129 yaşlı azadlıq mücahidi
M.Ə.Rəsulzadənin həyatının
bütün məqamlarında bir Azərbaycan davası var
Türkiyədə nəşr edilən
«Türk ensiklopediyası»nda Azərbaycana aid məqalələrin
bir çoxu M.Ə.Rəsulzadə tərəfindən
yazılıb
Aprelin
27-dən saat 12-də Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin son iclası oldu. Hərbi nazir Səməd bəy
Mehmandarovun vəziyyət haqqındakı məlumatından və
mövqeyindən də çox şey asılı idi. Amma
bütün imkanlardan istifadə etmiş təcrübəli
general açıq elan etdi ki, «onun ordusu müqavimət göstərmək
imkanına malik deyil». Bakıda qalan cüzi bir qüvvə ilə
60 minlik düşmən qoşununun qarşısını
almaq olmazdı. M.Ə.Rəsulzadə çıxış edərək
açıqca bildirdi ki, son nəfəsinə kimi bolşeviklərlə
vuruşmağa hazırdır. Amma dəyişən şərait
insanı çox şeyə məcbur edir. Aprelin 28-də
Bakının küçələri XI Ordunun əsgərləri
ilə dolu idi. Mayın 3-də Parlament binasındakı Azərbaycan
Demokratik Respublikasının üç rəngli
bayrağı endirildi.
Xalq
Cümhuriyyəti Azərbaycan tarixində mühüm rol
oynadı. AXC olmasaydı, Azərbaycan SSR adlı sovet
respublikası da olmayacaqdı. Rəsulzadəni ölümdən
Stalin xilas etdi, çünki onun Məmməd Əminə can
borcu vardı. Stalin 1904-cü ildə Bakıda fəhlələri
tətilə çağırarkən, mülkədarlar onu
tutub neft quyusuna atmaq istəmişdilər, bu zaman isə onun həyatını
Məmməd Əmin xilas etmişdi. Amma Rəsulzadə
Stalinin qəyyumluğunu qəbul etmədi, öz mübarizəsini
davam etdirmək üçün Moskvadan qaçdı.
Qalan
ömrünü mühacirətdə yaşadı, çox əziyyətlər
görsə də azadlıq mübarizəsindən bir an belə
dönmədi. Getdiyi ölkələrdə az müddət
qaldıqdan sonra çıxarılmasına baxmayaraq, yerləşdiyi
hər yerdə ilk gündən etibarən Sovet
istilasının caynaqları altında əzilən doğma
Azərbaycanının həsrəti ilə fəaliyyətə
başlayır, müxtəlif qəzetlərlə əməkdaşlıq
edir, Azərbaycan milli istiqlalının ümdə qayələrini
özündə cəmləşdirən yazılarla
çıxış edirdi. Mühacirətdə olduğu 38
il ərzində bütün çətinliklərə sinə
gərərək Azərbaycanın istiladan azad olması
üçün çarpışır və haqlı olaraq
Vətənin azadlığı üçün mübarizəni
mühacirətdə yaşayan azərbaycanlıların vicdan
borcu sayırdı.
1928-ci
ildə İstanbulda M.Ə.Rəsulzadənin «Azərbaycan
respublikasının keçmişi, təşəkkülü
və indiki vəziyyəti», «Əsrimizin səyavuşu»,
«İstiqlal məfkurəsi və gənclik» kitabları
çap edir. 1923-cü ildən onun redaktorluğu ilə
İstanbulda «Yeni Qafqaziya» jurnalı nəşrə
başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə
İstambulda «İnqilabçı sosializmin iflası və
demokratiyanın gələcəyi», «Millət və
bolşevizm» və «Qafqasya türkləri» kimi əsərlərini
çap etdirir, həmin ildə onun redaktorluğu ilə «Azəri
türkü» (1928-1931), sonra isə «Odlu yurd» (1929-1930)
jurnalları və həftəlik «Bildiriş» (1929-1931) qəzeti
də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin
Parisdə fransız dilində «Azərbaycan və istiqlaliyyəti»
və rus dilində «Qafqaz problemi ilə əlaqədar olaraq
panturanizm» kitabları çap olunur. 1931-ci ildən M.Ə.Rəsulzadənin
mühacirət dövrü Avropa ölkələrində
davam edir. Redaktorluğu ilə Berlində ayda üç dəfə
nəşr edilən «İstiqlal» (1932-1934) qəzeti və
«Qurtuluş» (1934-1938) jurnalı çap edilirdi.
