«Tamaşaçı teatra getmək vərdişlərini
yadırğayıb»
Məmməd
Səfa: «Bir tikə çörək qazanmaq, yaşamaqdan
ötrü tamaşaçı teatrdan qaçır»
«Yuğ»
Teatrının aktyoru, bir çox filmlərində yaddaqalan
rolların ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin dosenti Məmməd
Səfanın (Məmmədsəfa Qasımov) APA-ya müsahibəsi.
-
Uzun illərdir Yuğ Teatrında
çalışırsınız. Bu mədəniyyət
ocağının yaradıcısı Vaqif
İbrahimoğlunun vəfatından sonra teatrın fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Bu
gün bizim teatrda həm yaşlı, həm orta nəsil, həm
də gənclər arasında çox istedadlı insanlar var.
Bütün bunlara görə biz yenə də Vaqif müəllimə
borcluyuq. Hər birimizin bir sənətçi kimi yetişməsində
Ustadın rolu danılmazdır.
- Hər
birimizin çox sevdiyi, sənətdə öz yolu olan Vaqif
İbrahimoğlu Azərbaycan mədəniyyətinə bənzərsiz
Yuğ Teatrını bəxş etdi. Bəs bizlər onun
üçün nələr etdik? Sizcə
yaratdığı bu teatrın Vaqif İbrahimoğlunun
adını daşıması onun ruhunu sevindirməzdimi?
-
Vaqif müəllim gəldi, üzərinə düşən
missiyanı yerinə yetirdi və çıxıb getdi.
İstər rəsmi şəkildə, istərsə də
qeyri-rəsmi, onsuz da bu teatr Vaqif müəllimindir və həmişə
onun adı ilə bağlı olacaq. Bu, kağız üzərində
ola da bilər, olmaya da bilər. Əsas odur ki, bizim ürəyimizdə,
qəlbimizdə elədir. Bu teatrı məhz bu kişi
yaradıb, milli mədəniyyət prosesinin faktına
çevirib.
- Yəqin
ki, vaxtaşırı Azərbaycanın digər
teatrlarında hazırlanan tamaşalara gedirsiniz. Tək Yuğ
Teatrının yox, bütün Azərbaycan teatrının
hazırkı durumunu necə təhlil edərdiniz?
- Bir
məqamı vurğulamaq istərdim ki, bu gün
teatrlarımızda çox istedadlı aktyorlarımız var,
bunun özü artıq çox şey deməkdir. Qaldı nəyinsə
çatışmaması, nəyinsə az olması, kimlərisə
nəyinsə qane etməməsi, bu, istənilən dövrdə
olub və bu gün də olacaq. Bilmirəm, siz məndən nəyi
eşitmək istəyirdiniz, amma mən belə
düşünürəm. Hesab edirəm ki Azərbaycan
teatrı bu gün çox işlək bir vəziyyətdədir.
- Hər
halda çiçəklənən dövrünü
yaşamır…
- Əgər
yaşamırsa, yəqin bunun da müəyyən səbəbləri
var. Sadəcə biz — bunu tək öz adımdan yox,
bütün yuğçular adından deyirəm — işimizlə
məşğuluq və sadəcə işimizi
görürük. Yəqin ki, digər teatrlar da bu işlə
məşğuldurlar. Yaşayaq və görək teatr prosesi
hara gedib çıxır. Amma bir şeyi dəqiq deyə bilərəm
ki, teatra hər zaman ehtiyac olub və həmişə də
olacaq. Tamaşaçı canlı aktyorla ünsiyyətdə
olmaq istəyir və bunun yeganə yolu teatra gəlməkdir.
- Bəs
tamaşaçı marağından kənar qalan, izləyici
cəlb etməyən və bu səbəbdən də
tamaşaçı zalı boş qalan teatr fəaliyyət
göstərməlidirmi? Tamaşaçını teatra cəlb
etməyin hansı yolları ola bilər?
