Qədim insan məskəni

 

Ən qədim tarixi abidələrdən biri olan Azıx mağarası 1993-cü ildən erməni işğalı altındadır…

 

Mağaralar bəşər sivilizasiyasının qədim tarixini bu gün də sinəsində qoruyub saxlayan tarixi abidələr siyahısındadır.

Azərbaycan ərazilərində mağaraların sayı kifayət qədərdir. BöyükKiçik Qafqaz sıra dağlarının ətəklərində, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Zəngilan, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət, Füzuli rayonunda (Azıx) aşkar edilmiş mağaraların yaşı minilliklərə qədər gedir. Mağaralar ilk insan məskəni olduğundan, onun yaranmasında zehnifiziki əmək sərf edilib. Aparılmış tədqiqatlar göstərir ki, ilk memarlıq nümunələri sayılan bu yaşayış yerlərində insanlar 1,5 milyon il bundan öncə yaşayıblar. Mağaralar insanların təkcə vəhşi heyvanlardan qorunması üçün deyildi. Həmçinin orada yaşayanların digər canlılardan fərqli həyat tərzi keçirmələrinə və beləliklə, sivilizasiyanın inkişafına bir işarə idi.

Mağaralar təsnifatına görə müxtəlif olublar. Mağaralar dağların başında, qaya üstündə, yer səthindən xeyli hündürlükdə tikilib. Belə mağaralara əsasən Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqazın isə Qubadlı (Bərgüşad, Həkəri vadiləri), Şirvan ərazilərində (Şamaxının Mərəzə, Sündi və Dərəkənd yaxınlığında), MannaMidiya dövlətlərinə mənsub ərazilərdə rast gəlmək mümkündür. Həmin mağaraların insanlara gözlənilən hücum və təcavüzlərin qarşısının alınması ilə əlaqədar tikilməsi daha çox ehtimal edilir. Bu mağaraqalalardan bir-birinə işarə etmək və bir-birini anlamaq mümkün idi. Qalalarda qalanan tonqallar isə yadellilərin hücumu barədə işarə verirdi. Belə qalamağaralar Kəlbəcər rayonunun ərazisində, xüsusən Ayrım dərəsində (Löh qalası) səmtində daha çoxluq təşkil edir.

Mağaralara ehtiyac azaldıqca onlar tarixin və torpağın alt qatlarına keçdilər. Memarlıq sənətinin inkişafı mağaraların ömrünə nöqtə qoysa da, mədəniyyətlərin qovuşduğu mərkəzi şəhərlərdə bir-birindən yaraşıqlı, gözoxşayan binalar boy atdıqca, boyları kiçilən mağaralar gözdən düşmədi, əksinə, onlar maddi-mədəniyyət abidələri kimi diqqəti daha çox cəlb etməyə başladılar.

Qeyd edək ki, Azərbaycanın qədimliyinə görə beş mağarası xüsusilə önəmlidir. Bunlar Azıx, Damcılı, Zar, Şuşa mağarasıdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında, Quruçay çayının sol sahilində, dəniz səviyyəsindən 1400 metr hündürlükdə Azıx mağara kompleksi yerləşir. Azərbaycan ərazisində olan ən qədim insan məskənidir. Vaxtilə mağaranın yerləşdiyi bölgənin əhalisi onun varlığından xəbərdar olsalar da, tarixdəki yerini təsəvvür etmirdilər. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyil. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər. Mağaranın sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Poleolit Arxeoloji Ekspedisiyası tərəfindən aşkarlanıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

1968-ci ilin iyununda paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsindəki arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə 18 yaşlı qadına məxsus məşhur çənə sümüyünü aşkar edir. Tapıntı üzərində aparılan tədqiqatlar onun ən azı 350-400 min illik bir tarixə malik olduğunu göstərdi. Eyni zamanda mağarada Paleolit dövrüMezolit dövrünə 1-1.5 milyon il əvvələ aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloji tapıntılar Tanzaniyada, KeniyadaFransada aşkar edilib. Bunamağara Quruçay ərazisində yerləşdiyinə görə bu dövr «Quruçay mədəniyyəti» adlandırılır. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində «azıx» -»ayı» deməkdir. Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilib. Bu ocaqlar kənardan daşlarla əhatə olunub. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdaki yaşayış yerini oddan qorumaq olub. Mağaradakı ocaq yeri həm də ilk tikili hesab olunur.

