31 mart
soyqırımı qurbanları Şamaxıda yad edilib
AVCİYA Şamaxıya
press-tur təşkil edib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31
mart-Azərbaycanlıların soyqırımı günü
ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil
edib. Tarixçilər, arxeoloqlar, həmçinin müxtəlif
media qurumlarını təmsil edən 50 nəfərdən
ibarət nümayəndə heyəti əvvəlcə
Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki
şəhid türk zabitinin məzarını ziyarət ediblər.
Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm
Zülfüqarlı şəhid məzarı və burada
ucaldılan abidə kompleksi barədə məlumat verərək
bildirib ki, XX-əsrin əvvəllərində Azərbaycanın
türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən kütləvi qətliamların
qarşısını almaq məqsədi ilə Osmanlı
dövlətinin hərbi naziri Ənvər Paşa Qafqaz
İslam Ordusunun (QİO) yaradılması əmrini verib. Nuru Paşanın rəhbərlik etdiyi QİO Azərbaycan
Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918
noyabrına qədər fəaliyyət göstərib. Həmin müddətdə QİO igidlərinin ermənilərlə
ən ağır döyüşlərindən biri də
Şamaxı və Mərəzə əraziləri
arasında Acıdərə adlı yerdə baş verib.
Bu ağır döyüşdə düşmənin
böyük bir qismi məhv edildiyi kimi, Şamaxı
könüllüləri və müzəffər türk əsgərlərindən
də xeyli döyüşçü, həmçinin bir
türk zabiti də şəhid olub. Düz
96 ildir xalqımız, o cümlədən
şamaxılılar tərəfindən ziyarət olunan bu məzar
Şamaxı - Bakı şosse yolunun kənarında Acıdərə
adlı yerdə, iki dərənin qovuşuğunda kiçik
bir təpənin üstündə yerləşir. "Şəhid, şəhid olduğu yerdə dəfn
olunmalıdır" - adətinə əsasən erməni-daşnak
birləşmələrinə qarşı rəşadətlə
vuruşan türk zabiti də həlak olduğu yerdə dəfn
edilib. Müasir dövrümüzdə, konkret olaraq
2000-ci ildə Qobustan Rayon icra Hakimiyyətinin səyi ilə
türk zabitinin qəbri təmir edilib, məzardan 30 metr kənarda,
şosse yolunun üstündə 1918-ci ildə
döyüşlərdə həlak olmuş insanların adına abidə kompleksi ucaldılıb. Press-tur iştirakçıları bu abidə
kompleksinə baş çəkdikdən sonra yola davam ediblər.
Rayon mərkəzinə
gələn nümayəndə heyəti əvvəlcə
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bələdçi Təranə
Məmmədova mədəniyyət ocağı barədə ətraflı
məlumat verərək qeyd edib ki, Seyid Əzim Şirvani adına Şamaxı
Tarix-Diyarşünaslıq Muzeyi 1945 - ci ildə Şamaxı
Ölkəşünaslıq Muzeyi adı ilə təşkil
olunub.
Muzeylə
tanışlıqdan sonra jurnalistlər rayonun Şərədil,
Saqiyan, Mirikənd kəndlərinə gələrək 1918-ci
il 31 mart - 3 aprel tarixlərində yerli əhalinin,
QİO-nun erməni-daşnak qüvvələrinə
qarşı müqavimət göstərdiyi, gərgin
döyüşlərin getdiyi ərazilərdə olublar. Ermənilərin törətdikləri vəhşiliklər
haqqında yerli sakinlərin söhbətləri dinlənilib,
insanların xüsusi amansızlıqla qətlə yetirildiyi
yerlərə baxış keçirilib. Həmçinin
jurnalistlərə Şərədil kəndində 1918-ci ildə
QİO ilə ermənilər arasında Təkin dağ ərazisində
gedən döyüşlər barədə məlumat verilib.
Nümayəndə heyəti Şamaxıdan
seçilmiş millət vəkili, AVCİYA prezidenti Elxan
Süleymanovun qərargahında www.1905.az saytının təqdimatında
da iştirak ediblər. Tədbirdə çıxış edən
millət vəkili Elxan Süleymanov azərbaycanlıların
soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində
"1905.az" saytının hazırlanaraq geniş ictimaiyyətə
təqdim edilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
O, ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi
kökü barədə də geniş danışıb. Elxan Süleymanov 1905-1906-cı illərdə ermənilərin
İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində
200-dən artıq azərbaycanlı yaşayış məntəqəsini
viran etdiyini, əhalisini etnik təmizlənməyə və
soyqırıma məruz qoyduğunu vurğulayıb.
