20 Yanvar — Qəhrəmanlıq tarixi

 

Milli faciə olduğu dərəcədə bəşəri faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvar haqqında mahiyyət üstə təhlillər aparmaq gərəkdir. Belə təhlillər bizim xalq olaraq

 

varlığımızı təsdiqimizdə, başımıza gələnlərdən dərs almağımızda mühüm rol oynayır. Azərbaycanın birinci böyük faciəsi Midiyanın süqutudur. Bu, ilk milli dövlətimizin çöküşüdür. İkinci faciəmiz Babəkin qətlidir. Yalnız Babəkin qətlindən sonra milli özgürlüyümüz əlimizdən alındı. Üçüncü faciəmiz Çaldıran fəlakətidir. 1514-cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Azərbaycan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətayi Çaldıran düzündə üz-üzə gəldilər. Türkmənçay fəlakəti dördüncü böyük faciəmizdir: Azərbaycanımız İranRusiya arasında ikiyə bölündü, parçalandı. Azərbaycan Xalq Cümhuriyyətinin devirilməsi tarixi silsilədə beşinci faciəmizdir.

20-ci yüzilin sonunda daha iki dəhşətli faciə yaşadıq. Bunlardan biri 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsidir ki, bugünkü söhbətimizin başlıca mövzusudur. Hələlik sonuncu böyük faciəmiz isə 1992-ci ilin fevralında törədilmiş Xocalı qırğınıdır. Bu faciələr xalqımızın tarixi taleyinə olmazın zərbələr vurub. SSRİ imperiyasının çöküşü zamanı xalqımızın başına gələn faciələr gözlənilən idi. Əgər xalq gözlənilməz məqamlara hazır ola bilirsə, az itki verir. Yox, hazır olmursa, 20 Yanvar kimi böyük faciələr yaranır. Düzdür, imperiya öz istəyilə tarixdən silinmək istəmir, sonacan zorunu göstərməyə çalışır. SSRİ dağılarkən də belə oldu. Deməli, gözlənilən faciəvi məqamlardan mümkün qədər az itki ilə, mənəvi sarsıntısız çıxa bilərdik.

20 Yanvara kimi Bakıda iki ildən çox davam edən mitinqçilik, nümayiş əhvalı vardı. Eləcə də mərkəz-Moskva ermənilərlə birləşib Sumqayıt hadisələrini yaratmışdı. SSRİ kimi böyük imperiyanın çöküşü artıq içəridən başlamışdı. Bizi gözləyən faciələrə hazır ola bilmədik. Faciələrimiz sıralandı. Hiddətimiz idrakiliklə birləşmədi.

20 Yanvar faciəsi bir sıra cəhətləri üzə çıxardı: ölkənin mərkəzinin amansızcasına işğalı, suçsuz insanların faciəvi aldanışı və qətli, imperiyanın əsl üzünün görünməsi, xalqımızın sarsıdılması, imperiyaçılığa qarşı cəmiyyətçilik üslubunda mübarizə, zamandan, gerçəklikdən üstün ola bilməmək…

20 Yanvar hadisələri, xalqımızın qəhrəmanlıq tərixi buya digər şəkildə incəsənətin müxtəlif janrlarında ifadəsini tapıb. Ümumiyyətlə, XX yüzildə tarixin elə bir vədəsi yoxdur ki, Azərbaycanın başına fəlakətlər gəlməsin. Fəlakət gələndə millətin ruhunun ucalığını nəzərə almır. Rəssam Fəxrəddin Əli 20 Yanvarla bağlı xeyli əsərin müəllifidir. O, faciə mövzusunun klassik dünya rəssamlığında daim aparıcı olduğunu bildirir: «İntibah dövrü rəssamlarının yaradıcılığında faciə mövzusuna xüsusi diqqət olub. Rəfaelin, Leonardo Do Vinçinin və başqalarının irsində insan faciəsi xüsusi şəkildə araşdırılıb». Xəlqi faciələrimizin sənətdə ifadəsi məsələsinə gəlincə, F.Əli ümumən Azərbaycan rəssamlığında bu mövzunun hələ də kifayət dərəcədə rəssamlarımızın qanına, canına hopmadını bildirir: «Xalqımızın böyük qəhrəmanı Babəkin azadlıq uğrunda apardığı mübarizəyə görə həmişə onun şəxsiyyətinə böyük sevgi ilə yanaşmışam. Babək xalqımızın azadlığı uğrunda mübarizədə canını qurban verib. Hazırda bu mövzuda yaratdığım əsərim İncəsənət Universitetində saxlanılır. Babək möhtəşəm duruşu ilə iki əlində tutduğu qılıncı göyə qaldırmış vəziyyətdə təsvir edilib. Ətrafında isə tərəfdarlarının surəti təsvir olunub. Bu əsər mahiyyətcə xalça kimi toxunmuşdu. Bu əsəri diplom işi kimi yaratmışdım. Sonra bunu Moskvaya göndərdilər. 1969-cu ildə SSRİ miqyasında ali rəssamlıq məktəbləri tələbələrinin diplom işi müsabiqəsində ikinci yeri tutdum. O vaxta qədər Sadıq Şərifzadənin «Babək Xürrəmdin» adlı əsəri yaradılmışdı».

