«Avesta» türk zəkasının məhsuludur

 

Zərdüştdə şairlik, alimlik, filosofluq, müdriklik və ruhanilik keyfiyyətləri cəmləşmişdi

 

Son vaxtlar Azərbaycan dəyərlərinə qarşı müxtəlif elektron kütləvi informasiya vasitələrində basqılar artmaqdadır.

Ancaq gerçək həqiqət budur ki, həqiqəti heç zaman məhv etmək mümkün deyil. Bu gün dünya alimlərinin müəyyən qismi artıq mübahisəsiz olaraq bəşər tarixinin ilkin dövründə türk zəkasının əvəzsiz rolu etiraf etmək məcburiyyətindədir. Türkün zəngin, qədim, özünəməxsus dövlətçiliyinin, mədəniyyətinin bir sözlə, dünyabaxışının olmadığını iddia edənlər isə şübhəsiz, əzəldən bəri türkə nifrət duyğusu ilə yaşayanlardır. Belələri ilk növbədə fakta əsaslandığını iddia edir, tarixin uzaq dönəmlərində türk ruhu ilə bağlı soraqların çox az olduğunu nəzərə çatdırırlar. Burada kədərli bir məqam ondan ibarətdir ki, zaman-zaman türk tarix yaratdığı dərəcədə əməllərini kitablaşdıra bilməyib. Digər tərəfdən də türk türklə daim döyüşüb, bu isə türkün tarixin bütün dönəmlərində daim ayaqda qalmasına, onu sevməyənlərə qarşı mütəşəkkil mübarizə aparmasına mane olub. Bu səbəbdən də türklərin bu və ya digər dövrlərdə sözügedən səbəblərdən yenilməzliyinə xələl gəlib.

Bəşər tarixində insan zəkasının qüdrətinin əlçatmazlığı, qeyri-adiliyinin sübutu kimi qəbul və təsnif edilən «Avesta»nın, Zərdüştün hansı millətə aidliyi məsələsi uzun müddətdir ki, müzakirə və mübahisə obyekti olaraq qalır. Hər halda Azərbaycan tarixi, filologiyası bu məsələlərdə indiyə kimi istənilən səviyyədə inad və dirəniş göstərməyib. Ümumiyyətlə, sözügedən mövzuda Azərbaycanda professor Elməddin Əlibəyzadənin, eləcə də hazırda Amerikanın Sietl şəhərində yaşayan Tariyel Vəli Nüvədilinin türkün qədim tarixi ilə bağlı sistemli, sübutlu araşdırmaları diqqəti xüsusilə cəlb edir. Yəni bu elmi tədqiqatlarda fəhmimizin duyduğunu ciddi araşdırmalar bir daha təsdiq edir, Türkü sevməyənlərə tarixi həqiqəti faktların dili ilə təqdim edir. Professor Elməddin Əlibəyzadənin «Avesta» yönündə araşdarmaları bu baxımdan çox diqqətəlayiqdir. O, uzun illər ərzində «Avesta» Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində köklü, təməlli bir hadisə səviyyəsində təhlil edərək tarixi taleyimizdə əhəmiyyətli rol oynayan bu fikir məbədinin türkə məxsusluğunu böyük bir inadla sübut edib. E.Əlibəyzadə deyir: «Ömrümün 5 ilini sırf «Avesta» üzərində işləmişəm. Bu gün də «Avesta»nın milli mənsubiyyəti barədə mübahisələr baş alıb gedir, kəsilmək bilmir ki, bilmir. Məşhur alimlər belə bu kitabədən ancaq qədim İran ədəbiyyatı və mədəniyyətinin abidəsi kimi danışır, bəhs edir, onu belə də təqdim edirlər. Mən bu meylə o qədər də toxunmadan, onu tənqid etmədən məhz kitabın öz mətnləri və tarixi gedişatını əsas götürmüşəm. Yəni daha konkret desək, cəsarət edib onlardan fərqli söz deməyə, fikir söyləməyə, kitabənin Azərbaycan-türk xalqına mənsub olduğunun sübutuna çalışmışam».

E.Əlibəyzadə qəti olaraq bu fikirdədir ki, «Avesta» türk zəkasının məhsuludur. «Avesta» barədə hədsiz tədqiqat əsərləri və yazılar var. Bunları araşdırdıqda xeyli qaranlıq səhifələrə, qeyri-elmi müddəalara, qərəzli fikir və mülazihəzələrə rast gəlmək olar: «Ancaq imkan daxilində həqiqəti üzə çıxarmaq bu müqəddəs kitabın ilkin qaynaqlarını, ilkin mifoloji köklərini aşkar edib müəyyən qənaətlərə gəlmək məsələsində özümdə haqq tapdım

