətirib:
«Ulu manasçılar
sülaləsinin ən
gənc üzvü bu dastanın zaman-zaman, nəsil-nəsil
yaşayacağına, dillərdən
düşməyəcəyinə bir daha əminlik
yaratdı. Konfransın gedişində Qırğızıstanın
xalq yazıçısı,
kinossenarist və dramaturq Mar Bayciyevin çıxışı da
maraqlı oldu. Bu həmin Mar Bayciyevdir
ki, atası Taşım Bayciyev bütün ömrünü
«Manas» eposunun təbliğinə və tədrisinə həsr edib, mövqeyinə görə repressiyaya məruz qalıb. M.Bayciyev həm də «Manas» eposunu rus dilinə poetik tərcümə edən ilk müəllifidir.
Onun eposdan səhnələşdirdiyi
(rus dilində) «Almambetlə Manasın ilk görüşü» epizodu
videokadrlar vasitəsilə
konfrans salonunda nümayiş etdirilərək
iştirakçılar tərəfindən
hərarətlə qarşılandı.
Dünyanın tanınmış eposşünaslarının bir
araya gəldiyi bu konfransda yeni,
indiyə qədər
bəlli olmayan elmi yanaşmalar və konsepsiyalar meydana çıxdı.
«»Manas»ın tərcümə
problemləri», «Manas» xarici alimlərin tədqiqatlarında», «»Canqar»
və «Manas» paralelləri», «Müasir dünyada manasçı fenomeni», «»Manas»da türk dünyaduyumunun özəlliyi», «»Manas»da sosial məsuliyyət», «»Manas»da noqay motivləri» və s. bu kimi mövzularda
məruzə edən alimlər «Manas» eposuna və ümumiyyətlə, epik mədəniyyətə Şərq
və Qərb sivilizasiyası konstektindən
baxdıqlarına görə
tamamilə yeni mülahizələr və
elmi nəticələr
əldə olundu».
İki gün davam edən uluslararası «Manas» konfransı işini uğurla başa çatdırıb:
«Türk oğlu Ər Manasın ruhu ətrafında birləşən konfrans iştirakçılarını birləşdirən bir duyğu vardı — kökümüzdən qaynaqlanan
türklük duyğusu.
Bu əhvalla görüşüb
ayrıldıq, üz
tutdu hərə öz məmləkətinə.
Gedən
qonaqları gələndə
qarşılayanlar yola
salırdı. Məni
də həmyerlimiz, bu tədbirin düzənlənməsində təşkilatçılıq edənlərdən biri — tələbə yoldaşım,
tədqiqatçı-jurnalist, MDU-nun Asiya və Afrika
Ölkələri İnstitutunun
əməkdaşı Cəfər
Sadıq yola salırdı, həm də həmişəki kimi gülə-gülə…»
Uğur
Xalq Cəbhəsi.-
2013.- 12 yanvar.- S.14.