Səhnəmizin Sofyası
Sofya Hüseynova
maraqlı və yaddaqalan obrazlar silsiləsi
yaratmışdır
1926-cı
ilin soyuq fevral günlərindən birində Naxçıvan
Muxtar Respublikası Hərbi Komissarlığının məsul
işçilərindən olan Həsən İsmayılova
bir müjdə verildi — onun qızı dünyaya gəlmişdi.
Bəli, həmin gün — 85 il bundan əvvəl o körpə
qızcığaz dünyaya göz açar-açmaz
özünün «ilk nəğməsini oxumuşdu». Bu «nəğməni»
birinci eşidən anası Xədicə xanım o gün
heç təsəvvürünə belə gətirməzdi
ki, cəmi üç il sonra bu səs onun üçün yenicə
doğmalaşmağa başlayan Naxçıvan
Teatrının səhnəsindən yayılacaq.
Beləliklə,
85 il əvvəl, bir qış axşamı bakılı
zabit H.İsmayılovun Naxçıvandakı mənzilini hərarətləndirən
Sofya düz üç il sonra öz körpə nəfəsilə
Naxçıvan Dövlət Dram Teatrının səhnəsini
də isitdi. O günləri Sofya xanım belə
xatırlayır: «Anam deyərdi ki, 1929-cu il 8 martda Cəfər
Cabbarlının «Sevil» tamaşasını oynayırdıq. Həmin
tamaşanın quruluşçu rejissoru Səməd Mövləvi
olmuşdur. Gündüzün (Sevilin oğlu — Ə.Q.)
körpə vaxtlarını, yəni sözsüz
anlarını mən oynayırmışam. Belə
çıxır ki, üç yaşımdan səhnədəyəm.»
Sofya
xanımın səhnədə ilk sözlü rolu isə Səməd
Vurğunun «Vaqif» dramındakı gürcü qızı
Tamara olmuşdu. O, bu kiçik rolun öhdəsindən məharətlə
gələrək dahi teatr reformatoru K.Stanislavskinin məşhur
«Böyük və ya kiçik rol yoxdur, böyük aktyor,
yaxud kiçik aktyor vardır» kəlamını bir daha
sübuta yetirmiş oldu. Bundan sonra S.Hüseynova ailə vəziyyətilə
bağlı Naxçıvandan, həmçinin doğma
teatrından bir müddət aralı düşmək məcburiyyətində
qalır.
1954-cü
il mövsümü açılarkən o, yenidən
Naxçıvan Teatrının truppasına daxil olur. 1955-ci
ildə Sofya Hüseynova iki yeni tamaşanın əsas
rolları ilə səhnəyə çıxır. Bunlardan
birincisi İslam Səfərlinin «Göz həkimi» pyesindəki
Nərminə, digərisə Nəcəf bəy Vəzirovun
«Yağışdan çıxdıq, yağmura
düşdük» («Hacı Qənbər») komediyasındakı
Cəvahir obrazları olmuşdur.
1950-ci
ilin ortalarından başlayaraq S.Hüseynova bir müddət
Naxçıvanın «Araz» Dövlət Mahnı və Rəqs
Ansamblında rəqs qrupunun solisti kimi də fəaliyyət
göstərmiş və o zaman burada çalışan Maqsud
Hüseynovla ailə qurmuşdur. Sonralar M.Hüseynov
xanımı ilə bərabər Naxçıvan Dövlət
Musiqili Dram Teatrında da işləmiş, uzun müddət
teatrın baş inzibatçısı olmuş, xidməti vəzifəsini
yerinə yetirərkən avtomaşın qəzası nəticəsində
dünyasını dəyişmişdir.
1962-ci
ildə Naxçıvan Dövlət Dram Teatrında yenicə
fəaliyyətə başlayan rejissor və aktyor
İldırım Cabbarov quruluş verdiyi İskəndər
Coşqunun «Komsomol poeması» tamaşasında Humay rolunu
S.Hüseynovaya həvalə edir. Əsərdə əsas qadın
surəti olan Humay, tamaşada da demək olar ki, qəhrəmanlardan
biri kimi canlanırdı. Aktyorluq fəaliyyəti ərzində
ilk böyük rolu olan Humayı aktrisa məharətlə ifa
etmişdi. 1964-cü ildən artıq Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
adlandırılan qocaman sənət ocağı iyun ayında
gənc şairə Kəmalə Ağayevanın «Məhsəti»
mənzum dramına müraciət edir.