Bu vaxta qədər «Avesta»nın tarixi ilə bağlı mübahisəli fikirlərə aydınlıq gətirən E.Əlibəyzadə tarixi gedişatda olan iki fikri diqqətə çatdırır. O, deyir ki, yunanlar Zərdüşt və onun dininin çox qədim tarixə malik olduğunu Zərdüşt etiqadlı kiçik Asiya xalqlarından öyrənmişlər. İngilis alimi Meri Boysun tədqiqatına görə, farslar kiçik Asiyada ilk dəfə yunanlarla toqquşan vaxt artıq Zərdüşt etiqadlı idilər: «Təbii, Zərdüştü peyğəmbər və ulu maq saymışdılar. Onlar bilmişlər ki, o, çox qədimlərdə yaşayıb. Smirinli Hermodor və Hermipp Zərdüştün yaşadığı dövrü Troya müharibələrindən 5 min il əvvələ aid ediblər. Lidiyalı Ksanf Zərdüştün Kserksin Yunanıstana basqınından 6 min il əvvəl, Aristotel isə müəllimi Platonun ölümündən 6 min il əvvəl yaşadığını qeyd edir.»

E.Əlibəyzadə bir maraqlı məqamı xatırladır ki, Zərdüştün yaşadığı və «Avesta»nın yarandığı dövr haqqında yunan mənbələrinin fikirlərini fars mənbələri, alimləri də qeyd edir, xatırladır, amma buna əhəmiyyət verməyib üstündən keçirlər. O, bu qənaətdədir ki, «Avesta»nın məzmunu, dini- mifoloji əsasları, habelə orada xatırlanan və Azərbaycan torpağında mövcud olan dağ, dəniz, çay adları çox-çox qədimlərdən soraq verir. Kitabədəki hadisələr, tanrı ilə görüşlər, qurbanvermələr, vəsf himnləri bu yerlərdə, habelə Savalan dağının zirvə və ətəklərində, indiki Muğan, Mil düzənliklərində baş verib. «Avesta» Azərbaycan torpağının ürəyi sayılan bu yerlərin coğrafi şöhrətini bütün dünyaya yayıb, bu günə gətirib çıxarıb. Miladdan öncə son minillikdə artıq bir sıra dağlar, çay və dəniz Qafqaz, Araz, Kaspi adlanırdı. E.Əlibəyzadə belə bir məniqi fikri əsas gətirir ki, «Avesta» miladdan öncə son minilliyin məhsulu olsaydı, orada məhz bu adlar xatırlanardı. Deməli, yunan alimlərinin «Avesta»nın yaşını hesablamaları daha ağlabatandır. Bütövlükdə ümumtürk, eləcə də Azərbaycan mənəvi fikir tarixi qədimlərə doğru getdikcə vahid bir kökə calanır. E.Əlibəyzadə deyir ki, əgər Zərdüştün həqiqətən miladdan əvvəl VII-VI minilliklərdə yaşadığını və «Avesta»nın da o vaxtlar yarandığı fikrilə razılaşsaq, o zaman «Avesta»nın Şumer mədəniyyəti və «Bilqamıs»dan da qabaq mövcudluğu dünya mədəniyyəti və din tarixi üçün hələlik ilkin mənəvi qaynaq olduğu anlaşılır: «Qədim dünyamızın bu iki nəhəng kitabəsi insanlığın ali istəkləri, onun tərənnümü, təbliği baxımından biri-birinə çox yaxındır, əslində biri digərini tamamlayır. Bunlarda ruhi bağlılıq, biri-birini təsdiqetmə o qədər güclüdür ki, hansının daha əvvəl, hansının isə daha sonra yaranmasının fərqinə varılmaya bilər. Bir sıra pozulmalar, silinmələr istisna edilərsə, müasir dövrümüzə çatıb başqa dillərə edilən tərcümələr belə, onun ruhunu qıra bilməyib. Dastan öz məzmununu, mühüm milli xəlqi keyfiyyətlərini əsasən saxlayıb

E.Əlibəyzadə «Bilqamıs»dan fərqli olaraq «Avesta»nın keçib gəldiyi yolun daha mürəkkəb, daha keşməkeşli olduğunu bildirir: «Avesta» əldən-ələ düşüb, çox xalqlara təsir edib, onların həyatına, məişətinə keçib. Nəticədə hər xalq onu öz istəyinə uyğun mənimsəyib, yozub, dəyişdirib. Buna görə də «Avesta» əsl ruhunu, ilkinliyini, qədimliyini, xəlqi milli mənsubiyyətini çətinliklə mühafizə edə bilib. Nizaminin tarixi taleyi də «Bilqamıs» və «Avesta»nın taleyinə bənzəyir. Bu gün belə bəzi tədqiqatçılar fars dilində yazdığı üçün Nizamini fars şairi sayır, İran ədəbiyyatına daxil edirlər. Ancaq ağlımızın və ruhumuzun məntiqi başqa şey deyir: Nizaminin yazı dili fars dili olsa da, ana dili türk dilidir. Yəni Nizami əsərlərini farsca yazsa da, ruhu türk ruhudur, mənəvi dünyası türk dünyasıdır. Bu həqiqət heç cür inkar edilə bilmir, tədqiqatçılar Nizamini nə qədər farsa tərəf çəksələr də, inam yaranmır

