Rəqsin canlı mücəssəməsi
Rəqqasə Aysedora
Dunkanın maşını şərf sevgisi və
ölümü
Müasirləri
Aysedora Dunkanı «İlahi rəqqasə»
adlandırırdılar. O, isə özünü əsl
marksist hesab etdiyindən və həqiqətən də
inqilabın, onun sol ideyalarının qatı pərəstişkarı
idi. Dunkanın şöhrəti bütün Avropaya
yayılmışdı, onu doğurdan da, «rəqsin canlı
mücəssəməsi» hesab edirdilər. Hətta tələbkar
Vasili Rozanov onun sənətini belə dəyərləndirirdi:
«Dunkanın şəxsiyyəti, onun məktəbi yeni
sivilizasiyanın ideya mübarizəsində böyük rol
oynayırdı». Aysedora Dunkanın təbliğ etdiyi
müasir azad rəqs qadının azadlığı, müstəqilliyi
uğrunda hərəkatla sıx bağlı idi. «Əgər
mənim sənətim simvoldursa, onda bu
simvol-puritanlığın əsasında duran qadın
azadlığı və onun ətalətli, donmuş şərtlərdən
qurtuluşu demək idi» — deyə o yazırdı.
Aysedoranın xarici görünüşü, geyim-keçimi
belə sanki inqilabivari idi, o dövrün ciddi
qayda-qanunlarına zidd idi: publika üçün rəqs edən
qadın antik heykəli xatırladırdı, qısa şəffaf
paltarda, demək olar ki, alt paltarsız və ayaqyalın.
Atası
tərəfindən atılan və musiqi müəlliməsi
olan anasının himayəsində böyüyən Aysedora
Dunkan 26 may 1877-ci ildə San-Fransiskoda çox kasıb bir ailədə
anadan olmuşdu. Yoxsulluq onları qəflətən
haqlamışdı. «Mənim həyatım»
başlıqlı xatirələrində Dunkan yazırdı:
«Mən doğulanda anam, demək olar ki, dörd uşaqla tək
qalmışdı, yoxsul bir həyat sürürdü. Ailə
ehtiyac içində idi, ucuz ev axtarışı ilə bir
yerdən başqa yerə köçməli olur, aclıq
çəkirdi». Lakin buna baxmayaraq, Dunkan yazırdı ki, daim
evdə səslənən musiqiyə və
kasıbçılığa görə anasına minnətdardı,
ona görə ki, onlar burjua ailələrindəki varlı
uşaqların görmədiyi sonsuz azadlıq içindəydilər.
Axı anası yoxsul həyat sürməsinə baxmayaraq,
uşaqlarından heç nəyi əsirgəmirdi. Eləcə
də şagirdlərindən. Qastrollardan qazandığı
pulları özünün rəqs məktəblərinin
tikilməsinə sərf edirdi. Həm Hünevaldda, həm də
inqilabdan sonrakı Rusiyada istəyirdi ki, uşaqlar onun rəqs
hərəkətlərinin fəlsəfəsini gözəl
interyerlərdə mənimsəsinlər, həm də
aclıq çəkməyib sağlam olsunlar. Uşaqları
saxladığı Hünevalddakı villasını
yunansayağı bəzəmişdi. SSRİ-də də
uşaqlara ürəyi yanırdı — onları yanına gətirirdilər
ki, aclıqdan qurtulsunlar.
Onun
birinci uşağının, 29 yaşında dünyaya gətirdiyi
qızı Deyrdrenin atası, islahatçı rejissor və
böyük ssenarist Qordon Kreq idi. Aralarındakı münasibət
dörd il davam etmişdi və nəinki ehtirasa, hətta
maraqların ümumiliyinə əsaslanmışdı. Kreq
Aysidoraya məftun idi və onu yüksək qiymətləndirirdi.
«O, doğrudan da əsl sələf idi. O, bizim dünyamıza
böyük inamla həqiqi rəqsi gətirmişdi. Onun rəqsinə
baxanda insanın fikri-xəyalı sanki göylərdə pərvaz
edərdi».
