Dil siyasəti
Fəxrədin Veysəlli:
«Hər bir vətəndaş ən azı üç
(dövlət, davranış və fundamental dili) dil öyrənməlidir»
Ana dili insanın milli müəyyənliyini, əzəli varlığını, millət olaraq əbədiliyini təsdiq edən əvəzsiz mənəvi sərvətdir. Minillər ötür, imperiyalar, zamançı baxışlar ölür, ancaq ana dili yaşayır. Tarixən başımıza çoxlu faciələr gəlsə də, ana dilimiz ölməyib, itməyib, varlığımızı yaşadıb, təsdiq edib. Ən yetkin sayıla bilən süni dil belə təbii dili, ana dilini əvəz edə bilməz. Bu ideyanın xüsusən Avropamərkəzçilik tərəfindən ortaya atılması dünyanın eyniləşdirilməsi, mərkəzləşdirilməsi, qloballaşdırılması, bu yolla daha yaxşı idarə edilməsi anlamına gəlir. Göründüyü kimi, məsələ kifayət qədər ciddidir. Bəşərilik o zaman mücərrəd olur ki, milliliyin təsdiqinin bəşərilik olduğu unudulur. Dili yaşadan fərdlərdir. Bu mənada milləti yaşatmalı, daim təsdiq etməli olan aydınlarımızın çiyninə böyük yük düşür. AMEA Dilçilik İnstitutunun direktoru, professor Fəxrədin Veysəllinin ölkədəki dil situasiyası və dil siyasəti ilə bağlı qənaətləri maraqlıdır. Onun fikrincə, respublikamızda dil situasiyasını və buna uyğun elmi cəhətdən əsaclandırılmış dil siyasətini düzgün qurmaq üçün xalqımızın gələcəyinə yönəlikli bir konsepsiya işləyib hazırlamağa ehtiyac var: «Bu konsepsiya həm dilçiliyin və dilöyrənmənin müasir səviyyəsini, həm iqtisadi amili, həm də xalqımızın strateji maraqlarını nəzərə almalıdır. Belə bir konsepsiya o zaman yaxşı qarşılanar və səmərəli olar ki, bugünün tələblərinə cavab versin, həm də yaxın və uzaq gələcəyi hədəf götürsün. Bu konsepsiya həm də Azərbaycan dilinin və ölkəmizdə dilçiliyin inkişafına dair dövlət proqramının müddəalarını ehtiva etməlidir. Bunun üçün ilk növbədə ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəliklərilə ortaya qoyulmalı və yalnız bundan sonra dil siyasətilə bağlı konkret sənəd hazırlanmalıdır».
Alim bu gün müstəqil Azərbaycan Respublikasında dil situasiyasını belə ümumiləşdirir: «Uzun illər ikidillilik şəraitində yaşayan və rus dilinə önəm verən azəbaycanlılar özlərinin əsas ünsiyyət vasitələrindən olan rus dilindən ayrıla bilmirlər. Əvvəla, bu psixoloji-informativ və mənəvi amillərlə izah olun bilər. Həmişə rusdilli informasiya məkanında olmağa vərdiş etmiş adamlar asanlıqla öz vərdişlərindən imtina edə bilmirlər. Rus dili və ədəbiyyatı, rus mənəviyyatı ruhunda böyüyən adamlar bu ənənənin təsir dairəsindən çıxa bilmirlər, bütün davranışlarını rusca kökləməyə daha az enerji sərf etməklə nail olurlar. Təsəvvür edək ki, sabitləşmiş dil situasiyasından üz çevirib yenisinə alışmaq nə qədər enerji və vaxt tələb edər. Elə bu səbəbdəndir ki, respublikamızın paytaxt əhalisinin xeyli hissəsi, xüsusilə həmişə ruslara rəğbəti olan ailələr, eyni zamanda respublikamızın iri şəhərlərində keçmiş sovet, partiya və komsomol nomenklaturasının yetişdirmələri bu gün də rusca oxuyur, rusca