E.Əlibəyzadə bu fikri eynilə «Avesta» haqqında da deməyin mümkün olduğunu bildirir: «Nizami farsofil Azərbaycan hökmdarlarının arzusuna «qulluq göstərməyə», fars dilində yazmağa məcbur olmuşdu. Zamanla, şəraitlə bağlı Zərdüşt ideyaları və ümumən maqlar da fars imperiyasına xidmət göstərmək məcburiyyətində qalmışdılar

E.Əlibəyzadə bu qənaətdədir ki, «Avesta»da bəşər həyatının mühüm və əsas problemləri az və ya çox dərəcədə qoyulub, həllini tapıb: «Miladdan öncə VI əsrin ortalarında Kirin hakimiyyətə gəlməsi və fars imperiyasının genişlənməsi ilə «Avesta» dövlətin dini ideologiyası olur, tamam mənimsənilir. Onun yaradıcıları farslara qulluq etmək məcburiyyətində qalırlar. «Avesta» öz inkişafının fars mərhələsinə daxil olur. «Avesta» əslində Midiya dövlətinin qanun kitabı olub. Farslar Midiyanı süquta uğratdılar, Zərdüştlüyü zəbt etdilər, özlərinə din kimi qəbul etdilər E.Əlibəyzadə burada bir məqama diqqəti çəkir ki, Zərdüştlük fars ruhuna doğma olmadığından onlar sonradan demək olar ki, müqavimətsiz islam dininə keçdilər, Zərdüştlükdən ayrıldılar.

VII-IX əsrlərdə ərəb işğalı uzun dövr ərzində Azərbaycan, İran, Orta Asiya xalqlarının islamlaşdırılmasına, islam dini və ideologiyasının qələbə çalmasına nail olur. Ancaq bu dövrdə belə «Avesta» öz təsirini saxlayırdı. E.Əlibəyzadə deyir: «Quran»ın məzmunu ilə digər dini kitablar — «Avesta», «Tövrat», «İncil» kitablarının mətnləri arasında olan oxşarlıq o qədər qabarıq idi ki, hətta bu oxşarlığı ərəblər özləri də duyurdular. Bu səbəbdən də ərəblər İrana hücum edərkən «Avesta» və bütün Zərdüşt kitablarını yandırdılar».

E.Əlibəyzadə qəti olaraq bu qənaətə gəlir ki, «Avesta»nın müəllifi Zərdüşt bizim ilk peyğəmbərimizdir: «Belə şəxsiyyətlər min, iki min ildə bir yaranır. O, fitri istedad, dərin bilik, zəka sahibi, çoxcəhətli dünya görüşünə, yüksək insani keyfiyyətlərə malik insan idi.

«Avesta»nın bizə gəlib çatan mətnlərini bədii yaradıcılıq, sənətkarlıq keyfiyyətlərinə diqqəti çəkən E.Əlibəyzadə bunları deyir: «Tədqiqatçıların fikrincə, ilk yaradılışında «Avesta»nın bütün mətni ritmli olub. Kitabın bizə gəlib çatan parçalarının şeiri nəsrindən daha aydındır, bu səbəbdən də yaxşı başa düşülür və anlaşılır. Bütün bunlar isə o fikri deməyə əsas verir ki, «Avesta» şeiri kamil şeir idi. Şeirin məzmunu, şəkilləri, ritmi, ölçüsü, ahəngi yüksək səviyyədə idi. Şeir ustad ağlının və zəkasının məhsulu idi. Zərdüştdə birmənalı şəkildə demək olar ki, şairlik, alimlik, filosofluq, müdriklik və ruhanilik keyfiyyətləri cəmləşmişdi. Bu səbəbdən də Zərdüşt peyğəmbər idi. Tanrı ilə onun arasında bircə addım məsafə vardı. Bu da onunla yaxından söhbət etmək, məsləhət almaq üçün idi. Zərdüşt tanrı Hörmüzün göstərişlərini eşidir, onu həyata keçirirdi. Onun təlimi üzrə dini etiqad yaradır, yeni elmi-dini təlimin əsasını qoyurdu. Zərdüşt «Avesta» dərin biliyi, zəkası, tanrının ona verdiyi vəhylə, ilhamla yaratmışdı. Bu səbəbdən «Avesta» bu gün də yaşayır, sabah da yaşacayacaq. Əgər yunan yazıçı və alimlərinin hesablamalırını nəzərə alsaq, indi Zərdüştün 9-10 min il yaşı var. Bu isə tarixin başlanğıcından da o tərəfədir. Bu ömrü heç kəs və heç bir ideya yaşamayıb»

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 30 yanvar.- S.14.