Başqalarından
asılı olan əlil insanlar...
Sevda Səfərəliyeva:
"Özünü fərd kimi təsdiq edə bilməyən
insan nə ailə qura, nə də cəmiyyətə
faydalı ola bilər”
Ramil
Babayev: "Üzümə baxıb qulaqlarını çəkirdilər,
bəzi yaramaz uşaqlar gəzməyimə lağ edirdilər”
Zaur
Hacılı: "Məni dilənçi zənn edib, qəpik-quruş
uzadan insanlarla rastlaşıram”
Müsahibim əlil insan idi və onunla küçədə
görüşmüşdük. Ətrafdakı
insanlara komanda verilmiş kimi hamı diqqətlə bizə
baxırdı. Ağır baxışlar
altında çox sıxılırdım. Situasiyanı anlayan müsahibim "həmişə
belədir, əlil insan görən kimi hamı diqqətlə
başlayır baxmağa". Düzünü
desəm, cəmiyyətin əlil insana belə kompleksli
münasibəti sadəcə dözülməzdir.
Əlillik
probelmini yaşayan Sevda Səfərəliyeva cəmiyyətin əlil
insanlara olan kompleksli münasibətini izah etməyə
çalışdı: "Biz əsasən təcrid
edilmiş vəziyyətdə yaşayırıq və cəmiyyətlə
təmasımız az olduğundan ona uyğunlaşmaqda müəyyən
çətinliklər olur. İctmai nəqliyyatdan
sərbəst surətdə istifadə edə bilməyən əlillərin
əksəriyyəti şəhərdən kənarda, həyəti
olan evlərdə, ailələri ilə birgə
yaşamağa üstünlük verirlər. Çünki həyətə düşüb hava
alırlar. Bazarlıq və ev
qayğıları ailə üzvlərinin öhdəsinə
düşür. Bu ən yaxşı və
ideal variantdır".
Sevda
xanım deyir ki, hər bir yetkinlik yaşına çatmış
əlilliyi olan insanın müstəqil yaşaması
üçün müəyyən şəraitin olması
lazımdır: "Amma bunu heç kim
etmir. Dövlt bizi başından edir,
yaxınlarımızın gücü çatmır,
imkanlı şəxslərin yardım edə bilməsi
üçün xeyriyyə fondlarının
yaradılmasına imkan verilmir. Odur ki, biz
tam təcrid edilmiş şəkildə yaşamağa məhkumuq
və bu da bütün komplekslərin qaynağıdır.
Məsələn, hər hansi bir əlilliyi olan
insan evlənmək istəyir. Əlil
oğlanın işləmək, ailə saxlamaq qabiliyyəti
hansı dərəcədədir? Dövlət
onun ehtiyaclarını ödəyəcək dərəcədə
yardımçı olmur. Hətta belə
evliliklərin qarşısı müəyyən qədər
cəmiyyət tərəfindən alınır. Amma mən Fransada yaşayan ailə tanıyıram.
Əlil arabasından istifadə edən
xanımına, eləcə də uşaqlarına qulluq etdiyinə
görə, kişiyə dövlət tərəfindən
pensiya verilir. Bundan əlavə xanım həyatını
yüngülləşdirən hər cür vasitələr və
qurğularla təmin edilir. Bizdə problem əlil
qadın və kişilər üçün eyni dərəcədə
ağırdır. Yəni bunun intim tərəfləri
də var ki, hər iki tərəfin özünəməxsus
çətinliyi var. Qadınlar üçün ona görə
ağırdır ki, kişilər özlərində güc
tapıb onlara evlilik təklifi etmirlər".
Sevda
xanımın fikrincə, sadalananların hamısı
informasiyanın azlığından irəli gəlir: "Cəmiyyətdə
çox olan insanın şəxsi həyatı qurmaq
şansı artır. Amma biz hardayıq?
Bizi kim harda görəcək, harda bəyənəcək?
harda sözünü deyəcək? Ona görə mən insanları qınamıram.
Bizdə hətta əlilliyi olan qızlara normal
münasibət bəslənən ailələrdə də
ailə qurma şansını itirmiş kimi baxırlar. Ən yaxşı halda savad almağına imkan yaradıb
gələcəyinin təmin edilməsinə
yardımçı olurlar. Eyni problemi əlil
oğlanlarımız da yaşayır. Maddi
çətinlik ucbatından ailələr
övladlarını uzaqbaşı həyətə
çıxara bilir. Şəhərin mərkəzinə
gəzintiyə çıxmaq üçün pul
lazımdır".
