23 yaşlı 20 Yanvar

 

 İctimai Dəfn Komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə: «Şəhidlərin adları, əməlləri, amalları millətimizin tarixinə, onun əbədi yaddaş kitabına ən uca and yeri kimi yazılıb»

 

Qanlı Yanvar hadisələrindən artıq 23 il ötür. XX əsrin sonu və XXI əsrin ilk onilliyini əhatə edən bu tarixi dövr ərzində dünya miqyasında xeyli siyasi-ictimai, iqtisadi-sosial, mədəni-mənəvi proseslər baş verib. Keçmiş Sovet İttifaqı və onun başçılıq etdiyi sosialist sistemi dağılıb, dünyada yeni müstəqil dövlətlər meydana çıxıb, hakimiyyətlər dəyişib, yeni elmi-texniki kəşflər edilib, müharibələr baş verib, beynəlxalq aləmdə siyasi-hərbi sahələrdə qüvvələr nisbəti real prinsiplər üzərində formalaşıb, təbii olaraq hər şeyin hakimi sayılan zaman-vaxt amili hökmü qarşısında nələrsə, kimlərsə unudulub, yaddan çıxıblar. Bu qənaətlərə varan iqtisad elmləri doktoru, professor, 20 Yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə düşünür ki, xalqın azadlıq mübarizəsi Şəhidlərin adları, əməlləri, amalları isə Millətimizin tarixinə, onun əbədi yaddaş kitabına ən uca And yeri kimi yazılıb, unudulmaz oğul-qızlarımızın müqəddəs qəbirlərinin yerləşdiyi «Şəhidlər Xiyabanı» hər birimizin ulu ziyarət yerinə çevrilib: «Qanlı Yanvardan sonra fövqəladə vəziyyət və yerli hakimiyyət orqanlarının fəaliyyətinin iflic edildiyi bir şəraitdə, Şəhidlərin dəfninin təşkili, yanvar ayının 20-dən başlayaraq qəbirlərin qazılması işindən izdihamlı qırx gün mərasiminin keçirildiyi martın 2-nə qədər olan 42 gün müddətində, olduqca məsuliyyətli, hətta müxtəlif təhlükələrlə bağlı matəm mərasiminin bütün ağırlığı, xalqın məsləhəti və hökmü ilə yaradılaraq, yalnız onun iradəsini, hamılıqla razılaşdırılmış xəttini təmkinlə yerinə yetirən İctimai Dəfn Komissiyasının üzərinə düşmüşdü. Tərkibində din xadiminin, fəhlənin, mühəndisin, elm işçisinin, inşaatçının, jurnalistin, müəllimin, alimin olması, cəmiyyətin müxtəlif ictimai təbəqələrinin təmsil edildiyi bu quruma öz gündəlik çətin işini səbirli ahəngdarlıq və ciddi nizam-intizam, habelə dəqiqliklə qurub, ardıcıllıqla həyata keçirməyə imkan vermişdi. Fövqəladə vəziyyətə qəzəb-nifrət, yerli hakimiyyət orqanlarına inamsızlıq, ümidsizlik şəraitində, İctimai Dəfn Komissiyasının «Şəhidlər Xiyabanı» ərazisində təşkil etdiyi matəm mərasimi və ziyarət prosesi, əslində xalqın sərbəst surətdə toplaşıb, azad fikir mübadiləsi apardığı yeganə nisbətən «təhlükəsiz» bir məkan, yaxud «ictimai-siyasi» meydan idi. Səhər tezdən qaş qaralana qədər hər gün bir neçə dəfə təkrar olunan «bir anlıq sükut» çağırışının yaratdığı təkrarolunmaz lal mənzərə, müxtəlif çıxışlar, söylənən şeirlər, oxunan yanıqlı qəsidələr, «qərənfil dənizinin» buraya gələnləri kövrəltməsi, köməkçilər dəstəsinin fədakar zəhməti, təcili yardım həkimlərinin qayğıkeş münasibətləri, taksi və avtobus sürücülərinin əhaliyə təmənnasız xidməti, tələbə və şagirdlərin ərazini təmizləyib, səliqə-səhman yaratmaları, tədricən bu yerin xalqın şüurunda xüsusi bir məna kəsb etdiyini göstərirdi».

