İnternet şəbəkəsindən
istifadə mədəniyyətinin
formalaşdırılması problemləri
Məlumdur ki, qlobal informasiya cəmiyyətində
informasiya iqtisadiyyatın, elmin, təhsilin, siyasi və ictimai fəaliyyətin
digər sahələrinin aparıcı amilinə
çevrilir.
Bu baxımdan, informasiya cəmiyyəti çox
mürəkkəb formada qarşılıqlı münasibətdə
olan korporativ və açıq informasiya fəzalarının
toplusundan ibarətdir. AMEA İnformasiya Texnologiyaları
İnstitutunun alimləri R.M.Əliquliyev, Y.N.İmamverdiyev və
F.F.Yusifov qeyd edirlər ki, informasiya cəmiyyətinin
formalaşması mərhələləri beş
səviyyədən ibarətdir: kommunikasiyalaşma, kompyuterləşmə,
şəbəkələşmə, informasiyalaşma və
virtuallaşma. Cəmiyyətin informasiya təhlükəsizliyinə
olan təhlükələrin hədəfləri də məhz
bu səviyyələrdir. İnformasiya təhlükəsizliyinə
olan təhlükələrin meydana çıxmasının əsas
səbəblərindən biri kimi isə beynəlxalq səviyyədə
İnternetin fəaliyyətini tənzimləyən mexanizmlərin
olmamasını göstərmək olar. İnternetin
sürətli inkişafı və istifadəçilərinin
sayının kütləvi şəkildə artması ilə
kompyuter və kommunikasiya sistemlərinə olan təhdidlər
daha ehtimallı olur və onların realizəsi nəticəsində
yaranan fəsadlar daha geniş miqyas alır. Müxtəlif səviyyələrdə təhlükələrin
olmasına baxmayaraq, istənilən halda təhlükələrin
mənbəyi insandır. Hər bir insanın daxili
dünyası, yaşadığı mühit, psixoloji
durumundan
asılı olaraq cəmiyyət qarşısında məsuliyyətini
itirməsi başqalarının hüququnun pozulması ilə
nəticələnir. Statistik hesabatlara görə,
sistemin öz istifadəçilərinin hərəkətləri
nəticəsində vurulan ziyanın həcmi artıq
virusların vurduğu ziyanı üstələyir. Təhlükəsizlik
sahəsində bir çox problemlər istifadəçilərin,
sistem administratorlarının və digər mütəxəssislərin
informasiya
təhlükəsizliyi sahəsində biliklərinin lazımi
səviyyədə olmaması nəticəsində yaranır.
Təbii ki, insan amilinə bağlı olan bu
problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşmasını zəruri edir.
Vətəndaşlarda informasiya mədəniyyətinin
vacib hissəsi olan informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması istiqamətində davamlı və
məqsədyönlü tədbirlərin görülməsi
də müasir dövrdə mühüm məsələyə
çevrilir.
Belə ki, istifadəçilərə informasiya-kommunikasiya
sistemlərində iş zamanı gözlənilən təhlükələr
və onlarla mübarizə mexanizmləri haqqında zəruri
biliklər verilməlidir. İnternet şəbəkəsindən
istifadə mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə
qarşı "immunitet"in möhkəmləndirilməsi
üçün bu mədəniyyət normalarını
aşılamaq lazımdır.
Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin
olunmasına məsuliyyət bölgüsü də qeyd olunan
bütün səviyyələr üzrə
aparılmalıdır. Hər bir korporativ informasiya fəzasının
təhlükəsizlik siyasəti işlənilməli və həyata
keçirilməlidir. Xüsusən, cəmiyyətin
informasiya təhlükəsizliyinin əsas komponenti sayılan
enerji təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində
saxlanılmalıdır. Nəzərə
alınmalıdır ki, enerji təhlükəsizliyi hər hansı
bir dövlətin daxili məsələsi olmadığı
üçün istənilən ölkədə olan serverin
sıradan çıxması mövcud informasiya resurslarına
digər ölkələrdən də çıxış
imkanının məhdudlaşdırılmasına gətirib
çıxarır.