20 Yanvar hadisələri F.Əlinin yaradıcılığında tamamilə dönüş yaradıb. Bu müddətə qədər o, böyük Azərbaycan şairi M.Şəhriyarın «Heydər babaya salam» poemasına xeyli miniatürlər çəkmişdi. Artıq 1991-ci ilin yanvarında o, təxminən bir il çəkən gərgin zəhmətin nəticəsi olaraq «Şəhidlər» adlı iri həcmli xalçanı araya-ərsəyə gətirir. Bu əsəri yaradarkən Şəhriyarın məşhur poemasından bir bəndə əsaslanır: «Heydər baba, göylər bütün dumandır, günlərimiz bir-birindən yamandır, bir-birizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən aldılar, yaxşı bizi yaman günə saldılar». Əsərin mərkəzində 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhidlərin obrazları ifadəsini tapıb. Xalçada Araz çayı xalqımızı iki yerə bölən simvol kimi, həmçinin Güney Azərbaycanda soydaşlarımızın dar ağacından asılması təsvir edilib. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. Həmin kədərli günlərdə qərənfil ümumxalq matəminin rəmzi olaraq hər kəsin yaddaşında əbədi qalıb. Əsərdə çoxlu obrazlar zənginliyi var. Bu əsərlə göstərməyə çalışdım ki, Azərbaycanın başına nə qədər faciələr gəlsə də, tarixən bir olduğu kimi hazırda ruhumuzda da birdir. Vətənimiz nə zamansa yenə coğrafi baxımdan bir olacaq».

1991-ci ilin 20 Yanvarında bu xalça-əsər xiyabana ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılıb. Bir neçə gün ərzində xalça orada qalıb, sonra Dövlət Tarix Muzeyinə təhvil verilib. Hazırda həmin əsər orada qorunur. F.Əli bu əsərin həm ideya müəllifi və rəssamı, həm də əsas toxuyucusu olub. Xalqın faciəni bütün tərəfləri ilə dərk etməsi zəruridir. Faciəsindən dərs almayan millət heç zaman böyüyə bilməz. Faciələrimizi həm də bəşərin facəsi olduğunu ifadə etməli və bunu bütün dünyaya çatdırmalıyıq: «Biz faciələrimizin rəssamlıqda ifadəsi sarıdan bundan sonra daha ciddi düşünməliyik. Rəssamlığın üstünlüyü odur ki, o, hadisələrin mahiyyətini ümumiləşdirərək göstərə bilir. 20 Yanvar faciəsinin şahidiyəm. Həmin gün «Sevil» kinoteatrının ətrafında hücuma məruz qaldım; adamlar hara gedəcəyini bilməyib çaş-baş qalmışdılar. Musabəyovun heykəlinin alt tərəfində durdum. Küçədən çoxlu sayda tanklar keçir, hara gəldi atırdılar. O güllələrdən biri mənə də dəyə bilərdi. Baxmayaraq ki, bu mövzuda az əsər yaratmamışam, ancaq yenə də narazıyam. Çəkmək xatirinə çəkmək olmaz. Sözün əsl mənasında əsər yaratmaq lazımdır. Rəssamın bu yöndə mövzuların ideyasını qıraqdan gözləməsinin efeekt verəcəyini düşünmürəm. Çünki belə ideyalar gərək rəssamın qanına, canına keçsin ki, o, nəsə yarada bilsin. Faciələrimiz çoxdur, onların hər birinin ayrı-ayrılıqda, həmçinin bütövlükdə ifadə edilməsi gərəkdir. İtirilən yurd yerlərimizin faciəsini rəssamlıqda yaratmalıyıq. Güney Azərbaycan, Borçalı, Dərbənd, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycan dərdimizi ifadə etməliyik. Bu mövzuda silsilə əsərlər yaranmalıdır. Elə əsərlər meydana çıxmalıdır ki, tamaşaçı ona baxarkən faciənin mənası bütünlüklə qanına, canına keçsin. Məsələ əsərin böyüklüyü, ya balacalığında deyil, kədərin necə ifadə edilməsindədir».

