Güney Azərbaycanda ədəbi mühit
Təxminən 80-100 il əvvəl dünyanın ictimai-siyasi durumunda baş verən dəyişikliklər o zaman Rusiya imperiyasının əsarətində olan Quzey Azərbaycana təsir etdiyi kimi, İranın əsarətində olan Güney Azərbaycanda da ciddi əks-səda doğurdu. Təbiidir ki, azadlıq duyğusu istər-istəməz ədəbiyyatda da ifadəsini tapmağa başladı. Filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli araşdırmasında bu məsələlərə aydınlıq gətirir. O, bildirir ki, XX yüzilliyin əvvəlləri Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Şərqin ayrılmaz bir hissəsi olan Azərbaycanda oyanış, intibah dövrü kimi xarakterizə olunur. Bu oyanış və milli özünüdərk sayəsində istər Quzey, istərsə də Güney Azərbaycanın ictimai-siyasi həyatında bir sıra yeniliklər meydana çıxdı, Azərbaycanın hər iki tayında azadlıq hərəkatı geniş vüsət aldı, ən əsası yeni ideyaların rəvac tapmasına, yayılmasına imkan və şərait yarandı: «Siyasi həyatda baş verən yeniliklər təbii olaraq ədəbi aləmdə də əksini tapdı, milli şüur və düşüncədə bir canlanma hiss edilməyə başlandı. Özündən əvvəlki ədəbiyyatla müqayisədə daha inqilabi-demokratik və eyni zamanda milli dəyərlərə söykənən bir ədəbiyyatın yaranmasına tarixi zəmin yarandı ki, bunların hamısı zamanın tələbi, Rusiyada və İranda baş verən hadisələrin ədəbi mühitdə yaratdığı təbəddülatların labüd nəticəsi idi. Ədəbiyyatın mövzu və mündəricəsində baş verən dəyişmələr onu xalqa daha çox yaxınlaşmağa, xalq ruhunun tərcümanı olmağa vadar etdi.
Şimali Azərbaycanda nəşr olunan «Həyat», «Molla Nəsrəddin», «Füyuzat», «Tərəqqi», «İrşad», «İttifaq», «Açıq söz», Güney Azərbaycanda çıxan «Azərbaycan», «Mədəniyyət», «Fəryad», «Səhənd», «Təcəddüd» və s. bu kimi mətbuat orqanlarında dərc olunan yazıların əksəriyyətində ikili taleyi ilə barışmaq istəməyən Azərbaycanın acı-ağrıları, camaatın zehniyyətində yuva qurmuş elmsizlik, xalqın düçar olduğu səfalət başlıca müzakirə obyektinə çevrildi. C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli, N.Nərimanov, H.Vəzirov, Ə.Səfərov, S.Səlmasi, S.Ə.Gilani, S.M.Qənizadə və bir çox başqa müəlliflərin əsərlərində Azərbaycan xalqının düçar olduğu müsibətlər, bu müsibətlərdən qurtulmağın yolları barədə düşüncələr geniş şəkildə təbliğ olunmağa başladı».