Tamaşanın
quruluşçu rejissoru, Naxçıvan Dövlət Musiqili
Dram Teatrına yenicə baş rejissor təyin olunmuş
Baxşı Qələndərli seçdiyi çox gözəl
bir aktyor heyətilə tamaşanın məşqlərinə
başlayır. Pyesdəki əsas obrazlardan Tərgül Sofya
Hüseynovanın qismətinə düşür. Bu, heç
də təsadüfən olmur. Əsir alınmış Tərgül
Gəncə hökmdarının sarayında məcburən
oxuyub rəqs edir. S.Hüseynovanın bu qabiliyyəti barədə
artıq məlumatlı olan rejissor belə bir rolu məhz ona həvalə
etməkdə heç də yanılmır. Teatrın baş
rəssamı Məmməd Qasımovun
hazırladığı maketlər, dövrə uyğun geyim
və qrim eskizləri əsasında dekorasiyalar yeni binanın
səhnəsinə uyğun (fırlanan səhnə dairəsi
də nəzərə alınmaqla) müvafiq
ölçülərdə düzəldilir. Bəstəkar Məmməd
Ələkbərov tamaşa üçün musiqili dram
janrının tələblərinə cavab verən, əsərin
ruhuna uyğun gözəl, yaddaqalan uvertüra, musiqi
parçaları və mahnılar bəstələmişdi.
Nəhayət,
teatr kollektivinin, şəhər ictimaiyyətinin, bütün
teatrsevərlərin çoxdan gözlədikləri gün gəlib
çatdı. Naxçıvan Dövlət Musiqili Dram
Teatrı 1964-cü il oktyabr ayının 24-də yeni, möhtəşəm
binasında birinci tamaşaçılarını qəbul edərək
«Məhsəti» tamaşasının premyerası ilə ilk dəfə
pərdələrini açdı. İkinci pərdə Gəncə
hökmdarının sarayında cərəyan edirdi. «Tərgülün
mahnısı» çalındı. Sofya Hüseynovanın
ifasında canlı səslənən bu mahnı onun
iztirablı rəqsilə müşayiət olunaraq həmahənglik
təşkil etməklə səhnədə gözəl bir
tablo yaradırdı. Bu mahnının ovsunlayıcı təsiri,
bütün aktyorların təbii oyunu, xüsusən Məhsətinin
— Zəroş Həmzəyevanın sonda emosional ifası pərdə
bağlanar-bağlanmaz tamaşaçıları gurultulu
alqışlar yağdırmağa məcbur etdi. Onlar
tamaşanın sonunu gözləmədən ayaq üstə,
sürəkli alqışlarla müəllif başda olmaqla
bütün yaradıcı heyəti pərdə önünə
dəvət etdilər. Müəllif və baş rolun
ifaçısı ilə bərabər Tərgülün —
Sofya xanımın da siması tər güllər arasından
güclə seçilirdi.
A.Ostrovskinin
1966-cı ildə hazırlanan «Cehizsiz qız» faciəsində
əsərin qəhrəmanı Larisanı rejissor B.Qələndərli
məhz S.Hüseynovaya etibar etdi. Aktrisa bu etimadı
doğruldaraq obrazı özünəməxsus tərzdə —
Azərbaycanda oynanılmış «Larisa»lardan tamamilə fərqli,
orijinal bir ifa ilə təqdim etməyə nail olmuşdu. O,
köməksiz, tamamilə tənha qalmış Larisanın
daxili sarsıntılarını, əzablarını, bu vəziyyətdən
doğan acı gülüşünü bacarıqla əks
etdirirdi. Sofya Hüseynova Larisanın iztirablarını dərindən
duyur, tamaşaçını təsirləndirə bilirdi.
Onun ifa tərzində səmimiyyət var idi. Bu ifa
üçün gözəl forma, ifadəli vasitələr,
cizgilər işlətməklə aktrisa obrazın «bəlkə
də ən tragik rus rolunun» üslubunu onun daxili ahəngini,
plastikasını, dərin ruhi iztirablarını ustalıqla
açıb göstərirdi.
Ümumiyyətlə
S.Hüseynova Naxçıvan Teatrında 1966-86-cı illərdə
tamaşaya qoyulmuş rus və Avropa dramaturgiyasının ən
gözəl nümunələrində Melita (G.Fiqeryedo «Ezop»,
1966), Tatyana (B.Lavrenyov «Hücum», 1967), Nadya (A. Makayonok
«Tribunal», 1972), Diana (Lope de Veqa «Nə yardan doyur, nə əldən
qoyur», 1974), Kruçinina (A.Ostrovski «Günahsız müqəssirlər»,
1984), U (V.Hüqo, G.Vayzenborn «Gülən adam», 1986) Klitemnestra
(Sofokl «Elektra», 1986), kimi maraqlı və yaddaqalan obrazlar silsiləsi
yaratmışdır. Bunun üçün onun parlaq
istedadı ilə yanaşı, gözəl xarici görkəmi
də yardımçı olmuş, yaxşı imkan
yaratmışdı. Təsadüfi deyil ki, aktrisa şəxsən
özü, bu qalereyada Larisanın onun ən sevimli, unudulmaz,
şah rolu olduğunu dəfələrlə bəyan
etmişdir.
1974-cü
ildə Azərbaycan teatrının 100 illiyi münasibətilə
respublikanın bölgələrindəki digər dövlət
teatrları ilə yanaşı Naxçıvan Dövlət
Musiqili Dram Teatrının da Bakıya növbəti səfəri
təşkil olundu. Naxçıvanlıların sentyabrın
22-də paytaxt səhnəsində nümayiş etdirdikləri
Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur»
tamaşasının premyerası elə həmin gün bəyənilir.