Qeyd
etmək lazımdır ki, Dunkanın yorulmadan təbliğ
etdiyi azadlıq idealları ədəb, nəzakət
haqqında ənənəvi anlayışlara zidd idi: heç
bir sevgilisi onun həyat yoldaşı olmamışdı (bircə
Serqey Yesenin istisna idi) və bütün uşaqlar nikahdankənar
və müxtəlif kişilərdən doğulmuşdular.
Dunkanın
yazdığına görə uşaqlar onu sözün əsl
mənasında xoşbəxt etmişdilər. Xatirələrindəki
ən təsirli və səmimi sətirlər uşaqların
və analığın sevincinə həsr olunmuşdu. Lakin
bu sevinc uzun sürmür: 1913-cü ildə Parisdə oğlu
və qızı tərbiyəçiləri ilə birlikdə
avtomobil qəzasında həlak olurlar.
1904-cü
ilin sonunda Dunkan Peterburqa qastrola gələndə rus cəmiyyəti
onu çox yüksək səviyyədə
qarşılayır. Burada ən qatı tənqidçilər
şübhə etmirdilər ki, Aysedoranın rəqsini
köhnə mədəniyyətlə, klassik və akademik
baletlə uyğunlaşdırmaq olmaz. Professionallar heç
bir məktəb, sistem görməyən Dunkana həvəskar
rəqqasə kimi yanaşırdılar. XX əsrin əvvəlində
Aysedora Dunkanın Rusiyaya qastrolları nəinki cəmiyyəti
həyəcana gətirdi, onun rəqsinin fəlsəfəsi
rus bədii fikrinin axtarışları üçün də
təkanverici qüvvə oldu. Gümüş
dövrünün şairləri onun sənətini öz
estetikalarına daxil edir, musiqi müşayiətilə hərəkətinə
məftun olur, onun rəqsinə və
açıq-saçıqlığına biganə
qalmırdılar. Rus mətbuatında Dunkanın
çıxışları haqqında resenziyanın ilk
müəllifi Maksimilian Voloşin qeyd edirdi ki, o,
başqalarının dediyi, oxuduğu, yazdığı,
oynadığı, çəkdiyi kimi də rəqs edir.
Musiqi sanki ona çevrilir və mənbəyini ondan alır.
«Resenziyaçı onun rəqsində dərin poetik və fəlsəfi
məna, dinə pərəstişin əlamətlərini
görürdü». Rəqs kimi heç nə adamın ruhunu
titrədə bilməz. Rəqs — bütün sənətlərdən
ən yüksəyidir, ona görə ki, o, insan ürəyinin
nəbzini, ritmini dəqiq ifadə eləməyə qadirdir.
Andrey
Belı sevincini belə bildirirdi: «Onun təbəssümündə
sanki şəfəqli nəsə var. Bədəninin hərəkətindən
yaşıl çəmənliyin qoxusu gəlir». Mədəniyyət
tarixinin geniş bilicisi, filosof, modernizm estetikasının təbliğçisi,
tənqidçi Akim Volınski isə Dunkanın rəqsinin
tamaşaçılarda dərin təəssürat
yaratdığından söz açırdı. Amma rəqqasənin
çıxışları birini sevindirirdisə, digərlərini
isə qıcıqlandırırdı. Məşhur dirijor
Aleksandr Ziloti Aysedoranın rəqsini primitiv adlandırır,
musiqi ilə hərəkət arasında heç bir
uyğunluq görmürdü: «O, gah əllərini yuxarı
qaldırır, gah da döşəmədə sanki
kağız parçaları axtarır». Onun rəqsinin şəkli
çox sadə idi, olduğundan da sadə idi. Məlum məsələ
idi ki, Dunkan akademik məktəbi, yorucu balet nömrələrini
qəzəblə rədd edirdi. Onun məqsədi ruhi ifadənin
mənbəyini tapmaq idi.
