«Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin xüsusi rolu var»

 

 Sərdar Yusifoğlu: «Ötən il QHT-lər üçün uğurlu və məhsuldar il oldu»

 

«Son illər vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu daha da artıb»

 

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edən təşkilatlardan biri də «Gəncliyin Elmi Mədəni İnkişafı» (GEMİ) İctimai Birliyidir. 2005-ci ildən fəaliyyətə başlayan GEMİ 2007-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. İndiyədək bir çox önəmli layihələri həyata keçirən QHT-nin Şəkidə də filialı var. Təşkilatın hazırkı fəaliyyəti və vətəndaş cəmiyyətinin inkişafındakı rolu ilə bağlı daha yaxından tanış olmaq üçün GEMİ-nin sədri Sərdar Yusifoğlu ilə həmsöhbət olduq.

- Azərbaycanda fəaliyyət göstərən QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında hansı rolu var?

- Bu gün vətəndaş cəmiyyətinin inkişafına təkan verən əsas amillərdən biri və önəmlisi QHT-lərdir. Bu istiqamətdə QHT-lərin üzərinə daha ağır yük düşür. Təşkilatlar imkanları daxilində ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün çalışır, öz töhfələrini vermək üçün səy göstərirlər. Tək QHT-lər deyil, bu təşkilata dəstək olan strukturların yaranması da önəmli irəliləyişdir. Məsələn, gənclərlə bağlı təşkilatlara dəstək olmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Bu kimi təşkilatlar digər QHT-ləri daha aktiv fəaliyyət göstərməyə həvəsləndirir, gənclərin maraqlı və önəmli ideyalarını dəstəkləyir. Vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin gördüyü ilk işlərdən biri sovet rejimindən çıxmış insanlara vətəndaş cəmiyyətinin mahiyyətini və əhəmiyyətini izah etmək oldu. Çünki yeni müstəqillik qazanmış cəmiyyətlər üçün bu yeni anlayış idi. Bunun üçün QHT-lər müxtəlif təlimlər və seminarlar keçdilər, bacardıqları qədər əhali arasında məlumatlandırma və maarifləndirmə işləri apardılar. Bu işlər hələ də davam edir. Ona görə də ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin xüsusi rolu var.

- Bugünkü QHT-lərin vətəndaş cəmiyyətinin inkişafındakı rolu sizi qane edir?

- Kiçik imkanlara malik, amma mühüm layihələr həyata keçirən QHT-lər var. Elə təşkilat tanıyıram ki, heç yerdən maliyyələşmir, ödənişli xidmət göstərmir, jurnal çap etməklə və başqa təşəbbüslərlə ofislərini saxlayırlar. İllik büdcəsi çox az olan QHT-lər var ki, həyata keçirdikləri layihələrin siyahısına baxanda görürsən ki, faydalı fəaliyyətləri olub. Hesab edirəm ki, 2012-ci ildə QHT sektorunda mühüm işlər görülüb. Bu baxımdan ötən ili QHT-lər üçün uğurlu və məhsuldar saymaq olar.

- Bəs GEMİ bu istiqamətdə hansı işləri görüb?

- Təşkilat olaraq, 2005-ci ildən bu istiqamətdə müxtəlif konfranslar, seminarlar keçirmişik. Vətəndaş cəmiyyətinin inkişafı bir neçə amildən asılıdır. Onlardan birietiqad azadlığı, dini tolerantlıqdır. Bunu nəzərə alaraq cəmiyyətimizdə tolerantlığın inkişafı, din və cəmiyyət mövzusunda da çalışmalarımız olub. Azərbaycanda dini etiqad azadlığı var. Hər kəs istədiyi dinə etiqad edə bilər. Lakin birgəyaşayış üçün əsas şərt odur ki, bir insan digərinin dini inancına hörmət etsin, tolerant olsun. Dini dözümlülük ölkənin demokratikləşməsinin göstəricilərindən biridir. Birisi təhsilli ola bilər, amma tolerant olmaz. Bəzən insanlar oxuduqlarını praktikada tətbiq etməkdə çətinlik çəkirlər. Məsələn, dini etiqad azadlığını qəbul edirəm deyir, amma qarşındakının özündən fərqli inancına səbrlə və hörmətlə yanaşa bilmir. İlk layihələrimizdə bu məsələyə diqqət ayırdıq. Fəaliyyətimiz genişləndkcə təhsil və başqa sahələr üzrə də layihələr həyata keçirdik. Bacardığımız qədər vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyə çalışırıq.