Deyib ki, ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırım sonrakı dövrlərdə
də davam etdirilib, tarixi Azərbaycan torpaqlarında Ermənistan
dövləti yaradıldıqdan sonra isə bu
soyqırımı siyasəti Ermənistan dövləti səviyyəsində
davam etdirilib: "Ermənilərin törətdikləri
qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara
məxsus olan bütün yaşayış məntəqələrini
əhatə edib. Bu cinayətlər nəticəsində son
yüz il ərzində 2 milyondan artıq
azərbaycanlı öz tarixi torpaqlarından didərgin
salınıb, xüsusi qəddarlıqla soyqırımına
məruz qalıblar. Qarşıdan gələn 2015-ci ildə
ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdiyi cinayətlərin mütəşəkkil xarakter
almasının, bu cinayətlərin insanlığa
qarşı cinayətlər və soyqırımı cinayətləri
kimi formalaşmasının 110 ili tamam
olur. AVCİYA bununla bağlı ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi
soyqırım cinayətlərinin, erməni xislətinin əsl
mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
genişmiqyaslı layihə həyata keçirməyə
başlayır. Layihənin portalı
www.1905.az ünvanında fəaliyyətə başlayıb.
Bundan savayı, layihə çərçivəsində
müxtəlif dillərdə kitabların nəşr edilməsi,
beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında
məqalələrin yerləşdirilməsi
planlaşdırılır. Ümid edirik
ki, heç kəs bu layihəyə biganə qalmayacaq və
onun həyata keçirilməsində AVCİYA-ya köməklik
göstərəcək. Bu layihənin həyata
keçirilməsi zamanı KİV nümayəndələrinin
üzərinə xüsusi məsuliyyət düşür və
AVCİYA onları sıx əməkdaşlığa və
ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırım cinyətlərinə dair
materialları daha aktiv şəkildə ictimaiyyətə
çatdırmağa çağırır".
Layihənin elmi heyətinin rəhbəri, AMEA-nın
müxbir üzvü İlyas Babayev ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımların tarixi sənədlərdə
əks olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ermənilərin
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər
müxtəlif vaxtlarda tarixi sənədlərdə qeyd edilib:
"Bu tarixi faktlar bizə əsas verir ki, ermənilər tərəfindən
millətimizin başına gətirilən vəhşilikləri
dünyaya bəyan edəcək. Onların bizə
qarşı törətdiyi tarixi cinayətləri kitablar və
digər vasitələrlə beynəlxalq ictimaiyyətin nəzərinə
çatdıraq. Bunun üçün Azərbaycan
dövlətinin əlində tutarlı əsaslar var. Biz
heç də ermənilər kimi olmayan yalan hadisələri
dünyaya sırımırıq".
Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin
icraçı direktoru, Layihənin portalının rəhbəri,
siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev
AVCİYA-nın təşəbbüsü ilə yeni
yaradılan "1905.az" saytında Azərbaycan xalqına
qarşı törədilmiş soyqırımlar barədə
geniş məlumatlatların əks olunduğunu söyləyib.
Onun sözlərinə görə, saytda sənədlər, xəritələr,
multimedia materialları və soyqırımla bağlı nərşrlər
bölmələri yaradılıb: "Bu saytda azərbaycanlıların
məruz qaldıqları müdhiş faciələrlə
bağlı həqiqətlər Azərbaycan dili ilə
yanaşı, BMT Təhlükəsizlik Şurasının
işçi dillərində, eləcə də region dövlətlərinin
dillərində təqdim olunacaq. Saytda "Ermənilərin gəlişi",
"Azərbaycanlıların soyqırımı",
"Erməni dövləti", "Azərbaycanlıların
deportasiyası", "Ermənistanın Azərbaycana təcavüzü",
"Atəşkəs davam edir" və başqa
bölümlərdə sənədlərin, xəritələrin,
fotoların dili ilə geniş məlumatlar verilir. Orijinal "Zaman şəridi", "Məktəblilər
üçün sözlük" və virtual "Qarabağ
ensiklopediyası" da tezliklə bu saytda təqdim ediləcək.
Saytda məktəblilər üçün
sözlük bölməsi də yaradılıb. Bunun vasitəsilə gələcək nəsillərə
soyqırımlar haqqında geniş informasiya vermək
mümkün olacaq".
