Demokratiyanın mühüm
atributlarından biri: ifadə
azadlığı
Müxtəlif informasiya mənbələrinin olması
da mühüm amildir
Cəmiyyətinin inkişafı demokratik
idarəetmə ilə
birbaşa bağlı
olan mühüm məsələdir. Hər
bir ölkə daha demokratik idarəetməyə can atmalıdır
ki, cəmiyyət də demokratikləşsin,
vətəndaş azadlıqları
bərqərar olsun, vətəndaş cəmiyyəti
institutları formalaşsın
və s. Ümumi hüquqda hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı
vasitəsi kimi qəbul edilir. Bu məqsəd üçün
demokratik idarəetmə
hüquqi dövlətin
reallaşması şərtidir.
Siyasət və ümumi hüquq tarixi göstərir ki, idarə olunanların dövlət idarəsində
iştirak etmədikləri
şəraitdə liberal rejimin
qurulması mümkün
olmayıb. Xalqın birbaşa və ya dolayı qərar vermə prosesinə qatılması,
yəni demokratikləşmə
mühüm amildir. Bu
baxımdan əvvəlcə
"Demokratiya" anlayışının
nəyi ifadə etdiyini müəyyən etmək lazımdır. Demokratiyanın qəti və dəqiq tərifi verilməyib. Bir tərifə görə müasir siyasi demokratiya idarə olunanların (vətəndaşların) elə
bir idarəetmə formasıdır ki, burada vətəndaşların
seçilmiş nümayəndələri,
rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər. Demokratiyanın
tərifi mövzusunda
bir çox rəy və fikir irəli sürülüb. Bunlar demokratiya barədə əsas fikir və düşüncələrin
təhrif olunmasına
səbəb olan fikir axımları olub. Tərifi və ya üsulundan
asılı olmayaraq, demokratiyanın məqsədi
təkdir, o da azadlığın təmin
olunmasıdır. Bunun əksini iddia etmək
çətindir. Sartorinin də ifadə etdiyi kimi, demokratiya
termininin təkcə açıqlayıcı deyil, normativ və
inandırıcı funksiyası da var.
Demokratiyanı
reallaşdırma vasitələri dəyişdikcə və
inkişaf etdikcə demokratiyanın tərifi də dəyişəcək.
Bu idarə formasının birbaşa xalq tərəfindən
olmasa da, "xalq üçün" olması şərtdir.
Bunu reallaşdıracaq dövlət həm qanunlarla, həm adətlə,
həm də nəzarət mexanizmi ilə azadlıqlara təminat
verməlidir. Digər tərəfdən, təmin edilməli
olan azadlıq çoxluğun deyil, maksimum sayda şəxsin
azadlığıdır. Yəni siyasi cəmiyyətin
bütün təbəqələrinin könüllü şəkildə
uzlaşdırılmasıdır. Avropa İnsan
Hüquqları Məhkəməsi azlıqların
hüquqlarını qoruduğu kimi, ölkənin çoxluq
təşkil edən əhalisinin bu azlıqlara, onların
narahatedici istəklərinə dözməli olduğunu
göstərib və bunu da (dözümlülük və
tolerantlıq) demokratiyanın ayrılmaz xüsusiyyəti
sayıb. Avropa Məhkəməsi azlıqlar olaraq əsasən
irqi, siyasi və dini azlıqları nəzərdə tutur.
Lakin bunlarla da məhdudlaşdırmır.
Demokratik
adətlərə gəldikdə isə, onların
olmadığı cəmiyyətdə qanunların təkbaşına
təsirli olmayacağını qeyd etməliyik. Bu adətlərin
necə bərqərar olacağı isə cəmiyyətin
böyük və ya təsirli qisminin demokratiyaya olan
inancına bağlıdır. Nəzarət mexanizmi də, sadəcə,
idarəçi şəxslər üzərində deyil, idarə
edən çoxluğun nəzarətini də əhatə etməlidir.
