Milli kökümüzə özünəməxsus
baxış
Rəssam Vaqif
Ucatayın yaradıcılıq dünyası haqqında
Tanınmış
rəssam Vaqif Ucatay 1955-ci ildə Dəvəçi rayonunda
anadan olub. 1978-ci ildə Ə.Əzimzadə adına Dövlət
Rəssamlıq Məktəbini, 1987-ci ildə Sankt-Peterburq
şəhərində Repin adına Rəssamlıq
Akademiyasını bitirib. 1990-cı illərdən karikatura ilə
ciddi məşğul olur. Əsərləri bir sıra kitab və
jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi
fəaliyyət göstərir. Bir çox sərgilərin və
müsabiqələrin iştirakçısıdır. 2007-ci
ildə fərdi sərgisi açılıb. 2006-cı ildən
Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin
üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları
Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2009-cu ildə
azərbaycanlıların ermənilər tərəfindən
soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət
fərdi sərgisi keçirilib.
Vaqif
Ucatayın yaradıcılığında sözün əsl
mənasında milli ruhumuza, kökümüzə özünəməxsus
baxış aydınca sezilir. O, rəssamlıq məktəbinin
boyakarlıq fakültəsində sevdiyi sənətin sirlərinə
yiyələnib: «Rəssamlıq məktəbinə daxil
olmaqla uşaqlıqdan sevdiyim sənətin sirlərinə yiyələnmək
imkanı əldə etdim. Bir çox çətinliklərə
baxmayaraq indiki Sankt-Peterburqda İ.Repin adına Rəssamlıq
Akademiyasının boyakarlıq fakültəsinə daxil
oldum». Akademiyadakı təhsilini dahi Hizaminin 1941-ci ildə
Leninqradın mühasirəsi zamanı keçirilmiş 800
illik yubileyinə həsr etdiyi «Hizami işığında»
adlı tablosunu çəkməklə başa vurub.
Kətan,
yağlı boya ilə çəkilmiş «Hizami
işığında» (208×160) əsəri hazırda
Hizami Gəncəvi adına Ədəbiyyat Muzeyində qorunur.
Böyük həcmli tabloda mühasirənin bütün
acı-ağrısına, yaratdığı fəlakətlərə
baxmayaraq insanların bəşəri təcəssümün
rəmzlərindən biri olan dahi Hizamiyə sayğısı
barizliyi ilə ifadəsini tapıb. Böyük stol ətrafında
əksər insanların üzü Hizaminin divardan
asılmış böyük portretinə sarıdır. Ayaq
üstə çıxış edən natiqlərdən biri
əlini Hizaminin tablosuna tuşlayıb. Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev «Nizami işığında» tablosunun
tarixindən danışır: «Vaqif Ucatay «Nizami
işığında» tablosunu 1987-ci ildə işləsə
də, onu yaratmaq barəsində hələ Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini
bitirib ali təhsil almaq üçün Leninqrada yollananda
düşünməyə başlayıb. Uzun müddət
mövzunun bədii ifadəsini daha real göstərməyə
kömək ola biləcək materialları toplayıb. Ancaq təhsilin
sonu yaxınlaşanda və diplom işi üçün
mövzu seçimi edəndə maneələrlə üzləşib.