-
Düz deyirsiniz, tamaşaçının teatra cəlb edilməsi
üçün ardıcıl tədbirlər görülməlidir.
Tamaşaçını teatra öyrətmək
lazımdır. Tamaşaçı teatr üçün hava,
su kimi bir şeydir. Amma tamaşaçı bir neçə
ildir sanki teatra getmək vərdişlərini
yadırğayıb. Qəribə şeydir, biz tələbə
olanda teatra çox güclü tamaşaçı
axını var idi. Tamaşaçı bu gün də teatra gəlmək
istəyir, amma məişət məsələləri onu
çox məşğul edir. Bir tikə çörək
qazanmaq, yaşamaqdan ötrü tamaşaçı teatrdan
qaçır. Yəqin ki, bütün bunlardan dolayı teatra
gəlməyə zamanı qalmır. Elə buradan
tamaşaçılara bir ismarıc göndərək — əzizlərimiz,
mümkündürsə teatra gəlin…
-
Sizcə, tamaşaçı bu gün teatra gəlib nə
tapacaq, nə qazanacaq, gənclik nə götürəcək?
Ümumiyyətlə, nə isə tapacaqmı?
- Bu
suala məhz tamaşaçı cavab verməlidir. Onun nəyə
ehtiyacı varsa, onu tapsın. Qəlbində o boşluğu
hiss edirsə, teatra gəlsin.
- Siz
bu gün tamaşalara baxanda ruhunuzu qidalandıra bilirsinizmi?
- Dəfələrlə ruhumu
qidalandırmışam. Tamaşaçının teatrdan
narazı olması fikri ilə qəti şəkildə
razı deyiləm. Tamaşaçı ola bilsin ki, teatrla
sıx əlaqədə deyil və o səbəbdən də
narazıdır. Bu gün Akademik Milli Dram Teatrında çox gözəl
tamaşalar var. Teatrlarımızın əksəriyyətində
elə aktyorlarımız var ki, heç də digər məmləkətin
aktyorlarından geri qalmırlar. Bunun özü məgər
göstərici deyil? Tamaşaçı nə
istəyir? Gəlsin o aktyorlara tamaşa
etsin. Hər bir teatrın öz
tamaşaçı auditoriyası var.
- Hesab
edirsiniz ki, teatrlar yetəri qədər mükəmməl
iş ortaya qoyur, amma tamaşaçının məişət
qayğılarından teatrlar boş qalır. Aktyor
üçün tamaşaçı zalının boş
olması nə deməkdir?
-
Tamaşaçı zalının boş olması
tamaşanın öz keyfiyyətini yarıbayarı itirməsi
deməkdir. Yuğ Teatrının təxminən 50 nəfərlik
tamaşaçı zalı var. Təsəvvür edin,
çıxırsan və görürsən beş
tamaşaçı oturub. O da mümkün deyil ki, bu hal
tamaşanın gedişatına təsir göstərməsin.
Təbii ki təsiri güclü olacaq,
sözsüz ki, bu, arzu olunan bir hal deyil. Allaha
şükür, Yuğ Teatrının bu sarıdan şikayəti
yoxdur.
- Diqqətçəkən
məqamlardan biri də odur ki, illərdir fəaliyyət
göstərən Yuğ Teatrının adı nə
hansısa münaqişələrdə hallanıb, nə də
burada çalışan aktyorlar hansısa mövzu ilə
bağlı şikayət ediblər.
- Bu
teatrı yaradan kişinin öz şərtləri, qoyduğu
qanunlar vardı. O qanunlar bu gün də var və hər
birimiz bu qanunlara riayət edirik. Nə qədər
ki, bu teatr olacaq, bu qanunlar da dəyişilməz qalacaq.
- Son illər
kinoda oynadığınız müxtəlif rollar
çoxsaylı tamaşaçı marağına səbəb
olub. Hətta deyərdim ki, Məmməd Səfa
adı müasir kinoda ən aktual olan aktyorlar
sırasındadır. Bir çox
aktyorların kameraya həsrət qaldığı bir vaxtda
aktuallaşmağı necə bacardınız?