Rəqqasənin
arsenalında heç bir zəriflik, xüsusi təsirlilik,
ifadəlilik vasitəsi yox idi. Haqqında güclü təssüratı
onun özü, gözəl bədəni, ifadəli musiqi
yaradırdı. Belə musiqi ilə anası uşaqlıqda
onu tanış eləmişdi — Brams, Şuman, Şubert,
Mendelson və nəhayət, Şopen musiqisi mənəvi
qidası idi.
Bütün
müasirləri qeyd edirdilər ki, onun hərəkətlərində
nə isə xüsusi bir maqnitizm də var. Rəqqasə ilə
ilk görüşü onun tərcüməçisi, katibəsi,
ağıllı və müşahidəçi Lola Kinel belə
təssəvvür edirdi: «Orta yaşlı kök qadın
yüngül paltarda divanda oturmuşdu. Onun balaca başı, gözəl dodaqları və sentimental gözləri
var idi. Onunla söhbət
zamanı sözləri
sanki udur, korlayırdı. O, ayağa
qalxanda və otaqda gəzişməyə
başlayanda gördüm
ki, o heç də orta yaşlı
və kök deyil; gözəl idi, qəribə zəriflik, gözəllik
onun hər hərəkətində duyulurdu».
Özünün istedadını Dunkan
hələ çox erkən hiss etmişdi: «Məni stolun ortasında qoyanda mənim üçün çalınan hər cür melodiya müşayiətilə rəqs
etməyə başlayırdım
və ailəmin, dostlarımın marağına
səbəb olurdum». Balaca Dora uşaqlıqda anasının
çalğısına sevinclə
diqqət kəsilər,
ilk musiqi təssüratlarını
hərəkətdə ifadə
eləməyə çalışardı.
Artıq
altı yaşındaca
qonşu uşaqlarını
başına yığar,
musiqi sədaları altında improvizə etməyi onları öyrədərdi. Onun məktəb
yaratmaq ideyası hələ uşaqlıqdan
meydana çıxmışdı.
Dunkanın sənətinin davamı olmadı və ölümü ilə sona yetdi. Onun çoxlu
şagirdləri, təqlidçiləri,
ardıcılları var
idi. Amerikada, Fransada, Almaniyada, Yunanıstanda, Rusiyada çoxlu rəqs məktəbləri təşkil
etmişdi. Lakin Aysedoranın özü
yox idi. Dunkanın faciəsi və unikallığı onda idi ki, onun
yaradıcılığının mənalandıran elementi özü, onun şəxsiyyəti idi.
Deməli, onun davamı ola
bilməzdi də.
1922-ci il mayın
2-də Moskvada Sergey Yeseninlə
Aysedora Dunkanın nikah mərasimi baş tutur. Onda Yesenin 27, onun isə 45 yaşı var idi. Yeni evlənənlər
iki familiya — Dunkan, Yesenin familiyasını
daşımaq arzusunu bildirmişdilər. Zaqsdan çıxarkən
Yesenin sevinclə demişdi.
«İndi mən
Dunkanam».
Bütün bunlara yarım il qalmış isə 1921-ci ilin payızında özünü
«marksist», «qırmızı»
adlandıran Aysedora yeni Rusiyanın fəhlə və kəndli uşaqları üçün rəqs məktəbləri yaratmaqdan
ötrü dövlət
dəstəyi və sovet hökumətindən
dəvət alır. Moskvada «4 yaşından 10 yaşına
qədər hər iki cinsdən uşaqlar üçün
Aysedora Dunkanın məktəbinin» açılışı
haqqında elanlar verilir. Qocalmış rəqqasə dünya
şöhrəti hələ
maraq doğururdu, lakin əvvəlki şövq, məftunluq yox idi. Tənqidçilər onun yoxsullaşmasının,
rəqs leksikonunun kasıblamasını qeyd
edirdilər. Yazırdılar ki, Dunkan rəqsdən
başqa hər şeylə — pantomimlə,
monodramla məşğul
olur. Bu dövrlərdə
şair Natalya Krandiyevskaya
öz xatirələrində
yazırdı ki, «Dunkanın ruslara münasibəti, məftunluğu
şübhəli idi.