- Hazırda hansı layihəni həyata keçirirsiniz?

- Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə «Liderlik və mən» layihəsi üzərində çalışırıq. Bu layihəmizlə Şəki şəhərindəki filialımız məşğul olur. Lakin çalışmalarımıza tək Şəkidən deyil, Oğuz, Qax, Qəbələdən də gəncləri cəlb edirik. Onlar seminarlarımızda iştirak edirlər. Bundan başqa, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bayraqla bağlı layihəmiz var. Doğrusu, layihəni 9 noyabr Dövlət Bayrağı Günü həyata keçirmək istədik. Lakin vaxt çatmadı. Bu baxımdan 28 may Respublika Günü keçirməyi nəzərdə tutmuşuq. Tək Bakıda deyil, bölgələrdə də «Bayraq» layihəmizi həyata keçirəcəyik.

- Təhsillə bağlı layihədə hansı işləri görürsünüz?

- Təhsil vətəndaş cəmiyyətinin inkişafı üçün ən önəmli sahələrdən biridir. Mən deyərdim ki, elə birincisidir. Bildiyiniz kimi, xaricdə təhsil alan gənclərlə bağlı dövlət proqramı var. Bu proqram 2015-ci ilədək nəzərdə tutulub. Biz də həmin proqram əsasında xaricdə təhsil almaq istəyən gənclərimizə kömək edirik.

- Necə kömək edirsiniz?

- Biz xaricdə fəaliyyət göstərən universitetləri, xüsusilə də dövlət proqramına salınan, Təhsil Nazirliyinin saytında adı qeyd edilən ali məktəbləri təklif edirik. Hansı universitetdə təhsil almaq istəsələr, ora qəbul olunmaları üçün yardım edirik. Hər ali məktəbin öz kriteriyaları var. Biz qəbul prosedurlarına köməklik göstəririk. Təklif etdiyimiz universitetlərin sırasında Avropa və ABŞ-ın ali məktəbləri var. Müraciət edənlərə bakalavr, magistraturadoktorantura pilləsində təhsil təklif edirik.

- İndiyədək neçə nəfərin xarici universitetlərə qəbul olunmasına yardım etmisiniz?

- 11 nəfəri müxtəlif xarici universitetlərdə artıq yerləşdirmişik. Bir neçə nəfərin isə prosedurlarını davam etdirirk. Buna vaxt lazımdır. Bizə 13 nəfər bakalavr, 1 nəfər magistratura, 1 nəfər də doktoranturada təhsil almaq üçün müraciət etmişdi. 11 nəfərin yeləşdirilməsinə nail olduq.

- Hansı ölkələrin universitetlərində yerləşdirmisiniz?

- Avstriyanın Vyana, Sülh universitetlərinə, Almaniyanın və Ukraynanın bir neçə ali məktəbinə yerləşdirmişik. Çalışırıq ki, dövlət universitetləri olsun.

- Xarici universitetlərdə təhsil almaq üçün nələr tələb olunur?

- Azərbaycan ali məktəblərində təhsil almaq istəyən əcnəbilərin çoxundan yalnız dil bilmələri tələb olunur. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarında iştirak etmirlər. Bizim ali məktəblərdə Türkiyədən, İrandan, eləcə də Avropadan gəlib oxuyan tələbələr var. Ölkəmizdə əcnəbilər üçün qəbul qaydaları fərqli olduğu kimi xaricdə də belədir. Onu da qeyd edək ki, ABŞ-daAvropada universitetə qəbul qaydaları bizimkindən fərqlidir. Orada bu sahə ilə məşğul olan dövlət komissiyası yoxdur. Orta mətkəbi bitirəndən sonra imtahan vermədən universitetdə təhsil ala bilirlər. Eləcə də xaricdə doktoranturada oxumaq qaydası da fərqlidir. Deyək ki, kimsə politologiya üzrə təhsil almaq istəyir. Bu mövzuda 11-20 səhifəlik elmi yazı yazıb təhsil almaq istədiyi ali məktəbə göndərir. Universitet əgər yazını bəyənsə, həmin şəxsi doktorantura pilləsinə qəbul edir.

