Səs ömrü

 

Azərbaycanda nadir olan soyadını məşhurlaşdırmışdı. 1942-ci ilin aprelin 22-də Təbrizdə doğulmuşGüney Azərbaycan Milli Hökuməti qana bələndikdən sonra, 1946-cı ilin sonunda atası Abbasqulu kişi ailəsiylə Arazın bu tayına pənah gətirmişdi. Qəribədi, Həsən bu tayda, öz vətənində ömrünün sonunacan siyasi mühacir kimi yaşadı. Beş qardaş idilər. Üçü ondan böyük, biri balaca. Yaşa dolmuş atasının keçmiş peşəsi şirniyyatçıydı, Rübabə ana isə evdar qadın.

Məktəbi bitirən ili Həsən Politexnik İnstitutuna qəbul oldu. Bir il sonra isə artıq teatr institutunun tələbəsiydi. Ustad Rza Təhmasibdən sənətin sirlərini öyrənirdi. O vədələr ağlına da gətirməzdi ki, istedadının müqabilində hansı cəfaları çəkəcəkdi. İlk səhnə uğurunu qazandığı Akademik Milli Dram Teatrından Gənc Tamaşaçılara keçəcəkdi, aktyorluq təhsilini az bilib rejissorluq eşqinə düşəndə yenidən parta arxasında, Tofiq Kazımovun qarşısında oturacaqdı, sonra bir daha «Azdrama»ya qayıdacaqdı, buradasa onu rejissorluğuna şübhəylə yanaşıb kiçik səhnəyə qısnayacaqdılar bütün bu illər ərzində institutda dərs deyəcək, hər gün radiodan girib, televiziyadan, kinostudiyadan çıxacaqdı.

Tanınmış yazıçı-jurnalist Nahid Hacızadə Həsən Əblucla bağlı bir əhvalatı belə xatırlayır: «Böyük Nəsiminin 600 illik yubileyi ərəfəsiydi. Azərbaycan televiziyasında ədəbi-dram verilişləri baş redaksiyası baş redaktoruydum. Bir gün rəhmətlik Rəsul Rza məni görmək istədi. Yanına, ensiklopediyaya getdim. Xoş-beşdən sonra mənə Nəsimiyə həsr etdiyi «Son gecə» adlı poemanı verib televiziyada nəsə hazırlamağı xahiş etdi. Poemanı oxudum, məni yaman tutdu. Onun əsasında televiziyada tamaşa hazırlamağı düşünəndə gözümün qabağına birinci Həsən Əbluc gəldi. O vaxtlar rəhmətlik Həsənin günü televiziyada keçirdi. Radio televiziyada onun aktyor, rejissor, qiraətçi kimi əvəzi yoxuydu. Gözəl məlahətli səs, mükəmməl ifa, üstəgəl vicdanla işə yanaşma. Həsənə tapşırıldısa, ürəyin buz kimi olurdu, demək o yan-bu yan söhbətini unuda bilərsən. Elə beləcə beynimdə götür-qoy edirdim ki, bir gördüm Həsən otağın qapısı ağzındadı. Görüşdük, qabağımdakı poemaya zəndlə baxıb, Əli Vəliyevsayağı xüsusi ahənglə «Nahid Hacıyev, oxuyursan belə» dedi. Mən qayıtdım ki, Rəsul Rza Nəsimidən bir poema yazıb, əsl sənin xörəyindi. Vaxtın, həvəsin varsa, buyur oxu. O, poemanı ordaca oxudu «əliyül-əla» söylədi. Dərhal lap elə bu gündən işə başlamaq arzusunu bildirdi. «Rəsul müəllimlə məsləhətləşək» tövsiyəmə etiraz eləmədi. Səhəri gün Həsən Əbluc ustadla görüşüb, xeyir-dua aldı. Rejissoru baş rolunNəsiminin ifaçısı Həsən olacaq «Son gecə»yə start verildi. Bir müddət keçdi, Rəsul müəllim məşqlərin gedişiylə maraqlandı, «darıxmayın» cavabını eşitdi. Müəyyən vaxtdan sonra şair yenə zəng vurub əsərin taleyini xəbər aldı. Daha bir «darıxmayın» eşidib, səbrini basdı. Həftələr ötdü, ay dolandı, müəllifdən daha çox mənim hövsələm daraldı, işi yubadan Həsənə «sən canın nöqtəni qoy, ta bilmirəm Rəsul müəllimin üzünə necə çıxım» deyəndə iki həftəlik möhlət istədi. Ömründə bizi pis vəziyyətə salmayan dostumuz gecikmənin səbəbini belə izah elədi ki, hələ ürəyim oxumur, cilalamalıyam. Axı, bu Rəsul Rzadı, qəhrəmanımız da Nəsimi. İkisi mənim üçün əlçatmazdı. İllərlə qazandığım hörməti, inamı bir axşamın içində itirmək istəmirəm.