XX əsrin əvvəllərində yazıb-yaradan Güney Azərbaycan yazarlarının əksəriyyəti əsərlərini əsasən fars dilində yazsalar da, ruh etibarı ilə onların yaradıcılığı tamamilə milli idi və azadlıq məfkurəsinə söykənmişdi: «S.Ə.Gilaninin «Zəfər təranəsi», «Ey vay, Vətən vay», «Laylay», «Təsnif», C.Xamneinin «Vətən», «Ümid fəlsəfəsi», F.Təbrizinin «Marş» şeirlərində əsas ideya şübhəsiz ki, hüquqları tapdanılan Azərbaycan xalqının gələcəyə ümid dolu arzu və diləklərini vəsf etməkdən ibarət idi. Həmin illərdə ədəbi fəaliyyətə başlayan M.Qənizadə həm publisistik, həm də poetik
əsərlərində azadlıq carçısı kimi çıxış edir, insanları əzab, işgəncə və s. bu kimi qeyri-insani üsullarla əzən quruluşa qarşı etiraz səsini açıq şəkildə bildirməkdən çəkinmirdi. Şeirlərinin kiçik bir qismi əldə olan Nimtac xanım Səlmasinin «Qadınların kişilərə xitabı», «Tehrana xitab» adlı şeirləri həmin illərin əhvali-ruhiyyəsini öyrənmək baxımından xarakterikdir. İkinci şeiri qeydsiz-şərtsiz əyalətlərin mərkəzi hökumətə protesti də adlandırmaq olar. Əyalətlərdə «qurd sürünü dağıdır», çobanların guya bundan xəbəri yoxdur. Başına papaq qoyanlar harada itib-batıblar ki, papaqsızların əhvalından hali ola bilmirlər? Nimtac xanım onlara baş yaylığı göndərməyi təklif edir ki, onsuz da onların qadınlardan bir o qədər də fərqləri yoxdur. Xalqa başçılıq edənlərin məskəni «parklar olubdur bu gün». Bu səbəbdən də millətin — uşaqların naləsi onlar tərəfindən eşidilməz olub».
Bu dövr ədəbiyyatını Mirzə Əli Mözüzsüz təsəvvür etmək çətindir: «Əsərlərini doğma Azərbaycan türkcəsində yazan, «mən xalqımı Sabir kimi oyadacağam»- deyən M.Ə.Möcüz Yaxın Şərq və Azərbaycan ədəbiyyatının mütərəqqi ənənələri zəminində yetişən və onu tamamilə yeni ədəbi-estetik keyfiyyətlərlə zənginləşdirilən novator şairdir. Onun satira estetikası Güney Azərbaycan ədəbiyyatında orijinal mərhələ təşkil edir. Güney Azərbaycanda Sabir ədəbi üslubunu məharətlə, özünəməxsus tərzdə davam etdirən və ölümündən sonra bir məktəb yaradan Möcüz poeziyasında iki istiqamət özünü göstərməkdədir: ciddi, qismən də lirikadan ibarət olan şeirlər və satirik-yumorist şeirlər. Mövzu və forma müxtəlifliyinə baxmayaraq, Möcüz şeirlərinin demək olar ki, hamısında maarifi, mədəniyyəti və azadlıq ideyalarını təbliğ edir, elmsizlik, cəhalət və insanı əzən zəmanədən, onun dövlət sistemi və qanunlarından acı-acı şikayətlənirdi. «Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə»- deyən Möcüz poeziyasının baş, əbədi və əzəli mövzusu vətən və millətin taleyi məsələsidir. Qalan bütün şairanə hiss və həyəcanlar, ricətlər bu mövzu ətrafında cərəyan edir. Möcüzə görə xalqın rəzalətə düçar olmasının səbəbi mütiliyin törətdiyi istibdad, qayğısızlıq və bundan doğan səfalətdir. Şairin qənaətinə görə, «Əyani-vətən»in xəyanəti ucbatından vətən düşmən tapdağına çevrilib demokratik idarəçilik prinsiplərinin yoxluğu, şah və məmurlarının hər cür nəzarətdən kənarda qalıb hakimi-mütləq olmaları ölkəni inkişafdan saxlayıb, geniş xalq kütləsi aclığa, üzücü əzab-əziyyətə məhkum edilib. «Molla Nəsrəddin» ədəbi məktəbinin tanınmış simalarından olan, bəzi mənbələrə görə M.Ə.Sabirin təklifi ilə, bəzilərinə görə Bakıda hamballıq etməsi ilə bağlı özünə «Hammal» təxəllüsü seçən Bayraməli Abbaszadə şeirlərinin baş qəhrəmanı ehtiyac qurbanı olan və bu səbəbdən də elindən, yurd-yuvasından didərgin düşən güneyli azərbaycanlılardır ki, şair çox vaxt bunları iranlı kimi qələmə verir».