- Sənədləşmədə əsas çətinliyiniz nədə olur?

- Bizdə orta təhsil 11, xaricdə isə 12 illikdir. Bununla bağlı çətinlik olur, daha çox sənəd tələb edirlər. Orta məktəbdən sənəd toplanmalıdır, hansısa universitet zəmanət verməlidir ki, bu şəxs filan ixtisasda təhsil ala bilər, həmin sənədləri Xarici İşlər Nazirliyi təsdiqləməlidir.

- Tələb olunan sənədləri siz toplayırsınız?

- Bəli, bizə müraciət edən hər kəs üçün bu işləri öz öhdəmizə götürürük.

- «Liderlik və mən» layihəsinin məqsədi nədir?

- Bu layihənin başa çatmasına az müddət qalsa da, maraqlananlar yenə də müraciət edə bilərlər. Adından da məlum olduğu kimi, liderlik xüsusiyyətləri, uğurlu lider olmanın özəllikləri, nitq qabiliyyətinin artırılması kimi mövzularda təlimlər keçirik. Biz gənclərə izah edirik ki, hər kəs lider ola bilər. Bu gün hansısa QHT fəalı sabah özü təşkilat təsis edib ona liderlik edə bilər. Çalışırıq ki, təlim iştirakçılarımız psixoloji əngəlləri aşıb daha da sosiallaşsınlar.

- Təlimlərinizə qatılan gənclərdən lider olmaq istəyəni çoxdur?

- Lider olmaq istəyi daha çox ictimai fəaliyyətlə məşğul olan, QHT-lərdə çalışan gənclərdə müşahidə olunur.

- Liderlik geniş anlayışdır. Siz hansı istiqamət üzrə lider hazırlayırsınız?

- Siyasi deyil, ictimai sahələr üzrə.

- Sizcə, gənclərimiz vətəndaş cəmiyyətinin inkişafında nə dərəcədə maraqlıdırlar?

- Məncə, gənclərimiz vətəndaş cəmiyyətinin əhəmiyyətini dərk edirlər. Çünki ölkədə vətəndaş cəmiyyəti nə qədər tez qurulsa, əhali üçün bir o qədər də faydalı olar. Xüsusən də gənclər üçün. Bu hər kəsin, həm hökumətin, həm də vətəndaşların xeyrinədir. Elə bu məqsədlə də Gənclər Fondu yaradıldı. Bu təşkilatın fəaliyyəti daha çox gənci ictimai fəaliyyətə cəlb etmək və gənclərin maraqlı ideyalarını dəstəkləmək məqsədi daşıyır. Bu fondun əməkdaşları da gənclərdir. Yeni yaranmış QHT-lər fonda müraciət edərək öz təşəbbüslərini və layihələrini təklif edirlər. Fondun fəaliyyət göstərdiyi bir il ərzində yüzlərlə gənc faydalana bildi. Ümid edirik ki, 2013-cü ildə də gənclərin vətəndaş cəmiyyəti quruculuğuyla bağlı ideyaları dəstəklənəcək.

- Bəzi QHT-lər onlara ayrılan maliyyə vəsaitindən səmərəli istfadə etməməklə qınanırlar. Sırf pul əldə etmək, xarici donorlardan pul almaq üçün işləyirlər? Bu haqda nə deyərdiniz?

- Xarici donorlar uzun tarixə və çoxillik təcrübəyə malik təşkilatlardır. Onlar bilirlər ki, hansı QHT-yə dəstək olmaq lazımdır. Bəzən qeyd etdiyiniz neqativ hallar olur. Lakin eyni QHT-də bu hal təkrarlana bilmir. Çünki donor vəsaitin layihədən kənar xərcləndiyini aşkar edəndə ikinci dəfə həmin təşkilata maliyyə ayırmır.

- Bəs QHT-lərdə qadınların fəaliyyətini necə dəyərləndirərdiniz?

- Qızların QHT-lərdə aktivliyi artmaqdadır. Təlimlərdə, konfranslardabaşqa tədbirdə qızlar oğlanlardan geri qalmırlar. Əgər fikir verdinizsə, yaxın günlərdə Bakıda təşkil edilən «flashmob»da qızların sayı oğlanlardan heç də əksik deyildi. Son illər vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu daha da artıb.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2013.- 18 yanvar.- S.11.