Sevda
xanım əlil övladı olan valideynlərin də
yaşadığı problemləri xatırlatdı:
"Analarin əlilliyi olan uşağından başqa da
övladı var və ana hamısına baxmağa çətinlik
çəkir. Ailə qayğıları
başından aşan bir qadının oturub əlillik nədir,
uşağımı necə depressiyadan və ya kompleksdən
çıxara bilərəm deyə düşünməyə
vaxtı da yoxdur. Buna görə də normal inkişaf
etmiş ölkələrdə qeyri-hökumət təşkilatları
belə ailələrlə iş aparır, prioritetlərin
düzgün qoyulmasına yardım edirlər. Ana ola bilər əlil uşağını cəmiyyət
arasına çıxarmağa utansın, amma onu bu vəziyyətlə
təkbaşına qoyulması aidiyyatlı orqanların
öhdəsindədi. Təəssüf ki,
aidiyyatla orqanların bu sahədə bir
araşdırmasına, elmi işinə və ya analitik
yazısına rast gəlmək mümkün deyil. Hətta bu sahəyə aid hər hansı statistik
göstəricilər də yoxdur. Məsələn, kim deyə bilər ki, Azərbaycanda əlilliyi
olan insanların orta ömür yaşı nə qədərdir?
Bilirsiniz, anaya və ya əlilliyi olan insana
utanma, çəkinmə demək azdır. Onlarla vaxt keçirmək mütəmadi gəzintilər
təşkil etmək, ictimai yerlərdə görünməsini
təmin etmək şərtdir. Bir qədər imkanli,
savadlı ailələrdə bələ probləmlər az olur. Ümumiyyətlə, bu
sahədə dövlətin dəqiq siyasəti
olmalıdır. Yəni əsas istiqamətlər
dövlət tərəfindən müəyyən edilməlidir.
Əlilliyi olan insanlar barədə KİV-də
mütəmadi müsbət nümunələrin
paylaşılması, onların mütləq surətdə fərdi
hərəkət müstəqilliyini təmin edən vasitələrlə
təmin edilməsi məsələsi həll edilməlidir.
Eyni zamanda əlillərin ictimai nəqliyyatdan sərbəst
istifadəsini təmin etmək üçün əlaqədar
problemlər həll edilməli, ictimai yerlərdə
infrasturktur əlillərin istifadəsinə yararlı halda
qurulmalıdır".
Sevda Səfərəliyevanın
fikrincə, mövcud situasiyadan çıxış yolu kimi
problemlərə kompleks yanaşılmalıdır: "Yəni
ictimai nəqliyyat, keyfiyyətli əlil arabalari ilə təminat,
reabilitasiya sahəsində müasir standartlara cavab verən mətəxəssislərinin
yetişdirilməsi, peşə reabilitasiyasının
güclü inkişafı. Çünki bizdə
əzələ zəifliyi olan insanaların heç bir yerdə
reabilitasiyası təşkil edilməyib. Yaxud
ixtisaslaşdırılmış baş-beyin və onurğa
beyni xəstəlikləri və əzələ sümük
xəstəliklərinin müalicəsi və reablitasiyası
yox dərəcəsindədir. Bu qədər
problemli və kompleksli cəmiyyətdə əlilliyi olan
insanların kompleksli olması da təbiidir. İş
yerlərində, kafelerdə, konoteatr, əyləncə mərkəzlərində,
avtovağzallarda, hava limanında və s. yerlərdə
çoxmu əlilliyi olan insan görürük? Əlbəttə yox. Hə qədər
bizim oralara gedib çıxmamız təmin edilməyib,
ayda-ildə bir dəfə evdən bayıra çıxan əlilin
də kənar baxışlardan utanc hiss etməsi təbiidir.
Təbii ki, elə insanlar var ki, yaradılan
bütün şəraitə baxmayaraq özünün əliliyini
qəbul etmir və cəmiyyətə çıxmaqdan
şüurlu surətdə imtina edir. Amma
insan var ki, özünü necə var qebul edir, amma onun cəmiyyətə
çıxmaq imkanı son dərəcə məhduddur.
Özünü fərd kimi təsdiq edə bilməyən
insan nə ailə qura, nə də cəmiyyətə
faydalı insan ola bilər. Hər zaman, hər
şeydə başqasından asılı olan insan necə necə
fərd ola bilər?
Birinci
qrup əlil Ramil Babayev bildirir ki, hündür mərtəbəli
binada yaşadığına görə dostları ilə
tez-tez görüşə və cəmiyyət arasına
çıxa bilmir: "Öz yaşadığım qəsəbədə
birinci dəfə arabayla həyətə düşəndə
insanların baxışından sıxılırdım, pis
olurdum. Qardaşımın Ayaz adlı dostu
psixoloq kimi mənimlə söhbət etdi və
inandırdı ki, arabada olsam da cəmiyyət arasına
çıxmalıyam. Sabahı gün dəniz
sahilinə getmək üçün düşdüm həyətə.
Binanın qarşısından keçəndə
hamı mənə baxırdı. Ürəyimdə
dedim ki, bircə tez buradan keçib getsəydim...".