Şeirlərini «Molla Nəsrəddin» və onun təsiri ilə çıxan satirik jurnallarında çap etdirən B.Abbaszadə əsasən, Şimali Azərbaycanda yaşayıb-yaratsa da, yaradıcılığında Güney və İran mövzusu mühüm yer tutur: «Güney Azərbaycan milli-azadlıq hərəkatının bilavasitə iştirakçısı olmuş, xalqın səadəti uğrunda şəhid olmağı özünün idealı elan etmişdi. Vətən, yurd həsrəti, güneylilərin acınacaqlı taleyini düşünmək, onların tapdanmış hüquqlarını cəsarətlə müdafiə etmək B.Abbaszadə şeirinin baş, aparıcı xəttini təşkil edir. Şairin «Məşrutə», «İranlıların naləsi», «İranlı olmasaydı», «Keçər gedər», «Gözün aydın», «Hər yana baxıram» və s. bu kimi əsərlərində xalqın, ölkənin ümumi mədəni-siyasi vəziyyəti real şəkildə satirik və yumoristik boyalarla əks etdirilir».
İranda «ədəbi təcəddüd», «ədəbi-inqilab» prosesinə ciddi təsir edən, demokratik ədəbiyyatda yeni şeirin (şere-nov) əsasını qoyanlardan biri olan Tağı Rüfət Təbrizi Ş.M.Xiyabaninin redaktorluğu ilə çıxan «Təcəddüd» qəzeti ilə əməkdaşlıq edir, sonra isə qəzetin baş katibi vəzifəsində çalışır: «Xiyabani hərəkatı zamanı onun köməkçisi və həmkarı olan Tağı Rüfət «Təcəddüd»lə yanaşı, «Azadistan» jurnalında da açıq imzası və ya «Femina» təxəllüsü ilə çıxış edir, yeniliyi qəbul etməyən mühafizəkarlara, xüsusən Məhəmməd Tağı Baharın redaktoru olduğu «Daneşkədə» məcmuəsinin liberal mövqeyinə qarşı kəskin mübarizə aparır. İstər şeir, istərsə də məqalələrində yeniləşmə tərəfdarı olan müəllif Təbrizdə farsca çap etdirdiyi «Azadistan» jurnalının 1920-ci il nömrələrindən birində yazırdı: «Bu, açıq və aydın bir həqiqətdir ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və bəyan tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur. «Siyasət» qəzetində çap etdirdiyi ilk şeir və məqalələri ilə riyakar dövlət xadimlərinə, ictimai quruluşa qarşı kəskin mübarizə aparan Mirzadə Eşqi şair, nasir, publisist olmaqla yanaşı, həm də bir azadlıq mücahidi olub. Azadlıq, istiqlal uğrunda mübarizə meydanından çəkilməyən, irticaya, şahlıq rejiminə qarşı sona qədər mübarizə aparan M.Eşqi zəngin bir ədəbi irs qoyaraq gedib. «Bir qoca kəndlinin idealı» (bu əsər Azərbaycan dilinə «Eşqin idealı» adı ilə tərcümə olunub) «Novruznamə», «Eydi-xun» («Qan bayramı») və s. böyük həcmli əsərlərin, «Rəstaxiz» («İran şahlarının dirilməsi», yaxud «Dirçəliş») adlı operanın, «Qurbanəli Kaşani», «Nakam Cəmşid», «Füqəra halvası» adlı dram əsərlərinin, çoxlu şeirlərin müəllifi olan M.Eşqi yeni ədəbi üslub yaratmaq fikrini irəli sürür, köhnə, ənənəvi qəzəl, qəsidə ədəbiyyatının daim dəyişməkdə, yeniləşməkdə olan zamanla ayaqlaşa bilməməsi qənaətinə gəlirdi. Mirzadə Eşqi üsyankar və romantik bir şairdir. Arzu, istək və düşüncələri ilə yaşadığı cəmiyyətin qanunları arasında kəskin ziddiyyət və bu ziddiyyətlərdən doğan acı təəssüflər onun poeziyasında baş, əzəli və ədəbi mövzuya çevrilir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 24 yanvar.- S.14.