Bu dünyada izi qalmaq

 

1941-ci ildə dünyanı lərzəyə salanmisli görünməmiş müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın sahibsiz qaldığını görən xeyirxah insanlar onları keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil vermişdilər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər. Burada qızların və oğlanların xidmətində duran tərbiyəçi müəllimlərin hər biri onlara doğma balaları kimi baxırdı.

Cimi kənd məktəbi ilə uşaq evi arasında 50 metrə qədər məsafə vardı. O, bütün regionda hazırlıqlı müəllimlərilə seçilən və yüksək təhsil verən 3-4 öncül məktəbdən biri idi. XX əsrin ortalarından başlayaraq bu məktəbi bitirənlərin əksəriyyəti ali təhsil alıb müxtəlif sahələrdə fəaliyyət göstərməklə nəsillərə örnək olmuşlar. Onlardan 100 nəfərə qədəri alim, yazıçı, jurnalist, publisist, SSRİ Xalq müəllimi, SSRİ Maarif əlaçısı, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, Qırmızı Əmək Bayrağı ordenli maarif xadimi, dövlət qulluqçusu, şərqşünas, Azərbaycanı xaricdə ləyaqətlə təmsil etmiş diplomat, həkim, tərcüməçi olmuşlar. M.Atayev belə bir mühitdə tərbiyə və təhsil alıb böyümüşdür. 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada onun uğurlu çıxışlarının əks-sədası tezliklə qonşu kəndlərə də yayılmışdı.

Yeddiillik kənd məktəbini bitirib 6 km məsafədə yerləşən Qonaqkənd orta məktəbi nəzdindəki internata köçürülənlərdən biriM.Atayev idi. Valideyn himayəsindən məhrum olmuş digər məktəblilər kimi o burada pulsuz yataq yeri, geyim, yemək və məktəb ləvazimatları ilə təmin olunmuşdu. Qonaqkənd orta məktəbi onun ömür kitabına yeni səhifələr yazanda M.Atayev 15 yaşına yenicə girmişdi. Cimi məktəbində olduğu kimi burada da teatra könül vermişdi. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində təhsil rüblərini sevindirici qiymətlərlə başa vurmaqla yanaşı, bir sıra tamaşalarda da müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı.

O, Cimi və Qonaqkənd məktəblərində qazandığı təhsil uğurlarının ümid qığılcımları ilə alışdırdığı ömür məşəlinin işığını bir an da öləziməyə qoymamışdı. Qarşıda bu məşəli şölələndirmək vəzifəsi dururdu. O, bu missiyanı Bakıda gerçəkləşdirmək və tanınmış sənət adamlarından bir çox sirləri öyrənmək arzusunda idi. Bu arzu onu çəkib Bakıya — qədim elm və mədəniyyət mərkəzinə, ədəbiyyat və teatr beşiyinə, milli kitab və mətbuat nəşrinin mərkəzləşdiyi bir aləmə gətirdi (1955). Gündüz işləyib təhsilini axşam davam etdirən M.Atayev 1956-1986-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri olmuş, özünün təşkil edib şəxsi əşyaları və arxiv sənədləri ilə zənginləşdirdiyi muzeyin direktoru vəzifəsində işləmişdir. Əsgəri xidmətdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib taleyini həmişəlik teatra bağlamışdı.

Jurnalist, publisist, teatrşünas, pedaqoq kimi fəaliyyət göstərən M.Atayev 1963-cü ildən ömrünün sonuna kimi teatr sənətinin tarixinə, elmi, nəzəri, tənqidi, metodik problemlərinə dair xeyli məqalə ilə mətbuatda çıxış etmişdir. İki məqaləsi Türkiyə mətbuatında çıxmışdır. 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası» üçün 22, iki cildlik «Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ensiklopediyası» üçün isə 50-dən çox məqalə yazmışdır. Qələmindən çıxmış məqalələrin sayı 150-dən artıqdır:

Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda «C.Məmmədquluzadənin əsərləri Azərbaycan səhnəsində» mövzusunda dissertasiya müdafiə edərək (1983) sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Tanınmış teatrşünas alimin qələmindən çıxmış «Həsənağa Salayev» (1974), «Cəlil Məmmədquluzadə əsərlərinin səhnə taleyi» (1991) monoqrafiyalarının çapından çox illər keçsə də bu günonlardan istifadə edilməkdədir. Azərbaycan İncəsənət Universitetində (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətə başladığı vaxtdan (1985) «Teatr işinin təşkili», «Səhnə texnikası və tamaşasının bədii tərtibatı» fənlərindən dərs demiş, beş proqrammetodik vəsait yazmışdır. Tədris teatrının direktoru, «Aktyor sənəti» fakültəsinin dekan müavini, universitet Elmi Şurasının üzvü, elmi katibi, iki seçki «Aktyor sənəti», «Tetarkino sənəti» fakültələrinin dekanı olmuşdur.

