«Heykəltəraşlıq sənətinə
zindanlarda başlamışam»
Ruhi Tuna: «İranda Azərbaycan
türkləri incəsənət baxımından da
ayrı-seçkiliyə məruz qalırlar»
«Rejim Tehranda fəaliyyətinə icazə verdiyi bir çox sənət növlərini Güney Azərbaycanda yasaq edir»
«Xalq Cəbhəsi» qəzetinin «Güney Azərbaycan» səhifəsində bu dəfə əslən Güneydən olan, hazırda isə Kanadada yaşayan soydaşımız, istedadlı heykəltəraş Ruhi Tuna haqqında yazmaq istədik. Təbrizdə yaşadığı müddətdə Səttarxan, Bağırxan kimi Məşrutə hərəkatı liderlərinə heykəlini hazırlayan sənətkar digər tarixi şəxsiyyətləri də diqqətdən kənarda qoymayıb. Onun əl işlərinin sırasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin də heykəlləri var. Bir müddət Türkiyədə yaşayan, sonra isə Kanadaya köçən Ruhi Tuna hazırda Toronto şəhərində məskunlaşıb. Orada da fəaliyyətinə davam edən heykəltəraş yeni əl işlərində də milli düşüncələrini əks etdirir. O, Kanadada yaşadığı müddətdə azərbaycanlı tarixçi və pedaqoq, professor Məhəmmədtağı Zehtabi, sənətçi Həsən Dəmirçi, ustad Məhəmmədhüseyn Şəhriyar və bir çox tanınmış Azərbaycan şəxsiyyətlərinin heykəllərini hazırlayıb. Onunla daha yaxından tanış olmaq üçün Ruhi Tunanın «Amerikanın Səsi»nə verdiyi müsahibəsini qələmə aldıq.
- Heykəltəraşlıq sənətinə necə başladınız?
- Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam. Şah dövründə heykəltəraşlıq sənəti ilə yalnız mərkəzdə məşğul olurdular. Güney Azərbaycan şəhərlərində bu sənət o qədər də geniş yayılmamışdı. Mən heykəltəraşlıqla 16-17 yaşlarımdan başladım. Siyasi düşüncəmə görə erkən yaşlarımdan həbs edildim. Gənclik illərim zindanlarda keçdi. Həbsdə ikən gizli şəkildə sənətimi davam etdirirdim. 16 yaşımda həbs ediləndə Qoşaçay zindanına göndərdilər. Mənə yemək üçün verilən çörəyi dişimlə əzib xəmir halına salırdım. Sonra da həmin xəmirdən kiçik heykəllər düzəldirdim. Hazırladığım əl işlərimi məhbus yoldaşlar arasında paylayırdım. Təbriz zindanında qalanda isə qabartma heykəllər hazırlamağa başladım. Bunun üçün alüminium qutulardan istifadə edirdim. Orada Şəhriyarın, Səttarxanın və bir çox tanınmış azərbaycanlı aşıqların heykəllərini hazırladım. Həmçinin rəsm çəkməyə də davam edirdim. Marağa zindanında qaldığım müddətdə kiçik taxta parçalarını yonub, ondan heykəl düzəldirdim. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Haziprliyinin («Ettelaat») təcridxanasında saxlanıldığım 7-8 ay ərzində isə iynələrlə divarı yonub heykəl hazırlayırdım. Nəhayət, 1988-ci ildə azadlığa buraxıldım.
- Azadlığa buraxıldıqdan sonra fəaliyyətinizə necə davam etdiniz?
- Həbsdən çıxandan sonra Təbrizdə yaşadım. İlk hazırladığım heykəl Babəkin oldu. Ağacı yonaraq heykəl düzəltdim. Demək olar ki, İranda ilk dəfə Babəkin heykəlini mən hazırladım. Həmin heykəlin surətini çoxaldıb əhali arasında payladım. Yaradıcılığımda Azərbaycan tarixinin digər görkəmli simalarına da müraciət edirdim. Sonrakı əl işlərimi Koroğluya, Qaçaq Nəbiyə, Nəsimiyə həsr etdim. Eləcə də Türk Dünyasının tanınmış şəxsiyyətlərinin, o cümlədən Yunus Əmrənin, Mövlanənin heykəllərini də düzəltdim. Mövlanənin iki heykəlini hazırladım. 1996-cı ildə Təbriz Mədəniyyət Evində sərgim keçirildi. Əl işlərimi orada nümayiş etdirdim. Sərgi ilə bağlı Güney Azərbaycanda ilk dəfə olaraq türk dilində broşür hazırlayıb yaydıq. İranda afişalarda heykəl sözünü yazmaq qadağan idi. Buna baxmayaraq sərgim üçün hazırladığımız afişalarda heykəl sözünü yazdıq. Güney Azərbaycandakı yaradıcılığımda Qaşqay türkləri üçün də əl işlərim oldu. Əbu Qasım Nəbatinin böyük ölçülü heykəlini hazırlayıb Kəleybərə göndərdim.
