Ömər Faiq Nemanzadənin
publisistikasında milli
dil problemi
XX əsr Azərbaycan
publisistikasının inkişafında
böyük xidmətləri
olan şəxslərdən
biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin
ideya rəhbərlərindən
biri, C.Məmmədquluzadənin
yaxın dostu və məsləkdaşı
Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin
fəal iştirakçısı
olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda
yorulmadan mübarizə
aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı,
savadsızlığı və
ədalətsizlikləri qələmə
alaraq müxtəlif ədəbi məcmuələrdə
dərc etdirirdi.
1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə
«Qeyrət» mətbəəsi
açmağa nail olur.
Adından göründüyü kimi, müəllif əqidəli, Vətən,
millət təəssübü
çəkən yurddaşlarını
milli dirçəliş
və milli birlik uğrunda qeyrət göstərməyə
çağırırdı.
Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının
məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər
Faiqin bu ədəbi məcmuələrdəki
fəaliyyətini qiymətləndirərək
yazırdı: «…Gördüyü
işin böyük əhəmiyyətini dərindən
dərk etdiyi üçün Faiq bütün varlığını,
bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti
dövründə o, dostu
(C.Məmmədquluzadə- O.H) ilə əl-ələ verib irticanın hücumlarını dəf
etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq
mübahisə və mübarizəyə də
qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi.»
Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə,
təqiblərə, təhdidlərə
və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla
mübarizə aparmışdır. Ö.F.Nemanzadənin
ədəbi yaradıcılığı
geniş və çoxşaxəlidir: burada
mətbəəçilik və
redaktorluqdan tutmuş,
müxtəlif ədəbi
dərgilərdə şeir,
hekayə, məqalə,
felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində
apardığı işlər
daxildir. Onun yazıları «Şərqi-Rus»,
«Tərcüman», «Molla
Nəsrəddin», «İrşad»,
«Həyat», «Açıq
söz», «Sərvəti-fünun»
və s. ədəbi məcmuələrdə çap
olunurdu. Bu məqalə
və felyetonları
o, 40-dan çox, o cümlədən
«Heyrani», «Məşrutəçi»,
«Lağlağı», «Ümidvar»,
Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə
baxmayaraq bu vətənpərvər jurnalist
xalqın xoşbəxt
gələcəyinə ümidlə
baxırdı. Xalq
yazıçısı Elçin
bu münasibətlə
yazmışdır: «…Lakin
ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin
fəaliyyəti bir ümid yaradırdı. Çünki bu qələm, yuxarıda yazdığımız kimi,
yatmışları oyadırdı,
xalqı xalqın özünə tanıdırdı
— Ümidvarın qələmi
ümid saçırdı.»
Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın
ən mədəni xalqları səviyyəsində
görmək arzusu ilə yaşayır və nicat yolunu
elmdə, təhsildə,
xalqın maariflənməsində
görürdü. Başqa
millətlərin irəli
getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür,
daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı:
«…Qiyamətə qədərmi
kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı
bu ağır cəhalət zəncirlərini,
qəflət yüklərini
məhşərə qədərmi
sürükləyib götürəcəyiz?»
Ömər Faiq zəmanəsinin bütün insanlarını
— şeyxülislamları, müftiləri,
qazıları, mollaları,
axundları, müəllimləri,
qulluqçuları «geri
qalan camaatın dərdinə qalmağa», öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə
millətlər, dünya
gündən-günə dəyişib
inkişaf etdiyi halda mübariz publisist özünəməxsus
daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən, zəmanənin
təqazasından bixəbər
yatırıq, halbuki,
zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir
ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq
dünyəvi əməllərimizi,
göz görə təhlükələrə, səfalətlərə
sürükləyən köhnə
adətlərimizi, cahilanə
fikirlərimizi, əməllərimizi
dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».
Maarif və mədəniyyəti inkişaf
etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə
— mətbuatda görürdü. Onun fikrincə
«hər millətin mədəniyyət və
qüvvəti mətbəələrin
sayı ilə mütənasibdir». Xalq
şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına
həsr etdiyi məqaləsində yazırdı:
«Onun (Ömər Faiqin — O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş,
xalqının səadəti,
tərəqqisi üçün
elm, təhsil, məktəb,
maarif, dil saflığı, əlifba,
fəhlələr üçün
həmkarlar təşkilatının
zəruriliyi, tətil
azadlığı, milli
gəlir və sairə kimi ən vacib məsələlərdən
yazmışdır».
«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»-deyən müəllif öz həmvətənlərini mənfəətxorlara,
dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə»,
«dəhşətli vaqiələrdən»
ayıltmağa səsləyirdi.
Ömər Faiq Nemanzadə
bütün publisistik
yazılarında xalqla
xalqın öz dilində danışırdı.
Xalqa olan inamın nəticəsidir
ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı:
«Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».
Ö.F.Nemanzadənin publisistik yaradıcılığında
dil məsələlərinə
həsr etdiyi məqalələri xüsusi
yer tutur. O, mübariz
bir mətbuat işçisi, vətənpərvər
ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış
və bu sahəyə aid bir sıra məqalələr
yazıb çap etdirmişdir. Ömər Faiqə görə
milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir.
Professor Şamil Qurbanov yazırdı ki, «milli dil
problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da
təsadüfi deyildi.
Çünki XX əsrin Azərbaycan
ziyalılarının əsas
mübarizə hədəflərindən
biri də milli dilə xor baxan, ona
biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən
üst qatına dil məhəbbətini çıxarmalıyıq» və
s.. «Yazımız, dilimiz»,
«İkinci il»imiz
adlı məqaləsində
müəllif dilimizin
ahəng qanununu inkar edib, onu
ərəb-fars qəlibinə
salmaq istəyənlərə
tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə
öz etirazını
bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin
yarısını ərəb
və fars
sözləri ilə doldurub bizi dilsiz
və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük
əngəl olmuşlar.
Dilimizi genişləndirərkən, qaşımızı
qayırarkən gözümüzü
çıxarmışlar».
«Eşq və məhəbbət» məqaləsində
Ömər Faiq qeyd edir ki,
dilimiz dünyadakı
asan və gözəl dillərdən
biridir. O, ana dilimizə həqarətlə
baxanları və bu dildə danışmağı
şəninə kəsir
bilənləri kəskin
tənqid edərək
yazırdı: «Bizim bəzi ağalar dilimizin çətinliyini
bəhanə edib evdə arvad-uşaq ilə də özgə dildə danışmaq xəyalında
bulunurlar. Tiflisdə beş ziyalı
bir araya gələndə görməzsiniz
ki, öz dili ilə danışsın.
Buranın qonaqlarında, yığıncaqlarında
milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar
deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri
özgə, diləkləri
özgə, tərbiyələri
özgə, gələcəkləri
özgə, məhəbbətləri
özgə! Bilmirəm bunların millilikdən
payları nədir?
Bilmirəm bu gedişlə hara gedirik?»
Oktay
Xalq Cəbhəsi.-
2013.- 31 yanvar.- S.14.