Q.Əbdülsəlimzadə sadə, təmənnasız insanların adlarını sadalayır: «Bu işlərin ən xırda cəhətlərinin dəqiqləşdirilməsi, həyata keçirilməsi məsuliyyəti İctimai Dəfn Komisiyası və onun çevik köməkçilər dəstəsinin üzərinə dişmüşdü. Etibar Səmədov və Rüstəm Xalıqovun son dərəcə bacarıq və tələbkarlıqla başçılıq etdiyi bu qrupunVaqif, Gündüz, Əbdül, İskəndər, Seyfulla, Adil, Təvəkkül, Fərhad, İlham, Xəlil, Mehman, Cavanşir, Yaşar, Eldar, Fuad, Möhsüm, Üzeyir, Mötəbər, Rahib, Vasif, İxtiyar, Məhəmməd, Tamerlan, Əli, Feyruz kimi üzvlərinin gərgin əməyi və əvəzsiz xidmətləri ən yüksək hörmət-qiymətə layiqdir. Həmin şəraitdə İctimai Dəfn Komissiyasına, onun köməkçilər dəstəsinə elə doğma el münasibəti yaranmışdı ki, onların gecəli-gündüzlü fəaliyyətindən razılıqlarını öz işləri kimi dəyərləndirərək, bu qurumu nə qədər qəribə səslənsə də, «bizim hökumət» adlandırır, xahiş və tapşırıqlarını can-başla yerinə yetirir, ən başlıcası isə bu işdən qurur duyaraq yeni tapşırıqlar üçün hazır olduqlarını, hətta başqalarını da cəlb edə biləcəklərini söyləyirdilər. Bu mənada İctimai Dəfn Komissiyasının çoxcəhətli fəaliyyəti, həqiqətən xalq müdrikliyinin konkret ifadəsi olan tarixi bir hadisə kimi millətin sarsılmış inamını özünə qaytarmaqonun daxili imkanlarını yeni mübarizə mərhələsinə səfərbər etmək istiqamətində, milli azadlıq hərəkatımızın unudulmaz səhifəsidir. İctimai Dəfn Komissiyası adından «Şəhidlər Xiyabanı»nda bütün maneə və çətinliklərə baxmayaraq fasiləsiz surətdə keçirilən gündəlik ziyarət, cümə axşamları və izdihamlı qirx gün matəm mərasimində xalqa olan müraciətlər həm təsəlli, həm də mübariz çağırış xarakteri daşımışdı.

…»Qanlı Yanvar 19-dan 20-nə keçən dəhşətli qırğın gecəsindən artıq bir həftə ötür. Lakin hələ çox həftələr, aylar, illər keçəcək, amma biz bu faciəli hadisəni unutmayacağıq və unutmağa da haqqımız yoxdur… Fədailər və Şəhidlər Xiyabanında dəfn olunan qurbanlarımız arasında 66 yaşlı azərbaycanlı ixtiyar kişi, 13-14 yaşlı məktəb şagirdi, 45 yaşlı yəhudi həkim və 16 yaşlı qız, 43 yaşlı rus kor əlil və 17 yaşlı gənc, 31 yaşlı tatar sürücü və 46 yaşlı ləzgi yanğınsöndürən var… Deməli, bu faciə respublikamızda yaşayan millətlərin ümumi faciəsidir. Lakin bu ağır günlərdə öz göz yaşlarımızı qəlbimizə axıdırıq… Biz Şəhidlərimizin matəm məclisini xalqımızın ucalığına və nəcibliyinə uyğun davam etdirməliyik».

«…Bu gün biz Şəhidlərimizin 40 gününü qeyd etmək üçün matəm mərasiminə toplaşmışıq! Azərbaycan xalqı oğul və qızlarının 40 gününü fövqəladə vəziyyətin hökm sürdüyü, hərbçilərin əhatəsində, vertolyotların uçuş-nəzarət gurultusu, snayperlərin hədəfində olduğu bir şəraitdə qeyd edir. Belə bir vəziyyət xalqımızdan səbirli və təmkinli olmağı tələb edirBiz Şəhidlərimizin bütün respublikada keçirilən 40 gün mərasimini elə aparmalıyıq ki, Millətimizin ucalığına və Şəhidlərimizin məğrur ruhlarına layiq olaq».

Ötən 23 il ərzində xalqın tövsiyyəsi, məsləhəti və tələbi ilə müxtəlif vaxtlarda, xüsusilə son dövrlərdə «Şəhidlər Xiyabanı» ərazisində aparılmış abadlıq, yenidənqurma işlərini yüksək qiymətləndirməklə yanaşı, nəzərdə tutulanların hamısının başa çatdırıldığını demək olmaz.

Şəhidlərimizin dəfninin ilk günlərindən xalq tərəfindən irəli sürülmüş, bu geniş və özünəməxsus relyef xüsusiyyətlərə malik ərazidə, açıq səma altında, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixinin əsas mərhələlərini əks etdirən Vahid Xatirə Kompleksi yaradılmalı, «Şəhidlər Muzeyi» fəaliyyət göstərməli, sərgi zalları, yaradıcılıq studiyaları, kitabxana, oxucu zalı, kinolektoriya olmalı, «xalq tribunası» təşkil edilməli, hərbi vətənpərvərlik tədbirləri keçirilməli, səriştəli bələdçilər və bir neçə dil bilən təcrübəli mühazirəçilər qrupu müxtəlif ölkələrdən gələn turistləri, qonaqları məlumatlandırmalı, Şəhidlər Xiyabanı və onun ətraf ərazisi xüsusi status almalı, əvvəlki nəsillərin azadlıq mücahidlərinin qəbirləri buraya köçürülməli, Əbədi Məşəlin yaxınlığında fəxri əsgəri qarovul xidməti növbə çəkməli, Şəhidlərin şərəfinə əzəmətli heykəl-abidə ucaldılmalıdır.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 19 yanvar.- S.14.