Belə ki, başqalarında böyük mədəniyyətin
mövcudluğunu qəbul etmək istəməyən və
çox vaxt bütün mənalarda konservativliyi ilə yadda
qalan bu təhsil ocağının rəhbərliyi azərbaycanlı
gənc rəssamın öz milli dəyərlərinin Rusiyada
bədiiləşdirib nümayiş etdirməsinə imkan vermək
istəməyiblər. Lakin o, mövqeyindən çəkinməyib
və arzuladığı bu mövzunu diplom işi
üçün təsdiqlədə bilib. Ancaq bunun
acısını sonda çəkməli olub. Belə ki,
ötəri mövzulara müraciət edən həmyaşıdlarına
onun «qayğıkeş» müəllimləri yüksək qiymət
versələr də, Vaqif Ucatayın əməyini, qəribə
də olsa, yalnız «kafi» qiymətləndiriblər. Təbii
ki, məqsədinə çatan gənc rəssam bunu
özünə dərd etməyib. Rəssam bu tarixi hadisə ilə
bağlı kifayət qədər material toplaya bilib. Hətta
metereoloji mərkəzindən öyrənir ki, yubiley
günü Leninqradda müsbət 1 dərəcə olub, gecə
saat 1-də qar yağmağa başlayıb. Məlum oldu ki, yubiley vaxtilə «məktəbli
kabineti» kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub.
Muzeylə üzbəüz yerdə — Neva çayında
dayanan «Qütb ulduzu» gəmisi iclas salonunu işıqla təmin
edib… Yubiley təntənəsində altı nəfər
çıxış edib. Muzeyin direktoru
İ.Orbeli, şərqşünas alim M.Dyakonov, eləcə də
A.Boldıryev, Q.Ptitsin, N.Tixonov və başqaları
çıxışlarında söz sultanı Nizaminin
ucalığından danışıblar. Dyakonov
və Ptitsin həm də Nizamidən etdikləri yeni tərcümələri
oxuyublar. Sonda iştirakçılar Nizami
dövrünə aid sənət əsərlərindən
ibarət sərgiyə baxıblar. Bütünlükdə
əsərdə müharibə ruhu, blokada ab-havası duyulur.
Yeddi metrlik pəncərələrin müharibə
şəraitinə uyğun örtülməsi, yeri gələndə
onların qarşısını örtməli olan pərdələrin
«döyüşə hazır vəziyyətdə
asılışı və yubiley
iştirakçılarının hərbiləşmiş
qiyafələri, az qala tamaşaçını rəssamın
hansısa gizli yığıncağı görüntüyə
gətirdiyi qənaətinə gəlməyə məcbur
edir. Bunu Ucatayın baş verənləri
duyulası dərəcədə inandırıcı təsvir
etməsi şərtləndirir. Ucatayın
Rəyasət Heyətindəki bir stulu boş saxlaması da məqsədlidir.
Rəssam deyir ki, bu yerdə Azərbaycandan gələn adam oturmalıydı, amma vəziyyətə
görə o, burada yox idi. Əsəri tarixi
janrdan duyulası kasadlıq çəkən təsviri sənətimizə
yaddaqalan töhfə saymaq olar».
Müəllifin ən böyük həcmli və
aparıcı əsərlərindən biri «Dədə Qorqud
dastanları» mövzusunda çəkdiyi «Hanı dediyim bəy
ərənlər» adlanır (1999, kətan, yağlı boya). Rəssam deyir ki, bu əsəri
yaradarkən o, tarixi-etnoqrafik köklərə əsaslanıb;
obrazın mahiyyətinə uyğun olaraq heç bir dövrə,
mühitə, tarixi şəraitə sığmayan,
zamanın fövqündə duran böyük bir türk
insanının — Dədə Qorqudun surətini yaratmağa
çalışıb: «Dədə Qorqud tabloda real həyatdan
— dağlardan, qayalardan, torpaqdan, çaylardan, bir sözlə,
yerdən yüksəkdə sol əlində qızılı
rəngli qolça qopuz tutmuş, sağ əli ilə isə
dinamik şəkildə işığa doğru əlini
açmış şəkildə təsvir olunub. Dədə
Qorqud Oğuzluğu, ağsaqqallığı ucalıq qədər
bizə yaxındır. Qopuz türk millətinin
azman ucalığı ilə yanaşı mükəmməl
bir mədəniyyətə sahib olması deməkdir. Qopuzun qolu üzərində pərdə
bölgülərinin yerində Oğuz türklərinin 24
damğası təsvir edilib. Bu, Dədə
Qorqudun Oğuz türkü olmasından, oğuzlar
üçün boy boylamasına, soy soylamasına işarədir.
