Həyatdan nakam getmiş böyük maarifçi
Çokan Valixanov qazax
xalqının mədəniyyəti tarixinə
maarifçi-demokrat kimi daxil olub
Türk xalqlarının zəngin
mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi
uluslararası bağların daha da möhkəmlənməsinə səbəb
ola bilər. Qəzetimizin ötən
saylarından birində
Oxucularımızı qazax ədəbiyyatının tarixi kökləri ilə tanış etmişdik. Mövzunu professor Nizami Tağısoyun araşdırması ilə davam etdiririk. Qazax folklorunun yaradıcıları və daşıyıcıları nağılçılar, eposçu-dastançılar, akınlar, hazırcavablar, məişət hekayətlərini nəsildən-nəsilə ötürənlər olmuşlar: «Böyük maarifçi Çokan Valixanova qədər qazax folklor yaradıcıları və qazax folkloru xüsusi olaraq öyrənilməyib. Qazax folkloru üzrə materiallar ilk dəfə akademik V.Radlovun «Xalq ədəbiyyatı nümunələri» (Sankt-Peterburq, 1870) kitabında təqdim olunub. Qazax poeziyası nümunələri böyük alim və etnoqraf Ç.Valixanov tərəfindən XIX əsrin 60-cı illərindən yığılıb və elmi dövriyyəyə daxil edilib. Böyük qazax pedaqoqu İbray Altınsarın tərəfindən də xalq poeziyasının çoxsaylı nümunələri toplanıb və onların ən yaxşıları qazax dilində yazılmış «Qırğız müntəxabatı» kitabına daxil edilib. Qeyd edək ki, «Qırğız müntəxabatı» kitabı ilə qazax yazılı ədəbiyyatının əsası qoyulub».
XIX əsrin 80-ci illərinin sonlarından tanınmış qazax akınlarının poetik məcmuələri nəşr olunmağa başlayır: «XX əsrin əvvələrindən isə xalq və bədii söz yaradıcılığı ilə bağlı nəşrlərin sayı artır. Belə ki, 1909-cu ildə Peterburqda qazax ədəbiyyatının klassiki Abay Kumanbayevin şeirlər məcmuəsi nəşr olunur. 1913-cü ildə isə qazax nasiri S.Kubeyevin Qazanda «Qalın mal» («Kalım») — o dövr qazax ədəbiyyatının ilk böyük nəsr əsəri işıq üzü görür».
XX əsrin ilk onilliklərindən başlayaraq qazax yazılı ədəbiyyatı daha böyük temp ilə inkişaf edirdi: «XX əsrin 20-ci illərindən xalq təhsili şəbəkələri inkişaf edir, çoxsaylı təhsil vasaitləri və dərsliklər işıq üzü görür, qazax ədəbiyyatı sistemli və ardıcıl inkişaf yoluna qədəm qoyur. Əlbəttə, XX əsrin əvvəllərinə qədər qazax ədəbiyyatı problemləri ilə demək olar, heç kim məşğul olmamışdı və qazax ədəbiyyatının inkişaf istiqamətləri heç bir monoqrafik və ya tədqiqat əsərində və ya elmi xülasə şəklində ictimaiyyətə təqdim olunmamışdı. Ortada olan adda-budda xarakterli materiallar isə qazax yazılı ədəbiyyatının xarakterik xüsusiyyyətləri haqqında heç də dolğun təsəvvür yaratmırdı. Şifahi poetik irs, akın-improvizatorların yaradıcılığı XIX əsrin birinci yarısından yeni qazax ədəbiyyatının yaranması və təşəkkülü üçün münbit şərait yaratdı. Demokratik ruhlu yeni şairlərin yaradıcılığında qazax xalq ədəbi dili inkişaf etməyə başladı. Yeni istiqamətli ədəbiyyatın parlaq nümayəndələri M.Ütəmisov (1804-1846), Ş.Jarılqasov (1806-1867), S.Aronov (1823-1896), M.Azamatov (1823-?) və başqaları vardı. Bu dövr qazax poeziyasının mühüm keyfiyyətlərindən biri həyat hadisələrinin doğru-dürüst təsviri tuturdu. Lakin bu da qeyd edilməlidir ki, bu şairlərin əzmkarlığına baxmayaraq, onların yaradıcılığı yüksək realist cizgilərdən kənarda idi. Faktik olaraq o şairlərin yaradıcılığında realizmin cücərtiləri hiss olunurdu. Bu, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Çokan Valixanov, İbray Altınsarın, Albay Kunanbayev kimi maarifpərvər yazıçıların yaradıcılığında yüksək zirvəsinə çatdı».
