105 yaşlı «Leyli və
Məcnun» operası
Bu əsəri yazanda
Üzeyir Hacıbəyli 22 yaşında idi
Yanvarın
12-də «Leyli və Məcnun» operasının səhnələşdirilməsindən
105 il ötdü. Bu, Azərbaycan mədəniyyətinin
tarixində ayrıca bir səhifədir. Azərbaycan
professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin
gördüyü işlər son dərəcə heyrətamizdir.
Azərbaycanda ilk milli opera olan «Leyli və Məcnun»un tarixi
maraqlı hadisələrlə zəngindir. Üzeyir Hacıbəylinin
ev-muzeyində vaxtilə sənələşdirilən əsərlərinin,
o cümlədən də «Leyli və Məcnun»un
tamaşalarından nadir fotoşəkillər, afişalar, digən
sənədlər nümayiş etdirilir. Bu soraqlar Azərbaycan
mədəniyyətinin yaşarılığının,
davamlı, bənzərsiz inkişafının sübutudur.
«Leyli və Məcnun»u yazanda Üzeyir Hacıbəyli 22
yaşında idi. Fitri bəstəkarlığı, üstəlik
də qələmkarlığı ona həyatın
fövqünə qalxmaq, xəlqi taleyi ifadə etmək
qüdrəti vermişdi. Yaxın tariximizdə Leyli və Məcnun
rollarında tanınmış sənətkarlar Zeynəb
Xanlarova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə
İsmayılova, Alim Qasımov, Qəndab Quliyeva, Səfa Qəhrəmanov,
Rəsmiyyə Sadıqova, Raziyə Şirinova, Aygün
Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət
Teymurova, Mənsum İbrahimov və başqaları
çıxış ediblər.
Üzeyir
bəyin Azərbaycan Xalq Cümhuriyətinin möhtəşəm
himnini yazması, o dövrdə Cümhuriyyətin
yaşaması üçün xeyli gərəkli sahələrdə
çalışması onun daim millətimiz üçün
yaşamasından xəbər verir. Üzeyir Hacıbəylinin
gördüyü işlərin qətiyyən inkar edilməməsi
şərtilə indi də yeni-yeni nəfəslərin meydana
çıxmasına, yeni-yeni sənət zirvələrinin
yaranmasına böyük gərək var. Bu, hər şeydən
əvvəl o deməkdir ki, böyük mənada yeni
yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm
sənətkarlar yenə də özünəməxsus şəkildə
fərdiliklərini yaratmalı və yaddaşlarda bu cür iz
qoymalıdırlar.
105
il qabaq Bakıda səhnələşdirilən «Leyli və Məcnun»
operasının ikinci tamaşasından etibarən qadın
rolunun ifaçısı kimi tamaşaçıların diqqətini
cəlb edən, az sonra «Əhməd Ağdamski» təxəllüsü
ilə özünü ictimaiyyətə təqdim edən Əhməd
Bədəlbəyov haqqında indiki nəsil demək olar,
heç nə bilmir. Əhməd Ağdamskinin Üzeyir
Hacıbəyov və onun qardaşı ilə doğma, ciddi
münasibətləri olub. Ağdamski xalası oğlu
Üzeyir bəydən bir yaş böyük olub. Hələ
19-cu yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev «Məcnun
Leylinin qəbri üstündə» adlı bir məqamı səhnələşdirmişdi.
O zaman bu partiyanı məşhur xanəndə Cabbar
Qaryağdıoğlu oxumuşdu. Üzeyir bəy bu hadisədən
sonra «Leyli və Məcnun» operasını səhnələşdirmək
fikrinə düşdü. Əslində böyük çətinliklər
operanın səhnələşdirilməsi zamanı meydana
çıxır. O zaman camaatın opera haqqında təsəvvürü
belə yox idi. Muğam oxuyan hər hansı bir kəsin
birbaşa səhnəyə çıxarılması
mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə
əvvəlcədən tanıdığı Hüseynqulu
Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar
idi ki, qadınları nəinki səhnəyə, ümumiyyətlə,
teatra qoymazdılar. Belə şəraitdə qadın
rollarını oynamağa bir kəs tapılmırdı.
İmkanlı, intelligent adamların xanımları teatra gələndə
onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə
çəkilirdi ki, kimsə onların sifətini görə
bilməsin. Çox axtardıqdan sonra Leyli roluna bir
çayxana şagirdini tapırlar. Qeyd edək ki, «Leyli və
Məcnun» operasında ilk dəfə Leyli rolunu yaradan Əbdürrəhim
Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən
gəlir, ancaq bundan sonra hədələr başlayır.
Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya
gəlmir, səhnədən birdəfəlik uzaqlaşır.
