“Kitab
yazıram”
Muxtar Maniyev: "Hansı rol təklif olunubsa, oynamışam”
Azərbaycan kinosunun ağırlığını
illərlə çiyinlərində
daşıyan bir aktyor var - xalq
artisti Muxtar Maniyev. Səsi, siması, nəfəs
verdiyi rollar evimizin vədəsiz qonağı olub, bütöv bir nəsil onun çəkildiyi filmlərlə
böyüyüb. İndi 80 yaşın
astanasındadır. Necə deyərlər,
sıxılıb bir ömrün son limanına,
şəkərin nazı
ilə oynayır.
Muxtar müəllim
sırası seyrələn,
xeyir-duasına həmişə
ehtiyac duyulan korifey sənətkarlardandır. Özündən soruşsanız, deyəcək,
həmişə başımı
aşağı salıb
işimi görmüşəm,
çəkildiyim filmlərin
sayı ilə maraqlanmamışam. Amma
təsəvvür edirsinizmi:
nə az,
nə çox, düz 157 filmdə rol alıb. Özü demiş, bu, təkcə rol almaq deyil, həmin
obrazları yaşatmaqdır,
onların yolunda can qoymaqdır. Onu ikinci dərəcəli rolların ustası kimi tanısalar da, milli kinomuzda
az sayda
baş rolda oynayıb ikinci dərəcəli obrazlarla
bu qədər yadda qalan qəhrəmanlar
yaradan başqa aktyor təsəvvür etmək çətindir.
Qoy, hər
şeyi özü danışsın. Məsələn, danışsın ki, kefi necədir?
Kinodan ayrı düşmək, şəkərin qədərindən
artıq şirinliyi kefinə soğan doğramayıb?! Baş
rolda Muxtar Maniyevdir...
- Desəm, çox yaxşıyam, vallah, yalan olar. Həyat yoldaşımın
sayəsində yaxşıyam.
O, məni qoruyur. İnan, həkim dərman yazan kimi yoldaşım bilir hansı aptekdə hansı dərman var. Qız qalasının yanında təbii dərmanlar satılan bir aptek var, gedib
ordan alır, bütün günü məni güdür ki, görüm, vaxtı-vaxtında qəbul
edir, ya yox?! Bu xəstəlik də belədir: dərman içməsən,
yalan sözdür ki, sağalacaq. Uşaqlarım da böyüyüblər,
hamısının əli
çörəyə çatıb,
iş-güc sarıdan
çətinlikləri yoxdur.
Çölə-bayıra çıxmağa yoldaşım mane olur.
Deyir, yıxılarsan,
bir iş çıxar. Həqiqətən, bizim ailədə
belə şeylər olub. Anam yıxılmışdı, heç nə yox, ayağı sınmışdı, elə
o sınıqdan da rəhmətə getdi.
Ona görə, gözümüz
qorxub. Şəkər xəstəliyi bizim
nəsildə olub, indi mən də
ondan əziyyət çəkirəm. Atam da, anam da - hər
ikisi şəkərdən
əziyyət çəkiblər.
- Ömürboyu səfərlərdə,
çəkilişlərdə olubsunuz. Evdə darıxmırsınız?
- Bilirsən, mən bekar dayanan adam deyiləm. Kitab yazıram, başqa işlər var, onlarla məşğul oluram. Özüm-özümə
iş tapıram. Ona görə, yox, darıxmıram.
- Demək, xatirələrinizi
yazırsınız. Kitab
nə yerdədir, istərdim bir az bu haqda danışaq.
- Ondan danışa bilmərəm. Niyə? Çünki gərək tamamlayam,
ortalığa çıxaram,
sonra rahatlıqla söhbət edək.
Bir işə başlayanda, onu başa çatdırmamış
danışmağı sevmirəm.
O qədər material var. Amma
heç yerə vermirəm ki, tamam-kamal başa gəlsin, kitabı ələ götürən
adam desin,
hə, bax, əhsən, bu, Muxtarın cümləsidir.
- Neft-Kimya İnstitutunu bitirəndən sonra kino təhsili almısınız. Neftlə kinonu
nə bağlayırdı?
- Biz altı qardaş olmuşuq. Atam rəhmətlik bir-bir tapşırmışdı ki,
kim hansı
institutda oxuyacaq. Bizim boynumuzda haqq olub: atamızın
sözündən çıxmayaq!
Atam görkəmli, əzəmətli kişi idi. Ona görə, çalışmışam,
qardaşlarımın dəstəsindən
kənarda qalmayım,
oxuyum, bir tərəfə çıxım.
Görünür, taleyin işidir
də, adamın canında nə istedadı varsa, yol açır ki, sən bu
işlə məşğul
ol.
- Azərbaycan kinosunda 157 filmdə rol alan neçə
aktyor var?
- Vallah, deyə bilmərəm. Qorxuram yalan danışam.
