Vətəndaş cəmiyyətində
tolerantlıq
Ceyhun Şükürov: «Cəmiyyətimizdə başqa
ölkələrə nümunə olacaq səviyyədə
tolerantlıq var»
«Tolerantlıq vətəndaş cəmiyyətinin
sağlam inkişafı və sabitliyin bərqərar
olunması üçün əsas amillərdəndir»
Demokratikləşmə
yolunu seçən Azərbaycan vətəndaş
quruculuğunda da inkişafa can atan ölkədir. Buna nail olmaq
üçün qanunvericiliklə yanaşı, ictimai ənənələr
və münasibətlər də önəm
daşıyır. Xüsusilə də cəmiyyətdə
birgə yaşayışı təmin edən tolerantlıq
olmadan vətəndaş cəmiyyətini təsəvvür
etmək mümkün deyil. Əhəmiyyətini nəzərə
alıb bu dəfə vətəndaş cəmiyyətinin
inkişafında tolerantlığın rolunu
araşdırmağa çalışdıq. Həmsöhbətimiz
ilahiyyatçı Ceyhun Şükürovdur.
- Cəmiyyətimizdə
dini tolerantlıq varmı?
- Azərbaycan
əhalisinin əksəriyyətinin, yəni təxminən 95
faizinin müsəlman olmasına baxmayaraq, dini ayinləri və
vəcibələri yerinə yetirənlər azdır. Son
zamanlar dindar kəsimin artması, xüsusilə də gənclər
arasında dini öyrənənlərin çoxalması,
dindarların müxtəlif görüş və məzhəblərə
mənsub olması, dindarlar arasında münasibətlərin
tənzimlənməsi kimi məsələlər
tolerantlığın zərurətini bir daha gündəmə
gətirir. «Tolerantlıq» sözü latın dilindəki
«tolerare» sözündən törəyib və «dözmək,
tab gətirmək, fikir verməmək, səbirli olmaq, göz
yummaq» kimi mənalara tərcümə olunur. Bizim cəmiyyətdə
dini tolerantlıq lazımi səviyyədədir. Hətta deyərdim
ki, başqa ölkələrə nümunə göstəriləcək
dərəcədə üstündür. Buna dair Azərbaycanda
kifayət qədər nümunələr var. Cəmiyyətimizdə
yaşayan bütün insanlar etiqad etdikləri dini azad şəkildə
yaşaya bilirlər. Ölkəmizdə islam icmalarıyla
yanaşı, qeyri-müsəlman dini icmaları da dövlət
qeydiyyatından keçir və fəaliyyət göstərirlər.
Yaxın günlərdə Bakıda keçirilən beynəlxalq
forumda çıxış edən Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov
da bir daha qeyd etdi ki, Azərbaycan dünya üçün
tolerantlıq nümunəsidir.
- Cəmiyyətdə
tolerantlığın səbəbini nədə
görürsünüz?
-
Bizim cəmiyyətdəki tolerantlığı həm dini, həm
də milli amillə əlaqələndirirəm.
Çünki Azərbaycanda uzun illər azərbaycanlılarla
yanaşı, başqa dinə və millətə mənsub əhali
də yaşayıb. Etiqadından asılı olmayaraq,
bütün millətlər normal şəraitdə birgə
yaşayıblar. Başqa millətə mənsub insanları
aşağılamaq və ya təhqir etmək kimi ənənəmiz
olmayıb. Bu bizim xalqın qonaqpərvəliyindən də irəli
gəlir. Ona görə də cəmiyyətimizdəki
tolerantlıq həm milli, həm də dini dəyərlərə
söykənir. Azərbaycan cəmiyyətində indiyədək
ermənilər istisna olmaqla milli və dini zəmində hər
hansı bir iğtişaş olmayıb. Ermənilər isə
öz mənfur xislətlərindən əl çəkməyərək,
bizim qonaqpərvəliyimizdən və
tolerantlığımızdan çirkin məqsədləri
üçün istifadə ediblər.
- Cəmiyyətdə
tolerantlıq nə üçün lazımdır?
-
Tolerantlıq ziddiyyətlərə, müxtəlif dini təsəvvür
fərqinə baxmadan qarşındakı insanı dinləmək,
dözümsüzlük sərgiləmədən onu
olduğu kimi qəbul etmək prinsipidir. Bizim üçün
cəhalət olan başqa birisi üçün dəyərli
hesab edilə bilər. Yaxud da əksinə. Heç
şübhəsiz ki, cəmiyyətdə olan dini müxtəliflik
həmin cəmiyyətin inkişafına mane
olmamalıdır. Tolerantlığın hakim olduğu hər
bir ölkə çox normal bir şəkildə inkişaf edəcək.
Daxili çəkişmələr, milli və dini zəmində
dözümsüzlük cəmiyyətin məhvinə səbəb
olan amillərdəndir. Bunun üçün də hər bir
vəchlə cəmiyyətdə olan müxtəlifliyi birinin
digərindən üstünlüyü kimi qəbul edilməməlidir.
