Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin

 

Milyonçu Hacı Zeynalabdin Tağıyev Məmməd Əmin Rəsulzadəyə, Səttarxan hərəkatına da yaxından maddi köməklik göstərib

 

Vaqif Abışov: «İndiki milyonçuların çoxu xaricdə özlərinə villa, bahalı maşınlar almaqla işlərini bitmiş hesab edirlər»

 

XX əsrin əvvəli Bakının neft bumu yaşadığı dövr şəhər ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb neft buruqları ucaldılırdı.

Bu neft bumundan yararlanmaq istəyənlərdən biri də Zeynalabdin Tağıyev idi. 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım uşağın 10 yaşı olanda vəfat edir. Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonur, 15 yaşında isə bənnalıq edir. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Heft fontanları gənci çox maraqlandırır və 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub başlayır quyu qazdırmağa. İşin riskli olması, yəni neft çıxmama ehtimalı onu çəkindirmir. Günbəgün xərc artsa da neft görünmür. Şəriklər ümüdlərini itirir — öz paylarını satmağa müştəri axtarırlar. Axırda Zeynalabdin özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Gənc darıxmır və tək bütün məşəqqətə dözür. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönüb olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bina (hazırda Azərbaycan Tarix Muzeyinin binası) hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.

Hacı Zeynalabdin Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında, Ənzəli və Rəşt ərazisində Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

1870-ci ildə onun artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq «Q.Z.A.Taqiev» şirkətini yaradır.

Bütün müsəlman aləmində tanınmış milyonçu — neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçmişdilər.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdina müraciət edirlər ki, dərdimizə çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Fizuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) düstaqxana üçün verir.

1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda tikdirdiyi məktəbi bütün Zaqafqaziyada yeganə qız məktəbi olur. Tikintisi 1898-ci ildə başlayan məktəb (Elmlər Akademiyasının əlyazmaları fondunun binası) 1900-cü ildə hazır olur. Qeyd edək ki, Hacı Zeynalabdin Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də ilk dəfə rədd cavabı alır. Fikrindən dönməyən Hacı II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd göstərir və 1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə xanımı Aleksandra Fyodorovnaya son dərəcə bahalı bir hədiyyə bağışlayaraq Bakıda onun adına qız məktəbi açmaq üçün razılıq istəyir. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan Tağıyevin bu təşəbbüsü «dindarlar» arasında ciddi etiraz doğurur. Qızları məktəbə gedən ailələrə qarşı təhqir və təqiblərə son qoymaq məqsədilə Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və s. yerlərə nümayəndələr göndərir.

Nümayəndələr bu şəhərlərin rəsmi din xadimlərindən imza və möhürlə təsdiqlənmiş sənədlər gətirirlər. Sənədlərdə göstərilir ki, müsəlman qızlarının müasir məktəblərdə təhsil almasında qəbahət heç nə yoxdur. Günlərin birində Aleksandra Fyodorovna qız məktəbi şagirdlərinin ona ünvanladıqları minnətdarlıq teleqramına cavab verir. Bu cavab da qız məktəbinin açılmasına maneçilik törətmək istəyənləri təmamilə sakitləşdirir. Qızı Sara xanımın xatirələrindən məlum olur ki, Tağıyev kasıb qızların təhsil almasına şərait yaratmaq məqsədilə varlı qızların məktəbə qəbulunu məhdudlaşdırıbmış. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verərək təhsil müddəti 4-5, daha sonra isə 6 il olan qız məktəbinin statusunu dəyişdirir. Məktəb «Qızlar seminariyası» adını daşıyır.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınıb. Xeyriyyə cəmiyyətlərin yaradılması, eləcə də qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» ilk cəmiyyətlərdən idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdu.

Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım olub. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları İsmayıl, Sadıq və qızı Xanım. Zeynəb xanım rəhmətə gedəndən sonra general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanımla evlənir. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd «Dikaya diviziya»nın zabiti olarkən intihar edib, İlyas isə xəstəliyə tutularaq vəfat edib.

Qeyd edək ki, Xalq Cümhuriyyətinin banilərindən Məmməd Əmin Rəsulzadə Hacının yaxın adamlarından olub. Hacı Zeynalabdin Tağıyev şərqin ilk müsəlman cümhuriyyətini yaradan Müsavat Partiyasına xeyli vəsait də sərf edib. Qeyd edək ki, partiya o zaman «İsmailiyyə» binasında yerləşirdi.