- Amma özünüzün
157 filmdə çəkilməyinizdən
xəbəriniz var?
- İnan, yox, səndən eşidirəm. Vallah, həqiqətən
bilmirəm.
- Kino tənqidçiləri yazır
ki, Muxtar Maniyevin konkret ampluası yoxdur...
- Hə, bu, aktyorun
imkanlarının genişliyi
deməkdir. Mən xoşbəxt adamam
ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm,
o birində yox deməmişəm. Qətiyyən!
Hansı
rol təklif olunubsa, oynamışam.
Pis olub, yaxşı olub, onu siz
deyə bilərsiniz.
- Oynamaq istədiyiniz rollar qalıb?
- Olub, o qədər olub ki... Sonra gördüm,
yox, bu xam
xəyaldır. Baxma, təklif
olunan rolları geri qaytarmamışam, elə rollar var, onun konkret
adamı olur. Ürəyim
istəyib, nə olsun, ürək istəməklə deyil axı. Gərək öhdəsindən elə gələsən, alnı açıq olasan.
- Azərbaycan kinosunun bugünü necədir? Gedişatı izləyə bilirsiniz?
- Sizə bir şey deyim: mən heç vaxt kinostudiyanın rəhbər işlərinə qarışmamışam. Mənə tapşırılan işi yüz faiz yox, yüz əlli faiz yerinə yetirməyə çalışmışam. Amma kinostudiyanın inkişafı üçün əlimdən gələni heç vaxt əsirgəməmişəm. Mən çox şadam ki, bu gün kinostudiyanın rəhbərliyi kinomuzun inkişafı üçün çalışır, əlindən gələni edir. Belə şeyləri görəndə, eşidəndə ürəyim dağa dönür. Bilirsiniz, bu böyük nailiyyətdir və kinostudiyanın içində olan, kinoya bağlı olan adamlar bilirlər ki, kinostudiya necə böyük addımlarla irəli gedir. O binaya təsadüfi adamlar çox gəlib-gedib. Amma işi bacaran, kinoya can yandıran adam bir başqadır. İnanıram ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov bu işləri gələcəkdə də davam etdirəcək. Mən cavan aktyorların püxtələşməsinə, təhsil almasına həmişə kömək etmişəm. İndi də cavanlara əl tutan, onlara kömək etmək istəyənlər var.
- Bəs sizin əlinizdən kim
tutub?
- Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam,
lazım olanda çağırıblar, gedib
çəkilmişəm. Belə
deyim də: əlimyandı məqamda yada düşmüşəm.
Təsadüfən çəkildiyim o qədər filmlər olub ki. Deyiblər, yox, bu Muxtarın
roludur, bunun öhdəsindən ancaq o
gələ bilər.
- Sənət dostlarınızdan
ən çox kimlər üçün
darıxırsınız?
- Darıxdığım o qədər
adam var. (Kövrəlir). Onların
yeri görünür,
çox görünür...
- Ən çox
kimlərlə oturub-durubsunuz?
- Demək olar, hamı ilə yoldaşlıq etmişəm,
hamının karına gəlmişəm.
Kinostudiyada boş yerə
dostluq etməyinə dəyməz. Kinoya, sənətə gərək
can yandırasan, hamının
işinə yarayasan. Mən hamının xeyrinə-şərinə
yaramışam.
- Muxtar Maniyev dövlətin diqqətindən
razıdır?
- Dövlət mənə xalq artisti adını
verib, ev
bağışlayıb, prezident
təqaüdü alıram.
Sağ olsunlar, həmişə diqqət
göstəriblər, hörmətimi
saxlayıblar. Nazir Əbülfəs
Qarayev xətrimi çox istəyir. Mənim də ona hörmətim
böyükdür, gördüyü
işləri yüksək
qiymətləndirirəm. Bilirsən, adamın xətrini elə belə çox istəmirlər ki. Nə də qara gözümə, qara qaşıma aşiq deyillər. İşimi həmişə vicdanla yerinə yetirmişəm, kinonun qabağa getməsi üçün nə bacarmışamsa, onu da etmişəm. Bir işi mənə tapşıranda, burnumdan qan açılsaydı da, çalışırdım
onu axıra çatdırım.
- Sizi çox yormaq istəmirəm. Sonda nə demək istəyərdiniz?
- Özünüzdən muğayat
olun, bir-birinizin qədrini bilin. Bircə arzum var: Allah mənə imkan versin, ürəyimdə
olan filmlərə çəkilim. (Kövrəlir).
Köhnə vaxtları,
çəkildiyim filmləri
yadıma salanda... Hamısının üstündə əsmişəm, canımı
qoymuşam. O qədər
filmlərə çəkilmişəm,
indi hamısı gözümün qabağındadır,
danışa bilmirəm,
gözümdən yaş
gəlir...
Xalq Cəbhəsi.- 2014.- 1 aprel.- S.15.