Bu barədə Rəsul müəllimə deməyə ehtiyat elədim. Əvəzində yenə şair zəng vurub nigarançılıqdan üzüldüyünü söylədi. Onu birtəhər toxtatdım ki, gözləməyinizə dəyər. Həsən sizə məxsusi hörmətinə görə ürəyinizcə olan tamaşa qoyacaq ortaya. Bir gün Həsən Əbluc üstündən ağır yük götürülmüş adam kimi gəldi. Sən demə, axır ki, vaxt-vədə yetişibmiş. Onun arxayınlıq yağan çöhrəsinə «şairi ürəklə dəvət edə bilərik» yazılmışdı. Əminlik üçün diliylə dedi bu sözləri. Rəsul müəllimə zəng vurub televiziyaya təşrif gətirməsini istədim. Az sonra Rəsul Rza, Həsən Əbluc mən balaca baxış otağında monitorun qabağında oturmuşduq. Düymə basılanda şair «Ya Allah deyib xeyir-duasını verdi. Əbluc da ondan geri qalmayıb «Ay ulu yaradan, bizi Rəsul müəllimin yanında utandırma» çağırışını lazım bildi.

Həqiqətən, Həsən tamaşaya canını, ürəyini qoymuşdu. Uğurlu ekran həlli üçün hər şeyrejissor, operator, rəssam işi, aktyor ifası, musiqi tərtibatı, işıq, hətta titrlər üçün seçilən şriftlər belə yerindəydi. Əsl harmoniya yaranmışdı. İncə zövq, duyum, ölçü hissi, kadr seçimi bir məcrada birləşmişdi. Bir sözlə, tamaşa əsl sənətkarlıq nümunəsiydi.

Rəsul müəllim məmnun baxışlarıyla bizi süzdüyü vaxtda ekranda Həsən Əblucun Nəsiminin monoloqu sanki iti qılınc kimi parladı:

 

«Ölkəni götürüb başına

Rüşvət, iftira, böhtan

Satılır hər şey;

Namus, vicdan»

 

Kadrda misraları söz-söz, hərf-hərf mismar kimi ürəyə çalan Həsənin iri planda tarimar baxışları, yanar dodaqları görünürdü

Baxış bitdi. Bir-birimizi təbrik elədik. Hamıdan çox sevinənsə gözləməkdən cana doyan Rəsul Rzaydı…»

1970-ci illərin əvvəllərində baş verən bu hadisə akyor, rejissor, qiraətçi kimi tanınan Həsənin sənətkarlığıyla bağlı dəryadan damla misalında dilə gətirdiyimdi. Bəs onun müəllimliyi? Axı o, gözəl pedaqoq idi. Çoxları inanmasa belə, həqiqətdi ki, hələ institutu bitirməmişdən, özü tələbəykən müəllimliyə başlamışdı. Ustadı, rəhmətlik Müxlis Cənizadənin assistenti kimi. Qəribədi ki, uzun illər sonra, o həyatda olmayan ustadına görə bütün ömrünü, varlığını həsr etdiyi institutdan uzaqlaşmışdı. Bəli, görünür, bu taleyin ironiyasıydı. Həsən Əbluc öz ölümündən bir qədər əvvəl Müxlis Cənizadə haqqında hazırlanan televiziya veilişində «içi mən qarışıq, bu gün Azərbaycanda onun kimi səhnə danışığı mütəxəssisi yoxdu» fikrinin, etirafının, əslindəsə təvazökarlığının qurbanına çevrilmişdi. Veriliş efirə gedəndən sonra çalışdığı kafedradakılar ondan incimişdilər. Məsələ böyüyüb, rektoracan çatmışdı. Həmkarlarının namərdliyinə dözməyən Həsən ərizəsini yazıb, institutla vidalaşmışdı. Küskün, pərişan bir halətdə. Bu o vaxtlarıydı ki, Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin «Anamın kitabı» tamaşasını hazırlayırdı. Burda da hər şey rahat, hamar getmirdi. Aktyorların şıltaqlığı onu əməlli-başlı haldan çıxarırdı. Əsəbi, kəmhövsələ Əbluc hər şeydən bezirdi» 52 yaşlı insanın tamaşanı təhvil verib cəbhəyə getmək istəyi çox güman enerjisinin, istedadının, təcrübəsinin həmkarları arasında gərəksizliyindən usanıb, fayda verəcəyi, mənən rahatlıq tapacağı ünvan axtarışına bənzəyirdi. Baxmayaraq ki, bir müddət əvvəl Həsənin başqa arzuları varıyıdı. Doğulduğu, uşaq ikən tərk etdiyi taleyin qismətindən bir əlli yaşında görüşdüyü Təbrizə vaxtaşırı getmək, orada dərs demək, aktyorlar yetişdirmək keçmişdi ürəyindən. Onda ağlına da gəlməmişdi ki, müəyyən səbəblər üzündən bu elə sadə məsələ deyil. 1970-ci illərin ikinci yarısında Kinematoqrafiya İnstitutunda məşur Matveyevin kursunda təhsil alan on beş azərbaycanlı tələbəyə ayda bir dəfə bir həftə, on gün müddətində səhnə danışığından dərs demək üçün Moskvaya uçmağını xəyalına gətirmişdi. Qanı, canı bir olan Təbrizimizə getməyin beləcə su içim kimi asanlığını düşünmüşdü

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 24 yanvar.- S.13.