Araşdırmaçının fikrincə, XIX əsr qazax ədəbiyyatının uğurlu inkişafı onun xalq həyatı ilə əlaqəsində, qazax cəmiyyətinin sosial-tarixi şəraiti ilə şərtlənirdi. Xalq çar məmurları və yerli feodallar tərəfindən istismara məruz qaldığından, son dərəcə amansız vergi verməyə məcbur edildiyindən sosial, milli və siyasi zidiyyətlər artırdı. Yerli hakimiyyət orqanları və çar hökumətinə qarşı barışmaz münasibət son həddinə çatırdı: «1836-1837-ci illərdə Qərbi Qazaxıstanda, Bukeyev Ordasında Məhəmbət Ütəmisov və İsatay Taymanovun antifeodal və anti müstəmləkə üsyanı qalxdı. Üsyançılarla Cahangir xan tərəfdarları arasında döyüşlər getdi. Buna baxmayaraq çar dəstələrinin köməyilə üsyan yatırılır. İsatay Taymanovla Məhəmbət Ütəmisov bir qrup üsyançı ilə Yaik çayının sol sahilinə keçmiş, yenidən güc yığıb hücuma keçsələr də, 1838-ci ildə tam məğlubiyyətə uğrayır, İsatay Taymanov isə döyüş meydanında öldürülür».
XIX əsr qazax ədəbiyyatı. Məhəmbət Ütəmisov Qərbi Qazaxıstanda anadan olub. Hələ yeniyetmə yaşlarından poeziya və jırau yaradıcılığına böyük maraq göstərib. Ağıl, kamal, istedadı və təfəkkürü ilə fərqlənən Məhəmbəti Bukeyev Ordasının xanı Cahangir onu oğlunun ustadı kimi sarayda saxlamaq qərarına gəlir. Daha doğrusu, onu saray şairi etmək istəyi Cahangirə nəsib olmur. Çünki o, Məhəmbət xana xidmətdən boyun qaçırdığından, Cahangirin xoşu gəlmir. Şair satira, sarkazm dolu «Məhəmbət Cahangir xana dedi» adlı şeir ilə çıxış edir və o, xalq arasında populyarlığa səbəb olur. Məhəmbət sonralar da xanın iç üzünü açan, onun ədalətsiz hərəkətlərini təqdir edən sultanları, çar məmurlarını ifşa edən şeirlər yazır.
Çokan Valixanov. Çokan (əsil adı Mühəmməd-Həkəfiyyə, Çokan adını ona anası vermişdir) Çingiz ulı (oğlu) Valixanov qazax xalqının mədəniyyəti tarixinə maarifçi-demokrat, səyyah, tarixçi, etnoqraf, eposşünas və folklorşünas kimi daxil olmaqla, onun tarixi dönəmində önəmli rol oynayıb: «Cəmi 30 il ömür sürmüş (1835-1865) bu böyük maarifçi doğma xalqının mədəniyyəti tarixində əvəzsiz irs qoyub gedib: «Kokçetav (Göycədağ) vilayətinin Kuşmurun qəsrində anadan olmuş Çokan Orta Qazax Cuzu Ablay xanın nəslindən olmaqla, kazak hərbi məktəbində təhsil aldıqdan sonra baş sultan vəzifəsində xidmət etməklə polkovnik rütbəsinə qədər yüksəlib və dövrünün qabaqcıl ziyalılarından biri kimi tanınıb. Kiçik Çokanın mənəvi inkişafına Ayxanımın (1783-1851) təsiri böyük olub. Dövrünün ağıllı və uzaqgörən insanlarından olan bu qadın bir neçə şərq dillərini bilməklə yanaşı, həm də tarixi rəvayətlər və əfsanələri yaddaşında yetərincə saxlamışdı. Ayxanın yaşadığı dövrdə Qazaxstanın ictimai-siyasi həyatında yaxından iştirak edib, Peterburqda fəaliyyət göstərən Xarici İşlər Nazirliyinin Asiya Departamenti və Sibir Komitəsi ilə yazışmalar aparıb. Akad. Semyonov-Tyanşanski bu ziyalı qadına xüsusi hörmət bəsləyib, hətta Aleksandr ona böyük diqqət yetirib, qırğız səhrasında onun üçün ayrıca ev tikilməsini tapşırıb. Çokanın xalq ədəbiyyatına olan böyük marağı da məhz Ayxanın nəinki ona söylədiyi nağıllar, əfsanələr, hekayələr əsasında formalaşıb. Aul məktəbində oxuyub-yazmağı öyrəndikdən sonra Çokan 1847-1853-cü illər arasında Omsk Kadet Korpusunda təhsil alıb. Bu təhsil müəsisəsi o dövrdə Sibirin ən gözəl təhsil ocaqlarından biri olmaqla, onu «maarif və vətənpərvərlik mərkəzi» adlandırmışlar. Çünki Q.Potanin, Mərkəzi Asiya və Monqolustan üzrə tanınmış səyyah J.Jadrinsev, böyük alim A.Aunenski və başqaları məhz bu ocağın yetirmələridir. Omsk Kader korpusunda təhsil aldığı dövrdə Ç.Valixanov özünü istedadlı gənc kimi nümayiş etdirməklə yanaşı həm də doğma xalqının tarixi, folkloru ilə yaxından maraqlanıb, qazax səhralarının bəzi rayonlarının topoqrafiyasını öyrənib, bəzi çertyojlar hazırlayıb, memarlıq abidələrinin şəkillərini çəkib. Təsadüfi deyil ki, o erkən yaşlarından özünü səyyahlığa hazırlayıb, Pallas, Riçkov, Levkin, Velyaminov-Zernov və digər çoxsaylı müəlliflərin kitabları ilə tanış olub. Kadet korpusunda təhsilini başa vurduqdan sonra o, əvvəl Sabir Kazak ordusu kavaleriyasında xidmət edib, sonra Qərbi Sibir General Qubernatorluğunda xidmətini davam etdirib və ömürlük arzusunun ardınca gedib. 1854-1857-ci illərdə Semireçya, Tarbaqatay, Mərkəzi Qazaxıstan, Qırğızıstanı gəzir, böyük coğrafiyaşünas-alim P.P.Semyonov Tyanşanski ilə çiyin-çiyinə işləyir».