düşünür və bunu da özlərinə şərəf bilirlər. Digər tərəfdən, imperiya dağıldısa da, onun güclü varisi öz ədası və ambisiyaları ilə qalmaqdadır. Bütün bunlar bizdə rusdillilərin hələ də dil stuasiyasının formalaşmasında mühüm rol oynamalarını təsdiqləyən amillərdir. Qlobal dünyamızda bütün sahələrdə olduğu kimi, dil situasiyasında da amerikan-ingilis düşüncə tərzi və ingilis dili mühüm ünsiyyət vasitəsinə çevrilir. Bu meyil özünü gənclər arasında daha çox büruzə verir. Dünya miqyasına çıxmaq meyli, müasir sivilizasiyaya qovuşmaq, dünya iqtisadi və mədəni bazarında yer tutmaq istəyən gənclərimiz ingilis dilinə daha çox maraq göstərir, bütün güclərini sərf edərək bu dili öyrənib öz gələcək həyatlarını təmin etməyə can atırlar. Dünya əmək bazarında özlərinə bu dillə yer tuta və bu yolla da karyeralarını qura biləcəklərinə əminlik onların bu sahədə daha qətiyyətli addımlar atmalarını şərtləndirir.
Müstəqillik illərinin əvvəllərində sərhədlərin açılması və tarixən mənəvi və qan bağlılığımız əhalimizin böyük əksəriyyətində Türkiyəyə meyli motivləşdirdi və ziyalılarımızın böyük qismi dərhal bundan yararlanmağa başladı. Gənclərimiz də bu fürsətdən kifayət qədər yararlandı. Dilimizə xeyli türk sözləri axıb gəldi, televiziya və radioda hətta türk dilinin intonasiyası və vurğusu tez-tez eşidilməyə başladı. Bu gün bu meyil bir qədər azalsa da, türk dilinin öz dilimizə qarışaraq işlənməsi adi hal alıb.
Dil situasiyasının
bir istiqaməti də ərəb dilidir. Dil situasiyasına
təsir edən digər amil İran və onun fars
dilidir. Son dərəcə
həssas olan odur ki, İranda
bizim 30 milyona yaxın can bir, dil bir qardaşlarımız
yaşayır. Onlarla ünsiyyət
bizim üçün
həmişə əhəmiyyətli
olub. Lakin fars şovinizmi
bizə öz ideologiyası prizmasından
yanaşıb və öz soydaşlarımızla
ana dilimizdə ünsiyyətə qısqanıb,
nəticədə biz də
ya birbaşa, ya da dolayısı
ilə fars dilinin təsirinə məruz qalmışıq.
Hətta
İranın Azərbaycandakı
səfiri azərbaycanlı
olsa belə, biz rəsmi görüşlərdə
onun farsca danışdığının şahidi olmuşuq.
Bütün bu sadaladıqlarımızdan
kənarda qalan dil mühiti bizim doğma Azərbaycan türkcəsidir. Bu gün KİV-də, radio və televiziyada, parlamentdə səslənən
dil bizim əzəmətli Azərbaycan
dilimizdir. Bölgələrimizdəki dil ölməz
ana dilimizdir. Öz şirinliyi, saflığı
və zənginliyinə
görə bu dil dünyanın bir çox dillərilə bir sırada addımlayır.
Onun qorunması üçün
dövlətimiz öz
missiyasını layiqincə
yerinə yetirir».
Respublikada dil siyasəti haqqında qənaətlərini
bildirən alim dil siyasəti deyəndə ölkəmizdə
Azərbaycan dilinin milli etniklərin dillərinə və xarici dillərə münasibətinin qanun şəklində nizamlanmasını
nəzərdə tutur:
«Məlumdur ki, Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması ayrıca maddə ilə (73) təsbit olunub. Bu o deməkdir
ki, respublikamızda kargüzarlıq, təhsil,
qanunvericilik, ticari, mədəni və s. fəaliyyətlərimiz Azərbaycan
dilində olmalıdır.
