«Bəhcətür-ruh» risaləsi

 

Orta əsrlərdə musiqi sənətinin, xüsusilə musiqi ifaçılığının yüksək inkişafı musiqi haqda elmi əsərlərin, risalələrin yaranmasına səbəb olmuşdu. İlk risalənin kim tərəfindən və nə zaman yazılması məlum deyil. Lakin bu risalələrin IX-X əsrlərdən etibarən bütün orta əsrdə, hətta XX əsrə qədər yarandıqları və elmin səviyyəsinin əsas təcəssümçüləri olduqları məlumdur. Bu gün bu risalələr bizi orta əsrin digər abidələri kimi, miniatür sənətimizin inciləri kimi, memarlığımızın gözəl nümunələri kimi heyrətləndirir, fərəhləndirir, düşündürür. Böyük miqdarda yazılmış bu risalələr arasında bəziləri çox, bəziləri isə daha az məşhur olmuşlar. Onların çoxlarının müəllifi məlumdur, lakin bəzilərinin müəllifi naməlum olub, anonim qalmışdır. Qeyd edək ki, Şərqin və təbii ki, Azərbaycan da ora daxildir, musiqi-nəzəri problemlərinin tədqiqində, işlənməsində Yaxın və Orta Şərqin bir sıra xalqlarının alimlərinin iştirakı və rolu böyük olmuşdur. Onlardan Əl-Fərahidi Xəlil ibn Əhmədi (VIII əsr), Mausili İshaq ibn İbrahimi (VIII-IX əsrlər), Yəqub əl-Kindini (IX əsr), Əhməd Sərəxsini (IX əsr), Übeydüllah Tahiri (X əsr), Əbdülfərəc İsfahanini (IX-X əsrlər), Əbu Nəsr Fərabini (X əsr), Yəhya Münəccimi (X əsr), Əbu Bəkr Razini (X əsr), «İxvan əssəfa və xullan əlvəfa» — «Təmiz qardaşlar və vəfalı dostlar»ı (X əsr), Əhməd Xarəzmini (X əsr), Əbu Əli İbn Sinanı (X-XI əsrlər), İbn Zaylanı (XI əsr), Səfiyəddin Urməvini (XIII əsr), Nəsirəddin Tusini (XIII əsr), Qutbəddin Şirazini (XIV əsr), Əli Məhəmməd Jürcanini (XIV əsr), Əbdülqadir Marağaini (XIV-XV əsr), Məhəmməd ibn Mahmud Amulini (XIV əsr), Əbdürrəhman Camini (XV əsr), Fətullah Şirvanini (XV əsr), Zeynalabdin Hüseynini (XV əsr), Kavkabi Buxarini (XVI əsr), Dərviş Əlini (XVII əsr), Mirzə bəyi (XVII əsr), Mir Möhsün Nəvvabı (XIX əsr) və başqalarını göstərmək olar.

Musiqi elmimizin inkişafında alimlərin elmi-nəzəri əsərləri ilə bərabər şairlərimizin yaradıcılığının böyük əhəmiyyətini də qeyd etməliyik. Onlardan Nizami Gəncəvinin (XII əsr), Nəsiminin (XIV əsr), Füzulinin (XVI əsr), Seyid Əzim Şirvaninin (XIX əsr) əsərlərini misal göstərmək olar. Lakin ən çox XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiyəddin Əbdül Mömin ibn Yusif ibn əl-Urməvinin və Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağainin adları ilə bağlıdır.

Biz XIII-XX əsrlərin musiqi elmi haqqında düşündükdə, onu tədriclə, bərabər inkişaf edən bir xətt kimi təsəvvür edə bilmirik. Əksinə, bu yolu biz qeyri-bərabər inkişaf kimi, yüksələn və enən xətt kimi səciyyələndiririk. Lakin bu, o demək deyil ki, orta əsrlərin sonlarında musiqimizin inkişafı, nəzəri problemlərin tədqiqi dayandırılmışdır. Əlbəttə, elə deyil. Bu əsrlərdə sadəcə olaraq tarix bizə Səfiyəddin Urməvi, Əbdülqadir Marağai, Üzeyir Hacıbəyli kimi nəhəng şəxsiyyətləri bəxş etməmişdir.

