«Bir dəfə
yüksələn bayraq bir
daha enməz!»
Məhəmməd Əmin Rəsulzadə:»Dünya
müharibəsi və Rusiya inqilabının təsiri ilə
yeni doğulmuş və həyat siyasətinə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz
mühüm dəqiqələr keçirir»
İkinci yazı
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan Hərəkatı kimi daxil olur. 1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranır. Səs çoxluğu ilə Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayırlar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunur. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyur. İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında Rəsulzadə öz nitqində deyir: «Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor».
xxx
Gördüyümüz kimi, Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində «Dirilik» jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan «Azərbaycan qayəsi»ndən söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə, ancaq Milli Azadlıq Hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında, ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni Rəsulzadənin rəhbərliyi altında Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında Rəsulzadə deyir: «Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni — «Azərbaycan muxariyyəti»ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla — Allah yıxsın — siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir: Bir dəfə yüksələn bayraq bir daha enməz!»
Bakı Dövlət Universitetinin yaranması da Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış edir və universitetin açılması tələbini qoyur. Universitetin ilk rektoru olan professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi «Bakı şəhərində universitetin əsasının qoyulması» adlı xatirə oçerkində yazır: «Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə Müsavat Partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, «Müsavat» və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi». 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, «1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı»nda oxuyuruq ki, Rəsulzadə «Tarixi-filologiya fakültəsində «Osmanlı ədəbiyyatı tarixi»ndən dərs deyir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış «İstiqlal» jurnalında Rəsulzadənin «Azərbaycan Respublikası» adlı əsəri çap olunur.
xxx
1920-ci ildə aprel hadisələrindən sonra Rəsulzadə Lahıcda həbsə alınır. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan Stalinə çatdırılır. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad edir. Bununla Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirir. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs deyir. Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapır: «Müsavat Partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri Rəsulzadəni Moskvadan qaçırmaq olur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə Rəsulzadə ilə təmasda olmuşlar. Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilir. Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı».
xxx
Beləliklə, Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda Rəsulzadənin «Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti», «Əsrimizin səyavuşu», «İstiqlal məfkurəsi və gənclik» kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda «Yeni Qafqaziya» jurnalı nəşrə başlayır. Rəsulzadə 1928-ci ildə İstambulda «İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi», «Millət və Bolşevizm» və «Qafqasya türkləri» kimi əsərlərini çap etdirir. Həmin ildə onun redaktorluğu ilə «Azəri türkü» , sonra isə «Odlu yurd» jurnalları və həftəlik «Bildiriş» (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə Rəsulzadənin Parisdə fransız dilində «Azərbaycan və istiqlaliyyəti» və rus dilində «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm» kitabları çap olunur. 1931-ci ildən Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr olunan «İstiqlal» qəzeti və «Qurtuluş» jurnalı çap edilir.
xxx
1933-cü ildə Rəsulzadənin Berlində çap olunan «Azərbaycan Respublikası haqqında bəzi qeydlər» adlı kitabı da böyük maraq doğurur. Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı» məqaləsi çap edilir. 1938-ci ildə Belində alman dilində «Azərbaycan problemi» və 1939-cu ildə Varşavada polyak dilində çıxmış «Azərbaycanın hürriyyət savaşı» kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləyir, 1940-cı ildən Rumıniyada yaşayır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş «İslam-türk ensiklopediyasının» 1-ci cildində «Azərbaycan ləhcəsi» adlı məqaləsi çap edilir. 1947-ci ildən Ankaraya köçən Rəsulzadənin 1949-cu ildə «Azərbaycanın kultur kələnkləri» adlı kitabı işıq üzü görür. Onun «Çağdaş Azərbaycan ədəbiyyatı» və «Çağdaş Azərbaycan tarixi» kitabları həmin illərdə Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada «Azərbaycan şairi Nizami» adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirir.
Həmin ildə Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan «Ukrayna» toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində «Azərbaycan Respublikası» məqaləsi çap edilir. Londonda ingilis dilində nəşr olunan «Britaniya ensiklopediyası»nda «Müsavat Partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid» məqalə də onun qələmindən çıxır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan «Türk ensiklopediyası»nda Azərbaycana aid məqalələrin bir çoxu Rəsulzadə tərəfindən yazılır. Ankarada yaşadığı dövrdə o, «Türk tarix qurumu» və «Türk dili qurumu» ilə yaxından əməkdaşlıq edir. 1952-ci ildən Ankarada nəşr olunan «Azərbaycan» jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir silsilə məqaləsini də bura əlavə etsək, Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan «Qafqaz» və fransızca buraxılan «Prometey» jurnallarında öz məqalələri ilə çıxış edir. Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək, əbədiyyətə qovuşur. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirir.
Aysel
Xalq Cəbhəsi.-
2013.- 30 yanvar.- S.10.