Cəmiyyətin normal inkişafı üçün ictimai
nüfuza malik şəxslərin hansı dinə və millətə
mənsub olmasından asılı olmayaraq, toplumda
tolerantlığın qorunub saxlanılmasını təmin
etməyə çalışmalıdırlar.
- İslamda dini tolerantlıq hansı formada təzahür
edir?
- İslam dinində tolerantlığa nümunə
olaraq, istər «Qurani-Kərim»də, istərsə də
peyğəmbərimizin tədbiqatında bir çox misallar
var. Allah (c.c.) «Qurani-Kərim»də belə buyurur: «Hər kəsin
qazandığı günah ancaq özünə aiddir. Heç bir
günahkar başqasının günahını
daşımaz». Eləcə də «əl-Kafirun» surəsində
deyilir: «De ey kafirlər! Mən sizin ibadət
etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən
deyilsiniz. Sizin öz dininiz var, mənim də
öz dinim var». Həmçinin rəsulullahın
yəhudi və xristianlarla olan münasibəti, onlarla
müqavilə bağlaması və ticarət etməsi də
islamda tolerantlığa bir dəlildir. Allah rəsulunun
xristian və yəhudi zimmilərlə bağlı müsəlmanlara
etdiyi tövsiyələr, onların haqlarının qorunub
saxlanılması və s. kimi nümunələr də
göstərmək olar. İslam tarixində
tolerantlığa aid başqa bir çox misallar da çəkmək
olar. Əməvi xəlifələri
dövründə bir çox xristian Şamda dövlət
idarəsində mühüm mövqelərdə vəzifə
tutub, inanclarını istədikləri kimi yerinə yetirib, bəziləri
müşahidə etdikləri qüsurları tənqid edən
əsərlər qələmə alıblar. Budur islamın tolerantlığı, dinimizin
xoşgörüsü, insanlara və digər din mənsublarına
olan münasibəti. «Qurani-Kərim»də Allah (c.c.)
buyurur: «…Sizin hər biriniz üçün bir şəriət
və bir yol təyin etdik. Əgər Allah istəsəydi,
sizi vahid bir ümmət edərdi. Lakin (bu
müxtəliflik) Allahın verdiklərilə sizi imtahan etməsi
üçündür. Elə isə
yaxşı işlər görməkdə bir-birinizlə
yarışın. Hamınızın
axır dönüşü Allahadır. Allah aranızda
ixtilaf doğuran məsələlər barəsində sizə
xəbər verəcəkdir!» («Maidə» surəsi, 48). Başqa bir surədə
isə belə deyilir: «Söylə: «Ey kitab əhli, sizinlə
bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!
«Allahdan başqasına ibadət etməyək.
Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb
qəbul etməyək!» Əgər onlar
yenə də üz döndərərlərsə, o zaman
onlara deyin: «İndi şahid olun ki, biz həqiqətən
Allaha təslim olanlarıq!»
-
Tolerantlığın cəmiyyətin inkişafına
hansı faydaları var?
- Müxtəlif
millətlərdən formalaşan cəmiyyətlərdə
tolerantlığın qorunub saxlanılması həmin toplumun
sağlam inkişafı və sabitliyin bərqərar
olunması üçün əsas amillərdəndir. Əgər cəmiyyətdə hər hansı bir
anlaşılmazlıq, qarşıdurmalar baş verərsə,
bunu qarşı tərəfə dözümsüzlük sərgiləmədən,
onu təhqir etmədən, dini və milli mənsubiyyətinə
görə ona xətər yetirmədən həll etmək
olar. Bu, tolerantlığın ictimai
faydalarından biridir. Problemlərin sivil
qaydada çözülməsi həmin toplumdakı
tolerantlığın göstəricisidir. Bütün deyilənləri nəzərə alaraq
belə bir nəticəyə gəlmək olar ki, insanın
dini və siyasi baxışları, etnik mənsubiyyəti onun
cəmiyyətdəki mövqeyinə təsir etməməli,
yalnız şəxsin xarakteri yaşadığı cəmiyyətdə
müəyyən rol oynamalıdır. Əgər
biz dindəki və sosial baxışlardakı müxtəlifliyi
tanımaqla kifayətlənməyib eyni zamanda bu fərqliliyi qəbul
etsək, o zaman əsl fikir azadlığına nail olarıq.
Tolerantlıq vətəndaşlardan sosial, siyasi
və iqtisadi sahələrdəki fərqli qrupların
hüquqlarını təmin etməyi tələb edir. Dözümlülüyə əməl edilməsi
kütləvi qırğınların, genosidlərin nəzərə
çarpacaq dərəcədə azalmasına səbəb
olacaq. Bu baxımdan tolerantlığın
inkişafı dindarlar arasındakı
dözümlülüyü daha da qoruyub inkişaf etdirəcək.