Hacı Zeynalabdin Tağıyev güneydə Səttarxan hərəkatına da yaxından köməklik göstərir. Köməyin sorağı II Nikaloya da çatır. 1908-ci ildə Bakıya bu məzmunda məktub göndərilir: «Qafqaz canişinliyindən aldığımız məlumata görə, Bakı sakini Hacı Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göstərir. Yardımı kəsmək üçün müvafiq tədbirlər görülsün». Buna görə sorğu-suala tutulan Tağıyev bildirir ki, onun inqilabçılarla heç bir əlaqəsi yoxdur. Sadəcə, o, yetim qalmış kimsəsiz uşaqlara, qoca və qadınlara yardım göstərir.

Azərbaycanda ilk teatr binasını da Tağıyev tikdirib. 1910-cu ildə «Tağıyev teatrı»nın 30 illik yubileyi yüksək təntənə ilə qeyd edilir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Tağıyev teatrında bərpa işləri aparılır. Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev Mərdəkandakı bağ evində yaşayan Hacının yanına gedərək, onu teatrın açılışına dəvət edirlər. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəsir olan Tağıyev göz yaşlarını saxlaya bilmir.

Bir gün Axund Hacı Turab Hacı üçün Quran, daha doğrusu, Yasin surəsini, oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni «Allah bir şeyə iradə eləsə, ona «Ol deyər, o da dərhal olar» — çatanda, Hacı soruşdu, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund cavab verir ki, bəli. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.

Sovet hakimiyyətinin qurulması ilə milyonçuların həyatında məşəqqətli dövr başlayır. Var-dövlətlərinin əlindən alınması ilə barışmayan milyonçular Vətəni tərk edirdilər.

Dostlarının israrlı çağırışlarına baxmayaraq, Hacı nəinki özünün, heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına icazə vermir: «Mən heç bir məmləkətə mühacirət etmək fikrində deyiləm. Atamın, qohum-əqrəbamın qəbirləri harda, mən də orda olmalı və ölməliyəm».

O, ömrünün son gününə qədər Azərbaycanda yaşadı. Əvvəlki əzəmətlə, qürurla və alicənablıqla. Tağıyevin ömrünün son illərindən danışarkən, Nəriman Nərimanovun adını çəkməmək olmur. Bu illərdə Nəriman Nərimanov, sözün əsl mənasında, Tağıyevlər ailəsinin himayədarına çevrilir. Bütün varidatı, mülkləri müsadirə edilən Hacı ailəsilə birgə qohum evində qalmağa məcbur olur. Tağıyevə kömək etmək iqtidarında olmayan Nərimanov belə bir vasitəyə əl atır.

Həmişə millətin rifahı üçün çalışan Hacının mülklərinin birinin ona qaytarılmasını təvəqqe edən çoxlu sayda ərizə toplayıb, Moskvaya göndərir. Çox keçmir ki, Moskvadan bu məzmunda cavab gəlir: «Hacı Zeynalabdin Tağıyev ölənə qədər onun ailə üvləri ona məxsus olan bağda yaşaya bilərlər».

Bu icazə heç də Tağıyevləri gələcək bəlalardan hifz etmir. Ailəni hər an, ən azı, evsiz-eşiksiz qalmaq təhlükəsi gözləyir. Elə belə də olur…

Tağıyev uzun illər işlətdiyi baltanı evinin ən görkəmli yerlərinin birində divardan asıbmış. Son dərəcə zəngin bir evin divarında bu hacətin asılması, çoxları tərəfindən təəccüblə qarşılanırmış. Hacı isə tövrünü pozmadan cavab verirmiş ki, «Hər gün bu baltanı görüb, keçmiş günlərimi yaddan çıxarmıram».

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Hacının mesenantlıq fəaliyyətini xatırlayaraq bu gün ondan daha çox imkanı olan insanların xeyriyyə işlərində əli olmadığından təəssüfləndiyini bildirdi: «O, XIX əsrin 80-ci illərindən mesenatlıq hərəkatına başlayaraq, əldə etdiyi vəsaiti xarici ölkələrdə özü üçün villa və digər obyektlər almağa sərf etmədi. Əksinə, həmin vəsaitləri ölkəsinə yatırdı ki, xalqımız inkişaf etsin. Hacı Zeynalabdin Tağıyevin qəlbi vətən, millət yanğısı ilə dolu idi. O topladığı vəsaitləri öz ağlı ilə qazanmışdı. İndikilər isə mesenat fəaliyyətə başladıqda hüquq-mühafizə orqanlarında cavab verə biləcəklərindən qorxurlar. İndiki milyonçuların çoxu xaricdə özlərinə villa, bahalı maşınlar almaqla işlərini bitmiş hesab edirlər. Onlar dərk etmək istəmir ki, onların işi elə belə də bitəcək və tarixdə adları qalmayacaq. Ancaq Hacı Zeynalabdin Tağıyev kimilərinin adı daimi olaraq yaşayacaq».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 26 yanvar.- S.11.