M.Ə.Rəsulzadənin
yaradıcılığında insan-millət-cəmiyyət
münasibətləri
M.Ə.Rəsulzadə:
«Diriliklərin ən qiymətlisi milli dirilikdir. Dirilik dünyanı sevməkdən, hüququnu mühafizə edə biləcək
qədər qüvvətli olmaqdan ibarətdir»
Azərbaycan Demokratik Respublikasının qurucusu və ideoloqu, böyük millətsevər Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında insan-millət-cəmiyyət münasibətlərinə baxış əsaslı yer tutur. Onun XX yüzilin əvvəllərindən başlayaraq müxtəlif mətbu orqanlarında yazdığı məqalələrində dünyadakı inkişafa, yeniliklərə laqeyd qalmamaq şərtilə millətin halını yüksəltmək cəhdləri, bu yöndə çabaları diqqətçəkəndir. Bu mənada M.Ə.Rəsulzadənin «Dirilik nədir?» məqaləsi ayrıca diqqət çəkir («Dirilik»-1, 16 sentyabr 1914): «Dirilik — bir mövzudur ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz «dirilik»i anladığımız kimi anlatmaq üçün hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan xəttatlardan daha yaxşı bir şey ola bilməz. Dünyanın millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum edirlər. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul edirlər. Dirilik üçün ölürlər. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutur və ona bu qədər əhəmiyyət verir. Başqalarında məqsəd dirilik isə bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil edir».
Bu, o dövr idi ki, Sabir «Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minmiyərik» deyirdi. Ötən yüzilin əvvəlində Avropanın maddi inkişafına Şərqdə heyrətli bir yanaşma yarandı. Ancaq bu cür inkişaf mənəvi cəhətləri demək olar, nəzərə almırdı. M.Ə.Rəsulzadənin əsərlərində isə insanların biri-birinə münasibətinin əsasında mənəviliyə əsaslanma xətti əsas cəhət kimi vurğulanır: «Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Gərək bir insan və gərək bir millət elm və cisim sarıdan qüvvətli olsun, əks halda dünyada yaşaya bilmək nemətindən məhrum olacaq. Yaşamağı belə fəda edə biləcək qədər rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanırlar».
Cəmiyyət münasibətlərində istər-istəməz bioloji-instinktiv hallar özünü tarixən göstərib, indi də bu və ya digər formalarda göstərməkdədir. İnsanı meşədən cəmiyyət yaratmağa gətirən qüvvə, inam onun insaniliyi oldu. İnsan başqa canlılar kimi yaşaya bilməzdi, o, gec-tez öz ruhuna xas nəsə bir cəmiyət yaradacaqdı. Ancaq yüzillər, minillər boyunca yaranan cəmiyyətlərin heç biri insanın böyük arzularının gerçəkləşməsi demək olmadı. Bütün bu kimi problemlər M.Ə.Rəsulzadənin yaradıcılığında təhlil olunur. O, insan-cəmiyyət münasibətlərini təhlil edərək bu qənaətə gəlir ki, insan deyil, heyvanlar da öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışır, çarpışırlar: «İnsanlar bilafərq millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hansı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha artıq istifadə edir. Hələ yalqız bununla qalmayıb diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarırlar. Ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətirir ki, bu xüsusi diriliklərin ən kamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və inkişaflı olmadıqca, dirilik məsələsini sözün həqiqi mənasında anlamadıqca problemlər həllini tapmayacaq».
M.Ə.Rəsulzadə bəşər mədəniyyətinə millətlərin zəhmətlərindən hasil olan bir yekun kimi baxır: «Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə edir ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmişdik. Bir az qəribə gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Mətbuata yeni çıxan «Dirilik» də öz milləti üçün belə bir dirilik arzu edir».
Bu, jurnala Rəsulzadənin yazdığı ön sözdür. Hələ 30 yaşlarında bu kimi məsələləri dərindən düşünüb təhlil edən araşdırmaçı onu narahat edən insan-cəmiyyət müasibətlərini ayrı-ayrı millətlərin yaradıcılıq keyfiyyətləri müstəvisində açmağa və milətimiz üçün bir inkişaf yolu tapmağa çalışır: «Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi-mədəniyyətdə xüsusi bir hal və ixtiralar əmələ gətirir ki, onların əsillikləri fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunarsa, hər millətin bir şeydə mahir olduğu görülər. Almanlar sənayedə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair sahələrdə şöhrət tapıblar. Hər millətin özünəməxsus bir mədəniyyət sahəsi var ki, orada onun ortaya qoyduğu məharəti başa bir millət göstərə bilmir. Bunların bu xüsusiyyətlərindən isə bəşər mədəniyyəti bir irəliləyişlərə, inkişafa malik olur. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsəydi və öz mədəniyyət xassəsini mühafizə etməsəydi, bəşəriyyət Şopenhauer, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcəkdi. Fransa digər bir irq içində öz mənliyini itirsəydi, bəşəriyyət Jan Jak Russo, Didro, Monteskyö, Viktor Hüqo və Volterləri də itirəcəkdi. İtaliya milliyyətini anlamasaydı, özündəki qeyri-adi keyfiyyəti aşkarlamasaydı, Mikelancelo kimi heykəltəraşlar olmazdı. Rusiya maddi-mənəvi sarıdan təsir altında olsaydı, Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və başqaları olacaqdımı?»
M.Ə.Rəsulzadə bu qənaətə gəlir ki, böyük sənətkarlar, yaradıcı insanlar yalnız mənsub olduğu millətlə əlaqələrini daha artıq saxlamış olanlar arasından çıxır: «Məsələn, yaxşı bir rus yazıçısı olub da öz həyatını kamalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da, yenə belə bir rus ola bilməz».
M.Ə.Rəsulzadə yaradıcı insanların, mütərəqqi ideyaların insan-cəmiyyət münasibətlərinə ciddi təsir etdiyini bildirir. Bu mənada onun insanın mənsub olduğu millətə fayda verməsi borcunu həm də cəmiyyətə fayda verməsi kimi aydınlatması oxucu üçün maraqlı bir təhlil mövzusu verir: «Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yetirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz».
Maraqlı burasıdır ki, gənc M.Ə.Rəsulzadə insan-cəmiyyət münasibətlərinin dayanıqlı olmasını insanların düşüncə bütövlüyünə bağlayır: «Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyik ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu bilir. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə, böyük bir problemdir».
Rəsulzadə bu qənaətdədir ki, hər şəxsin arzu və əməli özünün iqtidar və məsləki ilə mütənasib olur: «Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə səbəb olur. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. Şəxsi əməllər nə qədər müşkül və çətin də olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi ismi verilər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lüter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər o qədər də az deyillər. Onlar hər zaman olublar. Bizdə bir çox cəmiyyətlər təsis olunur. Bir çox kitablar nəşr olunur. Böyük-böyük binalar tikilir. Fəqət bunları nə kimi bir məqsədlə yapırıq? Yəqindir ki, «Millət üçün yapırıq» — cavabını verməkdən aciz deyilik. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarıq. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olun ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Böyük əməllər nəşrinə xidmət edək ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcək. Həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin, millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 19 yanvar.- S.11.