1933-cü
ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan «Azərbaycan
respublikası haqqında bəzi qeydlər» adlı kitabı
da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də
görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı
ildə Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı»
məqaləsi çap edilmişdi. 1938-ci ildə Belində
alman dilində «Azərbaycan problemi» və 1939-cu ildə
Varşavada polyak dilində çıxmış «Azərbaycanın
hüriyyət savaşı» kitablarının adlarını
çəkməmək olmaz. O, 1938-ci ildən Polşa
hökumətində məsləhətçi işləmiş,
sonralar, 1940-cı ildən Rumıniyada
yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr
olunmuş «İslam-türk ensiklopediyasının» 1-ci cildində
«Azərbaycan ləhcəsi» adlı məqaləsi çap
edilmişdi. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin
1949-cu ildə «Azərbaycanın kultur kələnkləri»
adlı kitabı işıq üzü
görmüşdür. «Çağdaş Azərbaycan ədəbiyyatı»
və «Çağdaş Azərbaycan tarixi» kitabları, «Azərbaycan
şairi Nizami» adlı monoqrafiyasını 50-ci illər fəaliyyət
dövrünün məhsuludur.
Həmin
ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr
olunan «Ukrayna» toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci
cildində «Azərbaycan respublikası» məqaləsi çap
edilmişdir. Londonda ingilis dilində nəşr olunan «Britaniya
ensiklopediyası»nda «Müsavat» partiyasının yaranması
tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə
aid» məqalə də onun qələmindən
çıxmışdı. İkinci dünya müharibəsindən
sonra Türkiyədə nəşr edilən «Türk
ensiklopediyası»nda Azərbaycana aid məqalələrin bir
çoxu M.Ə.Rəsulzadə tərəfindən
yazılıb. Ankarada yaşadığı dövrdə o,
«Türk tarix qurumu» və «Türk dili qurumu» ilə yaxından
əməkdaşlıq etmişdi. İkinci dünya
müharibəsinə qədər Parisdə rusca «Qafqaz» və
fransızca nəşr edilən «Prometey» jurnallarında öz
məqalələri ilə çıxış etmişdir.
Onun 1920-ci ildən sonra işlətdiyi açıq və
gizli imzalardan «Məhəmməd Əmin Rəsulzadə»,
«Yalvac oğlu», «Məhəmməd Əmin», «M.Əlif Rəsulzadə»
və s. qeyd etmək olar.
O,
heç zaman Hitlerin faşist ideyalarını qəbul etməmişdi,
millətçiliyin belə formasına qarşı idi («Əsrimizin
Siyavuşu» kitabında Rəsulzadə millətçilik
haqqında düşüncələrini yazıb və daha
çox liberal-millətçi olduğunu ifadə edib), ancaq
millətinin istiqlalını Sovet Rusiyasının
süqutunda görürdü. Məhz bu səbəbə
görə Hitler Almaniyası ilə danışıqlara
getdi, amma hər dəfə Azərbaycanın müstəqillik
ideyalarını almanlara qəbul etdirmək istədiyindən
nasistlərlə danışıqlar yarımçıq kəsilirdi.
Amma almanlar danışıqların davam etməsində
israrlı idilər. Sonda Rəsulzadə Almaniyadan Ruminiyaya,
oradan da Türkiyəyə mühacirət etdi. Məmməd Əmin
Azərbaycanın müstəqilliyi davasını Türkiyədə
də son nəfəsinəcən davam etdirdi: «Kommunizm nə
yaparsa yapsın, Rusiya imperializmi hansı rəngə girirsə
girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini
tanımışlar!»
Rəsulzadə
irsinin Araşdırma Mərkəzinin rəhbəri Həsiman
Yaqublu böyük mütəfəkkirin mühacirət həyatına
qısa nəzər saldı: «Türkiyədə
yaşadığı ilk gündən Rəsulzadə Azərbaycanın
istiqlalı və azadlığı uğrunda mübarizəsini
davam etdirir. Mübarizə üç istiqamətdə gedir.
Birinci mətbu istiqamətidir ki, müxtəlif mətbuat orqanları
nəşr edirdi və Azərbaycanın işğal edilməsini
dünya ictimaiyyətinə çatdırırdı.
İkinci müxtəlif təşkilatlar yaradaraq öz siyasi fəaliyyətini
davam etdirirdi. Məsələn, Azərbaycan Milli Mərkəzi,
Müsavat partiyasının xarici əlaqələr bürosu
bu qəbildən yaradılmış təşkilatlardır.
Üçüncüsü, beynəlxalq təşkilatlarla əlaqələr
qurulması və müvafiq fəaliyyətin göstərilməsi
idi. Qafqaz Konfederasiyasının, Prometey təşkilatının
formalaşması bu fəaliyyətə bir misaldır. Bu təşkilatların
formalaşmasında Rəsulzadə dostları ilə birgə
mühüm fəaliyyət göstərib. Prometey təşkilatı
daha geniş bir təşkilat idi. Orada bütün SSRİ
xalqlarının mühacirətdəki nümayəndələri
təmsil olunurdu. Prometey təşkilatının ayrıca
jurnalı da nəşr edilirdi. 20-30-cu ildə Türkiyədə,
40-cı illərdə Rumıniya və Almaniyada Azərbaycan
davası aparırdı. Rəsulzadənin fəaliyyətində
ən maraqlı dövr Almaniyadakı fəaliyyətidir.