Qopuzun çanağında, dairəvi
boşluqdan yuxarıda taxtanın üzərində bir qədər
tünd boya ilə əbədiyyət rəmzi olan əbədi
və sonsuz xoşbəxtlik zənciri adlanan naxış
çəkilib. Qorqudun başında isə
uca, möhtəşəm şaman papağı var. Boyalar
ucalıq, təmizlik, idrakilik anlamındadır. Dədə Qorqudun sifətində müdrikliklə
yanaşı əzablı kədərini göstərməyə
çalışmışam. Uzun, qar kimi
ağ saç-saqqalı onun ululuğuna, qədimliyinə
işarədir».
Vaqif Ucatayın «Fəlakətdə işıq» adlı əsərində
qara-boz işıq fonu var. Yaşlı türk kişisinin əlində
saz təsvir edilib. Həmin kişinin yaşlı
ata-anası nəvələrinin əhatəsindədir. Türk kişisinə qızı möhkəmcə
sığınıb. Həyatın
ölüm adlı qarşısıalınmazlığı,
biçimi var. Ancaq bu fəlakətli görünən həyatda
daim işıq, ümid tapmaq mümkündür. Əgər türk sazından ayrılmayıbsa, deməli,
onun xilas olmaq imkanı tükənməyib.
Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş
çoxsaylı fəlakətlərin hələlik
sonuncusudur. Bundan sonra başımıza daha hansı fəlakətlər
gələcək, bilmirik. Hə qədər ki,
azğın ruhsuz, soysuz erməni dünyanın halına
çox gözəl uyuşa bilir, türkü sevməyənlər
bunlardan bizə qarşı bir alət kimi məharətlə
istifadə edəcəklər, erməni, eləcə də
başqa yağılarımız Azərbaycanı
parçalamaq və qəsb etmək iddialarından əl
çəkməyəcəklər. Azərbaycan
rəssamlığında Xocalı faciəsi ilə
bağlı rəssamlarımız əsərlər
yaradıblar. Xocalı mövzusunda ən diqqətçəkən
plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız
Vaqif Ucatayın əsəridir. «Xocalı»
plakatı bu mövzuda yaradılmış ən təsirli əsərlərdəndir.
Hazırda da dünya Xocalı faciəsinə
biganədir. Südəmər bir türk
körpəsinin ürəyinə sancılmış
qılınc rəmzli xaçın ucunda Kremlin rəmzi var.
Üstündə rusca və ermənicə «Türkə
ölüm» yazılıb. Uşağın
ətrafında qan gölməçəsi yaranıb.
Bir
neçə il qabaq isə Vaqif Ucatay bu
mövzuda ayrıca fərdi sərgisini nümayiş etdirdi,
son illərdə də ardıcıl olaraq sözügedən
mövzuda əsərlər yaratdı. 1992-ci ildə
çəkilmiş «Fəryad» əsərində təsvir
edilən qadın obrazı odun-alovun içindən
sıyrılıb çıxır. Şübhəsiz,
bu əsər Xocalı faciəsi mövzusunda çəkilib.
Bütün aləm qara-boz rəngdədir.
Mas-mavi göy üzünü qara rəng demək
olar, bürüyüb. «Zor gücsüzlüyü»
adlı əsərdə yerin təkinə belə işləmiş
möhtəşəm, qollu-budaqlı ağaca bənd
edilmiş nəhəng zəncirlərin qırılması təsvir
edilib. Zəncirlər ağacın
qol-budaqlarını onun kökündən ayırmaq istəsə
də mümkün olmayıb. Bu,
şübhəsiz, dünyanın Türk Dünyasına qarşı
həqarətli, rəqabətli və ironiyalı münasibətinin
gec-tez iflasa uğrayacağına dərin inamın təzahürüdür.