- Mən
deməzdim bu belədir, çünki bizim kinoda işləyən
çox gözəl aktyorlarımız var. İlk dəfə
filmə 1994-cü ildə çəkilmişəm. Həmin il mərhum rejissor Tofiq Tağızadə
«Köpək» filmini çəkdi və məni bu filmdə
baş rola dəvət etdi. İlk dəfə həmin il kamera ilə üz-üzə gəldim. Daha sonra, Gülbəniz Əzimzadə bir film çəkdi.
Sonra «Ovsunçu», «Cavid ömrü», «Hökmdarın taleyi»,
«Tərsinə çevrilmiş dünya», «Dolu» filmlərinə
çəkildim. Həmişə ehtiyat edirdim
ki, özümü doğrulda bilmərəm. Amma iş
prosesində anladım ki, Azərbaycan aktyorları istənilən
ölkənin aktyorları ilə üz-üzə gəlib
öz sözlərini deməyə qadirdirlər. Allah elə imkan versin ki, bu aktyorlar öz
potensiallarını sınamağa imkan tapsınlar. Sadəcə, mən müəyyən mənada, bu
sınaqdan keçə bildim.
- Sizcə,
rejissorların Sizə tez-tez müraciət etməsinin səbəbi
nədir? «Cavid ömrü» filmindəki İblis
obrazından sonra çoxları düşündü ki, elə
həyatda da o keyfiyyətlərin
daşıyıcısınız. Amma
«Dolu»dakı komandir rolunuzla tamaşaçıya fərqli
ab-hava yaşatmağı bacardınız.
- Mənə
elə gəlir ki, bu həm də qismətdir. Bir
aktyor kimi mənə bu cür yanaşdıqları
üçün xoşbəxtəm. Başımızı
aşağı salıb, işimizlə məşğuluq,
bir yoldur gedirik. Sənət yolu.
- Necə
bilirsiniz, Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə
bağlı deyilənlər, yazılan tənqidlər həqiqətdirmi?
Son illər bu sahədə keyfiyyətli işin
ortaya qoyulmaması fikri ilə razısınızmı?
- Mən
bununla qətiyyən razı deyiləm. Doğrudur,
yeni filmlərimizin sayı azdır. Çox
istərdim ki, yeni filmlərin çəkilməsi daha da
intensivləşsin. Amma sevindirici haldır
ki, milli kino sənətimizin müsbət ənənələri
davam etdirilir. Bu durumu qənaətbəxş
hesab etmək olar. Məsələn, sonuncu filmlərdən
biri Mirzə Fətəli Axundzadə haqqında «Sübhün
səfiri» filminin kimə necə təsir
bağışladığını deyə bilmərəm,
amma şəxsən mənə çox gözəl təsir
etdi. Bunu səmimi deyirəm.
- Amma bu
filmlə bağlı xeyli tənqidi fikirlər səsləndi.
Görünür, Siz ümumiyyətlə narazı
olmağı və şikayət etməyi
bacarmırsınız…
-
Ağır, böyük, çətin film idi. Filmdə
çox gözəl aktyor işi var idi. Bəli,
texniki cəhətdən imkansızlıqlarımız var. Bir
faktı qeyd etmək istərdim — «Dolu» filminin bütün
avadanlığı Gürcüstandan gətirilmişdi.
Ümid edirəm ki, bu problem də öz həllini
tapacaq və texniki problemlər ortadan qalxacaq. Yaxşı film milyonlara pula başa gələn
şeydir. Filmin büdcəsi nə qədər
böyük olsa, filmin baxımı və səviyyəsi də
bir o qədər ürəkaçan olar.
- Vaxtilə
texniki təchizatın daha kasad olduğu zamanlarda Azərbaycan
öz filmləri ilə bütün Sovet məkanında
uğur qazanırdı. Amma bu gün,
bütün dünyada kino sənətinin bu qədər
inkişaf etdiyi bir dövrdə Azərbaycan kinosunda niyə bu
hal baş verir? Kimdir müqəssir, nədir
səbəb?