Burada, sadəcə, inzibati hüquqi aktların qanunlara
uyğunluğu deyil, eyni zamanda "çoxluğun"
çıxardığı qanunlar üzərində
konstitusional nəzarət də önəmlidir.
Robert
Dahlın irəli sürdüyü fikrə görə,
dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz
təminatın olması ilə mümkündür:
1) təşkilat
qurma və onlarda iştirak etmə azaldığı;
2) ifadə
azadlığı;
3) səsvermə
hüququ;
4) rəsmi
vəzifələrə təyin olunma, seçilmək
hüququ;
5) siyasi
liderlərin seçici səsini qazanmaq üçün
yarışa bilmə imkanı;
6)
müxtəlif informasiya mənbələrinin olması;
7) azad və
ədalətli seçkilər;
8)
hökumətin öz siyasətini seçici səsləri və
ictimai rəyə əsaslanaraq həyata keçirməsi
üçün lazımi qurumlarının olması.
Bununla belə,
hüquqi dövlət institutu demokratik rejimlərə də məhdudiyyətlər
gətirir. Çoxluğa dayanan iqtidarın məhdudlaşdırılmasının
əhəmiyyəti, cəmiyyət üzvlərinin əsas
azadlıqlarına təminat vermək, çoxluğun
hegemonluğunun qarşısını almaq və azlıqda
olanların qorunmasıdır. Bu, eyni zamanda consensus demokratiyasının
tələbidir. Müasir demokratik idarəetmə
formalarında hüquqi dövlət prinsipi onu tələb
edir ki, idarə olunanların istəkləri nəzərə
alınsın. Bu zərurət də qərarvermə prosesinə
məhdudlaşdırma gətirməlidir. Bu məhdudlaşdırma
da, azlıqların hüquq və mənafelerinin
qorunmasında əsas hüquqlara və qazanılmış (əldə
olunmuş, verilmiş) hüquqlara hörmətlə
yanaşmaqdan ibarətdir.
Bəs
demokratiya özü nədir? Demokratiya (yunanca demos - xalq və
kratos - hakimiyyət) cəmiyyətin siyasi təşkili
forması olmaqla xalqın hakimiyyət mənbəyi kimi
tanınmasına, dövlət işlərinin həllində
iştirak etmək hüququ olmasına və vətəndaşlara
geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır.
Demokratik azadlıqlar arasında vətəndaşların
nümayəndəli dövlət orqanlarına seçmə
və seçilməsi, söz, mətbuat, yığıncaq,
mitinq və nümayişlər azadlıqları, vətəndaşların
hüquq bərabərliyi, şəxsiyyət və mənzil
toxunulmazlığıdır.
Demokratiya
ilk növbədə insan şəxsiyyətinə hörmətdir.
Dmokratiyanın əsasını şəxsiyyətin
azadlıq hüququ, insanın şəxsiyyətinə
hörmət təşkil edir. Ümumdünya insan haqqları
Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "...
bəşəriyyət dediyimiz bir ailənin bütün
üzvlərinin ləyaqətinə, onların bərabər
və ayrılmaz hüquqlarına hörmət etmək
azadlığın, ədalətin və ümumi
sülhün əsasını təşkil edir".
Demokratiya
dərisinin rəngindən, cinsindən, dilindən, dinindən,
ictimai vəziyyətindən, mülki vəziyyətindən və
silkindən asılı olmayaraq bütün vətəndaşların
bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik
sözünü geniş mənada başa düşmək
lazımdır: bu, həm imkanların bərabərliyidir, həm
qanun qarşısında bərabərlikdir, həm də
nümayəndəlik bərabərliyidir. Demokratiyadan
danışarkən biz hər şeydən əvvəl
insanın müəyyən (ayrı-ayrı ölkələrdə
müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin
idarə edilməsində iştirakını, bu və ya digər
kollektivin bərabər hüquqlu üzvü olmasını,
öz mövqeyini ifadə etmək və eşidilə bilmək
imkanını nəzərdə tuturuq.