Ancaq eyni zamanda biz bilirik ki, konkret
fəaliyyət sahələrində
başqa dillərlə
də rastlaşmalı
oluruq. Belə olduqda istər-istəməz
bir sualla rastlaşırıq. Hər bir
Azərbaycan vətəndaşı
praktik olaraq neçə dil bilməlidir? Bu suala
biz hələ bir neçə il
bundan öncə cavab vermişik. Aşağıda həmin fikirləri
bir qədər yığcam şəkildə
belə şərh edərdik. Dövlət
dili: Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir və bu dövlətin ərazisində bu dil ünsiyyət vasitəsidir. Hətta xarici qonaqlar
burada bu dildə danışmağa
çalışmalıdırlar. Düzdür, biz dil və din baxımından
tolerant xalqıq, ancaq
buna baxmayaraq qonaqlarımızla ünsiyyətə
öz dilimizdə can atmalıyıq. Bunu bizdən Konstitusiyamız
tələb edir.
Davranış dili: etniklər, sərhəd zonasında yaşayanlar Azərbaycan dilindən davranış dili kimi istifadə edə bilərlər. Borçalı mahalında yaşayan
azərbaycanlıların dövlət
dili gürcü dilidir, orada Azərbaycan dili onların ana dili olsa da,
ünsiyyətdə bu
dil onlar üçün davranış
dili kimi müəyyənləşdirilə bilər. Azərbaycan ərazisində yaşayan
bütün etniklər
üçün Azərbaycan
dili həm dövlət dilidir, həm də müxtəlif azlıqların
nümayəndələri öz
aralarında Azərbaycan
dilindən davranış
dili kimi istifadə edirlər.
Fundamental
dil: respublikamızda
fundamental dil orta ümumtəhsil məktəblərinin
5-ci sinfindən müəyyən
proqram və dərslik əsasında tədris olunur. Ona görə də bu dili idarəolunmayan
ana dilindən fərqli olaraq idarəolunan dil adlandırmaq olar. Bu,
tanınmış xarici
dillərdən biri ola bilər.
Təəssüf ki, bizdə
bu, son illərdə ingilis dili istiqamətində
daha geniş yayılıb.
Ünsiyyət dili: indi vətəndaşlarımız bir xarici dillə
dünyaya çıxa
bilmirlər. Düzdür, indi hər
yerdə ingilis dili bu funksiyanı
yerinə yetirə bilir. Ancaq biz Rusiyada və
ya Fransada olanda rus və
ya fransız dilində istifadə etsək, bu çox yaxşı qarşılanar. Həmin bu
dili biz ünsiyyət
dili adlandırırıq.
Araşdırma və ya arama dili: Azərbaycan
vətəndaşı öz
dar ixtisası ilə bağlı hər hansı bir dil öyrənmək
istəyirsə, o, yazılı
abidələrin və
ya qaynaqların hifz olunduğu dili öyrənməlidir.
Məsələn, şumerlərin, gürcülərin, qədim
türk dilini və s. öyrəniriksə,
bunu araşdırma dili adlandırmaq olar. F.Dits oğuzların möhtəşəm
abdəsi olan «Kitabi Dədə Qorqud» dastanını oxuyub alman dilinə
tərcümə etmək
üçün Azərbaycan
türkcəsini araşdırma
dili kimi öyrənmişdi. Beləliklə, respublikada dil situasiyasını təhlil
edib öyrənəndən
sonra dil siyasətini də müəyyənləşdirə bilərik.
Respublikamızın hər bir vətəndaşı
ən azı üç (dövlət,
davranış və
fundamental dili) dil öyrənməlidir. Qarşıda duran məqsəddən asılı olaraq biz maksimim beş
dil bilməliyik: dövlət, davranış,
fundamental, ünsiyyət və
araşdırma dilləri.
Dil siyasəti layihəsi hazırlanarkən burada söylənilən fikirlərlə
bağlı digər fikirləri də müzakirə etmək olar».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 16 yanvar.- S.14.