Şair Qəşəm İlqar Ruhdaş deyir ki, 20 Yanvar hadisəsindən sonra eyniadlı cəmiyyət, fond və qəzet yaradıldı. Onda mən «20 Yanvar» qəzetində baş redaktorun birinci müavini vəzifəsində çalışırdım. 20 Yanvar faciəsinə aparan hadisələr vardı. Məsələn, 1986-cı ildə Filarmoniyada jurnalistlərin qurultayı keçirilirdi. Moskvadan — Mərkəzi Komitədən Mixaylov soyadlı bir nəfər orda iştirak edirdi. Gəncədən gələn Nüşabə Məmmədova adlı bir xanım dedi ki, gəncəlilər adından jurnalistlər qurultayına təklif edirəm, Kirovabad adı götürülsün, Gəncəmizin adı özünə qayıtsın. Bunu deyəndə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov yerindən dik atıldı, əsəbi şəkildə onun sözünü kəsdi ki, belə şey ola bilməz. Heç Mixaylov bilmirdi ki, söhbət nədən gedir

1982-ci ildə Zori Balayanın «Ocaq» kitabı çapdan çıxmışdı. Həmin o kitaba bir neçə adamın sərt münasibətli yazısı vardı. O cümlədən Eldar Baxış da bir şeir yazmışdı. Onun şeirini «Ədəbiyyat və İncəsənət» qəzetində düz 1986-cı iləcən saxladılar. Sonra öyrəndik ki, o şeirin getməməsi ilə bağlı Mərkəzi Komitədən tapşırıblarmış. 1990-cı il yanvarın 13-dən 19-a qədər indiki Prezident Aparatının qabağında mitinqdə olmuşam». Yeri gəlmişkən, qeyd edək ki, xalqın yaşamını özündə bütünlüklə ifadə edən folklorumuzda faciəvilik mövzusu son dərəcə nikbin əks olunub. Xüsusən faciəvilik mövzusunun daha çox ifadə olunduğu bayatılarımızda bir xalq olaraq zarımağımız yoxdur, əksinə, faciəviliyimizi aşmaq qüdrətimiz, inamımız, inadımız var. Faciəvilik dünyanın gedişatındadır, bəşərin, xalqın mayasında deyil. Deməli, faciəvilikdən bir xalq olaraq üstün olmaq imkanımız varbu imkanı gerçəkləşdirməliyik. Bir millət olaraq ömrümüzün müəyyən məqamlarında özümüzdən ayrılsaq da, ruhumuz bizi daim kökləyib, məhv olmağa qoymayıb. Bu mənada ümid səsi olan musiqi bizə daim faciələrimizdən güc almaq dərsi öyrədir. Musiqi qədər insanın ruhunu qanadlandıran, yaşadan möcüzə yoxdur. Tərəddüdsüz demək olar ki, 20 Yanvar Faciəsi daha çox musiqidə ifadəsini tapıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin fikrincə, bəstəkarlarımızın əksəriyyəti 20 Yanvar mövzusunda əsərlər yaradıblar. Bu əsərlərin nümayişiuğurlu olub.

Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» oratoriyası, Azər Rzayevin «Bakı-90″ simfoniyası, Məmməd Quliyevin «Xororkestr üçün «Matəm harayı» və başqa əsərlər bu sıradandır.

Ötən illər ərzində Azərbaycan bəstəkarları həm simfonik əsərlər, simfonik poemalar, vokal instrumental əsərlər, kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər yazıblar. Görkəmli bəstəkar Cövdət Hacıyevin «Şəhidlər simfoniyası» var. Habelə Oqtay Kazımi da bu adda sinfoniya yazıb. Ramiz Mustafayevin «Bu qan yerdə qalan deyil», Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu orkestr üçün «Qətl günü», Sərdar Fərəcov simfonik poema, Sevda İbrahimova səs baritonorkestr üçün vokal simfonik «Vətən şəhidləri», Arif Mirzəyev orqan üçün «Yanvar mərsiyələri» yazdı. Eyni zamanda bəstəkar Faiq Hağıyev «Şəhidlərdən şəhidlərə» filminə musiqi yazıb. Professor Ramiz Zöhrabovun fikrincə, Cavanşir Quliyevin xor üçün «Şəhidlər»i gözəl alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı yaradıcılığına da təsir edib. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə «Şəhidlər ağısı» yazdı. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın sözlərinə «Bir şərqi de» yazıb. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi «Şəhidlər Xiyabanı» adlı əsərdə bəstəkar duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın «Şəhid oğullara» mahnısı, Hacı Xanməmmədovun Əzizə Cəfərzadənin sözlərinə (bayatılarına) yazdığı «Əlimdə sazım ağlar» adlı əsəri də yaddaqalan nümunələrdəndir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 18 yanvar.- S.14.