- Bir müddət Türkiyədə
də yaşamısınız. Orada fəaliyyətinizi necə
davam etdirdiniz?
- Öncə yaradıcılığımla
bağlı məlumat
vermək istəyərdim.
Mənim
öz üslubum var və abstrak
janrda çalışıram.
Yəni heykəllərimin bir qismi real görüntünü
əks etdirmir. Eləcə də rəsm əsərlərimdə abstrak
təsəvvürləri canlandırmışam.
Əl işlərimdə öz dünyamı, duyğularımı
əks etdirirəm.
Daxili dünyam necədirsə, əsərlərimdə də
o cür təzahür
edir. Ona görə də
ortaya çıxan heykəllərim və rəsmlərim abstrak görüntüdə olur.
Lakin Azərbaycana, ümumilikdə götürsək,
Türk Dünyasına
həsr etdiyim əsərlər abstrak deyil, reallığı əks etdirir. Mən 8 il
Türkiyədə yaşadım.
Bu müddət ərzində orada da fəaliyyətimə davam etdim. Bir çox əl işim Türkiyənin şəhərlərində var. Azərbaycana və Türk Dünyasına həsr etdiyim heykəllərlə qədim
və müasir dövrümüzü əks
etdirmək istədim.
Yeni nəsillərə tanıtmaq,
dünənimizi, tarixi
şəxsiyyətlərimizi unutmamaq üçün onları diqqətdə saxlamaq, göz önündə tutmaq lazımdır. Tarix və
mədəniyyətimizi qorumaq,
yeni nəsillərə
ötürmək üçün
hər kəs əlindən gələni
etməlidir. Mən də
sənətkar olaraq heykəllərlə bu işi görməyə çalışıram.
- Türkiyədə yaşadığınız
müddətdə kimlərin
heykəllərini hazırladınız?
- Azərbaycan başda olmaqla Türk Dünyasının bir çox tanınmış
şəxsiyyətlərinin heykəllərini hazırladım.
Təkcə Mustafa Kamal Atatürkün
310 heykəlini düzəldib
Anadolu kəndlərinə
payladım. Hətta Şimali
Kipr Türk Cümhuriyyətinə, Qazaxıstana,
Qaqauz və Balkan türklərinə, Krım
tatarlarına aid də
heykəllər düzəltdim.
Türkiyədə ilk dəfə olaraq
Qacar imperiyasının
qurucusunun, sonra Nadir şahın, həmçinin
Şah İsmayıl Xətainin də heykəlini hazırladım.
Xətainin iki heykəlindən
birini şəhər
meydanında qoydular, digəri isə muzeydə saxlanılır.
Məhəmməd Füzuli,
İmadəddin Nəsimi,
Üzeyir Hacıbəyli,
Məhəmməd Əmin
Rəsulzadə, Əbülfəz
Elçibəy də
müraciət etdiyim şəxsiyyətlərdəndir.
- Adətən, heykəlləri
hara üçün hazırlayırdınız?
- Qaçaq Nəbi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, İmadəddin
Nəsimiyə həsr
etdiyim heykəllər
bələdiyyələrdir. Üzeyir Hacıbəyli, Məhəmməd Əmin
Rəsulzadə, Əbülfəz
Elçibəy, Seyid Cəfər Pişəvəri
kimi şəxsiyyətlərin
heykəllərini özümüz
üçün hazırladım.
Onları hazırda İstanbulda
bir dostumun anbarında saxlayıram.
Əbülfəz Elçibəyin, Məhəmməd Əmin
Rəsulzadənin və
başqa bir heykəli Moskvaya göndərmişəm. Amma onların
surətini İstanbulda
da saxlayıram. İstanbul da daxil olmaqla
Türkiyənin bir çox şəhərində
əl işlərim
var. Təkcə bir şəhərin ictimai yerlərində və meydanlarında 24 heykəlim
qoyulub. Dədə Qorqud da onlardan biridir.
- Güney Azərbaycanda
olarkən nə üçün həbs edilirdiniz? Sənətinizlə bir əlaqəsi
var idi?
- Həbs olunmağımın
səbəbi siyasi fəaliyyətim idi. Mən siyasi düşüncələrimi
əl işlərimdə
əks etdirir, siyasi mövzuda rəsmlər çəkirdim.
Siyasi düşüncələrimə və fəaliyyətimə
görə də həbs edilirdim. Demək olar ki, gəncliyim
zindanlarda keçib.
Amma heç zaman yaradıcılığımı dayandırmamışam.