İnformasiya təhlükəsizliyinin mühüm vəzifələrindən
biri də informasiya azadlığının təmin
olunmasıdır. İnformasiya azadlığının təmin
olunmasının mühüm göstəricisi kimi fasiləsiz,
məhdudiyyətsiz informasiya resurslarına
çıxış imkanının (əlyetərliliyin)
olmasıdır. İnsanların
İnternetə çıxış sürətinə tələbatının
çox yüksək templə artması bəzi ölkələrdə
informasiya azadlığının təmin olunması
üçün vətəndaşların İnternetə
çıxış sürətinin minimum həddi
haqqında qanunlar qəbul olunmasını zəruri
etmişdir. Qeyd etmək lazımdır ki,
2005-ci ildə "İnformasiya əldə etmək haqqında"
qanunu qəbul edilmişdir. Bu qanundan irəli
gələn vəzifələrin yerinə yetirilməsi məqsədi
ilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə
birgə AMEA İnformasiya Texnologiyaları İnstitutu gov.az
domen zonasında fəaliyyət göstərən
vebsaytların yaradılması və istismarına dair
qaydaları işləyib hazırlamışdır.
Mühüm məsələlərdən biri də vətəndaşların
şəxsi və ailə həyatı ilə bağlı
toplanan, emal olunan və ötürülən məlumatların
mühafizə olunması ilə bağlıdır. Qeyd etmək lazımdır
ki, bir sıra ölkələrdə İnsan Hüquqları
Haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin
Həyata keçirilmə vəziyyətinin monitorinqi məqsədi
ilə "informasiya ombudsmanı", "informasiya
telekommunikasiya ombudsmanı" kimi institutlar fəaliyyət
göstərir. Başqa sözlə, informasiya
ombudsmanları, bir tərəfdən, informasiya
azadlığının (19-cu maddə), digər tərəfdən
isə, fərdi məlumatların mühafizə vəziyyətinin
(21-ci maddə) monitorinqini həyata keçirir. İnformasiya cəmiyyəti quruculuğu prosesində
ölkədə formalaşan fərdi məlumatlar infrastrukturu
ən önəmli məsələlərdən birini təşkil
edir. Ölkəmizdə 2010-cu ildə
"Fərdi məlumatlar haqqında" qanun qəbul
olunmuşdur və hazırda qanundan irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə müvafiq işlər
aparılır. Bu sahədə dünyada olan mövcud təcrübəni
nəzərə alaraq ölkəmiz Avropa Şurasının
1981-ci il tarixli "Fərdi məlumatların
avtomatlaşdırılmış sistemlərdə emalı
vaxtı fiziki şəxslərin qorunması haqqında"
Konvensiyasına (108 saylı Konvensiya) qoşulmuşdur
.
Cəmiyyətin təhlükəsizliyinin təmin
olunmasında biometrik informasiya texnologiyaları böyük
imkanlara malikdir. Təcrübədən məlumdur ki,
informasiya-kommunikasiya sistemlərində, xüsusən də,
İnternet mühitində baş verən cinayətlərin,
qeyri-etik davranışın əsas səbəblərindən
biri istifadəçilərin zəruri hallarda identifikasiyası
mexanizmlərinin mükəmməl olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən
terror hadisəsindən sonra BMT-nin Təhlükəsizlik
Şurası insanların onlara məxsus biometrik məlumatlara əsasən
identifikasiyasının həyata keçirilməsi, yeni nəsil
sənədlərin tətbiqi haqqında qətnamə qəbul
etmişdir. 2007-ci ildə Azərbaycanda da
"Biometrik eyniləşdirmə sisteminin yaradılması
haqqında" Dövlət Proqramı qəbul olunmuşdur.
Hesab etmək olar ki, yaxın gələcəkdə
on-layn biometrik servislərin tətbiqi cəmiyyətin təhlükəsizliyinin
yüksək səviyyədə təmin olunması
üçün geniş imkanlar yaradacaqdır.
Alimlərimizin fikrincə, milli eyniləşdirmə
sisteminin iki vacib elementinin - biometrik eyniləşdirmə
sisteminin və elektron imza infrastrukturunun yaradılması,
onların imkanlarının səmərəli şəkildə
birləşdirilməsi və istifadəsi təkcə bu
problemin həllində deyil, ümumiyyətlə, informasiya məkanının
təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayacaq. Cəmiyyətin informasiya təhlükəsizliyinin
təmin olunmasında İnternet provayderlərinin də rolu
böyükdür və onların üzərinə
mühüm vəzifələr qoyulur. Bu
gün ölkə üzrə təxminən 40-a yaxın
provayder tərəfindən İnternet xidmətləri
göstərilir. Cəmiyyətin informasiya
təhlükəsizliyi, əsasən, bu provayderlərdən və
onların administratorlarından asılıdır. Ona
görə də İnternet provayderlərin
və
administratorların cəmiyyət qarşısında məsuliyyəti
hüquqi mexanizmlərlə təsbit olunmalıdır.