Hərdən adama elə
gəlirdi ki, bu şöhrətdən doymuş, yorulmuş qadın nə Rusiyanı, nə inqilabı, nə də Yeseninə sevgisini qəbul edir. Artıq onun Yeseninlə münasibətlərində bir
soyuqluq hiss olunurdu. Onların bu münasibəti, bu birliyin xoşagəlməyən
təfərrüatları, şairin Dunkana nəzakətsizliyi, əyyaşlığı,
bütün təhqirlərinə
dözən, cavan ərinə hər şeyi bağışlaması
haqqında Moskvada və ondan kənarda
artıq şaiyələr
gəzməyə başlamışdı.
Lakin bütün bunlara baxmayaraq Aysedora ilə Yesenin Avropa və Amerikaya qastrollara çıxmışdılar.
Yesenin öz şeirləri
ilə dünyanı fəth etmək istəyirdi. Tezliklə Avropa
onu darıxdırır,
publikanın ona qarşı olan diqqətsizliyini isə təhqir hesab edirdi. Aysedora da Avropa və Amerika tamaşaçısı üçün
maraqsız görünürdü».
Dunkanın Amerikan prodüsseri
Solomon Yurok onun çıxışlarından
narazı idi, axı publika az idi. Yurokun sözlərinə görə,
Aysedora laqeyd və qeyri-etikcəsinə
rəqs edir. İngilis slavisti Qordon Makvey yazırdı
ki, Yeseninlə Dunkanın Amerikaya gəlişinin səs-küylü
və bayram atmosferindən fərqli olaraq, onları yola salmağa heç kim
gəlmədi, heç
kim gül göndərmədi də.
1923-cü ilin fevralında Yeseninlə Dunkan «Corc Vaşinqton»
gəmisi ilə Avropaya yola düşürlər.
«Bu bolşevik qadını
mən geriyə — Rusiyaya göndərərdim»
— deyə protestant moizəçisi
Billi Sandi qəzəbini
gizlətmirdi. O, da belələrinə borclu qalmır, Nyu-york qəzetlərinin reportyorlarına
bildirir: «Axırıncı
dəfə məni görürsünüz: ən
yaxşısı, mən
Rusiyada qara çörək və araqla yaşayaram, nəinki burada lüks otellərdə. Siz sevgi, mənəvi
qida və sənət haqqında heç nə bilmirsiniz!»
Tərcüməçi Lola Kinel öz xatirələrində
yazırdı ki, bütün nəqliyyat vasitələrindən Aysedora
avtomobilə üstünlük
verərdi. Bir də şərflərı
çox sevirdi. Şərflər da maşınlar
kimi onun maraq dairəsində idi, onlarla o, özünün ən məşhur kompozisiyalarını
oynamışdı. Çox qəribədir
ki, elə bu şərflərlə maşınlar da onun ölümünə səbəb olur. 14 sentyabr 1927-ci ildə.
Müasirləri onun ölümünü belə
təsvir edirlər: «Aysedora çiyinlərində
şərf küçəyə
çıxır və
vidalaşarkən əlini
yelləyir, sanki son sözlərini deyərək
maşına minir. Quş şəkillərilə bəzədilmiş
göy şərf elə bu an Aysedoranın çiyinlərindən
sürüşüb, avtomobilinin
təkərlərinə ilişir
və onun boğazından dartır».
Aysedora Dunkanın
ömür tarixçəsini
həyəcansız oxumaq
olmur. Nə yazıq ki,
bütün bu olanlar sərt həyat həqiqətləridir.
Bir kimsə Aysedora Dunkanın həyat tarixçəsinin belə
bitməsini arzulamazdı.
Nə edəsən ki, tale öz ssenarisini bəzən belə sərt yazır. A.Dunkan deyirdi: «Cənnət elə yer üzündədir. Elə cəhənnəm də».
Dunkanın yer üzündəki cəhənnəmi
belə qurtardı…
Oktay
Xalq Cəbhəsi.-
2013.- 26 yanvar.- S.13.