Elmi əsərləri oxuyub rəy vermək, dissertasiyaların müzakirəsində və müdafiəsində iştirak etmək sahəsində də M.Atayevin fəallığı danılmazdır. Görkəmli sənət adamları (Hüseyn Ərəblinski, Həsənağa Salayev, Mustafa Mərdanov, Hüseynqulu Sarabski, Əşrəf Quliyev, İsmayıl Osmanlı, Sidqi Ruhulla, Əliağa Ağayev, Əliheydər Ələkbərov və b.) haqqında Azərbaycan televiziyası və radiosu ilə maraqlı çıxışlar etmiş və müsahibələr vermişdir. Televiziyanın «Gənclik redaksiyası»nın dəfələrlə qonağı olmuş, mətbuatda teatr xadimləri, teatr sənətinin tarixi, nəzəri problemləri və müasir vəziyyətinə dair məqalələr dərc etdirmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatr sənəti korifeylərinin həyat və yaradıcılığını, Azərbaycan Dövlət Dram Teatrının, Rus Dram Teatrının və s. teatrların inkişaf yolunu əks etdirən fundamental sərgilər təşkil etmişdir. Azərbaycan teatr rəssamlığı tarixində ilk dəfə olaraq respublikanın teatr rəssamlarının tamaşalara çəkdikləri eskizləri Dövlət Teatr Muzeyindən, şəkil qalereyasından, teatrlardan, bədii fonddan toplayıb səliqəyə salaraq 102 əsərdən ibarət bir sərgi hazırlayıb XX əsrin sonlarında Tiflis və Kiyev şəhərlərinin hərəsində bir ay nümayiş etdirməsi də onun çoxsaylı xidmətləri sırasında önəmli yer tutur.

Pedaqoji fəaliyyət göstərməklə yanaşı Akademik Dram Teatrında truppa müdiri (2002-05) kimi də əməyi səmərəli nəticələr vermişdir. ADMİU ilə İstanbul Beykent Universiteti arasında bağlanmış müqavilə əsasında (2004) iki dərs ili ərzində adı çəkilən universitetin Gözəl Sənətlər Fakültəsində «Teatr işinin təşkili», «Sənət texnikası» fənlərindən dərs demiş və fakultənin Elmi Şurasına üzv seçilmişdir. Orada həmin fənlərə dair dərslik yazıb çapa təqdim etmişdi.

1980-ci illərdən gecənin yarısına, bəzən səhərə kimi — barmaqları döyənək olana qədər yazmağa başladığı çoxcildli «Səhnə və sənətkar» kitablarının tamamlanmış ilk iki cildi alimin şəxsi arxivində yatıb qalsa da, çap olunacağı günün intizarındadır. O, ömrünün son günlərində «M.F.Axundzadə əsərlərinin səhnə tarixi», «Sidqi Ruhulla» və s. kitablarının üzərində son tamamlama işləri aparıb onları çap etdirmək arzusunda idi… M. Atayevin bəzi əsərləri yarımçıq qalsa da, ondan Azərbaycan xalqına və teatrına iki iri həcmli kitabdan ibarət möhtəşəm abidə yadigar qaldı: «Akademik Milli Dram Tetrı». Məmmədşah müəllimin 75 yaşına bir il qalmış dünyadan köçməsinin və onun nəzərdə tutduğu dostlarına bağışlamaq üçün Akademik Milli Dram Teatrından heç olmasa 5-6 nüsxə kitab almağın mümkünsüzlüyündən doğan məyusluq ağrısını çəkən ailə üzvləri, əzizləri, dostları bu gün də həmin narahatlığın təsirindən xilas olmayıblar.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 17 yanvar.- S.13.