- Problem
bu gün tək kinoda deyil, bütün sahələrdə
problemin olduğunu görərik. Elə bir sahə
varmı ki, orada problemimiz olmasın? Problemi əsas gətirib,
işimizi görməsək, lap pis duruma düşərik. Həmin ağızdolusu
danışdığımız Sovet dövründə
problemlər yox idi? Bu bir faktdır ki, bu
gün çəkilən filmləri tamaşaçılar
görmür. Filmlərin nümayişi
üçün kinoteatr şəbəkəsi yoxdur.
- Gəliriniz Yuğ Teatrından və filmlərdə
oynadığınız rollara görə
aldığınız qonorardan ibarətdir? Əldə
etdiyiniz gəlirdən razısınızmı? Çətinliyiniz olur?
- Yuğ Teatrının aktyoruyam, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
dosentiyəm, eyni zamanda çəkildiyim filmlərdən
qonorar alıram. Mən özümü aktyor hesab etmirəm,
sadəcə aktyor olmaq istəyirəm. Bu
çox böyük, dəyərli bir sənətdir. «Mən aktyoram» demək çox çətindir.
Aktyorluğa bir insan ömrü bəs etmir.
Ömür bəs etmir… Aktyorun silahı onun ruhu
və qəlbidir.
- Fəxri
ad necə, gözləntiləriniz var?
- Nə
olacaqsa, olacaq…
- Bu
gün Azərbaycanda iki Kinematoqrafçılar İttifaqı
fəaliyyət göstərir. Siz bu iki ittifaqdan
hansında özünüzü görürsünüz?
- Mən
uzun illər Kinematoqrafçılar İttifaqının
üzvü olmuşam və bu gün də oranın
üzvüyəm. Məsələnin nə yerdə
olduğunu bilmirəm. İttifaqa
çoxdandır gedib-gəlmirəm. Buna
vaxtım da olmur. Biz, sadəcə olaraq,
işimizlə məşğuluq.
- Digər
ölkələrdən təkliflər
alırsınızmı? Hansı ölkənin
aktyoru olmaq istərdiniz?
- Yox,
heç bir ölkədən təklif almamışam. Amma elə Azərbaycanın aktyoru olmaq istərdim.
Mən istəyərəm başqa ölkələrdə
aktyorlarla görüşüm, başqa ölkələrin
filmlərində çəkilə bilim. Bunu
hansı aktyor istəməz ki? İstər
Rusiyanın, istər İranın, Türkiyənin,
Fransanın aktyor məktəbləri olsun. Görüşərdik, müzakirələr
aparardıq, çəkilərdik. Bunu
bütün aktyorlarımız istəyər, eləcə də
mən. Bəlkə də bu hal milli aktyor
məktəbinin inkişafına təkan verərdi. Heç bir rolda özümü sınamaq fikrində
deyiləm. Sadəcə, qismətimə nə
çıxıbsa, onu oynamışam. Elə
rollar təklif olunub ki, mən yox demişəm. Söhbət qonorardan getmir, söhbət mənim o
rolu necə oynamağımdan gedir. Elə
rollar var ki, özümü o rolda, ümumiyyətlə, təsəvvür
etmirəm.
- Bəs
özünüzü sevgi qəhrəmanı kimi
görürsünüzmü?
- Əslində, mənim görməyim azdır, filmi
çəkənlərin görməsi daha məqsədəuyğundur. Amma mən
özümü sınayardım. Mənim
üçün mənfi, müsbət anlayışı yoxdur,
insan anlayışı var. Müsbət, mənfi qəhrəman
məfhumunu anlaya və qəbul edə bilmirəm. Sevgi yaşa baxmır, mən bu rolda özümü
sınamaq istərdim.
Xalq Cəbhəsi.-
2013.- 26 yanvar.- S.15.