Qeyd edək ki, Azıx mağarası Azərbaycanın Füzuli rayonu ərazisindədir və 1993-cü ildən etibarən erməni işğalı altındadır. Mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilib və 1956-cı ildən etibarən Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilib. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Mağara formasına görə yarımdairəvidir. Hündürlüyü — 4 m, ümumi sahəsi 17 x 27 m-dir. Üç il ərzində aparılan arxeoloji qazıntılar zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları aşkar edilib.

Mağaradan tapılan daş alətlər öz forma və hazırlanma texnikasına görə orta paleolitə — Mustye dövrünə (Mustye — 70 min il öncə yaranmış və təxminən 35 min il əvvəl sona çatmış arxeoloji mədəniyyətdir) — yuxarı paleolitə və neolitə aiddir. Bu da öz növbəsində həmin obyektdə bir neçə minillik ərzində davamlı yaşayış məskəninin olduğunu göstərir. Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar (nukleus-nüvə mənasını verərək, daş alətin hazırlanması prosesində xam daşdan hissələrin döyəclənməsi yolu ilə əmələ gələn formaya deyilir) və alət üçün qoparılmış materiallardan ibarətdir.

Damcılıdan tapılmış digər bir qrup alət yuxarı paleolitə aiddir. Bunlar uclu və dairəvi qaşovlar, kəsərlər, bizlər və s. kimi daş alətlərdir. Bu qrup Mustye alətlərindən fərqli olaraq yeni texnika üsulu ilə işlənmiş və prizmatik nukleuslardan qoparılmış qalın lövhələrlə təmsil olunub.

Bundan başqa Damcılı mağarasından ox ucları da tapılıb.

Ox ucları çox xırda mikrolit lövhələrdən düzəldilib. Onlar yarpaq formasında olub, hər iki üzü istifadə edilib. Ümumiyyətlə qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı tapılıb ki, onların 600-ə qədəri müxtəlif təyinatlı alətlərdir. Bu alətlərin təyinat çeşidliyi və müxtəlif dövrlərə aid olması Damcılı mağarasında həyat və insan fəaliyyətinin arası kəsilmədən uzun müddət mövcud olmasını əyani şəkildə sübut edir. Damcılı mağarasının önəmli məqamlarından biri də Damcılı bulağıdır. Bu bulağın suyu mağaranın çaxmaqdaşlaşmış tavanından, dar qaya çatlarının arasından süzülür. Tavandan qopub yağış tək yağan şəffaf damlaların səsi sehrli pıçıltıya bənzəyir. Yeri gəlmişkən Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Bu ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid edilən qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları və s. qeydə alınmış, şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 m diametrli sıxıcı daş çarx tapılıb.

Şərur rayonunda Hadiqaib Yaşayış yeri yaxınlığında, sıldırım qayaların yanında eyni adlı mağara yerləşir. Hadiqaib mağarasının uzunluğu 10 m-dən artıq, hündürlüyü 2, bəzi yerlərdə 3 m-ə çatır. Giriş hissəsi aşağıdan daşlarla hörülüb. Girişdən 2 m içəriyə doğru qazılmış yerdə iti uclu obsidian (dəvəgözü) qəlpələri səpələnib. Əldə olunan silah nümunələrinə əsasən mağaranın tarixinin daş dövrünə aid olduğu ehtimal edilir. Zar mağarası isə Paleolit dövrünə aiddir. Kəlbəcər rayonu Zar kəndinin qərb tərəfində yerləşir. Hər iki mağarada tədqiqat işləri aparılmayıb və hazırda hər iki abidə Ermənistanın işğalı altındadır.

1971-ci ilin iyul ayında Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qarabağın dağlıq ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə apardığı kəşfiyyat işləri zamanı Şuşa mağarasını aşkarlayıb. Mağara şəhərdən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. Arxeoloqların apardığı kəşfiyyat qazıntı işləri zamanı Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılıb. Təəssüf ki, bu qədim tarixi abidə də erməni işğalı altındadır.

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 19 yanvar.- S.15.