Bakı teatrsevərləri Tərgülü — Sofya
Hüseynovanı tamamilə başqa bir ampluada — Qərb
dramaturgiyasının incilərindən birinin baş qəhrəmanı
Diana obrazında gördülər. S.Hüseynovanın
Dianası həm bədii keyfiyyəti, həm estetik istiqaməti,
həm də sənətkarlıq baxımından diqqəti cəlb
etmişdi. Aktrisa gənc yaşlarında dul qalmış
Diananın daxili həyəcanını, psixoloji
halını, katibi Teodoroya olan təmiz məhəbbətini o
qədər təbii və düşünülmüş
şəkildə ifa edirdi ki, tamaşaçı Diananın
davranışına heç bir irad tuta bilmirdi. Tamaşada
buna imkan yaradacaq məqamlar, vəziyyətlər vardı.
Axı, Diana katibinin qulluqçu qızla keçirdiyi şən,
sevincli vaxtlarını öz gözlərilə tez-tez
görürdü. Hətta belə məqamlarda onda bu gənclərin
təmiz məhəbbətinə qısqanclıq hissi də
yaranırdı. Aktrisanın hərəkətləri elə təbii,
baxışları elə incə və məlahətli idi ki,
tamaşaçı Dianaya hər cəhətdən haqq
qazandırırdı. Həqiqətən də vaxtilə
«Şərq qapısı» qəzetinin
vurğuladığı kimi «romantik və lirik rolları ilə
Naxçıvan Teatrı tarixinə cazibədarlıq gətirən,
komik situasiyalı səhnə surətlərilə
tamaşaçıda xoş ovqat yaradan Sofya xanım» Diana
obrazını lirik, romantik, həm də dramatik səpkidə
ifa edərək obrazın tamaşaçı qəlbinə
yol tapmasına nail oldu. Naxçıvanda isə ilk dəfə
noyabrın 12-də göstərilən bu tamaşada yerli
teatrsevərlər Sofya xanımın Dianası ilə
tanış oldular.
1987-ci
il mayın 4-dən 12-dək Tbilisidə keçirilən
Ümumittifaq Teatr Festivalında Naxçıvan Dövlət
Musiqili Dram Teatrı Sofoklun «Elektra» faciəsilə iştirak
etmişdir. Bir sıra sosialist ölkələrindən olan
teatrşünas və rejissorların da iştirak etdiyi bu
festivalda «Elektra»nın rəğbətlə
qarşılanması ilə Naxçıvan Teatrının
uğur qazanmasında Klitemnestra obrazını böyük
ustalıqla təqdim edən S.Hüseynovanın da məxsusi
payı olmuşdur. Digər aktyorlarla yanaşı Sofya
xanımın ifası da teatr tənqidi tərəfindən
teleradio və mətbuatda yüksək qiymətləndirilmişdir.
Festivaldan bir ay sonra — iyunun 14-də, Moskvadan, Mərkəzi
Televiziya ilə nümayiş etdirilən həmin tamaşa
vasitəsilə digər sovet respublikalarının teatrsevər
tamaşaçıları da naxçıvanlı sənətkarların,
o cümlədən Sofya Hüseynovanın mahir ifasının
şahidi olmuşdular.
Sofya
Hüseynova məhz bu hünər sayəsində
özünün yaradıcılıq zirvəsinə yüksələ
bilmişdir. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
müvafiq fərmanları ilə 1974-cü il iyun
ayının 1-də respublikanın əməkdar artisti,
1982-ci il dekabr ayının 1-də isə xalq artisti fəxri
adlarına layiq görülüb.
Müstəqillik
dövründə də qüdrətli sənətkar daim
dövlət qayğısı ilə əhatə olunmuş,
1996-cı ildə «Şöhrət» ordenilə təltif
edilmişdir.
Bu
gün Prezident təqaüdçüsü olan Sofya
Hüseynova səhnədən ayrı düşsə də
teatrdan ayrıla bilmir. İstər Naxçıvanda, istərsə
də Bakıda olduğu zaman qocaman sənət ocaqlarına
vaxtaşırı baş çəkir. Onu buna vadar edən
ecazkar sənətin cazibəsilə yanaşı anasından
aldığı estafeti ötürdüyü
övladlarının yeni sənət uğurlarını izləmək
marağıdır. Azərbaycan səhnəsinə iki xalq
artisti bəxş etmiş ana oğullarını — Dövlət
Akademik Milli Dram Teatrının ustad aktyoru Rafael Dadaşovu,
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
quruluşçu rejissoru və aparıcı aktyoru
Rövşən Hüseynovu hər dəfə yeni rolda seyr edərkən
özünü də səhnədə hiss edir…
Oktay
Xalq Cəbhəsi.- 2013.- 18 yanvar.-
S.15.