Bu o deməkdir
ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların
bərabərliyinə inam hissindən çıxış
edirik. Bir tərəfdən bu inam insanın azad olması
fikrinə əsaslanır, digər tərəfdən isə,
yaddan çıxarmaq olmaz ki, bir nəfərin
azadlığı başqalarının da azad olmasına mane
olmamalıdır. Bu fikri sübut etmək üçün
Karl Popper belə bir misal gətirir. Məhkəmədə
qonşusunu döymüş bir xuliqanın işinə
baxılır. Xuliqan deyir: "Mən azad vətəndaşam
və öz yumruğumu istənilən istiqamətdə hərəkət
etdirə bilərəm". Hakim bu sözlərə
müdrik bir cavab verir: "Sizin yumruğunuzun sərbəst hərəkəti
qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır."
Başqa sözlə desək, siz öz hərəkətlərinizdə
yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər
başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları
var.
Özünə
rəhbər seçməkdə bərabər iştirak da elə
bununla izah edilir. Demokratiyada hər kəs bir səsə
malikdir və bu səs hamıda bərabərdir. Əlbəttə,
həyatda bu bərabərlik idealının öz
çatışmazlıqları var. Ciddi tədqiqatlar
aparmağa ehtiyac yoxdur. Elə onsuz da məlumdur ki, çox
yüksək inkişaf etmiş demokratiyaya malik dövlətlərdə
belə heç də bütün vətəndaşların
öz azadlıqlarından istifadə etmək hüquqları
bərabər deyil.
Vətəndaş
cəmiyyəti açıq, demokratik, müstəqil
inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri
insan, vətəndaş, şəxsiyyət tutur. Burada əxlaq
və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət
edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə
sıx qarşılıqlı əlaqədə olur.
Vətəndaş
cəmiyyəti - cəmiyyətin inkşafının müəyyən
pilləsində formalaşan insanların birliyi olub
özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni
sferalarında könüllü yaranan qeyri-dövlət
strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti
qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi,
dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu
olub azad vətəndaşların və könüllü
formalaşmış təşkilat və assosasiyaların
dövlət-hakimiyyət orqanları tərəfindən
onların fəaliyyətlərinə birbaşa müdaxilələri
və özbaşına reqlamentləşdirmələri
qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
Vətəndaş
cəmiyyətinin formalaşması onun həyatının və
fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi
nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə
ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə
deyərlər öz yerini tapmalı və tutmalı,
bütün problemlərin həllində totalitar nəzarətdən
və cavabdehlikdən əl çəkməli və
yalnız o istiqamətə yönəlməlidir ki, orada onun
iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə,
qanunvericilik, ekologiya, büdcə, rabitə, nəqliyyat, vətəndaşların
hüquqlarının müdafiəsi sahəsində. Yəni
burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı
nümayəndəsi kimi çıxış edir. Qısa desək
cəmiyyət dövlət üçün yox, dövlət
cəmiyyət üçündür. İnkşaf etmiş vətəndaş
cəmiyyətində dövlətin funksiyaları ümumi
inkşaf strategiyasının işlənməsinə yönəlmiş
olur. Yəni cəmiyyətin sosial və iqtisadi
inkişafının prioritetlərinin müəyyən edilməsi
və əsaslandırılması; vətəndaşların
ictimai faydalı fəaliyyətlərinin
stimullaşdırılması və onların
hüquqlarının, əmlaklarının və şəxsi
ləyaqətlərinin qorunması; cəmiyyətin
bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin
qorunması və daxili qayda-qanunun təmin olunması vacib
amildir. Vətəndaş cəmiyyətində dövlət
strukturlarından fərqli olaraq vertikal (tabeçilik) əlaqələr
yox, horizontal əlaqələr üstünlük təşkil
edir. Horizontal əlqələr - hüquqca azad və bərabərhüquqlu
fərdlərin rəqabət və əməkdaşlıq
münasibətləridir.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 2 aprel.- S.11.