Təqdimatdan
sonra jurnalistlər Azərbaycan ərazisində,
bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə
ən qədim müsəlman məbədlərindən olan,
1918-ci il mart soyqırımı zamanı ermənilər tərəfindən
yandırılan 4 dini ibadətgahdan biri olan Şamaxı
Cümə məscidi ilə tanış olublar. Məscidin
imamı Hacı Mərhəmət Mustafayev dini ibadət evi
barədə geniş məlumat verərək deyib ki, məscid
Xəlifə Xalid ibn Vəliyədin dövründə onun
qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin
şərəfinə 743-cü ildə inşa olunub. Bəzi
mənbələrə görə, Xilafət
ordularının məğlub etdiyi Xəzər xaqanı məhz
bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük
quberniyalarından olan Şamaxıda baş verən
dağıdıcı zəlzələdən sonra məscidin
bərpası əslən Şamaxıdan olan Qasım bəy
Hacıbababəyova həvalə edilib. 1902-ci
ildə baş verən növbəti zəlzələ
zamanı məscid dağılmayıb, yenə də təbiətin
sərt sınağına davam gətirməyi bacarıb.
Bundan sonra məscidin bərpasının əvvəlki
özül üzərində aparılmasına qərar
verilib. Bərpa işlərini əvvəl
memar Zivərbəy Əhmədbəyov, sonra isə
polşalı memar-mühəndis İozef Ploşko aparıb.
1918-ci ildə silahlı erməni daşnak dəstələri
tərəfindən törədilən mart
qırğınları zamanı Şamaxıda ən
böyük qətliam Cümə məscidində baş
verib. Şamaxılıların Allah evi
kimi məscidə sığındığını görən
ermənilər burada yanğın törədərək təqribən
1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən
təyinatı üzrə istifadə edilməyən məscid
məhv olmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın bütün sahələrdə
inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin
qorunmasına böyük diqqət və qayğı ilə
yanaşan ulu öndər Heydər Əliyevin
tapşırığı və təşəbbüsü
ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Sonuncu dəfə isə Heydər Əliyev Fondunun
"Tolerantlığın ünvanı: Azərbaycan"
layihəsi çərçivəsində Şamaxı
Cümə məscidində əsaslı bərpa, yenidənqurma
işləri aparılıb və 2013-cü il
may ayının 17-də Prezident İlham Əliyevin
iştirakı ilə istifadəyə verilib.
Press-tur iştirakçıları Şamaxıda yeni
qoyulmuş Soyqırım Abidəsini ziyarət ediblər. Şamaxı
rayon icra hakimiyyətinin Başçısı Asif Ağayevin
də iştirakı ilə Abidə önünə tər qərənfillər
qoyulub. Şamaxı ekspedisiyasının rəhbəri
Şirzad Əhmədov jurnalistlərə bildirib ki, abidənin
yaxınlığında aşağısı zirzəmi olan
birmərtəbəli ev 1918-ci il
qırğınının başçılıq edən
Stepan Lalayevin olub. Onun atası, xüsusi
var-dövlət sahibi olan Aleksandr Lalayev qardaşı Saşa
Lalayevlə birlikdə 1905-1907-ci illərdə erməni
daşnaklarına dəstək verərək Şamaxıda
ağlasığmaz qırğınlar törədiblər.
Qatı millətçi Lalayev qardaşları
Şamaxıda "sünni-şiə"
qarşıdurması da yaradıblar. Lakin
fitvaya uymayan müsəlmanlar ermənilərin
fırıldaqlarını, gec də olsa, başa
düşüb və onlara yaxşıca dərs verib, Lalayev
qardaşlarını xəyanətlərinə görə qətlə
yetiriblər.
Nümayəndə heyəti son olaraq Şamaxıda
soyqırımı qurbanlarının bir hissəsinin dəfn
edildiyi İmamzadə məscidinə gəliblər. Məscidin
axundu Hacı Elşən Rüstəmov qeyd edib ki, 1918-ci ildə
dağıdılan məscidlərdən biri də XVIII əsr
yadigarı "İmamlı məhəlləsi"ndəki
bu məscid olub. Qırğın zamanı
yüzlərlə qadın, uşaq və yaşlı insan
"İmamzadə"yə pənah aparıblar. Məscidin
Axundu Cəfərqulu beş nəfər
kişi ilə həmin insanları müdafiə edib. Ən nəhayət, onların güllələri
qurtarıb. Erməni cəlladları həmin
kişiləri məsciddəkilərin gözü
qarşısında qəddarlıqla öldürüblər.
Sonra məscidin ağzını bağlayıb od
vurublar. Şahidlərin dediyinə görə,
qaçqınlar şəhərə qayıdandan sonra məsciddə
yandırılmış insanların sümük və
küllərini bir yerə yığıb oradaca dəfn ediblər.
1918-ci ildə Müsavat hökuməti qətlə yetirilən
insanların üstündə xatirə lövhəsi qoyub ki,
həmin lövhə indiyə kimi məscidin həyətində
durur...
Əli
Zülfüqaroğlu
Bakı-Şamaxı-Bakı
Xalq Cəbhəsi.-
2014.- 1 aprel.- S.5.