Ç.Valixanov elmi maraqları rəngarəng olan alimlərdəndir: «Onun əsərlərində tarix, etnoqrafiya və digər elmlərin problemləri ilə anaşı xalq poetik yaradıcılığının inkişafı məsələləri, qazax nəğməkar şairlərinin sənətkarlığı, ədəbiyyatşünaslığın müxtəlif problemləri əsas yer tutur. Üçcildlik «Qazax ədəbiyyatı tarixi» kitabının ikinci cildinin müəllifi U.T.Duşenbayevanın fikrincə, Ç.Valixanovun ədəbiyyat məsələlərini əhatə edən yaradıcılığı şərti əlaraq üç qrupa bölünə bilər: birinci qrupa «Qazax xalq poeziyasının formaları haqqında» əsərlər, ikinci qrupa folklor və poetik materiallara qismən söykənən bədii nümunələrinnn tarix elmi və etnoqrafiya baxımından öyrənilməsi aiddir və s. Üçüncü qrupa isə sərt ədəbiyyat məsələləri aid olan əsərlər aiddir ki, onlar həm də Ç.Valixanovun poetik sənətlə bağlı söylədiyi fikirləri əhatə edir. Buraya «Qırğızların şəcərəsi», «Cunqariya oçerkləri», «Qırğızlar haqqında qeydlər» və s. daxildir. Ç.Valixanov xalq nəğmələri, rəvayət və əfsanələrlə yeniyetmə yaşlarından sistemli və ardıcıl məşğul olmuşdu. Tədqiqatçının maraqları haqqında onu yaxından tanıyan insanlar, yuxarıda adını çəkdiyimiz Q.N.Potanin və digərləri ağız dolusu danışırdı. Məsələn o qeyd edir ki, Ç.Valixanov söhbət zamanı bu və ya digər fikrinin təsdiqini nəğmə mətnlərindən və şeirlərdən gətirilmiş nümunələrlə möhkəmlədərək, qazax adət-ənənələrində atalar sözü və zərbi məsəllərinə, nağıl və əfsanələrə müraciət edirdi».
Ç.Valixanov qırğız qəhrəmanlıq eposu «Manas»ın ilk tədqiqatçısı kimi tanınıb. «Manas»ı «İliada» ilə eyni sırada görməklə bərabər, həm də bu abidənin dünya əhəmyyətli olduğunu söyləyib, «Manas»ın momental ictimai və tarixi planlı xarakterini də qeyd etməyi yaddan çıxarmayıb. Ç.Valixanov göstərir ki, «Manas» bütün qırğız miflərinin, nağıllarının, rəvayətlərinin ensiklopedik məcmuyu olmaqla bir şəxsin simasında — batır Manasda özünü əks etdirib. Elə buna görə də Ç.Valixanov onu «səhra İliadası» adlandırır. Qırğızların həyat tərzi, adət-ənənələri, əxlaqı, coğrafiyası, dini və təbabət təfəkkürü və beynəlxalq münasibətləri məhz bu nəhəng epopeyada özünü əks etdirib.
Valixanov «Manas» qəhrəmanlıq eposunun ikinci hissəsi «Semetey» dastanının tədqiqi ilə də məşğul olub. O, dastanın bu hissəsini «qırğız «Odisseya»sı» adlandırıb. «Manas»ın adekvat dərk olunması üçün Valixanov Qırızıstanın müxtəlif yerlərində olmaqla, xalqın adət-ənənəsi, həyat ukladı, təfəkkür və məişəti ilə yaxından tanış olmuşdu.
Təssüf ki, erkən ölüm Ç.Ç.Valixanovun çoxşaxəli və rəngarəng məhsuldar yaradıcılıq fəaliyyətini yarımçıq qoydu. O, 30 yaşında həyatdan gedib və Altın-Emel dağının ətəklərindəki yolun kənarında dəfn olunub. Az ömür sürməsinə baxmayaraq Ç.Valixanovun yaradıcılığı dünya şərqşünaslığına, türkologiyasına, dastanşünaslığına, folklorşünaslığına dəyərli töhfə kimi qiymətləndirilib, nəinki Qazaxıstanda, Orta Asiyada, Rusiyada, həm də Şərqdə, Qərb ölkələrində geniş yayılıb, müəllifə böyük nüfuz gətirib.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 26 yanvar.- S.14.