«Mənim gördüyüm Əziz Şərif» adlı
böyük həcmli əsər Əziz Şərifin
qürbətdə — Moskvada keçən ömrünün
sonuncu, 94-cü baharının bir anını ifadə edir. Onun
otağına günəşin gur işığı
düşüb; otaqdakı soraqlar Əziz Şərifin
keşməkeşli ömründən xəbər verir.
Qocanın sağ əlində çəlik var. Hiss olunur ki,
qarşısındakı çay çoxdan soyuyub. O, dərin
xəyala varıb. Kədərli gözlərində
həyata qarşı inam sönməyib. Bu
əsərdən doğan məna odur ki, insan hətta
qocalıq çağında belə böyük işlər
görə bilər. Əsas odur ki, insan
öz ömrünü mənalandıra bilsin.
Rəssamın peyzaj əsərləri də diqqəti cəlb
edir. Onun «İlin fərəhləri» silsiləsindən
dörd fəslin hər birini özünəməxsus şəkildə
duyması qəribə, bitkin, özünəməxsus bir ahəng
yaradır. «Qış fərəhi» təbiətin
zahirən donmuş, qar nağılına qərq olmuş bir
məqamını ifadə edir. Çılpaq
ağacların fonunda uzaqlarda uca çinarların əhatəsində
böyüklü-balacalı kənd evləri
görünür. Qışın
soyuqluğu ürəkləri üşüdə bilmir.
İnsanın həyata inamlı olması yetər
ki, o, bütün məqamlarda ruhlansın. Ruhlanmaq — həyatdan yüksəyə qalxmaq deməkdir.
«Yaz fərəhi» adlı əsərdə rəssamın
qışda təsvir etdiyi lövhə büsbütün
yenidən doğulub. Kim nə deyir-desin, yaz fəsli fəsillərin
ən gözəlidir. Çünki yaz yenidən
doğulma deməkdir. «Yay fərəhi»
adlı əsərdə təbiətin günəşin
şöləsindən odlanması, hətta qüruba getməsinin
çalarları da müəyyən məqamlarda hiss olunur.
«Payız fərəhi» əsərində təbiətin
xəzanı insana hədsiz kədər bəxş etdiyi dərəcədə
həm də onu fərəhə qərq edir. Bu silsilədə insan halları ilə təbiət
halları arasında həmahənglik aranıb,
axtarılıb. Təbiət mövzulu əsərlərdən
rəssamın «Abşeron gözəli» (karton, yağlı
boya) gözəl alınıb: qocaman, çardaqlı
ağacın qapqara kölgəsi gün işığı
ilə təzad təşkil edir.
Rəssamın «Tükənməzlik» adlı əsərində
fəlsəfi çalar özünü aydınca göstərir. Sonsuz qalaktika
ümmanında yer kürəsi timsalında insanın
yaranışdan ta ölümədək olan mərhələsi
kürəvi formada təsvir edilib. Bu təsvirin
ortasında gur işıq seli var. Həyat davam edir. Həyatın ölüm-olum təzadı insanın
zahirən faciəviliyini yaratsa da, insan xeyirxah əməllərilə
xatirələr yaradır, əbədiliyini təsdiq edir.
V.Ucatayın natürmortları da zənginliyi və
özünəməxsus biçimi ilə diqqəti cəlb
edir. «Hovruz sevinci» adlanın natürmortda stolun üzərində
dopdolu bir novruz xonçası səməniylə birgə təsvir
edilib. Mürəbbəli,
çaydanlı, armudu stəkanlı güldanda təzə-tər
güllü təsvir arxa planda milli xalça rəmzli
ornamentlərlə davam edir. Bu, mətbəx
mədəniyyətimizin milli ruhumuzdan qaynaqlanmasına bir
sübutdur.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 29 yanvar.- S.14.