«Səhnə danışığı»

 

Şifahi sözün insanlara təsir mexanizmlərindən biri də bəşər ədəbi-mədəni hərəkatının yetirdiyi dahi sənətkarların yüksək humanist fikirlərinin istedadlı aktyorlar tərəfindən dinləyicilərə və tamaşaçılara çatdırılmasıdır ki, bunun da elmi əsasları və praktik fəndləri «Səhnə danışığı» fənninin araşdırma obyektini təşkil edir. Dosent Əzizağa Quliyevin 2011-ci ildə işıq üzü görmüş «Səhnə danışığı» dərsliyi də (Bakı: «Ziya», 2011) məhz humanitar elmimizdə və təhsil prosesimizdə mövcud olan konkret boşluğun aradan qaldırılmasına yönəldilmiş uğurlu fundamental əsərlərdən biribu sahədə Azərbaycan dilində qələmə alınmış ilk dərslik kimi qiymətləndirilə bilər.

Audio-vizual texnikanın görünməmiş dərəcədə inkişaf etdiyi hazırkı informasiyabilik əsrimizdə bəlkə də bəzilərinə səhnə danışığı texnikası probleminin araşdırılmasına bu qədər zəhmət sərf etmək müəyyən dərəcədə anaxronizm kimi görünə bilər. Axı indi mikroelektronikanın son uğurları əsasında ərsəyə gətirilmiş sintezatorlarda praktik olaraq istənilən səsi, istənilən aktyorun səs tembrini və diksiyasını rəqəmsal şəkildə əldə etmək və səsləndirmək mümkündür. Hətta nə qədər gülməli (bəlkə də kədərli) olsa da, bəzən yerli-dibli səsi olmayanlar bu texnikanın «köməyi»lə «ulduza» da çevrilə bilirlər. Ancaq təbii ki, heç bir səsgücləndirici və sintezedici texnika olmadan sənətçi ilə dinləyici və ya tamaşaçı arasında baş tutan canlı ünsiyyət insanlara daha çox təsir edir, onlarda yüksək insani ideya-estetik özəlliklərin formalaşmasında müstəsna rol oynayır. Bu baxımdan, əlbəttə ki, dünyada canlı insan qaldıqca aktyor-tamaşaçı canlı ünsiyyətinə də ehtiyac özünü göstərəcək və bu sahənin öyrənilməsi də aktual olaraq qalacaqdır.

Səhnə danışığı fənninin tədrisi sahəsində yarım əsrlik təcrübəyə malik olan dosent Əzizağa Quliyev bu uzun müddət ərzində əldə etdiyi nəzəri-təcrübi bilikləri və zəngin elmi-pedaqoji təcrübəsini sistemə salıb ümumiləşdirməklə çox lazımlı bir dərslik ərsəyə gətirməyə nail olmuşdur. Müəllifin qarşıya qoyduğu əsas məqsəd — sözün, ifadənin, cümlənin, mətnin canını təşkil edən ünsürləri onların anatomiyası vasitəsilə ortaya qoymaqbu detallara yiyələnməyin mexanizmini tələbələr qarşısında açmaqdır ki, bu məqsədinə də dərslikdə kifayət dərəcədə nail olduğunu əlimizi ürəyimizin başına qoyaraq söyləyə bilərik.

Üç əsas hissədən ibarət olan dərsliyin qapıları üzümüzə «Ön söz» və «Giriş»lə açılır. Elə kitabın kandarındaca müəllifin belə bir maraqlı fikri ilə üz-üzə gəlirik ki: «…Aktyor ifasının ifadəliliyi rolun yalnız daxili məzmununa nüfuz etməyin dərinliyindən deyil, həm də bu məzmunu təcəssüm etdirmək üçün fiziki aparatının hazırlıq səviyyəsindən asılıdır.»

Səhnə danışığı elmi üzrə özünəqədərki müəlliflərin əsərlərini yüksək qiymətləndirən Ə.Quliyev, eyni zamanda bu araşdırmalarda fənnin sistemli tədris məqsədinin qarşıya qoyulmadığını və «Səhnə danışığı» dərsliyinin də məhz bu cəhəti ilə seçildiyini vurğulayaraq, xüsusi halda qeyd edir ki, «…təlimin elmi əsaslar üzərində qurulmasına diqqətin daha da artırıldığı bir zamanda milli teatr mədəniyyətimizin sürətlə inkişaf etdirilməsi üçün professional aktyorrejissor kadrlarının yetişdirilməsi «Səhnə danışığı» dərsliyinin yazılmasını bir vəzifə kimi qarşıya qoydu

Rza Təhmasib, Adil İskəndərov, Mehdi Məmmədov kimi «Aktyor sənəti» fənnini tədris etmiş klassiklərlə uzun müddət çiyin-çiyinə işləməsini böyük iftixar duyğusu ilə xatırlayan müəllifin əsərinin səviyyəsini təyin edən faktorlardan birini də məhz bu cür yüksək elmi-pedaqoji məktəb keçməsi faktı təşkil edir.