Orta əsrin məşhur risalələrindən biri də»Bəhcət-ür-ruh» əsəridir. Bu risalə ilk dəfə məşhur ingilis alimi Henri Corc Farmer və fars dilini gözəl bilən, bir sıra Şərq ölkələrində səfir işləyən Rabino de Borqamale tərəfindən ingilis dilinə tərcümə edilib, 1943-cü ildə Qahirədə nəşr edilir. Farmerin ölümündən sonra alimin kitabxanası satılır və «Bəhcət-ür-ruh» risaləsinin farsca olan əlyazma nüsxəsi İran alimlərinin əlinə keçir və onlar bu əlyazmanı 1970-ci ildə Tehranda çap etdirirlər. Bu nəşrə geniş ön sözü, Rabino de Borqamale, digər İran alimi Natel Xanlari ilə birlikdə yazmışlar. Bu risalənin əlyazması Oksford nüsxəsidir ki, Əhmədəbadda 1627-ci ildə köçürülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun arxivində də bu risalənin iki nüsxəsi saxlanılır. Onun birinə Mehdi Şirazi adlı o dövrün tanınmış musiqişünası ön söz yazmış, əlavələr etmişdir. O, bu risaləni «Qut ül-ərvah» («Ruhun dayağı, qüvvəsi») kimi də adlandırmışdır.

«Bəhcət-ür-ruh» ön söz, on fəsil (bab) və xatimədən ibarətdir. Risalədə on beş cədvəl verilmişdir. Fəsillərin mövzusu belədir: 1) Bu elmin, (yəni musiqi elminin) mənbəyi başlanğıcı haqqında. 2) Hükəmanın bu elm haqqında fikirləri ya bəzi filosofların rəyləri. 3) Bu elmin insan varlığı ilə əlaqəsi, onun insan vücudunda nisbəti, təsiri. 4) Bu elmin yeddi ulduz göy cisimləri ilə əlaqəsi. 5) Melodiyaların (zərbələr vasitəsilə) bəhrləri, üsulları hərəkətləri haqqında ya insanın melodiyaya uyğun ritmik hərəkətləri. 6) Musiqi elminin poeziya ilə əlaqəsi ya hər nəğməyə münasib deyilir? 7) Merkuri Zöhrə peykləri əsasında pərdələrin quruluşu, tərkibi haqqında. 8) Müxtəlif məclislərdə oxunan musiqi, mahnılar. 9) Bir pərdədən digərinə keçmək qaydası, sərpərdə nəğmə necə olur? 10) Bu elm sahibinin rəftarı haqqında, bu elmin fərdi ümumi şəkildə öyrənilməsi mənimsənilməsi barədə.

Risalənin əvvəlinci səhifələrində müəllif (əlyazmada risalənin müəllifi Əbdülmömin Səfiyəddin göstərilmişdir) belə məlumat verir: Bil ki, Adəm haqqında Allahın mərhəməti tükənməz olduğu üçün onun dərgahından Cəbrailə nida etmişdir ki, müxtəlif hiylələrlə ruhu Adəmin bədəninə girməyə icva etsin. Cəbrail Allahın əmri ilə Həzrəti-Adəmin pak olan bədəninin içərisinə girərək, həzin səslə Rast məqamında bir neçə kəlmə əda etdi. Bu zaman ruh hallanaraq Adəmin bədəninin içərisinə sadir olub, orada məskən saldı. Ona görə ruhların qidası həzzi olur ki, bu da kamil insanın şadlığına səbəbdir. Anlamaz adamlar bundan həzz almazlar.

Bu elmə Cəbrail bais olduğu üçün, ona Ruhul-əmin deyirlər. Musiqi elmi ruhun qidası olduğuna görə qədim filosoflar bu elmi əziz hörmətlə tutmuşlar. Onlar Zöhrə ulduzunu (Veneranı) görəndə, o ulduzun qarşısında duraraq deyirlər: «Salam sənə ey işıqlı, şərafətli, yüksək, mübarək ruhani olan ulduz, Allahın rəhməti bərəkəti sənə olsun».

Risalədə deyilir ki, qədim padşahlar fəhm sahibləri bu elmi bilməyənləri məclislərinə qəbul etmirdilər. Əvvəl filosoflara, ikinci şairlərə, üçüncü Quran əhlinə, dördüncü nədimlərə bu elmi öyrətməyi vacib bilirdilər.