Ramil Babayevin bildirdiyinə görə, bir çox
hallarda qarşılaşdığı problemlərlə
bağlı psixoloji yardım almaq istəsə də, əlillər
üçün olan mərkəzlərin heç birində
belə xidmət olmadığından müvafiq yardımdan məhrum
olub. Ramil bəyin
fikrincə, əlillərin cəmiyyətə
çıxışı məhdud olduğundan insanlar nadir
halda rast gəldiyi əlilə kompleksli münasibət bəsləyir:
"Biz hər gün işə gedib gəlsək, bizi metroda,
avtobusda, konsertlərdə və başqa yerlərdə
görsələr insanlar üçün bu adiləşəcək.
Məsələn, insan bahalı telefon
arzulayanda, fikirləşir ki, əlçatmazdı, amma alandan
sonra adiləşir. Mən əvvəl
normal gəzə bilirdim. Amma
ayağımda problem vardı. Üzümə
baxıb qulaqlarını çəkirdilər, bəzi yaramaz
uşaqlar gəzməyimə lağ edirdilər. Bir dabanım yerə dəymirdi. Mən
peopatiya xəstəliyindən əziyyət çəkirəm.
Bu xəstəliyin bir axmaq cəhəti var ki,
getdiyin yerdə birdən əzələ boşalıb
yıxılırdım, çox pis olurdum. Bəzən
elə olurdu ki, heç kim bilməsin deyə
yalandan ayaqqabımın ipini açıb
bağlayırdım ki, guya ip açılıb".
Əlil
insanların ailə qurma probleminə toxunan Ramil bəyin
dediyinə görə, bu sahədə ən böyük
problemi əlil qadınlar yaşayır: "Ailələr istəmir
ki, övladı əlil insanla ailə qursun. Bir
xanımı istədim, ailəsi vermədi. Xanım da qorxdu, mübarizə aparmadı və biz
ayrıldıq. Əslində səbəb
bilirsiniz nədir? Pul! Bizim işimiz
olsaydı, evlənmək problem deyildi. Deyim
ki, bu sahədə ən böyük problemi əlil
qadınlar yaşayır. El içində bir söz var:
əli, ayağı düz gəlin. Bu söz mənəviyyat
baxımdan deyilsə də, heç bir valideyin istəmir ki, gəlini
əlil olsun. O zaman ev işlərini
kim görər? Bir də bizim cəmiyyət
normal deyil. İnsanın iç gözəlliyinə
deyil, üz gözəlliyinə baxırlar".
Dəfələrlə
insanların ona sədəqə verdiyini xatırladan Ramil bəy
bundan təəssüfləndiyini bildirir: "Bizim cəmiyyət
nəzir, zəkat məsələsini yaxşı bilmir.
Əslində zəkat vermək ali bir
işdir, amma sağ əlin verdiyini sol əl bilməsin gərək.
Yəni zəkat vermək insanları
alçaltmaq üçün deyil, insanlara kömək etmək
üçündür. Bax küədə gedirsən,
araba motorlu olmasa, bir az əynin-başın
normal olmasa, sənə nəzir verirlər. Qohum əqrəba
da görəndə deyir ki, "can, gül kimi oğlan idi, nə
oldu sənə birdən birə..."
Birinci
qrup əlil Zaur Hacılı cəmiyyətin əlillərlə
bağlı kompleksləri ilə tez-tez
qarşılaşdığını bildirir:
"Baxışlar və sözər bir kənara qalsın. Dəfələrlə məni dilənçi zənn
edib, qəpik-quruş uzadan insanlarla rastlaşıram. Bu hərəkət əvvəl heysiyyatıma
çox toxunurdu və pul uzadan insanlara aqressiv reaksiya verirdim.
Daha sonra anladım ki, bu düzgün deyil.
Bundan sonra onlara ya başa salırdım ki, mən
dilənçi deyiləm, ya da, işi zarafata salıb, deyirdim
ki, mən 100 manatdan aşağı pul götürməyən
dilənçilərdənəm.
Elə qızlar var ki, bir əlil oğlanla münasibət yaradarkən ona necə yazığı gəldiyini gizlədə bilmir və nəticədə bu münasibət alınmır. Bəzən mənə internetdə, real həyatda tanımadığım insanlar təsəlli nitqləri söyləyirlər və guya öz aləmlərində mənə dəstək olurlar. Təbii ki, onları qırmıram, başa salıram ki, mənim bunlara ehtiyacım yoxdur. Çünki mən özümü əlil hesab etmirəm. Mənə yazığı gələnlərə, mənim özümün yazığı gəlir. Əlillərə əlil kimi yox, insan kimi qiymət verməyi bacarın. Maraq və baxışlarınıza diqqət edin. Heç kimi baxışlarınızla kompleksə salmayın".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 1 aprel.- S.13.