İnformasiya cəmiyyəti məsələlərinə həsr
olunmuş Ümumdünya Sammitinin yekun Bəyannaməsində,
beynəlxalq qurumların, Avropa Birliyinin və inkişaf
etmiş ölkələrin qəbul etdiyi hüquqi sənədlərdə
spamlarla, viruslarla, ziyanlı kontentlərin yayılmasına
qarşı mübarizə məqsədi ilə şəbəkə
operatorları və İnternet-provayderlərin
qarşısında mühüm vəzifələr qoyulur.
Spamlarla, viruslarla, ziyanlı kontentlərlə mübarizə
şəbəkə operatoru və provayderlər səviyyəsində
aparılarsa, çox az vəsait
hesabına kompyuterləri viruslardan mühafizə etmək
olar. Bununla yanaşı, beynəlxalq təcrübəyə
əsaslanaraq şəbəkə operatorlarının və
provayderlərinin maliyyələşdirməsi mexanizmlərinin
işlənilməsinə də xüsusi diqqət yetirilməlidir.
Mühüm məsələlərdən biri də
elektron dövlət proqramlarının
reallaşdırılması zamanı təhlükəsizlik məsələlərinin
təmin edilməsidir. Həyata keçirilən elektron
dövlət proqramlarının məqsədlərinə
hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın
təmin olunması, səmərəliliyin yüksəldilməsi,
informasiya azadlığının, demokratiyanın
inkişafı və insan hüquqlarının təmin
olunması, vətəndaşların (fiziki imkanlarından
asılı olmadan) dövlətin idarə edilməsində
yaxından iştirakı, onlayn mühitdə dövlət
xidmətlərinin göstərilməsi, təhlükəsizliyinin
təmin olunması və s. aid etmək olar.
Ölkəmizdə formalaşan informasiya cəmiyyətinin
bir seqmenti də e-elmdir. E-elmin şəbəkə platforması
AzScienceNet elm kompyuter şəbəkəsi UNESCO-nun xüsusi
komissiyasının tövsiyəsi ilə AMEA-nın
üzvlüyü çərçivəsində TERENA-da
(Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkə
Assosiasiyası) qeydiyyata alınmışdır. Bunun nəticəsində Azərbaycan elmi
qurumlarının Avropa və beynəlxalq elmi şəbəkələrə
inteqrasiyasının həyata keçirilməsi
üçün əlverişli zəmin
yaranmışdır. AzScienceNet şəbəkəsinin
infrasturkturunun genişlənməsi, təhlükəsizlik və
monitorinq sisteminin etibarlı şəkildə qurulması, DATA
mərkəzinin yaradılması, açıq qrid, cloud
comruting və eduroam servislərinin tətbiqi, videokonfrans
sisteminin təşkili, beynəlxalq səviyyədə və
digər ölkələrdə fəaliyyət göstərən
müvafiq elmi şəbəkə qurumları ilə
inteqrasiya istiqamətində kompleks işlərin həyata
keçirilməsinə kömək edir. Bu
baxımdan, AzScienceNet-in informasiya təhlükəsizliyinin təmin
olunması da mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə AMEA İnformasiya
Texnologiyaları İnstitutunda AzScienceNet-in "İstifadə
siyasəti" və "İnformasiya təhlükəsizliyi
siyasəti" işlənmiş və şəbəkənin
təhlükəsizliyinin təmin olunması üçün
kompleks tədbirlər həyata keçirilir.
Hazırda informasiya resurslarından və
texnologiyalarından cinayət və terror məqsədləri
ilə istifadə etməyin qarşısının
alınması, insan hüquqlarının qorunması, o
cümlədən, fərdi məlumatların
toxunulmazlığı və söz azadlığının
təmin olunması da aktuallıq kəsb edir. İnsan
haqlarının qorunması ilə yanaşı, İnternetdə
terrorizmin bütün formaları və təzahürlərinə
qarşı mübarizə aparılmalı, rəqəmsal bərabərsizliyin
aradan qaldırılması üçün ciddi tədbirlər
görülməlidir.
Tərlan
Xalq Cəbhəsi.-
2014.- 3 aprel.- S.11.