İkinci tamaşanın aprel ayının 21-də
qoyulması planlaşdırılır. Üzeyir bəyin
yadına düşür ki, «Realni» məktəbdə oxuyan
xalası oğlu Əhməd Bədəlbəyov məlahətli
səsi ilə onları vəziyyətdən çıxara,
Leyli rolunu ifa edə bilər. Üzeyir bəy Əhməd
Ağdamski ilə məsləhətləşir, cidd-cəhdlə
onu inandırır, razılığını alır. Beləliklə
də, 1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin
yazdığı bütün opera və operettalarda qadın
rollarını ilk dəfə və böyük məharətlə
yaradır. «Ər və arvad»da Minnət xanım, «Şeyx Sənan»da
Xumar, «O olmasın, bu olsun»da Gülnaz xanım, «Rüstəm və
Söhrab»da Təhminə, «Əsli və Kərəm»də Əsli,
«Arşın mal alan»da Gülçöhrə, «Leyla və
Harun»da Leyla və başqa rolları yaradır. 1916-cı ildə
Soltan Hacıbəyov «Aşıq Qərib» operasını
yazır. Əhməd Ağdamski burada da rolunun öhdəsindən
məharətlə gəlir.
Professor
Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan
tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli,
son dərəcə əvəzsiz rolundan danışaraq
bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində
baş verən qalmaqallı, köklü dəyişiklər
şəraitində dünyaya gəlib və sanki millətinin
taleyi onun taleyinə çevrilib: «O zamankı Azərbaycanın
ictimai həyatında təzadlar üzərində qurulmuş
qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat
tərzi ənənələrinin yaradılmasına imkan
vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq
dünyasına, islam dininə bağlılığı, digər
tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük
axının olması Bakıda fəhlə sinfinin
yaranması nəticəsində, Azərbaycanda yeni ictimai
münasibətlərin əmələ gəlməsi ilə əlaqədar
idi. Üzeyir Hacıbəyli insanların əsrlər boyu
çəkdiyi acınacaqlı həyat və
çaşqınlığın yaddaşlardan silinməsinə,
soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə
və yaşatmağa çalışırdı, siyasi,
ictimai yolla bacarmadığı addımlarını sənət
əsərləri vasitəsilə həyata keçirirdi. Onun
dahiliyi də bunda idi. Yaratdığı obrazlar, musiqi
parçaları hər bir insanın ürəyinə yol
tapır və doğmalaşırdı. Heç də təsadüfi
deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq
dünyasına vardıqca istər-istəməz vahidlik və
milli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu kənardan
izləyənlər heç də az deyildi. Hələ
sağlığında bunların arasında şüurlu
şəkildə Üzeyir bəyin bütün
yaradıcılığına təcavüz edənlər az
deyildi».
Araşdırmaçının
fikrincə, Üzeyir bəy «Leyli və Məcnun» operası ilə
Azərbaycanın gələcək musiqi dilinin istiqamətini
göstərdi: «Operettaları vasitəsilə tipajlar
yaratdı, millətimizin psixoloji özəyini açdı.
Bununla o, kütlənin şüurunu
formalaşdırmış oldu. Heç təsadüfi deyil
ki, indiyə qədər də «Məşədi İbad»,
«Arşın mal alan» kimi əsərlərdə səsləndirilən
fikirlər xalq arasında zərb-məsələ
çevrilib».
Araşdırmaçı
Cəmilə Həsənovanın fikrincə, Leyli və Məcnun»
operası ilə Azərbaycan professional bəstəkarlıq məktəbinin
əsasını qoyan Üzeyir Hacıbəyli hərtərəfli
istedadını, biliyini, bacarığını onun
inkişafına yönəltmiş və bununla daAzərbaycan
musiqisinin yüksək zirvələr fəth etməsi,
dünya miqyasında tanınması üçün zəmin
hazırlamışdı. Ancaq Azərbaycan musiqisinin əlçatmaz
zirvəsi Üzeyir bəyin öz
yaradıcılığıdır. Onun yaratdığı sənət
incilərinin hər biri musiqimizin şah əsərləridir
desək, yanılmarıq. Həmişə olduğu kimi bu
gün də «Leyli və Məcnun»un tamaşasına hamı
böyük maraqla baxır. Bu, onu göstərir ki, xəlqiliyi
təsdiq edən əsərlər daim yaşayır, heç
vaxt ölmür. Yaradıcılığın əsas şərti
daim təzə qalmaqdır. Bu təzəlikdə həm də
qədimliyin təsdiqi olduğundan o, heç vaxt köhnəlmir.
Azərbaycan tamaşaçısı Üzeyir bəyin
heç bir əsərindən «doydum» deməz. Bu gün
Üzeyir bəyin müxtəlif mövzulu əsərlərindən
təsirlənmələr hədsiz çoxdur.
Teatrlarımız daim orijinal əsərlər meydana
çıxardıqları dərəcədə
tamaşaçı ora meyl edəcək. Ancaq əgər bu
tipli əsərlər hələ yoxdursa, o zaman mümkün
qədər klassik irsdən bəhrələnmək
lazımdır.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 15 yanvar.-
S.14.