Dərsliyin birinci hissəsi mətn üzərində tədris-yaradıcılıq işinin elmi-praktik mənzərəsinin təsvir və tədqiqinə həsr edilmişdir. Bölmənin əvvəlində danışıqdakı fonetik ifadəliliyin vasitələrindən pauzalar, vurğular, müxtəlif intonasiyalar, danışıq sürəti, səsin tembr dəyişiklikləri xüsusi diqqətə çəkilərək bunların səhnə danışığında da müstəsna dərəcədə böyük rol oynadığı və bu baxımdan hərtərəfli tədqiqat üçün zəngin material verdiyi nəzərə çatdırılır. Buradaca insanın təbii, gündəlik danışığı ilə səhnə danışığı arasındakı prinsipial fərq yığcam şəkildə elmi cəhətdən əsasandırılır. Müəllif belə bir düzgün qənaətə gəlir ki: «Mətn üzərində aparılan tədris-yaradıcılıq işinin son məqsədi dinləyicilərə emosional təsir göstərmək üçün əsərin ideya-bədii mahiyyətini açıb göstərməkdir ki, bu da hər şeydən əvvəl mətnlə ifadə olunmuş müəllif fikirlərinin aydın və dəqiq çatdırılması ilə sıx bağlıdır.»

Bəs bu son məqsədi gerçəkləşdirməyin konkret yolları və üsulları hansılardır? Ə.Quliyev bu suala da dəqiq cavab verərək, bunun ana xəttini səhnə danışığının məntiqi ifadəliliyinin işlənib hazırlanması kimi müəyyənləşdirir. Bu bölmədə müəllif «Ağılı kimdən öyrəndin? — Dəlilərdən!» hikmətinin metodologiyası ilə hərəkət edərək, düzgün səhnə danışığı prosesini reallaşdırmaq üçün nələrdən çəkinmək lazım olduğunu nəzərə çatdırıb yazır: «Anlaşılmaz tələffüz, sürətli danışıq, nitqdə yerli şivə və dialekt ünsürlərinin işlədilməsi, sözlərin axırının «udulması», buya digər səsin məxrəcinin dəqiq olmaması və s. mətnin məzmununun dinləyicilər tərəfindən qavranılmasına əngəl törədir.»

Doğrudan da, məhz bu cür danışıq qüsurları, hər cür fiziki fakturaya malik olan istənilən teatr artistinin bütün səylərini heçə çıxara bilər. Dərslik müəllifi bununla həm də düzgün səhnə danışığı sahibi olmaq üçün hansı başlıca qüsurlarla mübarizə aparmaq lazım gəldiyini tələbələrə əyani şəkildə çatdırmış olur. Ancaq əlbəttə ki, bu qüsurların aradan qaldırılması heçaktyorun səhnə danışığı ustalığını tam mənimsəməsi anlamına gəlmir və burada bir çox başqa şərtlərin də önəm daşıdığı şəksizdir. Bunlardan başlıcasını müəllif mətnin emosional-obrazlı cəhətinin orijinala uyğun şəkildə çatdırılmasında görür. Axı bədii əsər gerçəkliyin fotosunu deyil, sənətkar tərəfindən qavranılması versiyasını təqdim edir və əgər aktyor sənətkarın bu qavrama rakursuna nüfuz edə bilməsə, onu adekvat şəkildə qarşısındakı tamaşaçıya da çatdırmağa müvəffəq olmayacağı heç bir şübhə doğurmur. Bu işdə tələbə-aktyorun köməyinə əsərdəki fakt və hadisələri gerçəklikdə olduğu kimi təsəvvür edə bilmək qabliyyəti çatır ki, bunun da formalaşdırılmasında tədris prosesinin, istedadlı və təcrübəli müəllim əməyinin çox böyük rolu vardır.

«Tikinti materialı» söz olan bədii əsərdəki fakt və hadisələri göz önündə canlandırmaq üçün aktyor zəngin təxəyyülə malik olmaqla yanaşı, həm də hadisələrin inkişaf qanunauyğunluğunu intuisiya ilə dərk etmək və izləmək qabiliyyətinin sahibi olmalıdır. Məhz bu cür keyfiyyətlərin köməyi ilə mətnin mahiyyətini qavramaqonu səhnə danışığının ifadə vasitələrinə arxalanmaqla dinləyiciyə çatdırıb, onda adekvat duyğuların yaranmasına nail olmaq mümkündür.

Məlumdur ki, bədii yaradıcılıq emalatxanasının başlıca «əmək alətlərindən» birini də sətiraltı, yaxud sözaltı məna, Ezop dili təşkil edir ki, əsərin ideyasının çatdırılmasında bu mənanın təlqininin də böyük əhəmiyyəti danılmazdır. Məhz buna görədir ki, dərslikdə sözaltı mənanın səhnə danışığı vasitəsilə ifadə olunma istiqamətləri nəzərdən keçirilirkonkret vəzifələrin həlli üçün yollar göstərilir. Burada sözaltı məna hər bir aktyorun istedad və qabiliyyətindən, savadintellekt dərəcəsindən, həyat təcrübəsindən asılı olaraq sözaltı mənanın müxtəlif variantlarda qavranıla biləcəyi, yaradıclıq fərdiliyinin əsas şərtlərindən biri kimi qiymətləndirlilir. Yeri gəlmişkən, müəllif səhnə danışığı zamanı təqlid probleminə də toxunurbunun yolverilməzliyini bir daha vurğulayır.

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 19 yanvar.- S.13.