Böyük Vətən mühzaribəsi dövründə
çoxlu sayda əsir götürülən azərbaycanlılar
sonradan qətlə yetirilirdi. Həmin vaxt bu insanları xilas etmək
üçün və Aəzərbaycanın istiqlal
haqqını Almaniyaya çatdırmaq üçün ciddi
fəaliyyətə keçir. Həmin dövrdə Milli
İstiqlal Firqəsi yaradılır. Sonra isə Almaniyanın
Xarici İşlər və Şərq Hazirliyi ilə əməkdaşlığa
başlayır. Onun Hitlerlə birbaşa əlaqələri
olmayıb, danışıqlar yalnız nümayəndələr
vasitəsilə aparılıb. 1943-cü ilin avqustunda Rəsulzadə
Azərbaycan legionerləri qarşısında
çıxış etdi və bildirdi ki, heç bir Azərbaycan
əsgəri öz azadlığı uğrunda mübarizə
aparan xalqlara, yəni Rumıniyada, Çexiyada, Bolqarıstanda
və digər ölkələrdə olan müqavimətə
qarşı mübarizə aparmayacaq. Bu təbii ki, Hitlerin
xoşuna gəlmədi və Rəsulzadənin Almaniyadan
uzaqlaşdırılması ilə bağlı göstəriş
verildi. Almaniyadan sonra Rəsulzadə bir müddət
Rumıniyanın Buxarest şəhərində yaşadı.
1944-cü ildə dövlət çevrilişindən sonra
yenidən Almaniyaya qayıdır. Yalnız 1947-ci ildə
Türkiyəyə qayıtmaq hüququ əldə edir. Yəni
Rəsulzadə həyatının bütün məqamlarında
bir Azərbaycan davası var.
Həmin
dövrdə əsirlərin qaytarılması ilə
bağlı proseslər gedirdi. Sovetlərə qayıdan əsirlər
Stalinin əmri ilə güllələnirdi. Almaniyada olan Rəsulzadə
Azərbaücan Demokrat Birliyi yaratdı və təşkilat
vasitəsilə əsirlərə Vətənə
qayıtmamaq barədə müraciət olundu. O zaman ingilislər
geri qayıtmış əsirlərə kəsilən ölüm
hökmü haqda «Dunay üzərində alovlar» filmi çəkmişdilər.
Amerikanın və bir sıra Avropa ölkələrinin siyasi
dairələrində bu məsələ ciddi şəkildə
hallandırılırdı. O zaman ABŞ Konqrensində də
məsələ geniş müzakirə edilirdi. Hətta
Ruzveltin həyat yoldaşı Eleonora Ruzvelt Konqrensə
müraciət edərək əsirləri Sovetlər Birliyinə
qaytarmamaq təklifi ilə çıxış etmişdi.
Aparılan bütün fəaliyyət nəticəsində
1945-ci ildən başlayaraq əsirlər artıq geri
qaytarılmadı. Bu əsirlərin bir qismi Misirə və
digər ərəb ölkələrinə getdi. Bir qismi isə
1947-ci ildə Türkiyəyə gəldilər. Onların bəziləri
Sovet hökumətinin təkidi ilə Türkiyə tərəfindən
geri qaytarıldı. Təhvil verilən əsirlər Sovetlər
Birliyi tərəfindən güllələndi. Türkiyə
Parlamentində bu əsirlərlə bağlı böyük
bir qalmaqal yaşanmışdı. Bu hadisədən sonra
Türkiyə dövləti də hər hansı əsiri geri
qaytarmaqdan imtina etdi».
Ümumilikdə
ömrünü təmamilə böyük bir mürtəce
imperiyaya qarşı azadlıq mücadiləsinə həsr
edən dahi mütəfəkkir Rəsulzadə nə qədər
Vətən, üç rəngli bayraq həsrəti çəksə
də, ailəsinin məqsədyönlü şəkildə
məhvindən xəbərdar olub, bu yükün altında
özünü yorğun hiss etsə də milli azadlıq
mücadiləsindəki mövqeyindən, ən əsası qələbəyə
inamından zərrə qədər də geri çəkilməyib:
«Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq,
azadlıq əsasını, Birləşmiş Millətlər
prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət günəşi, qızıl istibdad
zülmü altında inləyən əziz vətənimizdə
1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən
şübhə etməyiniz!».
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 29 yanvar.-
S.13.