- Cəmiyyətimizdə
qeyri-müsəlmanlara qarşı tolerantlığı nədə
görürsünüz?
- Mən
bizim cəmiyyətimizdə yaşayan qeyri-müsəlmanlara
qarşı tolerantlığı ortaq dəyərlərdə
görürəm. O ortaq dəyərlər ki, həm
xristianlar, həm yəhudilər, həm də müsəlmanlar
hörmətlə yanaşır, onları müqqəddəs
dəyərlər kimi qəbul edir. Bu dəyərlər
vasitəsilə tolerantlığı qoruyub saxlamaq olar. Səmavi kitabların müştərək cəhəti
onların hamısının Allah tərəfindən nazil
olmasıdır. Bu kitablar ilahi vəhylər
toplusu olaraq ilahi mənəviyyat qanunlarını bəşəriyyətə
çatdırıb. Allaha iman et, saleh əməl sahibi
ol, düz yaşa, başqalarının haqqını
tapdalama, haqsız yerə qan tökmə, başqasının
malına, namusuna göz dikmə, insanlarla xoş davran,
heç kəsin qəlbinə dəymə, valideynlərinin
qulluğunda dayan, insanlıq üçün faydalı ol,
axirət həyatına inan və bil ki, hər bir əməlinə
görə bu dünyada da, axirətdə də cavab verəcəksən
və s. Bir sözlə, necə deyərlər, Allah adamı
ol! Bütün bunlar səmavi dinlərin
müştərək ilahi dəyərləridir. Biz müsəlmanlar bütün peyğəmbərləri
tanıyıb onlara iman gətiririk, onlar arasında heç
bir fərq qoymuruq. Allah təala «Qurani-Kərim»də belə
buyurur: «Peyğəmbər öz Rəbbindən ona nazil edilənə
iman gətirdi, möminlər də (iman gətirdilər).
Hamısı Allaha, Onun mələklərinə, kitablarına
və elçilərinə iman gətirdilər. (Onlar dedilər):
«Biz Onun elçiləri arasında fərq qoymuruq!» Onlar dedilər: «Eşitdik və itaət
etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik,
dönüş də yalnız Sənədir!»
(«əl-Bəqərə» 285). Başqa bir
misalda islam bizə əhli-kitabın kəsdiyi
ət yeməklərini icazə verərək halal sayır, həmçinin
onların halal olan bütün yeməklərini yeməyə
icazə verir. Dinimizə görə, müsəlman kişi xristian və yəhudi qızları ilə
evlənə bilər. Bu kimi ortaq dəyərlərlə
cəmiyyətimizdə yaşayan qeyri-müsəlmanlarla
yaxşı münasibətdə olub, onlarla normal ünsüyət
və işgüzar əlaqələr qurmaq
mümkündür.
- Peyğəmbərin
dövründə hansı dinlər mövcud idi və Rəsulullahın
onlara münasibəti necə idi?
- Allah rəsulunun
peyğəmbərliyindən əvvəl Ərəbistan
yarımadasında yaşayan qədim ərəblər öncə
İbrahimin dinində idilər. Sonradan onlar
öz dinlərində təhriflərə yol açaraq,
bütləri ilahiləşdirib Allahla yanaşı onlara ibadət
etməyə başladılar. Bildiyimiz kimi
Allah təala özünə heç bir şeyin şərik
və ortaq qoşulmamasını bizlərə bütün
peyğəmbərlər vasitəsi ilə
çatdırıb. Heç şübhəsiz
ki, bütpərəstlik bir din deyil və insanların öz
düşüncələrinin məhsuludur. Allah peyğəmbərlər vasitəsilə bu
düşüncələrin yalnış olduğunu daim
insanlara çatdırıb. Ərəbistan
yarımadasında bütpərəstlərlə
yanaşı Nəccar xristianları və Mədinə yəhudiləri
də mövcud olub. Onların bir çoxu
Məhəmməd peyğəmbərin gətirdiklərinin
haqq olduğunu bildikləri halda onu qəbul etmədilər.
Onlar sonuncu peyğəmbəri öz millətindən
gözləyirdilər. Buna görə də
onunla mübahisə edən insanlar vardı. Hətta inkar edənlər də vardı. Lakin peyğəmbərimiz onlarla o qədər
yumuşaq və gözəl davranırdı ki, insanlar onun
Allahın haqq peyğəmbəri olduğunu qəbul edirdilər.
Peyğəmbərin həyatda olarkən yəhudilərə
və xristianlara qarşı xoş davranışları islam tarixində daim öyrənilən bir həqiqətdir.
Tolerantlığı inkar edənlər dinimizin
qeyri-müsəlmanlara münasibəti barədə məlumatsız
olanlardırlar.
Real Cəfərli
Xalq Cəbhəsi.-
2013.- 23 yanvar.- S.11.