Sənətə ciddi yanaşan bəstəkar

 

«Bəstəkar» sözü çox sadə və adi səslənir, lakin bu adı doğrultmaq, bu sənət «yarlığını» öz üzərinə götürmək istəyən hər bir kəsin qarşısında saysız-hesabsız maneələri aşmaq, yüksək peşəkarlıq əldə etmək üçün isə vacib və zəruri olan bilik dənizində məharətlə üzməklə yanaşı, psixoloji dözüm, iradə tələb olunur. Musiqiyə diletant kimi yanaşan, onun yalnız yüngül əyləncədən ibarət olduğunu zənn edən bir çox telekanalların, radio yayımlarının günahı ucbatından hazırda musiqi sənəti böhran dövrünü yaşayır. Bununla belə klassik, ənənələrə söykənməkdə olan ciddi musiqi yaşayır, alaq otları içərisində yetişən, yaşaması üçün mübarizə aparan güllərə bənzəyir və öz inkişafını davam etdirir.

Bu yükü çiynlərində daşıyan orta nəslə mənsub olan bir çox bəstəkarlarımız var. Onlardan biri də yaxın ərəfədə 50 yaşı tamam olmuş bəstəkar, musiqişünaspedaqoq Cəlal Abbasovdur. Tanınmış bəstəkar Əşrəf Abbasovun ailəsində dünyaya göz açan Cəlalın qulaqları kiçik yaşlarından musiqi ilə dolub. Tale ona yalnız istedad bəxş etməyib, həm də onun qismətinə belə bir xoşbəxtlik düşüb ki, o həmişə musiqi mühiti ilə əhatə olunub. Atası Əşrəf Abbasovun tanınmış bəstəkarlarla, musiqişünas və ifaçılarla həmişə təmasda olması balaca Cəlalın da musiqi dünyagörüşünü formalaşmasında böyük rol oynayıb.

Həmçinin tanınmış bəstəkarlar onun qapı qonşuları idilər. Xüsusən bəstəkarlar evində yaşaması onu lap musiqinin içərisinə atmışdı. Həmin binada S.Ələsgərov, V.Adıgözəlov, A.Məlikov, Xəyyam Mirzəzadə, Məmməd Quliyevb. ona qonşu idilər. Onlar Cəlalla tez-tez ünsiyyətdə olurdular. Həmin ustad bəstəkarları onun uğurları sevindirir, planları maraqlandırırdı. O, daim axtarışdadır. Yaradıcılığında daim müasir musiqiyə meyl dominantlıq təşkil edir. Musiqi tənqidçiləri və gənc musiqişünaslar üçün maraqlı təqdimatlar, təhlil materialları kifayət qədərdir.

Haqlı gileyləri bəzən tez-tez eşidirik. Bu gün musiqiçi həyatı yaşamaq asan məsələ deyil. Ciddi musiqi ilə məşğul olanların problemləri daha çoxdur, nəinki yüngül estradaya «şou» adlanan aləmə qatılanların. Şou «əhli» bambaşqadır. Orada tanınmaq da asandır, uçur, şöhrət və pul qazanmaq, fəxri ad almaq da. Heç bir senzor yoxdur. Bir qədər pul xərclə, telekanallar səni populyar «ulduz» siyahısına daxil etsinlər.

Əsl musiqidə isə vəziyyət başqa cürdür. Həm pul qazanmaq dəryada balıq sövdası kimi görünür, həm də əsərin ifaçısını və ya orkestr heyətini qane edəcək maddi maraq olmadıqda əsərin ifası müşkül məsələyə çevrilir. Müəllifin qarşısında ancaq hər cür maddi və mənəvi problemlərlə üzləşə-üzləşə çətin həyat yaşaması müqabilində işinin pessimist sonluqla bitməsi qaçılmaz da ola bilər. Bu gün bəstəkarlarımızın çoxu bu cür yaşayır. Kimisi pedaqoqika, kimisi şou xalturası, kimisi isə onun sənətinə dəxli olmayan işlə məşğul olmağa məcburdur. Bazar iqtisadiyyatı və kapitalizm dünyasının qanunları başqadır. Bütün bu çətinliklər içərisində Cəlal Abbasov hərdən öz əsərlərinin ifasına nail ola bilir. Bu özüböyük müvəffəqiyyətdir.

Auditoriya da, musiqiçilər də onun əsərlərini birmənalı qarşılamır. Heç də həmişə fikirlər üst-üstə düşmür. Məsələn, Azərbaycan bəstəkarlarının qurultayı zamanı ifa olunmuş 4 saylı simfoniya hər alətdən 1 ədəd olmaqla 15 alət üçün nəzərdə tutulmuşdu. Alətlər əsərin finalına doğru növbə ilə bir-bir səhnəni tərk edirdilər. Qaboyçalan isə səhnədən zala enərək tamaşaçıların cərgəsi arasından ifa edərək zaldan çıxmış olurdu. Səhnədə 3 ifaçı qalmaqla əsər tamamlanırdı. Müasir musiqidə belə qeyri-ənənəvi formalar, intonasiyalar, məzmun axtarışları, maraqlı işləmələr kifayət qədər çoxdur. Bu cür nümunələrə Haydnın «Vida» simfoniyasında, Stravinski yaradıcılığında da rast gəlmək olar.

Müasir musiqi üslubunda yazılmış əsəri təhlil etmək məsələsinə gəlincə, bu musiqişünasları maraqlandırdıqda əsər haqda rəy yazmaq vacib zərurətə çevrilir. Cəlal Abbasov rəngarəng işləyə bilən bir bəstəkardır. Onun yaradıcılığında kiçik uşaq mahnısı, fortepiano pyeslərindən tutmuş, simli kvartet, konsert, sonata, simfoniyaya qədər müxtəlif janrlarda əsərlər var. Onun əsərləri tanınmış dirijorlar R.Məlikaslanov, N.Rzayevin rəhbərliyi ilə ifa olunub. Bəzi əsərləri Moskva, Tifliss. şəhərlərdə səslənib. Cəlal bir çox müsabiqələrin laureatı olub. Bütün bunlar onun professionallığına dəlalət edir. Müxtəlif illərdə o, musiqi məktəblərində alətşünaslıq, polifoniya, bəstəkarlıq, orkestrləşdirmə dərsləri tədris edib.

Tədris prosesi bəstəkarın özü üçün də faydalıdır, belədə lazımi biliklər tez-tez təkrarlanır ki, bu da yaradıcılıq zamanı kara gəlir. Cəlal müəllim hazırda Milli Konservatoriyada kompozisiya dərsləri aparır. Daim öz bilik və istedadını cilalayır. Yeni yaradıcılıq axtarışları aparır. Onun əlində olan «arsenal» imkan verir ki, gələcəkdə öz patensialını göstərə bilsin. Bunun üçün onun kifayət qədər vaxtı və imkanı var. İndi onun 50 yaşı arxada qalıb. Yaradıcılıq potensialı imkan verir ki, sənətə ciddi tələblərlə yanaşan bu istedadlı bəstəkarımızdan yeni-yeni uğurlar gözləyək.

 

 

  Oktay

 

  Xalq Cəbhəsi.- 2013.- 22 yanvar.- S.15.