Risalənin digər hissəsində Hindistanda yaşayan «Qənfəs» adlı quşun fəciəvi hekayəsi zərif quruluşu haqqında məlumat gətirilir. Ömrü uzun, boyu qısa bir quşdur. Əzəməti böyük olan Allah-taala təxminən iki qarışdan ibarət olan quşun dimdiyində min iki deşiyi yaratmışdır. Bu deşiklərin bəzisi kiçik, bəzisi böyük olur. Bu quşun çox həzin səsi vardır. Onun ömründən 200 il keçdikdə, Allahın qüdrətindən ətrafda olan quşlar çör-çöpü yığıb, onun üçün böyük bir təpə düzəldirlər. Ondan sonra qənfəs uçaraq o çör-çöp xırmanına oturur. Öz dili ilə cürbəcür nəğmələr oxumağa başlayır. Səsi ucaldıqca onun dimdiyinin hər bir deşiyindən qəribə səs qəribə nəğmələr çıxır. Elə bilirsən ki, min nəfər bir yerə toplanıb oxuyur hər kəs bir pərdədən nalə edir. Bu haldan 10 gün keçdikdə o çör-çöp xırmanına od düşür, xırmanla bərabər quş da yanır, yanıb kül olduqdan sonra odun ortasında göy rəngli bir yumurta görünür. Qırx gündən sonra yumurtadan bala Qənfəs çıxaraq o da ata-anası kimi edir. Deyirlər ki, dərrakəli insanlar hər səsi bir heyvandan almışlar nəğmələr sırasına daxil etmişlər. Filosof Platon da Qənfəsin bəzi nəğmələrini ürək yandıran səsini öyrənmişdir. Qənfəs hekayəsini Şeyx Fəriəddin Əttar da özünün «Məntiq üttəhr» kitabında aydınlaşdırmışdır.

Qeyd edək ki, musiqiçilərin təcrübəsində böyük əhəmiyyət kəsb edən bu nəsihətlərə biz bir sıra risalələrdə rast gəlmişik. Bu nəsihətlər hələ XI əsrdə yazılan «Kabusnamə»də Key Kavusun verdiyi məsləhətləri xatırladır. Əbdülqadir Marağainin risalələrində bu mövzuya xüsusi yer verilmişdir.

«Bəhcət-ür-ruh» risaləsinin böyük əhəmiyyəti ilk növbədə onun hər fəslinin çox önəmli praktiki dəyərindədir. Onun növbəti fəsli belə hissələrdəndir. Bu hissə «hər kəsin yanında oxumaq lazımdır» adlanır. Müəllif yazır ki, fəhimli adamlara aydın aşkardır ki, musiqi yeddi ulduzdan dörd ünsürdən götürülmüşdür. Hər tayfanın təbiətinə görə oxunmalıdır ki, o tayfaya nisbəti olsun, məsələn, dərvişlərin xidmətində Novruzi-ərəb, Rahəvi Zəngulə, elm əhlinin xidmətində Əraq, Segah Nişapur, türklərin xidmətində Hicazi-əcəm, Novruzi-əsl, Rəkəb Ənbiyyat, padşahların xidmətindəHüseyni, Üşşaq, Bəstə Nigar, Zabul Ovc, qadınların xidmətində Şəhnaz, Neyriz, Segah, bazar əhlinin xidmətindəOvc, Zabul, Gərdaniyyə, fahişələrin xidmətindəNeyriz, Üzzal, Segah, Gərdaniyyə Üşşaq, pis bədnəfis adamların xidmətində Hüseyni, Novruz-xara, Rəkəb Mahur oxuyurlar ki, insani tövbə əstəqfadə mayil olur.

Şairlərin fəhmli adamların xidmətindəZəngulə, Çahargah, Hicazi Səlmək oxuyurlar, çünki bu hava təbə lətafət verir. Uşaqları ram etməkdən ötrü Dügah Behbəri oxuyurlar s. Risalədə bu siyahı hələ xeyli davam edir.

Bununla da «Bəhcət-ür-ruh» risaləsinin bu nüsxəsi bitir. Bu nüsxə 1872-ci ildə köçürülmüşdür.

 

 

Oktay   

 

Xalq Cəbhəsi.- 2013.- 29 yanvar.- S.15.