- Güney Azərbaycanda
heykəltəraşlıq sənəti ilə bağlı nə deyərdiniz?
- Güney Azərbaycanda
bu sənətin tarixi gəncdir. Qədim bir
keçmişə malik
deyil. Bu baxımdan da digər türk toplumlarıyla müqayisədə
çox geri qalır. Məsələn,
Azərbaycan Respublikasında,
Türkiyədə bu
sənət daha çox inkişaf edib.
- Güney Azərbaycanda
bu sənətin geri qalmasının səbəbi nədir?
- Mən əsas iki səbəbini qeyd edərdim. Bunlardan biri şah, digəri isə dini rejimin hakimiyyətdə
olmasıdır. Hər iki
rejimdə də Güney Azərbaycana heç zaman diqqət göstərilməyib,
əhəmiyyət verilməyib.
Əgər Güney Azərbaycanda
bir istedadlı sənətçi yetişirsə,
onu dərhal əzməyə başlayırlar.
İnkişaf etməsinə imkan
vermirlər. Sənətçilərimiz yaradıcılığına davam etmələri üçün ya Tehrana köçməli olur, ya da
Avropa ölkələrinə
üz tutur. Bu, azərbaycanlı sənətçilərin İranda
üzləşdikləri məcburiyyətlərdən
biridir. Sizə bir misal deyim. Tehranda bir çox
heykəltəraşların ustadı əslən Güney Azərbaycandan olan mərhum Çingiz Şəhvəqi
olub. O orada bir çox sənətçi yetişdirib.
Əgər Çingiz Şəhvəqi
Təbrizdə qalsaydı,
bizim şəhərdə
çox gəncin sənətçi olaraq yetişməsinə dəstək
olardı. İranda Tehranda
fəaliyyətinə icazə
verilən bir çox sənət növlərini Güney Azərbaycanda yasaq edirlər. Şah dövründə bir azərbaycanlı heykəltəraş tanınmış
aşıqlardan birinin
heykəlini düzəldib
Təbrizdə qoymuşdu.
Şahın anası görən
kimi heykəli yıxdılar. Demək istəyirəm
ki, İranda nə heykəltəraşlığa
icazə vermirlər, nə də azad düşüncəyə.
Sənətçilər hər
iki rejimin diktə etdiyi sənətlə məşğul
ola bilərlər.
Güney
Azərbaycanda ana dilinə basqı var. Heykəltəraşlığın inkişafı üçün
şərait, bu sənəti araşdıran
və öyrənən
fakültə yoxdur.
Güney
Azərbaycanda heykəltəraşlıqla
bağlı ən böyük problemlərdən
biri budur. Halbuki Tehranda və İsfahanda bu sənət üçün lazımi
şərait var. Yaxşı
heykəltəraş olmaq
istəyən gərək
sənətkar qadın
və kişi
anatomiyası üzərində
çalışmalıdır. Bu imkan Təbrizdə,
Urmiyada və Güney Azərbaycanın
digər şəhərlərində
yoxdur. Bir sənətin təməlini
bilmədən necə
inkişaf etmək olar? Güney Azərbaycandakı heykəltəraşlarımız çix istedadlıdır.
Məsələn, üz baxımından
onların əl işləri Avropa sənətkarlarının heykəlləri
ilə müqayisə
olunacaq səviyyədədir.
Amma heykəlin vücud hissəsinə gəlincə
çox geridə qalıb. Çünki Güney Azərbaycanda
vücud çalışması
yasaqdır. Oradakı gənclərimiz
heç bir imkan və şərait
olmadan, təhsil almadan öz üzərlərində çalışırlar,
çox zəhmət
çəkirlər. Öz adımdan
onların hamısının
əllərindən öpürəm.
- İndiki fəaliyyətiniz
haqqında məlumat verərsiniz.
-
2006-cı ilin dekabr ayında Kanadada məskunlaşdım. Hazırda Toronto şəhərində yaşayıram.
Bura köçəndə ilk olaraq
ulu öndərimiz Atatürkün heykəlini
düzəltdim. 2008-ci
ildə Atatürkün
böyük ölçülü
qabartma heykəlini hazırladım. Sonra
Məhəmməd Füzuliyə,
Əlişir Nəvaiyə
müraciət etdim. Hazırda Məhəmməd Əmin
Rəsulzadənin heykəli
üzərində çalışıram.
Yaradıcılığıma bu cür də davam edirəm.
Torontoda studiya açmışam,
heykəltəraşlıqla bağlı dərs keçirəm. Hazırkı yaradıcılığımı türkçülüyə, insan
haqlarına, Qarabağ
və Urmiyada ermənilərin törətdiyi
soyqırıma və
s. həsr edirəm.
Turqut
Xalq Cəbhəsi.-
2013.- 17 yanvar.- S.4.